525.Az

“Vikipediya Azərbaycanın təbliği baxımından gözəl layihədir” (Müsahibə)


 

“Vikipediya Azərbaycanın təbliği baxımından gözəl layihədir” <b style="color:red">(Müsahibə)</b>

Bu il avqustun 7-dən 11-dək Honqkonqda “Vikimania-2013” beynəlxalq konfransı keçiriləcək. Builki konfransda Azərbaycan dilində olan vikipediyanı Elgün Atalıyev və Rövşən Ramizoğlu təmsil edəcəklər. Vikipediyamızın bu iki idarəçisi ilə söhbətimizə də elə Vikimania mövzusundan başladıq.

– Əvvəlcə oxucularımız üçün maraqlı olan ilk suala cavab almaq istərdim: Vikimaniya nədir, burada hansı məsələlər müzakirə olunur, onun keçirilməsində əsas məqsəd nədən ibarətdir?

Elgün Atalıyev: Vikimaniya, 2005-ci ildən etibarən hər il dünyanın müxtəlif şəhərlərində Vikipediya və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq konfransdır. Burada dünyanın onlarla ölkəsindən yüzlərlə vikipediyaçı iştirak edir, Vikipediyanın bu günü və gələcək inkişaf perspektivləri müzakirə olunur, mühazirələr və praktiki görüşlər təşkil edilir. Mühazirələrdə vikipediyaçılar öz ölkələrində və ya ümumiyyətlə, Vikipediyada və onunla əlaqəli digər layihələrdə rastlaşdıqları problemlər, onların həlli yolları, saytın quruluşunda və yazılmasındakı yeniliklər və s. barədə məlumatlar verirlər. Builki konfrans Çinin xüsusi inzibati ərazisi olan Honqkonqda keçiriləcək və sevindiricidir ki, bu il ilk dəfə olaraq Azərbaycanı Vikimaniyada iki vikipediyaçı təmsil edəcək.

Rövşən Ramizoğlu: Mən onu da əlavə edim ki, konfransın əsas məqsədlərindən biri bütün dünyadakı aktiv vikipediyaçılar arasında təmasların qurulmasına vasitəçi olmaqdır. Yəni Vikimaniyada sırf elmi konfranslardakı kimi mühazirəçi-dinləyici münasibətləri hakim deyil. Hətta mühazirələrin çoxu debatlar şəklində olur. Eyni vaxtda bir neçə seksiyada bu cür mühazirələr təşkil edilir, hər bir konfrans iştirakçısı onu maraqlandıran mövzu müzakirə edilən seksiyanı seçə və o müzakirələrə qatıla bilir. Müzakirə olunan məsələlərin əhatə dairəsi isə həddən artıq genişdir: internetdə müəllif hüquqlarının qorunması məsələsindən tutmuş veb dizayna qədər.

– Növbəti illərin birində bu konfransın Azərbaycanda təşkil olunması mümkündürmü və bunun üçün nə etmək lazımdır?

