525.Az

10 ən yaxşı İran filmi - Siyahı


 

10 ən yaxşı İran filmi - <b style="color:red">Siyahı</b>
Son illərin film sahəsində parlayan ölkəsi İrandır. Hər festivalda, hər mükafat mərasimində ən azı bir İran filmi diqqətləri üzərinə toplaya bilir. Bu ölkədəki senzura və qadağalar sənətin inkişafını ləngidəcəyinə daha da sürətləndirir. 

Sizə ən yaxşı 10 İran filmini təqdim edirik:

1. "Gaav" (İMDB 8.1)


"İnək" filmi modern İran kinosunun başlanğıcı olaraq qəbul edilir. Dariuş Mehrcuinin 1969-cu ildə çəkdiyi film üç il sonra Berlin Film Festivalında mükafata layiq görülüb. 

Film çox sevdiyi inəyini itirdikdən sonra özünü yavaş-yavaş inəyi yerinə qoyan adamdan bəhs edir.

2. "Close up" (İMDB 8.2)


İran kinosunun şah əsərlərini yaratmış Abbas Kiorastaminin daha yaxşı filmləri olduğu deyilə bilər. Ancaq filmin bütün atmosferi və gerçəkliyi onu bu dahinin filmoqrafiyasında xüsusi edir. Özünü məşhur rejissor Mohsen Makmalbaf kimi təqdim edən adamın hekayəsini anladan filmdə aktyor yoxdur, hər kəs özünü oynayır. Kino tarixinin ən möhtəşəm final səhnələrindən biri də bu filmdədir. 

3. "Jodaí-e Nadér az Simín" (İMDB 8.4)


"Nadir və Siminin boşanması" artıq rejissor kimi özünü təsdiqləmiş Əsgər Fərhadiyə beynəlxalq şöhrət gətirib. Film "Qızıl ayı" və "Oskar" mükafatı qazanan ilk İran filmidir.

4. "Forushande" (İMDB 7.9)


"Satıcı" siyahıdakı ikinci Əsgər Fərhadi filmidir. Əslində hər Fərhadi filmi bu siyahıda olmağa layiqdir. Bu film gənc, müasir, mütərəqqi, işdən əlavə teatrda aktyor kimi çalışan ər-arvaddan bəhs edir. Baş verən qəfil hadisə onların həyatını həmişəlik dəyişir. 

Bu Fərhadinin Təranə Əlidosti ilə dördüncü, Şahab Hüseyin ilə üçüncü filmidir. 

Film Kannda ən yaxşı ssenari və ən yaxşı aktyor, Oskarda isə ən yaxşı xarici film mükafatına layiq görülüb.

5. "Chand kilo khorma baraye marassem-e tadfin" (İMDB 7.7)


"Cənazə mərasimi üçün bir neçə kilo xurma" - bu uzun adlı film Saman Salura məxsusdur. Ucqar bir yerdə yaşayan tənha adamın tapdığı ölü qadına vurulmasından bəhs edir. Filmdə məşhur müğənni Mohsen Namcunu da görə bilərsiniz. 

6. "Bid-e majnoon" (İMDB 7.5)


"Söyüd ağacı" filmi Məcid Məcidi kinemotoqrafiyasında xüsusi yer tutur. 

Metaforalarla zəngin film kor və xoşbəxt adamın gözlərini qazandıqdan sonra hər şeyi itirməsi haqqındadır. Məcidi azərbaycanlı olduğundan filmlərində həmişə azərbaycanca sözlər işlədilir. Bunu daha çox mahnılarla edir. 

7. "Taxi" (İMDB 7.4)


Digər həmyerlimiz Cəfər Pənahi İranda ən çox təqib edilən rejissorlardandır. 

Həbs, film çəkməyə, ölkədən çıxışına qadağalarla qarşılaşıb. "Taksi" filmini sürdüyü taksiyə kamera yerləşdirərək çəkib. Film Berlin kinofestivalında "Qızıl ayı" mükafatını qazanıb. 

Ölkədən çıxa bilmədiyinə görə, mükafatını balaca bacısı qızı dayısının yerinə qəbul etmişdi.

8. "Lakposhtha parvaz mikonand" (İMDB 8.1)


"Tısbağalar da uçur" filmi İran-İraq müharibəsindən bəhs edir. Sərhəddə yaşayan və köhnə silahları satmaqla gündəlik ehtiyaclarını ödəyən uşaqların təsirli hekayəsi ekranlaşdırılıb. 

Rejissor Bəhman Qobadi kürd olduğundan kinemotoqrafiyasında bu xalqın yaşantısına geniş yer verib.

9. "Taxte reş" (İMDB 7)


Siyahıdakı yeganə qadın rejissor Samirə Makmalbafdır. Böyük rejissor Mohsen Makmalbafın qızı "Qara taxta" filmilə ən azı atası qədər güclü rejissor olduğunu sübut edib. 

Filmdə üç kürd müəllimin iş tapa bilməyib alternativ işlər axtarmasından danışılır. Müəllimlərdən birini rejissor Bəhman Qobadi ifa edir.

10. Leila (İMDB 7.7) 


Siyahını Dariuş Mehrcui ilə başladıq, onun "Leyla" filmi ilə də bitirək. Ərini çox sevən Leyla uşaq sahibi ola bilmədiyindən qərar verir ki, ərinə ikinci arvad alsın. Tragikomediya janrında olan film baş rol ifaçıları, Leyla Hatəmi və Əli Mustafanın həyatda evlənməsinə gətirib çıxarıb.
 





16.09.2018    çap et  çap et