525.Az

“Yazıçı”nın 4-cü sayı


 

“Yazıçı”nın <b style="color:red">4-cü sayı</b>

“Oğuz eli” qƏzetinin ayrıca buraxılışı olan “Yazıçı”nın növbəti sayı xalq yazıçısı Elçinə həsr olunub

Buraxılış Xalq yazıçısı Anarın öz sənət dostuna vaxt və baxt haqqında olan nigaran suallarıyla açılır:

Bulud olub torpağa
Yağacağıq birdəmi?
Ağac olub, ot olub
Bitəcəyik birdəmi?
 
... Nədir ömrün mənası?
Belə qısadır neçin?
Mən ki, bunu bilmirəm,
Sən bilirmisən, Elçin?.. 

Bu da ustad yazıçı İsa Muğannanın münasibətindən seçmələrdi: “Çox istəyirəm ki, Elçinin son əsərlərini oxuyum. Onun hekayələrindən olmaz... Elçin Azərbaycanda ən modern yazıçı, gözəl nəzəriyyəçi və tənqidçidir”.

Təbii ki, belədi və ulu öndər Heydər Əliyevin yazıçının 60 illik yubileyi ilə bağlı ona ünvanladığı təbrikdə də bu dəyərlər önə çəkilir: “Hörmətli Elçin!.. Siz yaradıcılığınızın çoxşaxəli olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran qələm sahibisiniz... Müasir cəmiyyətdə insan fenomeni həmişə sizin diqqət mərkəzinizdə olub”.

Xalq yazıçısı Mirzə İbrahimovun “Mənəvi saflığına çağırış” məqaləsindən seçmədə deyilir ki, “Elçinin əsərləri işıqlı, nikbin hisslərlə, həyat eşqi və insana hərarətli, lirik məhəbbətlə aşılanmışdır...” Hal-əlbət belədi və dəqiq oxucu müşahidəmizdi ki, o, bir yaradıcı insan olaraq ömrü boyu “nəsə işıqlı bir şeyə xəyanət etməyib”.

Xüsusi buraxılışda Xalq şairi Bəxtiyar Vahabzadənin görkəmli yazıçının “Ölüm hökmü” romanıyla bağlı fikirlərindən seçmələr, akademik Abbas Zamanovun yazıçının şəxsiyyət bütövlüyü və vəfadarlığı haqqında dedikləri, Xalq yazıçısı Yusif Səmədoğlunun onun müasir Azərbaycan nəsrindəki yeri barədə yazdıqları əksini tapıb. Akademik Məmməd Cəfərin fikirlərini oxumaq xoşdur ki, Elçində bədii dərk duyğusu güclü və cəlbedicidir. Akademik Məmməd Arifin dəqiq müşahidəsidi ki, Elçinin laboratoriyasında yerində istifadə oluna bilən bir çox vasitələr var. Tənqidçi Aydın Məmmədov da ustadlarıyla eyni fikir aydınlığını bölüşür: “Elçin daha çox dirijoru xatırladır, o, hisslərdən öz məqsədinə uyğun şəkildə istifadə edir, onları öz istəyinə uyğun axara yönəldir”. Görkəmli yazıçı Mir Cəlal ondan obyektiv yazıçı kimi bəhs edir.

Bundan sonra gəlir görkəmli teatr xadimi Mehdi Məmmədovun, akademiklər Fərəməz Maqsudovun, Bəkir Nəbiyevin, bəstəkar Tofiq Quliyevin, dünya şöhrətli şair-publisist Oljas Süleymenovun, professorlar Nizami Cəfərovun, Nərgiz Paşayevanın, Kamal Abdullanın, Timuçin Əfəndiyevin, Xalq yazıçısı Mövlud Süleymanlının, Xalq şairləri Qabilin, Zəlimxan Yaqubun, akademik İsa Həbibbəylinin, Xalq yazıçısı Çingiz Abdullayevin, ədəbiyyatşünas alimlərdən Şirindil Alışanovun, Arif Əmrahoğlunun, Dimitri Balanın (Rumıniya), Abid Tahirlinin, Tehran Əlişanoğlunun, Vaqif Yusifoğlunun, Yaşarın və başqalarının fikirlərindən seçmələr.

Şairlərdən Fikrət Qoca, Ramiz Rövşən, Vaqif Bəhmənli, Abbas Abdulla, Vaqif Bayatlı, Oqtay Rza, Musa Ələkbərli, Adil Mirseyid, Səlim Babullaoğlu və başqalarının xalq yazıçısına həsr etdikləri şeirlər də maraqla oxunur.

Təbii ki, bunlar hələ hamısı deyil. Hələ unudulmaz İlyas Əfəndiyevlə, Rəsul Rzayla, Mirzə İbrahimovla, Çingiz Aytmatovla, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu, Yaşar Kamal, Orxan Pamuk, Toğrul Nərimanbəyov, Süleyman Rəhimov və başqaları ilə birgə çəkilmiş yadigar fotoşəkillərin yaddaşlara tıpır-tıpır söylədikləri – dünya gələ-gələ yaddanmı çıxar?

Sonda Elçin Şuşa qalasıyla və Azər Abdullanın duvaqqapaması ilə üzbəüzdü: “O, Bakının, Abşeronun Xəzərin, qumunu, havasını... ağaclarını, daha çox insanlarını – onların dış, iç aləmini zərif impressionist duyğu və hissiyyatıyla sözün boya çalarlarıyla virtuozcasına əks etdirir”.

Sərvaz

 





05.08.2013    çap et  çap et