Elgün Atalıyev: Vikimaniyanın təşkilində Vikimedia Fondunun rolu böyükdür. Bu qeyri-kommersiya təşkilatı özündə Vikipediya, VikiLüğət, VikiKitab, VikiMənbə və bir sıra digər layihələri birləşdirir, onların işini koordinasiya edir. Vikimaniyanı təşkil etməli olan şəhərlər bir il əvvəldən Vikimedia Fondu tərəfindən yaradılmış xüsusi jüri heyəti tərəfindən namizəd şəhərlər arasından seçilir. Hər ilin dekabr ayında Vikimaniyanı öz şəhərində təşkil etmək istəyən vikipediyaçılar tərəfindən yaradılan təşkilat komitəsi tədbirin smetasını, iştirakçılar üçün yaradılacaq şəraiti və digər məlumatları jüriyə təqdim edir və bir neçə aylıq tanışlıqdan və araşdırmalardan sonra yekun qərar verilir. Namizədliklərin verilməsi yerli viki-cəmiyyətlərin səyləri nəticəsində baş verir, amma bu elə də kiçik iş deyil və dünyanın hər yerindən mindən artıq insanı qəbul etmək böyük maliyyə resursları tələb edir. Konfransın indiyədək təşkil edildiyi bütün şəhərlərdə bu iş yerli hakimiyyət qurumlarının, ali təhsil müəssisələrinin, könüllülərin və sponsorların birgə səyləri nəticəsində mümkün olub. Üstəlik Vikimedia Fondu konfransın smetasının kiçik olmasında maraqlıdır, çünki bir sıra iştirakçıların konfransda iştirakla bağlı bütün xərcləri Fond tərəfindən təqaüd şəklində ödənilir. Məhz bu səbəbdən 2014-cü ildə konfransın Tanzaniyanın Aruşa şəhərində deyil, Londonda keçirilməsinə qərar verilib. Təəccüblü görünsə də, konfransın Londonda təşkili xərcləri Tanzaniyadakına nəzərən daha az olub. Odur ki, kifayət qədər əsaslandırılmış və yaxşı təşkil olunmuş layihə əsasında, bu işdə həvəsli və peşəkar təşkilat komitəsi ilə bu konfransın ən yaxşı halda 2015-ci ildə Bakıda keçirilməsinə nail olmaq olar. Vikipediya ölkəmizin təbliği baxımından çox gözəl layihədir, çünki Vikipediya dünyanın ən böyük onlayn ensiklopediyasıdır və onu yazan insanların ölkəmizlə yaxından tanışlığı yalnız müsbət nəticələr verə bilər.

– Azərbaycan dilində olan Vikipediyada hazırda vəziyyət necədir? Vikipediyamızın inkişaf tempi sizi qane edirmi? Məqalələrin sayının artırılması, keyfiyyətinin yüksəldilməsi üçün hansı işlər görülür?

Elgün Atalıyev: Hazırda az-vikidə (Azərbaycan dilli Vikipediya) 95 mindən artıq məqalə var, amma təəssüf ki, onların heç də hamısı tam dolğun məqalələr deyil, müəyyən hissəsi isə demək olar ki, boşdur. Son 5-6 ildə fəal istifadəçilərimiz tərəfindən məqalələrin keyfiyyətinin yüksəldilməsi üzrə çox iş görülsə də, bu kifayət deyil. Bu, həm istifadəçilərlə, həm də Azərbaycan dilində müasir məlumat mənbələrinin az olması ilə birbaşa əlaqəlidir. Xüsusilə də yeni və təcrübəsiz istifadəçilər Vikipediya qaydalarına uyğunlaşana qədər köhnə və təcrübəli istifadəçilərə və idarəçilərə müəyyən qədər problemlər yaşadırlar. Çünki bəziləri Vikipediya prinsiplərini qəbul etmək istəmir, bəziləri qaydalara uyğunlaşa bilmir, bir hissəsi isə kompüter bilikləri zəif olduğu üçün işini düzgün qura bilmir. Bu da son nəticədə məqalələrin keyfiyyətinə, etibarlılığına və bitərəfliyinə təsir edir.

