525.Az

Dünya fikir xəzinəsində Cavad Heyət dəst-xətti


 

Dünya fikir xəzinəsində Cavad Heyət dəst-xətti<b style="color:red"></b>

Azərbaycanın fəlsəfi fikir həyatında mühüm hadisə sayıla biləcək bir tərcümə əsərindən bəhs etmək istəyirəm. Prof.Dr. Cavad Heyətin təqdimatında Bertran Rasselin “Qərb fəlsəfəsi tarixi” Azərbaycan dilində işıq üzü görüb.

Əslində söhbət ikiqat tərcümədən gedir. Belə ki, görkəmli riyaziyyatçı və filosof, Nobel mükafatı laureatı Rasselin “Qərb fəlsəfəsi tarixi” dünyada bu sahədə yazılmış ən məşhur əsərlərdən biridir. Ensiklopedik səciyyə daşısa da həm də xeyli dərəcədə orijinal olan bu kitabın qısa variantının dilimizdə çap olunması fəlsəfəsevərlər üçün gözəl bir töhfədir.

B.Rasselin fəlsəfə dünyasına ekskursu akademik səpkidədir. Cavad Heyətin təqdimatında isə əsər sadələşir və mütəxəssis auditoriyasından çıxarılaraq geniş oxucu kütləsinə ünvanlanır. Bilavasitə mütəxəssis olmayan ziyalı təbəqəsi üçün yazılmış belə anlaşıqlı kitablar çox azdır. Halbuki, fəlsəfə ancaq bir qrup mütəxəssisin tədqiqat sahəsi olmayıb, bir mədəniyyət hadisəsi kimi, dünyagörüşü kimi də önəmlidir.

“Fəlsəfə tarixi” kursları çox vaxt fəlsəfə professorları tərəfindən yazılır. Özü yaradıcı olmayan, əsas funksiyası öyrənmək və öyrətmək olan bu adamlar hər kəsin fəlsəfəsini öz üslubunda gətirib dərsliyə salır və nəticədə bir kitabda, məsələn, bir neçə üslubda, fərqli təməllər üzərində və müxtəlif baxış bucaqlarından yazılmış mətnlərlə qarşılaşırıq.

Böyük filosofların, o cümlədən, Hegelin, Rasselin yazdıqları fəlsəfə tarixləri isə bütün dünya fəlsəfəsinin vahid bir mövqedən dəyərləndirilməsidir. Bu mənada Rasselin hər bir filosof haqqında yazdığı şərhdə biz həm də onun özünü görürük. Onun buna mənəvi və intellektual haqqı çatır. Amma bu əsərin başqa bir prizmadan, Şərq dəyərləri süzgəcindən keçirilərək, bir növ yenidən yazılması çox ağır bir işdir.  Belə bir məsuliyyəti ancaq Cavad Heyət miqyasında bir şəxs üzərinə götürə bilərdi. Bizcə, əslində o məhz öz kitabını – dünya fəlsəfəsinə şəxsi baxışlarını yazsa, daha maraqlı olardı.

Azərbaycan dilində işıq üzü görən bu kitab isə tərcümənin tərcüməsidir. Yəni Rasselin yazdıqları Şərq fəlsəfi terminologiyasına uyğunlaşdırılıb. Lakin Cavad Heyətin missiyası bununla bitmir. Əvvəla, Rasselin kitabındakı akademik təhlillərin böyük bir qismi çıxarılaraq ümumi məlumat və şərhlərlə əvəz olunub. Bu isə əsərin sadəcə tərcüməsi olmayıb, dünya fəlsəfəsinin Rassel prizmasından keçdikdən sonra Cavad Heyətin də görüş dairəsindən keçirilərək və daha geniş oxucu kütləsi üçün anlaşıqlı hala salınaraq və üstəlik doğmalaşdırılaraq təqdim olunmasıdır. İdeya müstəvisində belədir. Maləsəf, dil müstəvisində bunu deyə bilmirik. Daha yaxşı olardı ki, Cavad Heyət kitabın Azərbaycan variantını da özü hazırlayaydı. Çünki Azərbaycan fəlsəfi dilini və üslubunu çox gözəl bilir. İndi bizim milli fəlsəfi üslubumuzun formalaşmasına böyük ehtiyacımız var. Farscadan başqasının tərcüməsi bu missiyanın yerinə yetirilməsinə imkan vermir. Lakin bununla belə, Cavad Heyətin üslubu heç olmazsa, fikir müstəvisində qismən saxlanılıb. 

