525.Az

Güney Azərbaycanda son vəziyyət


 

Güney Azərbaycanda son vəziyyət<b style="color:red"></b>

"URMİYA GÖLÜNDƏKİ EKOLOJİ FƏLAKƏTLƏ BAĞLI 7 ŞƏHƏR BÖYÜK TƏHLÜKƏ İLƏ ÜZLƏŞİB” 

Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycandakı son vəziyyətlə bağlı bəyanat yayıb. Konqresin mətbuat xidmətindən “525”ə verilən məlumata görə, bəyanatda İran hakimiyyətinin milli fəalların hüquqlarını pozmaqda davam etdiyi bildirilir: “Belə ki, iyulun 13-dən Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasına başlamış Yeni GAMOH təşkilatının üzvləri – doktor Lətif Həsəni, Yuruş (Ayət) Mehrəlibəyli, Mahmud Fəzli, Savalan (Səccad) Radmehr və Behbud Quluzadə öz mübarizələrini davam etdirirlər. Milli fəallar barələrində çıxarılmış ümumilikdə 45 illik hökmü ədalətsiz hesab edərək artıq 18 gündür aclıq aksiyası keçirirlər. Ancaq fars şovinist rejimi onların tələbləri yerinə yetirmək əvəzinə, iyulun 20-də Təbriz şəhərinin mərkəzi həbsxanasından Tehran şəhərinin Evin həbsxanasına, daha sonra isə Kərəc şəhərinin Rəcayişəhr həbsxanasına köçürüb. Güney Azərbaycanın Təbriz, Mərənd və digər şəhərlərində onların azadlığa buraxılması üçün bildirişlər yayılıb, divarlara şüarlar yazılıb, eyni zamanda imzatoplama kampaniyası başladılıb. Təəssüf ki, bununla yanaşı İran islam inqilab məhkəmələrinin milli fəallarla bağlı ədalətsiz hökmləri də səngimir. Ötən həftə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidlə birgə və sonra həbs edilən azərbaycanlı fəallara hökm oxunub. Hökmə əsasən, 2 azərbaycanlı fəal – İlqar Müəzzinzadə və Məhəmməd (Oxtay) Rəşidi ümumilikdə 31 ay azadlıqdan məhrum ediliblər. İlqar Müəzzinzadəyə bir yerə toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Məhəmməd Rəşidi isə eyni ittihamlara əsasən 91 gün və 1 ay həbs cəzasına məhkum edilib. Digər azərbaycanlı fəallar – aşıq İsa Qaraxanlu və Əmir Hadiyan isə bütün ittihamlar üzrə bəraət alıblar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları Xalidə Xalidlə əlaqə qurduqlarına, Azərbaycan türkcəsində kitab yaydıqlarına və İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təqdimatına görə bu şəkildə cəzalandırıb. Məhəmməd Rəşidi aprelin 30-da, İlqar Müəzzinzadə isə mayın 8-də həbs edilib. Məhəmməd Rəşidi 56 gün saxlanıldıqdan sonra 150 milyon tümən zəmanətlə azadlığa buraxılsa da, ancaq İlqar Müəzzinzadə tutulduğu gündən həbsdədir. Həmçinin Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tanınmış azərbaycanlı bəstəkar Həsən Dəmirçini 6 ay azadlıqdan məhrum edib. Azərbaycanlı bəstəkar Azərbaycan türklərinin problemləri ilə bağlı keçirilən iclaslarda iştirak etmək, İran dövlətinin icazəsi olmadan Qaradağ zəlzələsindən zərər çəkmiş insanlara köməklik göstərmək və ianə toplamaq, musiqi kursları təşkil etmək, Azərbaycan musiqisini tədris etmək, ölkə daxilində və xaricindəki istiqlalçı (“separatçı”) qüvvələrlə əlaqədə olmaq və həbsxanadan çıxan azərbaycanlı siyasi məhbusların qarşılanma mərasiminə getməkdə günahlandırılıb. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi həmçinin azərbaycanlı siyasi fəal Arəş Məhəmmədiyə də 6 ay həbs cəzası verib”.

