525.Az

Hünərin çatır, qal!


 

Hünərin çatır, qal!<b style="color:red"></b>

İnsanlar bir-birini sevməyə can çəkirlər. Bir münasibət üçün o qədər çək-çevir, var-gəl edirlər ki, adamın olan-qalan ürəyi də üzülür.

İş getməyə gələndə, şələ-küləsini yığıb elə tez aradan çıxırlar ki, sanki oyatdıqları vulkanın axan lavasından can qurtarmağa çalışırlar. Arxaya baxmadan, bir göz qırpımında götürülürlər, mənasızlığa doğru... Hər yerdə hər şey var, hər şey; həzz də, ləzzət də, zövq də, gözəllik də, amma eşq... Nə bənzəri var, nə təkrarı, nə tayı var, nə bərabəri! Getməyə nə var, geyin ayaqqabını, götür gödəkcəni at çiyninə, aç qapını, çırp, çıx... Sonra? Hə də, hə, sonra nə olacaq? İnsan insandan üz döndərər, ta, gedəndə o yekəlikdə sevgini şikəst etmək nədir axı?!

Getmək həmişə rahatlıq gətirməz. Əvvəlcə qulağın səssizliklə, sonra ruhun boşluqla dolar. Darıxdığını hiss edəndə, elə indicə ətinin sümüklərin üstündən əriyib töküləcəyini zənn edərsən. Oturduğun yerdəcə içəri girməsini, bircə hənirini eşitmək üçün qulağını sükuta, gözünü qapıya söykəyərsən. Gəlməz! Kim bilir, ən son nə vaxt dəstəyini açıb keçdiyini unutduğun pas atmış qapının cırıltı səsindən ürəyin sızıldayar!

İsinmək üçün hərarətini axtarıb tapa bilməyəndə donduğunu hiss edərsən.

İzdiham içində onu axtararsan. Bəlkə indi arxamdan gələn odur deyib, minlərlə insanın arasında dəli kimi fırlanarsan. Küçə boyu binaların hüzün tökülən pəncərələrindən gözlərini gəzərsən, düşünərsən ki, bəlkə bu dəqiqə haradansa baxışı sənə dikilib. Göz yaşın içinə axıb daşana qədər ağlayarsan. Ən xoş məqamlarında, gözəl anlarında onsuzluq biz kimi ciyərinə sancılar. Kəskin ağrı səni yerindən oynadar. Ağrını müəyyən etmək üçün əlini qabırğalarının üzərinə toxundura-toxundura gəzdirib, axırda solda-döş qəfəsinin üstündə yumruq kimi sıxıb saxlayarsan. Ağrıyanın əslində ciyər yox, ürək olduğuna acı-acı gülümsəyərsən.

İçindəki fəryada musiqi bəstələyərsən, bütün şeirləri tutduğun yasa həsr edərsən.

Sinənə döyə-döyə getməyə tapdığın gücünün, hönkürtün qarşısında işə yaramadığını görəndə çarəsizliyindən yıxılarsan.

Yatağına uzananda onu düşünmədən, göz yaşının yastığını islatmadığı bir gün arzulayarsan. Onunla bağlı tutduğun digər arzular kimi bunun da puç olduğunu seyr edərsən.

Qırıq aynalarda sınıq ruhunla hər gün üz-üzə gələrsən.

Getdiyin yollar gah uçurum kənarı, gah yol ortası olar, çünki intihara belə cəsarət edə bilməyib, narahat canını taleyin ümidinə buraxarsan.

İki nəfərlik bumbuz yatağı soyuqluğunla isitmək istəyərsən.

Gecənin neçədə başladığını, səhərin harda açıldığını bilməyəcək qədər də səfil həyat yaşayarsan.

Hər kəsin olsa da, həmişə kimsəsiz hiss edərsən. Bir gün hər şeyi unutduğuna əmin olub, rahat yatıb erkəndən oyanarsan. Əlini sağa atanda barmaqlarının toxunduğu nəhəng boşluqdan diksinərsən. Beləcə, qaysaqlamış yaralar hər dəfə yenidən qanayar.

Özünə savaş açarsan! Bir gün darıxmaqla, bir gün həsrətlə, bir gün peşmanlıqla, bir gün yoxluğu ilə vuruşarsan, ortalıq qan gölünə çevrilər. Uzun müddət belə davam edər, nə qazanan olar, nə məğlub olan.

Xatirələr yaxandan əl çəkməz, yığıb aparacaq qədər gücün, birlikdə yaşayacaq qədər dözümün olmaz.

Səhərlər stresdən qarnında burulan sancıdan ayağa qalxmağa güc tapa bilməzsən. Bu ağrılar davada qəfil qarın boşluğundan zərbə almış kimi incidər.

“Hər şeyi həll edər” dedikləri zaman yerindən tərpənməz, göz bəbəklərinə ilişib qalar.

Hara gedirsənsə get, qaçdıqlarından qurtula bilməzsən! Əsl məharət geridə qoyduqlarını beynində aşmaqdır, məsafələri qət etmək həll deyil. Getmək bölünməkdir: onlara, yüzlərə, minlərə... Həmişə hüzünlüdür, hətta qatı düşmənin gedişi də... Çox insan ömür boyu ya öz istəyi ilə, ya da məcburiyyətdən gedir. Buna bəzən müharibə, zəlzələ, dağıntı səbəb olur. İnsanın da ruhunda fəlakət qopanda yanına heç nə götürmədən qaçır. Bu məsələdə bitkilər və heyvanlar, xüsusilə quşlar daha sədaqətlidir. Ağaclar, otlar, güllər yerindəcə qalır. Ucalır, dırmanır, göyə doğru irəliləyir, qurusa da, solsa da, torpağından vazkeçmir. Hətta öz yerindən çıxardıb başqa yerdə əkəndə adətən solur və tezliklə məhv olur. Quşlar tanımadığı, bələd olmadığı yerlərə köçüb getmirlər. Getsələr də, yenə eyni eyvana qayıdıb gəlirlər. Amma insan...

Bu cür gedişlər uşaqlıqdan hüzünlə xatırladığım, hələ də hərdən “görəsən, necə oldu onun axırı” deyə düşündüyüm Səməd Behrənginin “Balaca qara balıq” nağılını xatırladır. O da sinəsinə döyə-döyə böyük amallarla gedir, balıqudanın qarnında azadlığı, arzusu, mühafizəkar beyinlərlə mübarizəsi özü ilə birlikdə yoxa çıxır.

Getməyə nə var, geyin ayaqqabını, götür gödəkcəni at çiyninə, aç qapını, çırp, çıx... Sonra? Hə də, hə, sonra nə olacaq? Nə olursa olsun, bircə Balaca Qara Balıq kimi olmasın... Sonra ömür boyu hüzün yaxamızdan əl çəkməz!

 





01.09.2018    çap et  çap et