525.Az

Ceyms Coysun dublinli “Ölülər”i


 

VƏ YA MODERNİZMİN DƏBDƏN DÜŞMƏYƏN OVQATI

Ceyms Coysun dublinli “Ölülər”i <b style="color:red"></b>

“İnsan azadlığa məhkumdur!” deyəndə, görəsən, Sartr kütləvi sərbəstliyi, yoxsa daxili tədirginlikdən doğan narahatlığı nəzərdə tuturdu?

Modernist ədəbiyyatın banilərindən olan, “Uliss” romanı ilə bu gün də birmənalı qarşılanmayan, Dublini ədəbiyyat paytaxtlarından birinə çevirməyi bacaran Ceyms Coysun “ingiliscə yazılmış ən gözəl povest” (New York Times) tərifinə layiq görülmüş, modern çalarların hələ tam işlənməmiş təhkiyəsiylə qələmə alınan “Ölülər” povestini oxuyanda eksistensializmin sahiblərindən hesab olunacaq o böyük fikir adamının insanın azadlığı haqqında söylədiyi sözlər qulağımda düz səksən səhifə təkrarlandı. “Tanrı öldü!” iddiasından sonra Avropa və Qərb incəsənəti nihilizmə yuvarlandı. Bu isə zaman-zaman modernist ənənələrin meydana çıxmasına zəmin yaratdı. Ceyms Coys, Marsel Prust, Frans Kafka və Robert Musil kimi gələcəkdə modernizm cərəyanının sütunları sayılacaq yazıçılar insan təkliyinin, kütlə psixologiyasının mərkəzinin - daha əvvəl bu  “mərkəzdə” Tanrı dayanırdı - problemlərini ədəbiyyatda axtarmağa və ya bu və digər problemləri ədəbiyyata gətirməyə çalışdılar. Kafkavari iztirab, Prustvari üslublar. Hər birinin mənbəyində, dərinində insanın özünə və inanclarına istinad axtarması dururdu. Çünki bu istinadı Nitsşe uçurmuşdu. Daxili səliqəsizlik avropalıları yorur və nəticədə Ziqmund Freydin adını psixoanaliz qoyacağı, Şərqdə isə artıq dzen fəlsəfəsinin yaranmasına səbəb olan tənhalıq sindromları yayılırdı. Məhz Coysun “Ölülər”inin altşüurunda bunlar var idi. İnsanların fərdi xarakterləri və bu fərdiliklərin hər birinin özünəməxsus sentimental rəngləri.

Povest Dublinin elitar ailələrindən birində təşkil olunmuş və ailə üçün ənənəvi adət halını almış rəqs gecəsindən, daha sonra bu ziyafətdə iştirak edən Qabriel Konroy və həyat yoldaşı Qreta Konroy arasında keçən kiçik dialoqdan danışır. Ziyafətdə olan dublinlilərin hər birinin mənəvi aləminə göz gəzdirən yazıçı bir az sıxıcı, bir az da klassik tərzdə ziyafətin ümumi təsvirini verir. Daha çox Ceyn Ostinin romantik romanlarında qarşımıza çıxan bal gecələrindən birində səslənən musiqi parçası ilə Qreta obrazının keçmişə qayıtması və daxilindəki ilk sevgi təlatümünü yenidən yaşaması povestin diqqət cəlb edən hissələridir. Coysun bir az ağır tonda verdiyi fərqli obrazlar və onların xarakterləri bizə o vaxtkı Dublinin elit gecələrini təsəvvür etməyə imkan yaradır. Hər biri incəsənətlə dərindən maraqlanan, amma eyni zamanda, da şəxsi insani keyfiyyətləri aşağı olan, bəzən heç olmayan adamların hər il yığışdığı tarix bu dəfə Konroylar üçün hüzünlü, sakit və yorğun əhval-ruhiyyə hiss etdirir. Modernist yazıçıların hər birində tez-tez rast gəldiyimiz obrazın öz iç səsi ilə danışması, öz-özü ilə qalması və kənardan mürgülü bir görüntü yaradan hissələr “Ölülər”də də qarşımıza çıxıb özünü təqdim edir.