Bəyanatda Güney Azərbaycanda həbslərlə yanaşı qeyri-qanuni sorğu-sualın da davam etdirildiyi qeyd edilib: “Belə ki, daha çox azərbaycanlıların milli-mədəni hüquqları mövzusunda türk dilində səsləndirdiyi tənqidi şeirləri ilə tanınan Əli Cabbari tutulub. Əli Cabbari isə öz şeirlərində “pantürkizm” və “separatçılıq” kimi ittihamlardan əsasən azərbaycanlı fəallara qarşı təzyiq üçün ortaya atılan bəhanələr kimi bəhs edir. Bundan əlavə, milli fəallar Yədulla (Elman) Dəşti, Əli Hidayəti və Ramin Rzayi ifadə vermək üçün avqustun 3, 4 və 5-də Soyuqbulaq İnqilab Məhkəməsinə çağırılıb. Onlar hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda günahlandırılırlar. Həmçinin 5 nəfər məhbus yoldaşı ilə birlikdə heç bir dəlil olmadan və saxta ittihamlarla Tehranın Evin həbsxanasının 240-cı bölümünün təkadamlıq kamerasına salınan azərbaycanlı jurnalist Səid Mətinpur zindanın 350-ci bəndinə geri qaytarılıb. Eyni zamanda bu il iyunun 12-də həbs olunmuş və 40 günə yaxın ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında təkadamlıq kamerada saxlanılmış azərbaycanlı fəallar Bəhram Axuni və Nasir Kazımpur Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüblər. Onlarla birlikdə tutulmuş Məcid Səfidani isə hazırda ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında saxlanılır. Bundan əlavə, azərbaycanlı tələbə fəal Mehdi Həmidi Şəfiq iyulun 22-də Təbriz şəhərinin mərkəzi həbsxanasından ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasına köçürülüb”.

DAK bəyanatda habelə Urmiya gölündəki son vəziyyətə də toxunub: “Urmiya gölündəki ekoloji fəlakətlə bağlı da həyəcan təbili çalınmaqdadır. Belə ki, Urmiya gölündəki ekoloji fəlakət hövzənin ətrafında yerləşən 7 şəhər böyük təhlükəylə üzləşib. İranın Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün qurumasının hövzənin ətrafında yerləşən 7 şəhərin artezian quyularına ciddi təsir göstərdiyini və quyuların suyunun şorlaşmasının artmasına gətirib çıxardığını söyləyib. Onun sözlərinə görə, hazırda Urmiya gölü hövzəsi ətrafındakı 600 min hektardan çox əkin və bağ sahəsi ekoloji fəlakətin mənfi təsiri ilə qarşı-qarşıyadır və ciddi ziyan görməkdədir. Eyni zamanda artezian quyularında da duzluluğun miqdarı getdikcə artır. Bundan əlavə, İran parlamentinin 10 nəfər deputatı da Urmiya gölü ilə bağlı ölkə prezidentinə məktub yazıb. Deputatlar İran parlamentinin 90-cı komissiyasına da eyni məzmunlu müraciət ediblər. Məktubda Urmiya gölü ətrafında duz tufanları başladığı qeyd olunub və ölkə rəsmilərindən Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün təcili addımlar atmaq tələb olunub. Məktubu Təbriz, Ərdəbil, Urmiya, Tehran, Abadan və Qum şəhərlərini İran parlamentində təmsil edən deputatlar imzalayıblar. İran rejimi isə zahirən addımlar atdığını göstərmək üçün iyulun 27-də Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrasına başlayıb. Layihə Araz çayının suyunun Culfa, Mərənd, Şəbüstər və Təbriz şəhərlərinin çöllərinə, ümumilikdə 15 min hektar əraziyə axıdılmasını özündə ehtiva edir. Ümumilikdə, 22 şəhər və 286 kənd içməli su ilə təchiz olunacaq”.

AQİL

 





01.08.2013    çap et  çap et