525.Az

Azərbaycan-Türkiyə qardaşlığının növbəti zəfər günü: Bakıda əldə olunan tarixi qələbənin 100 illiyi


 

ÇANAQQALA ZƏFƏRİNİN 100 İLLİYİNDƏ OLDUĞU KİMİ, İKİ ÖLKƏ LİDERİ AZADLIQ MEYDANINDA TƏŞKİL OLUNAN MÖHTƏŞƏM HƏRBİ PARADDA AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARININ ÖNDƏRLİYİ İLƏ HƏRBÇİLƏRİN NÜMUNƏVİ QƏLƏBƏ KEÇİDİNİ BİRGƏ QARŞILAYIRLAR

Azərbaycan-Türkiyə qardaşlığının növbəti zəfər günü: <b style="color:red">Bakıda əldə olunan tarixi qələbənin 100 illiyi</b>

Bu gün müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinin erməni-bolşevik, eser-menşevik qüvvələrindən tam azad olunduğu, həyata keçirilən milli azadlıq hərəkatının məntiqi sonluqla yekunlaşdığı gündür.

Bakının işğaldan azad olunmasına qədər Azərbaycan Xalq Cümhuriyyətinin böyük qurucuları - Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin tarixi xidmətlərinə, onların keçdikləri çətin, məşəqqətli və şərəfli yola nəzər salsaq, heç şübhəsiz, Osmanlı dövlətinin göstərdiyi dəstəyi qiymətləndirməmək və ya az qiymətləndirmək olmaz.

1918-ci ilin mayın 28-də Tiflisdə öz müstəqilliyini elan edən Azərbaycan dövləti Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük dəstəyi ilə Tiflisdən Gəncəyə, Gəncədən isə Bakıya uzanan azadlıq yolunu mübarizə, əzm və şərəflə qət edərək, bu tarixi nailiyyəti əldə edib.

Çünki müstəqilliyin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşılarına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi. Ona görə də bu gün həm də Azərbaycan-Türkiyə qardaşlığının növbəti sınaqdan uğurla çıxdığı, Çanaqqalada olduğu kimi, Bakıda da zəfər meydanlarında növbəti qələbələrə birgə kökləndiyi, bir-birinə daha da sıx bağlandığı gündür.

Təsadüfi deyil ki, 2016-cı ildə Çanaqqala zəfərinin 100 illiyində necə Azərbaycan prezidenti qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla bu zəfəri bir yerdə qeyd edirdisə, məhz bu gün də iki ölkə lideri Azadlıq meydanında təşkil olunan möhtəşəm hərbi paradda Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə hərbçilərin qələbə keçidini birgə qarşılayırlar.

Bu tarixi hadisə, böyük qələbənin 100 illiyi ilə bağlı fikirlərini bildirən Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, Bakının işğaldan azad olunmasının 100 illiyinin hərbi paradla qeyd edilməsi barədə qərar böyük Türk əsgərinə haqqı çatan dəyərin verilməsidir.

Deputatın sözlərinə görə, sevindirici haldır ki, belə bir möhtəşəm qərar qəbul edilib: “Unutmayaq, Azərbaycanı, Bakını Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri xilas edib, burada mindən artıq şəhid veriblər, erməni vandallarından qisasımızı alıblar. Onların ruhu qarşısında biz də Azərbaycan dövləti olaraq, millət olaraq borcumuzu hər zaman xatırlamalıyıq, şükranlığımızı ortaya qoymalıyıq. 15 sentyabrda hər birimiz fərdi qaydada da olsa, Şəhidlər Xiyabanındakı türk əsgərinin məzar-abidəsini ziyarət etsək, yaxşı olar. İndi milli qəhrəmanımız Nuri paşanın adının məhz Azərbaycanda əbədiləşdirilməsi məsələsini həll etmək qalıb. İnanıram ki, bu hadisənin də yaxın zamanlarda şahidi olacağıq”.

“İki Sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə isə qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının zəfər günü kimi dəyərləndirilən 1918-ci il 15 sentyabr tarixindən ötən 100 illik yol bu birliyə, həmrəyliyə bir daha işıq salmaqla yanaşı, onun sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirir. O bildirib ki, Türkiyə-Azərbaycan birliyinin çoxəsrlik tarixində yaddaqalan məqamlardan biri kimi 15 sentyabr 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik əsarətindən xilas etdiyi gündür: “Məhz həmin tarixdə ermənilərin soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik quldur dəstələrindən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri, sözün əsl mənasında, azərbaycanlı qardaşlarına kömək oldular. Onlar Bakının işgalçılardan azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdilər”.

Baş redaktor qeyd edib ki, bu gün erməni vəhşiliklərinin nümunəsi olan Quba məzarlığı daşnakların azərbaycanlılara və yəhudilərə qarşı törətdikləri qətliamlar nəticəsində yaranan yüzlərlə məzarlıqdan biridir: “Bəşər tarixinə insan qatili, soyqırımı müəllifləri kimi daxil olan ermənilər daşnak ideologiyasının qanla yoğrulduğunu həmin hadisələr zamanı bir daha təsdiqlədilər. 1915-ci ildə rus-ingilis-fransız qoşunlarının Türkiyəyə hərbi müdaxiləsi zamanı türklərə xəyanətləri üzündən deportasiya olunan ermənilərə qarşı guya soyqırımı törədildiyini iddia edən ermənilər 1918-ci ildə Azərbaycanda, sözün əsl mənasında, dəhşətli soyqırımı həyata keçirməklə öz qəddarlıqlarını bir daha təkrarladılar. Həmin dövrdə ermənilər Bakıda, həmçinin, ölkənin digər bölgələrində azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız insan erməni vəhşiliyinin qurbanı oldu. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza dəstək göstərən, bolşeviklərin və erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının qarşısını alan Nuru paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan 15 sentyabr zəfər günü Türk birliyinin, qardaşlığının nümunəsidir. Qafqaz İslam Ordusu düşmən əlində olan Bakını və digər yaşayış məntəqələrini işğalçılardan azad edib”.

V.Rəhimzadə onu da vurğulayıb ki, Şəhidlər Xiyabanında yerləşən, 1918-ci ildə həlak olmuş türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır: “Təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağından keçən Türkiyə-Azərbaycan dostluğu bu gün dünyada bənzəri olmayan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türk dünyası birliyinin əsasını qoymuş Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daha da möhkəmləndirir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərən, Azərbaycanla qardaşlıq siyasətinə sadiq olan Türkiyə beynəlxalq səviyyələrdə aparılan müzakirə və danışıqlarda ölkəmizin mövqeyini dəstəkləyir. Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyevin “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” fikirləri bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığının nümayişidir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına, enerji təhlükəsizliyinin təminatına böyük töhfədir”.

Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu.  Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra Türk qoşunları Bakını tərk etməli oldular.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu daim qəlbində yaşatdı.

Qeyd edək ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə daşnak-bolşevik qoşunlarına qarşı birgə savaşıblar. Azərbaycanın görkəmli hərbi xadimi Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələri və könüllü dəstələrinin döyüş fəaliyyətini təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə gedib və Bakının azad olunması zamanı şəhər ətrafındakı qərargahdan Nuru paşa ilə birlikdə döyüşlərin idarə olunmasında bilavasitə iştirak edib.

Həbib bəy Səlimov isə Əlahiddə Azərbaycan Korpusunun qərargah rəisi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun formalaşması isə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə başa çatdırılıb.

Ceyhun ABASOV

 





15.09.2018    çap et  çap et