Cavad Heyətin dəst-xətti təkcə bütün mətn boyu terminlərin uyğunlaşdırılması, Şərq fəlsəfi ənənələrinə müvafiq olaraq transformasiyası ilə məhdudlaşmayıb, həm də bəzi əlavələr edilməkdə özünü göstərir. Əvvəla, Cavad Heyət Rasselin dünya fəlsəfəsinə baxışlarında bir qərbçilik gördüyündən, “yaddan çıxarılmış” bəzi səhifələri əlavə etməyi lazım bilir; tamlıq, bütövlük naminə. Amma dünya fəlsəfəsi özü açıq bir prosesdir və onu tamamlamaq heç də qapatmaq mənasında başa düşülə bilməz. Hər bir filosofun, müstəqil dünyagörüşü olan fəlsəfə tədqiqatçısının öz “dünya fəlsəfəsi”, öz fikir panoramı var. Biz indi Cavad Heyətin nəyə görə məhz Molla Sədranı əlavə etməsi haqqında geniş söhbət açmaq istəmirik. Bircə bunu qeyd edək ki, Molla Sədra Yeni Dövrün başlandığı bir vaxtda – XVII əsrdə yazıb-yaratmış və bu mənada Dekartla, F.Bekonla eyni zaman paralelində müqayisə oluna biləcək bəlkə də yeganə Şərq (İslam) filosofudur. İkincisi, belə bir təsəvvür mövcuddur ki, guya orta əsr İslam fəlsəfəsi XIII əsrdə bitmişdir və sonrakı dövrlərdə biz bu fəlsəfəyə sahiblik iqtidarında olmamış, onu davam etdirə bilməmişik. Bu fikirlə ancaq qismən razılaşmaq olar. XVII əsrdə Molla Sədranın öz varlığı və yaratdığı varlıq fəlsəfəsi isbat edir ki, İslam fəlsəfi fikri yeni dövrdə də yaşamaq əzmində olub. İki əsr sonra K.Marksın təqdim edəcəyi dialektik materializmin bir sıra müddəaları məhz Molla Sədranın təlimində təməlləndirilib; həm də ifrat materializmin naqisliyinə mübtəla olmadan. Bu da əlamətdar haldır ki, yeni əsrdə bu təlimi bizə təqdim edən məhz müasir “Varlığın” yaradıcısı, cismani varlıqların sağlamlığını mühafizə etməklə kifayətlənməyərək, zehniyyətimizi də sağaldan və ona saf mənəvi çeşmələrdən məlhəm qoyan doktor Cavad Heyətdir. Dilin varlığı, fikrin varlığı və cismani mövcudluqla zehniyyətin dialektik vəhdətinin varlığı! Və nəhayət, imzalar içərisində imzamızın varlığı olan “Varlıq” jurnalı və bütün bu varlıqları özündə təcəssüm etdirən doktor Cavad Heyət!

Cavad Heyət türk dünyasının böyük bir düşünürü kimi, Azərbaycan xalqının indiki dövrdə hər şeydən əvvəl məhz fəlsəfəyə ehtiyacı olduğunu dərk edir və onu bizə öz dilimizdə və üslubumuzda çatdırmaq üçün yollar axtarır. Onun tariximiz, dilimiz və ədəbiyyatımızla bağlı araşdırmaları milli özünüdərk yolunda mühüm addımlardır. İndi təqdim olunan kitab da klassik fəlsəfi nümunələrlə tanışlığa xidmət edən dəyərli vəsaitdir. B.Rassel kimi böyük bir riyaziyyatçı alim dünya fəlsəfi fikrinin öz xalqına sadə şəkildə çatdırılmasına nəyə görə ehtiyac hiss edirdisə, bu gün görkəmli cərrah, təbiətşünas alim Cavad Heyət də məhz həmin səbəbdən diqqətimizi fəlsəfəyə yönəldir. 

