525.Az

Fərid Hüseyndən "Göyərçinin paltarı"


 

Fərid Hüseyndən "Göyərçinin paltarı"<b style="color:red"></b>

Fərid HÜSEYN

 

Qalibin gözündən bir gilə yaş gəldi. Sonra yenə kövrəldi, bir gilə süzüldü, düşdü ayağına. Həmin göz yaşı ayağına elə zərblə dəydi ki, yerin altına girdi, torpağa batdı.

Anası ağlayırdı Qalib gedəndən, elə ağlayırdı, elə ağlayırdı gözünün içi Qanlıgölə dönmüşdü. Əstəğfürullah, ağlamaq: Qalibin sorağıyla göz yaşlarının hərəsini bir cığıra salmışdı. Bir gün anasının gözündən iki damcı yaş süzüldü, yanaqlarından ötüb torpağa düşdü. Göz yaşları əlini uzatdı, Qalib anasının göz yaşlarından yapışıb yerin üstünə çıxdı. Əlindən tutan göz yaşlarından anasının yerini soruşdu, yolu göstərdilər. Qalib gəlib evlərini tapdı. Anası göyərçin paltarı hörürdü. Hörürdü ki, Qalibin göyərçininə geyindirsin, göyərçini üşüməsin, gedib diyar-diyar gəzsin, balasından ona bir xəbər gətirsin...

...Anası onu həyətdə görən kimi evə qaçdı, nimdər gətirib yerə atdı, oturub ayaqlarını qabağa uzatdı. Yanında - yerdə yun döşək vardı. Qalib uzandı döşəyin üstünə, başını qoydu anasının dizinə. Qalib ağladı, ananın da gözündən bir damcı süzüldü, damcılar tapışdılar, qucaqlaşdılar. İkisi bir-biriyçün ağlayırdı, göz yaşları da darıxmışdı bir-birindən ötrü.

- Hara getmişdin?

- Səndən ötrü darıxmağa.

- Darıxa bildinmi?

- Yox, torpaq qoymadı, kəsdi aramızı.

- Mənsə səndən ötrü doyunca darıxdım.

- Lap yaxşı. Səndən bir şey xahiş eləməyə gəlmişəm.

- De görək.

- Bir məndən ötrü darıxanda paltarlarımı iyləmə.

- Niyə?

- Sən burnuna iyi elə çəkirsən ki, yerin altında bütün bədənim yuxarı dartılır.

- Yaxşı, eləmərəm ta.

- Burda var, yox?

- Burda hamı var, biz yoxuq.

- Bəs göyərçinim hanı?

- Uçub harasa.

- Necə yəni harasa?

- bilim, deyirlər ki, göyərçinin goreşənə çevrilib.

- Bəs onda bu paltarı kimə tikirsən?

- Göyərçininə.

- Demirsən yoxdu?

- Yoxluğu ki var.

- Elə həminkisən e... həminki...

- .

- Fəridəm hanı?

- Toya gedib?

- Allah mübarək eləsin. Kimin toyuna?

- Öz toyuna.

- Maşınım hanı bəs?

- Arifin oğlu pul verdi.

- Sürə bilir heç olmasa?

- bilim, kəndi o baş-bu baş dolaşır da.

- Evdə tək qalırsan?

- Yox.

- Özgə kim var?

- Budu ha, göyərçinin paltarı.

- Tək qalma, gedək, mən orda təkəm...

Durdular ayağa. Hərəsi bir gilə ağladı. Ananın göz yaşı ayağına düşdü, batdı Qalibin yanına. Qəbirlər qoşalaşdılar.

Allah göstərməsin, evləri qaldı xaraba. Amma heç kim bilmir ki, göyərçinin paltarı sağ-salamatdı hələ...

 





07.10.2012    çap et  çap et