525.Az

Telman Orucovun yeni kitabı nəşr edilib


 

Telman Orucovun yeni kitabı nəşr edilib<b style="color:red"></b>

Bu günlərdə Telman Orucovun “Həyat kaleydoskopu” adlı yeni kitabı işıq üzü görüb. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə tərtib edilən kitabda yer alan məqalələr “525-ci qəzet”də və rus dilində nəşr olunan “Novoye Vremya” qəzetində dərc olunub.

Bu yazılarda dövrün və tarixin bir sıra aktual məsələlərinə, xüsusən faciə timsallı Qarabağ probleminə toxunulub. Hadisələrin təhlili cəhdi oxuculara heç də hazır cavab təklif etmək məqsədini güdmür, onların özlərini düşünməyə, problemləri daha geniş və hərtərəfli dərk etməyə dəvət edir. Oxucu müəmmalar qarşısında da fikrə dalmalı olur. Axı tarixdə bəzən ağıla sığmayan qərarlar qəbul edilməsi və onların xalqların taleyinə təsir göstərməsi halları az deyil. Xalqımızın ağrılı yeri olan Qarabağ probleminə incəliyinə qədər nüfuz edən müəllif  bütün bunları ustalıqla qələmə alıb. Həmçinin Ermənistanda keçirilən seçkilərin Qarabağ probleminə təsirinə də toxunan müəllif burada bir çox maraqlı məqamlara diqqət çəkib. Müəllif iri dövlətlər barədə yazdığı məqalələri də kitaba daxil edib. Kitabda həmçinin terrorizmdən, İslam dininə qarşı həyata keçirilən qara niyyətlərdən də söz açıb. 

Bəşər sivilizasiyasının inkişafı heç də daim düz və ya yüksələn xətlə getməyib, uzun fasilələr də, reqress anları da mövcud olub. İnsanlar xilas olmaq üçün hətta böyük risqli üsullara əl atıblar. Məhz bu cəhətdən, yazılardakı bir qədər ziddiyyətli kimi görünən fikirlər məhz təhlil olunan məsələyə geniş bucaq altında baxmaq zərurətindən meydana gəlib.

Kitabda həmçinin müəllifin bir hekayəsi də yer alıb. Ümumiyyətlə müəllifin kitabda ayrı-ayrı ölkələrə həsr etdiyi məqalələrdə səmimi hisslər, nəcib cəhətlərə vurğunluq öz əksini tapıb. Məqalələr və onlarda irəli sürülən düşüncələr çoxcəhətliliyinə görə geniş əhatə dairəsinə malikdir. Müəllif onların necə təqdim olunmasına münasibət və ən başlıcası, ədalətli rəyi, intellektin sarsılmaz qayasına söykənən oxuculardan gözləyir və onların istənilən qərarına hörmətlə yanaşmağı vəd edir.  İstedadlı insanların ətraf mühitin qayğısına möhtac olduğunu qeyd edən müəllif yaradıcı insanlara gəldikdə, əgər onlar insanlığa xidməti ön plana çəkirlərsə, özləri də minnətdarlıq şəklindəki cavab payı ummaqda haqlı olduqlarını bildirir. Bütövlükdə cəmiyyət, xüsusən onları əhatə edən adamlar bu kövrək təbiətli varlıqlara, büllur şüşə ilə davrandıqları kimi, ehtiyatla və qayğı ilə yanaşmalıdır.

Qeyd edək ki, T.Orucov çoxsaylı siyasi, tarixi və fəlsəfi məqalələrin, həmçinin üçcildlik “Ümumdünya tarixi” kitabının müəllifidir. İngilis dilində də tərcümələr edən müəllif Barak Obamanın “Ümidin cəsarəti” kitabını da Azərbaycan dilinə çevirib.

AQİL

 





03.08.2013    çap et  çap et