Rövşən Ramizoğlu: Bu deyilənlərin bir çoxu ilə mən də razıyam. Amma inkişafın olduğunu da danmaq olmaz. Məsələn, mən 2007-ci ildən Vikipediyada redaktələr etməyə başlamışam. O zaman bizim Vikipediyada 10-15 min məqalə vardı və bu məqalələrin də böyük əksəriyyəti 1-2 cümlədən ibarət idi. Bu gün isə məqalə sayı artıq 95 mini keçib və müxtəlif sahələrə aid kifayət qədər zəngin məqalələr var. İnkişaf göstəricisinin biri də qəzet, jurnal materiallarında, hətta radio və televiziya verilişlərində Vikipediya məqalələrinə istinadların çoxalmasıdır. Düzdür, bir çoxları hesab edir ki, Vikipediya etibarlı mənbə olmadığına görə ona istinad etmək düzgün deyil. Amma hər halda bir vikipediyaçı kimi mən məsələn, hansısa qəzet, jurnal səhifəsində deyək ki, 3-5 ay öncə Vikipediyaya əlavə etdiyim məlumatın cümləbəcümlə köçürülüb dərc edildiyini görəndə sevinirəm. Bizim məqsədimiz də elə budur – Vikipediyanın şüarında deyildiyi kimi, biliklərimizin azad şəkildə paylaşılması. Amma təbii ki, görüləcək işlər çoxdur. Və Vikipediyanın inkişafı sonu olmayan bir prosesdir. Yəni, bu gün azvikidə 95 min məqalə varsa və biz yaxın zamanda 100 min məqalə həddini keçmək üçün fəaliyyətimizi daha da artırmışıqsa, sabah məqalə sayı 950 min olanda biz 1 milyon məqalə üçün çalışacağıq.

– Vikipediyaya yeni istifadəçilərin, redaktorların cəlb olunması üçün hansısa addımlar atılırmı?

Elgün Atalıyev: Vikipediya könüllü layihədir və bu səbəbdən də yeni istifadəçiləri cəlb etmək dedikdə, yalnız bu işə marağı olan şəxslərin öz şəxsi istəkləri əsasında cəlb olunmasından söhbət gedə bilər. Müntəzəm olaraq Vikipediyaya yeni istifadəçilər qoşulur. Onların bəziləri qısa müddətdən sonra bu işdən yorulsalar da, elə istifadəçilər də var ki, artıq 5-6 ildir Vikipediyanın inkişafı üçün əmək sərf edirlər.

Rövşən Ramizoğlu: Əgər son 5-6 ilin statistikasını götürsək aktiv redaktorların sayının xeyli artdığını görərik. Məsələn, Vikipediyada “Son dəyişikliklər” səhifəsi mövcuddur və bu səhifədə 1 gün, 1 həftə və ya 1 ay ərzində yaradılan yeni məqalələrin, məqalələrdə edilən redaktələrin siyahısını görmək olar. Təsəvvür edin, 5-6 il bundan əvvələ qədər məsələn, gün ərzində azvikidəki redaktələrin siyahısına baxdıqda onların hamısının cəmi 2-3 redaktor tərəfindən edildiyinin şahidi olurduq. Bu gün isə artıq mənzərə fərqlidir. Azvikinin təxminən 50-yə yaxın fəal redaktoru var ki, bu da Azərbaycan kimi ölkədə elə böyük bir qəzet redaksiyası deməkdir. Təbii ki, məqalə sayı artdıqca bu cür redaktorların da sayı çoxalacaq. Çox istərdik ki, belə redaktorların sayı minlərlə olsun.

– Azərbaycan dilində olan Vikipediyanın əsas redaktorları kimlərdir, hansı yaş qrupuna aid internet istifadəçiləridir?

Elgün Atalıyev: Redaktorlar arasında yaş baxımından üstünlük gənclərdədir, amma hər yaş kateqoriyasından istifadəçilərimiz var. Əksər istifadəçilərimiz tələbələr olsa da, bəzən orta məktəb şagirdlərinə də rast gəlmək olur. Amma yuxarı yaş kateqoriyasından olan istifadəçilərimiz də az deyil və onların əksəriyyəti təcrübəli istifadəçilərdir. İdarəçilərimiz arasında da məhz yuxarı yaş kateqoriyasından olan istifadəçilər üstünlük təşkil edir.

