525.Az

Azərbaycanın Paşinyanla bağlı iradları xəbərdarlıq xarakteri daşıyır


 

ATƏT VƏ DİGƏR BEYNƏLXALQ TƏSİSATLAR, DÜNYA GÜCLƏRİ ERMƏNİSTAN HAKİMİYYƏTİNİN ÖZBAŞINALIQLARINA BİGANƏ YANAŞMAMALIDIR

<b style="color:red">Azərbaycanın Paşinyanla bağlı iradları xəbərdarlıq xarakteri daşıyır</b>

Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə Ermənistanın yeni hakimiyyəti ilə bağlı səsləndirdiyi fikirlər, tutduğu iradlardan həm beynəlxalq birlik, həm də işğal ölkə rəhbərliyi nəticə çıxarmalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar tərəflər arasında vəziyyətin gərginləşdirilməsinə hesablanıb ki, nəticədə regionda yaranacaq yeni situasiyaya görə məsuliyyət birbaşa işğalçı ölkənin üzərinə düşəcək.

Dövlət başçısının qeyd etdiyi kimi, “xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir: “Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”.

Danışıqlar prosesini pozmaqla məşğul olan Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Bu kontekstdə Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində düşmən ölkə parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisinin tətbiq olunması işğalçıların əsl niyyət və məqsədinin regionda sülh və təhlükəsizliyin bərpası olmadığını bir daha ortaya qoyur.

Əgər Ermənistanın baş naziri Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışırsa, bu da onun nə qədər məntiqsiz siyasət apardığının göstəricisi hesab olunmalıdır. Çünki 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin “Günnüt” əməliyyatı Azərbaycan Ordusunun hər an düşmənə sarsıdıcı zərbə endirməyə hazır olduğunu deməyə əsas verir. Bu zaman isə Paşinyanın qorumağa çalışdığı nüfuzunu tamamilə itirəcəyi heç kəsə sirr deyil.

İnsan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüddətli rəhbərliyi dövründə işğalçı ölkədə vəziyyət daha da gərginləşib, diplomatik məğlubiyyətlərin sayı isə durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi onun hakimiyyətdə olduğu qısa müddətdə əldə etdiyi əsas “nəticələr”dir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev ATƏT-in baş katibi ilə keçirdiyi görüşdə bu məsələni də diqqətdən kənarda saxlamayıb, real vəziyyəti T.Qremingerin diqqətinə çatdırıb. Dövlət başçısı Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

Bu həm də bir çox hallarda Azərbaycana ikili standartlar siyasəti ilə yanaşan beynəlxalq təşkilatlara ünvanlanmış mesajdır. Dünya ictimaiyyəti, böyük dövlətlər, nüfuzlu qurumlar nə qədər ki, işğalçı ilə işğala məruz qalan arasında dürüst qiymətləndirmə aparmayacaqsa, məsələlərə sırf “din qardaşlığı” prizmasından yanaşacaqsa, Ermənistanda baş verən prosesləri görməzdən gələcəksə, Azərbaycan da bütün bunlardan lazımi nəticəni çıxararaq, öz problemini həll etmək üçün digər variantları ciddi nəzərdən keçirməyə başlayacaq. Ona görə də ATƏT və digər beynəlxalq təsisatlar, dünya gücləri bu kimi hallara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır.

Məsələ ilə bağlı fikirlərini bildirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə bir sıra aktual məsələləri müzakirə edib. O, “Trend”ə bildirib ki, nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verən ciddi hərbi-siyasi və iqtisadi qarşıdurmalar kontekstində ATƏT-ə üzv olan ölkələrin də milli təhlükəsizliyi bu və ya digər dərəcədə təhdidə məruz qalır, yaxud belə hal mümkün hesab edirlir: “Adından da göründüyü kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı isə əlbəttə, belə məsələləri öz tərəfdaşları ilə müzakirə etməli və təhlükəsizlik tədbirləri görməlidir. Bu mənada Avropanın şərq tərəfdaşları içərisində Azərbaycan olduqca strateji bir ölkədir. Azərbaycanın təhlükəsizliklə bağlı strateji əhəmiyyəti təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda, coğrafi mövqeyi və hərbi-iqtisadi resursları ilə şərtlənir. Ona görə də Tomas Qremingerin ATƏT-in baş katibi kimi Azərbaycana səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir və bu da ölkəmizin təhlükəsizlik məsələsi baxımından olduqca əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, ancaq məsələ ondadır ki, artıq uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız Ermənistan hərbi birləşmələri tərəfindən işğala məruz qalıb: “Problemi həll etmək üçün ATƏT-in xüsusi qrupu, yəni Minsk qrupu yaradılıb, lakin indiyə qədər bu qrup problemin həlli ilə bağlı heç bir real töhfə verə bilməyib. Üstəlik, hazırda Ermənistana rəhbərlik edən, küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilməyən baş nazir Nikol Paşinyan hər gün yeni bir sərsəm bəyanatla Azərbaycanı təhdid edir. Buna mütləq ATƏT tərəfindən qiymət verilməlidir, çünki Azərbaycanın da təhlükəsizliyi ən azı bu təşkilata üzv olan digər ölkələrin təhlükəsizliyi qədər əhəmiyyətlidir. Həmçinin, ATƏT problemin həlli ilə bağlı vasitəçilik missiyasını BMT Təhlükəsizlik Şurasının mandatı ilə öz üzərinə götürüb. Ona görə də görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə, “Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Doğrudan da bu çağrış həm beynəlxalq hüquq, həm də real siyasi proseslər kontekstində olduqca əsaslandırılmış bir çağırışdır”.