Qabriel “Deyli Ekspress” qəzeti üçün yazılar yazan bir jurnalistdir. Qonorar qarşılığında çalışması ziyafətdəki digər qonaqların gözündə onu aciz göstərir. Miss İvorsla aralarında keçən qısa dialoqda yazdığı yazılara görə anqloman irlandiyalı ünvanıyla tənqid olunan Qabriel Konroy yazdığı yazıların cəmiyyət tərəfindən qəbul edilməməsini inkişafın olmaması ilə əlaqələndirir. Burada Coys bəlkə də modern mətnlərin iyirminci əsrin əvvəllərində (povestin yazılma tarixinə istinad etsək, ilk on illiyində) birmənalı qarşılanmamasına, hətta rişxəndlə, sarkazmla ələ salınmasına göndərmələr edib. O dövr üçün  incəsənətin bütün sahələrinin absurd meyillərə maraqlı olması oxucuları, izləyiciləri, dinləyiciləri qıcıqlandırırdı. Amma həm də bu, maraqlı idi. Povestdə üç bacının ifa etdiyi müasir estrada musiqilərindən biri zaldakı hər kəsi təsirləndirir, xüsusən də Miss Konroyu. Və povestin əsas ideya mövzusu da, bu təsirlənmədən başlayır. Yazıçı, təxminən altmış-yetmiş səhifə ziyafətdən, təşkil olunmuş şam yeməyindən danışsa da heç gözləmədiyimiz anda bizi başqa bir mənzərə ilə göz-gözə qoyur. Coysa xas bu üslub elə bu povestin də yer aldığı “Dublinlilər” kitabındakı digər ədəbi hadisə sayılacaq yeni povestlərin ayrı-ayrılıqda hər birində özünü göstərir. Miss Konroyun gənclik illərində on yeddi yaşlı yeniyetmə, xəstə oğlanla yaşadığı sevgi, əslində, Qabriellə evli olmasına baxmayaraq, onun qəlbindən silinməmişdi və o, öz yalnızlığı ilə onu yaşadırdı. İnsanlar içində olmağına baxmayaraq, bir musiqinin notuna ilişəcək və bütün ehtirasını, həyəcanını neçə illər keçməsinə baxmayaraq, qoruyub saxlamağı bacardığı sevgini o izdihamdan ayıra bilən Qreta tənhalığına sadiq insanların obrazıdır. Bu kiçik povestdə Dublin qadınının timsalında təkliyə məhkum olunmuş adamların dünya ilə, dəyərlər ilə burun-buruna, xoşbəxt olmayan bir həyat sürmələri göstərilir. Təklik azadlıq demək deyildimi? Deyilmiş... Coysun ustalıqla işlədiyi bu mövzunun kulminasiya xətti məhz Miss Konroyun ilk sevgilisini xatırlaması və ərinə onun haqqında danışması ilə başlayır. Əgər xatırlayırsansa, azad deyilsən. Özünü rahat hiss etmirsən. İçindəki ziddiyət sənə kütləni görməyi, eşitməyi yasaqlayır. Və sən öz batininə çəkinirsən. Bu şərqlilərin dzen fəlsəfəsindən gəlir və Coys bu detalı povestə salmağı bacarıb.

“Ölülər” adını yazıçı iki səbəbdən seçə bilərdi. Birinci ehtimal odur ki, Qretanın ölən sevgilisinin hələ də onların həyatına təsir edə biləcək olması. İkinci ehtimal isə yaşamaqlarına baxmayaraq, ətrafındakı adamlara qarşı soyuq, ölü münasibəti sərgiləyən modern, liberal, fərdiyəçi cəmiyyətin adamlarına işarə olunması. İkinci ehtimal bizə bir az da Cəlil Məmmədquluzadənin “Ölülər”ini xatırladır. Düzdür, oradakı mövzu və müəllifin dediyi fikirlər, göstərmək istədiyi problemlər başqa olsa da, ortaq bir nöqtə var - yaşaya-yaşaya ölüyə çevrilmə. Mirzə Cəlilin “Ölülər”inin realist tərəfi ölüləri dirildəcəyini iddia edən şeyx idisə, Coysda bu tərəf bir ölünün xatırlanması ilə kifayətlənir. Sadə, amma povestə yansıyacaq bir detal. Bizim içimizdəki sevgi hissinə toxunmaq istəyi isə Ceyms Coysda bu dəfə alınmayıb.

Povestdəki Meri Ceyn, Culiya obrazlarının da daxili aləminə enməyi bacaran yazıçı burada da insanın tək olduğuna, başqaları tərəfindən anlaşılmadığına, yalnızlığına toxunur.

Povest haqqında başqa bir cəhəti də vurğulamaq istəyirəm. Mətnləri sevmək, onları tez-tez oxumaq, məntiqlə xəyal gücünün, ağıl və bədənin ziddiyət təşkil etdiyi vahid mərkəzli Dekart fəlsəfəsindən qaçmağa işarədir. Yəni mətnlər içində olan hər kəsi ayrı-ayrılıqda anlamağımıza, huzursuzluq duymadan fərqli xarakterləri duymağımıza yardımçı olduğu halda süjetli yazıya çevrilir. “Dublinlilər”in “Ölülər”i bu mətnlərdəndi. Bizə məcbur edir ki, povestin hər bir qəhrəmanına vahid bir hadisənin iştirakçısı kimi yox, fərqli həyatların təzahürü kimi baxaq.

İnsanın bütün təkliyini çılpaqlığı ilə vurğulayan Coys son səhnədə Qabrielin arvadının eşq söhbətlərini dinləyərkən necə rahatsız olmasını, ölü bir gəncə qarşı qısqanclıq hissinin yaranmasını göstərməklə insanın sahiblənmə xarakterini də açmağa çalışır. Kişi və qadın psixologiyasını qəhrəmanların monoloqlarında bizə çatdıran yazıçı son səhnədə Qreta və Qabrielin dialoqunda bu düyünü də açır.

Bəs indi “insan azadlığa məhkumdur!” iddiası Qreta ilə lap əvvəl verdiyim suallardan hansına cavab tapdı? Coysun göstərmək istədiyi daxili tədirginlikdən doğan narahatlıq idi. İnsan nə qədər çox adamı dinləməyə məcbur qalsa da, nə qədər çox adamın əhatəsində olsa da, nəhayət, özüylə baş-başa qalmağı və öz iç səsi ilə danışmağı seçir. Modernizmin yüz ildən artıqdır dəyişməyən bu əhval-ruhiyyəsi dövründə eksistensialistlərin əsas probleminə çevrilmiş, insanın özünə bir dəyər kompleksi yaratması çıxış yolu ilə növbəti postmodern fəlsəfəyə daşınmışdır. Bəlkə buna görədir ki, biz Kafkanı, Prustu, Coysu oxuyanda içimizdəki narahlıqdan sıxılır və bu müəllifləri kənara atmaq istəyirik. Hər şey yaxşı ikən, həyat hər anıyla gözəl ikən bizi birdən-birə daxili dünyamıza, keçmişimizə aparan bu mətnlər bizi böyük bir insan selinin içindən kənara atır və orada düşünməyə vadar edir. Eynən Coysun Qreta obrazı kimi.

 





03.09.2018    çap et  çap et