Rövşən Ramizoğlu: Vikipediyaçılar arasında gənclərin üstünlük təşkil etməsi təbiidir. Bu ümumən internet istifadəçiləri arasında gənclərin çox olması ilə bağlıdır. Hətta bizim redaktorlardan məktəbdə oxuyarkən vikipediyaçılar sırasına qoşulmuş, bu gün isə artıq universitet məzunu olmağa hazırlaşanlar da var. Yəni Vikipediya çox qəribə bir cazibə qüvvəsinə malikdir. Vikipediyada redaktələr etməyə başlayan adam üçün burdan ayrılmaq çox çətin olur. Lap müəyyən dövr redaktə etməyəndə belə, 1 ay, 5 aydan sonra o internetdə hansısa məlumat axtaranda, bu məlumatı Vikipediya məqaləsində tapanda və məlumatda deyək ki, ən xırda bir hərf səhvi görəndə artıq redaktə edib bu səhvi aradan qaldırmaq istəyir.

– Bəs idarəçilər kimlərdir və bu statusu onlar necə alırlar?

Elgün Atalıyev: İdarəçilər də adi istifadəçilərdir, sadəcə onların bəzi əlavə üstünlükləri var. Bunlar – səhifələrin və istifadəçilərin bloklanması və blokun götürülməsi, səhifələrin silinməsi və silinmiş səhifələrin bərpa edilməsi və bəzi digər inzibati hüquqlardır. İdarəçilər səsvermə hüququ olan istifadəçilərin səsləri əsasında, 2 həftə davam edən səsvermə proseduru nəticəsində seçilirlər. Hər bir istifadəçi idarəçi seçilə bilər. Amma bunun üçün o bəzi şərtlərə cavab verməlidir – Azərbaycan dilindəki Vikipediyada qeydiyyat stajı 6 aydan az olmamalı və redaktələrinin sayı 1000-dən az olmamalıdır. Səsvermə başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada stajı 3 aydan az olmayan, ciddi redaktələrinin sayı 200-dən az olmayan (ciddi redaktələrə sonradan ləğv edilmiş redaktələr, məqalələrə intervikilərin və şablonların daxil edilməsi, orfoqrafik səhvlərin düzəlişi, mətnin bölmələrə ayrılması daxil deyil), səsvermə başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada son 30 gün ərzində redaktəsi olan istifadəçilər səsvermə hüququna malikdirlər.

– Azərbaycanda vikipediyaçıların toplantıları, görüşləri keçirilirmi? Əgər keçirilirsə, çox maraqlıdır, həmin görüşlərə qatılanlar arasında məsələn, şagirdlər, tələbələr, tədqiqatçılar – kimlər üstünlük təşkil edir?

Rövşən Ramizoğlu: Belə görüşlər son 1 ilə qədər mütəmadi olaraq keçirilirdi. Son bir ildə təəssüflər olsun ki, ümumi toplantı, görüş keçirilməyib. Amma vikipediyaçılar iki-iki, üç-üç olsa da görüşürlər, Vikipediyaya dair məsələləri müzakirə edirlər. Məsələn, Vikipediyanın 10 illiyi ilə bağlı 2011-ci ildə Bakıda geniş bir toplantı təşkil etmişdik. Analoji tədbirlər dünyanın 100-ə qədər şəhərində keçirilmişdi və onlardan 5-6-sı Vikipediyanın yaradıcılarının diqqətini cəlb etmişdi ki, Bakı toplantısı da onlardan biri idi. Bakıda yaşayan idarəçilər də tez-tez görüşürlər. Bundan başqa Vikipediya redaktorlarının universitetlərdə tələbələrlə, rayonlarda fəal gənclərlə görüşləri təşkil olunur. Məsələn, keçən il 5 universitetdə, 1 məktəbdə, 9 rayonda bu cür görüşlər təşkil etmişik. Redaktorlarımızdan bəziləri öz təşəbbüsləri ilə treyninqlər təşkil edirlər. Bizim Honqkonqdan Vikimaniya konfransından geri dönəndən sonra fəal vikipediyaçıların görüşünü təşkil etmək planlarımız da mövcuddur.

Kamal PƏRVİZOĞLU

 





05.08.2013    çap et  çap et