H.Babaoğlu vurğulayıb ki, ATƏT belə həssas məsələyə öz münasibətini bildirməli, işğal faktına son qoymaq üçün vasitəçilik missiyasını layiqincə yerinə yetirməlidir:

“Əks təqdirdə bundan sonra bütün məsuliyyət işğalçı Ermənistan və onu idarə edənlərin üzərinə düşəcək ki, bu da ermənilər üçün yaxşı heç nə vəd etmir. Regionda hamı, o cümlədən, Ermənistan da Azərbaycanın hərbi qüdrətini və mümkün müharibə variantında onu dəstəkləyəcək iqtisadi resurslarını yaxşı bilir”.

 “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə bildirib ki, Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən Ermənistanda demokratiya və insan haqlarının indiki durumunun müzakirə mövzusuna çevirməsi taktiki və strateji əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Azərbaycan prezidentinin Ermənistanda siyasi rəqiblərin təqib olunması, insan haqlarının pozulması, konstitusiya normalarının manipulyasiya edilməsi faktlarına diqqət yetirilməsinin vacibliyi barədə baş katibə etdiyi müraciət heç bir halda təsirsiz qalmayacaq: “Məlumdur ki, Ermənistanın yeni rəhbərliyi ölkədəki proseslərin guya demokratik normalara uyğunluğunu Qərb dünyasına qəbul etdirmək üçün var gücü ilə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan Qərb məkanında öz manevr imkanlarını genişləndirmək üçün belə taktika seçib. O, birbaşa demokratiya imitasiyasını həm siyasi rəqiblərinə qarşı yönəltmək, həm də Qərblə daha sıx inteqrasiya silahına çevirmək istəyir. “Mən demokratiya qururam” şüarı altında Qərblə daha da yaxınlaşmaq onun əsas hədəfidir. Bu mənada, ATƏT-in baş katibi qarşısında Azərbaycanın “Ermənistanda antidemokratiya” demarşı Paşinyanın Qərbə yaxınlaşmaq üçün istifadə etdiyi əsas silaha vurulan zərbə kimi diqqəti cəlb edir. İndiki Ermənistan rəhbərliyi ölkədəki vəziyyətin demokratiyaya əks proseslər kimi qiymətləndirilməsini və mötəbər beynəlxalq tribunalarda müzakirə edilməsini qətiyyən istəmir. Bu mənada Prezident İlham Əliyevin ATƏT rəhbərliyinə etdiyi müraciətlər Ermənistan baş nazirinə “ən zəif yerlərə zərbə” effektinə malikdir”.

Baş redaktor qeyd edib ki, Ermənistanda demokratiya imitasiyasının və Qarabağ münaqişəsinə dair ziddiyyətli bəyanatların ifşası N.Paşinyanın siyasi cəhətdən ən zəif yerləridir və Azərbaycan diplomatiyası da bu zərbə üçün zamanı düzgün seçməsi ilə diqqəti cəlb edir: “Zamanın münasibliyi ondadır ki, Ermənistanda insan haqlarının ağır durumunun beynəlxalq tribunalara daşınma prosesi artıq başlayıb, AŞPA-nın müvafiq komitəsi Ermənistanın monitorinq altına alınmasına qərar verib. Azərbaycan prezidenti başlanmış prosesə yeni vüsət verməklə əslində, Qarabağ müharibəsində Azərbaycanın mövqelərini gücləndirən əhəmiyyətli diplomatik gediş edib”.

Ceyhun ABASOV

 





15.09.2018    çap et  çap et