B.Rasselin riyaziyyat və riyazi məntiq sahəsindəki böyük xidmətlərinə rəğmən, onun dünya miqyasında məşhurlaşması da, Nobel mükafatına layiq görülməsi də əsasən humanitar biliklərin yayılması, maarif və sülh sahəsindəki xidmətləri ilə bağlıdır. B.Rasselin dindən, təhsildən, sevgidən, insan xoşbəxtliyindən bəhs edən əsərləri daha çox yayılıb.

Azərbaycanda Cavad Heyəti məşhur həkim kimi tanıyan, onun tibbi xidmətindən istifadə edənlər də az deyil. Amma daha geniş təbəqə onu məhz maarifçilik xidmətinə görə, tariximizi, ədəbiyyatımızı mükəmməl bilən, “dil içində dil bəsləyən”, dilimizin nəinki istifadəsinə, həm də nəzəri tədqiqinə yönəli böyük işlər görən vətənpərvər ziyalı kimi tanıyır. Bu mənada “ensiklopedik zəka sahiblərinin dövrü keçmişdir” fikri ilə razılaşmaq düzgün olmazdı. Çünki dar ixtisaslaşmanın labüdlüyü ilə yanaşı, bütövlük naminə müxtəlif sahələrdəki biliklərin bir araya gətirilməsi də vacibdir. Yoxsa insan təfərrüatlar içərisində itib-batar, dünyanın ümumi mənzərəsinin canlanmasında çətinlik yaranar. Təsadüfi deyil ki, Cavad Heyətin təqdimatında dil də, ədəbiyyat da, sənət də, tarix də, fəlsəfə də eyni müstəviyə gətirilir. Onun “Türklərin tarix və mədəniyyətinə bir baxış” kitabı da belə bir təbii inteqrasiyanın məhsuludur. Cavad Heyət yaradıcılığında isə müxtəlif sahələrdəki biliklər eyni bir ideya xətti boyunca ipə-sapa düzülür.

Ümuminin zirvəsindən baxanda, xüsusilər daha aydın görünür. Yəqin ona görədir ki, Cavad Heyətin yazdığı “Ədəbiyyatşünaslıq” kitabı çağdaş ədəbiyyatçılarımızın hələ də qalxa bilmədiyi yüksək nəzəri təfəkkür səviyyəsində qərar tutur və klassik nümunə rolunu oynayır: aydın, yığcam, sistemli... O saat görünür ki, müəllif yazdıqlarına fəlsəfi fikir səviyyəsindən baxa bilir.

Bir daha tərcümə məsələsinə qayıtsaq, bu kitab belə bir zərurəti təkrarən vurğulamağa ehtiyac yaradır ki, hər hansı bir əsərin doğma dilimizdə yenidən doğula bilməsi üçün əvvəlcə dilin özü, müvafiq terminologiya yetərincə inkişaf etməlidir. Bunun üçün isə həmin dildə orijinal əsərlər yazılmalıdır. Yəni biz milli fəlsəfi fikrimizi müasir düşüncənin tələbləri səviyyəsində yaşada bilməsək və bununla bahəm dilimizi də fəlsəfi məfkurə yönündə inkişaf etdirə bilməsək, başqa xalqların fəlsəfi yaradıcılığını mənimsəmək də çətin olacaq. Bu baxımdan, bir daha vurğulamaq istəyirəm ki, Cavad Heyətin bu addımı bir tərcümə xidməti olmaqdan daha çox, Azərbaycan fəlsəfəsinə bir dirçəliş, oyanış çağırışıdır: “Gəlin, milli fəlsəfi düşüncə ənənələrini bərpa edək, dünyaya öz gözlərimizlə baxmağı öyrənək və başqa xalqların böyük filosoflarını da öz düşüncə diapazonumuza daxil edək!”.

 

 





05.08.2013    çap et  çap et