525.Az

Yüzilliyin zəfəri


 

100 İL ƏVVƏL BAKI KÜÇƏLƏRİ İLƏ ƏZMLƏ İRƏLİLƏYƏN AZƏRBAYCAN VƏ TÜRKİYƏ ƏSGƏRLƏRİ HƏRBİ RƏŞADƏTLƏRİNİ YENİDƏN NÜMAYİŞ ETDİRDİLƏR

Yüzilliyin zəfəri<b style="color:red"></b>

Ötən həftə bütün dünya möhtəşəm bir hadisəyə şahidlik etdi: Bakının azad olunmasının 100 illiyinə həsr olunmuş hərbi paradın mükəmməl zəfər bayramı kimi mühüm ictimai-siyasi, fəlsəfi məzmun kəsb etdiyi bir daha təsdiqləndi.

Bakı paradı Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığının timsalında türk birliyinin öndəri olan lider ölkələrin qüdrətini və gücünü dünyaya nümayiş etdirdi. 100 il əvvəl - 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Azərbaycanın paytaxtı statusunu almasında Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordu birləşmələrinin fədakar əməyini müasir bəşəriyyətə xatırlatdı. Bu mərasim bir əsr əvvəl olduğu kimi, bu gün də bir yerdə addımlayan "bir ananın iki övladı"nın düşmənə qarşı mübarizliyinin, əzmkarlığının, bütün siyasi təlatümlərdən şərəflə, üzüağ çıxaraq qürurverici duruşunun və şahanə görkəminin müasir obrazını cəmiyyətə təqdim etdi.

Tarixə qızıl hərflərlə həkk olunmuş 15 sentyabr Azərbaycanın şərəf tarixidir, zəfər bayramıdır. Həm də qardaş Türkiyənin qürur salnaməsinin şanlı səhifədir. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın vurğuladığı kimi, bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin rəmzidir. "Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən "Azadlıq" meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik. Nuru paşanın və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişi azərbaycanlı qardaşlarımız arasında belə böyük həyəcana, belə böyük bir ümidə səbəb olub".

Qədirbilən Azərbaycan xalqı hər zaman qardaş dəstəyinə güvənərək bu yaxşılığı unutmayıb, çətin anda Türkiyəyə bel bağlayıb. Eyni zamanda, Türkiyənin kədərini özünün kədəri, sevincini sevinci hesab edib, güclənməsindən, yüksək inkişafından fərəhlənib. Paradı canlı izləmək üçün "Azadlıq" meydanı ətrafına, küçə və prospektlərə axışan minlərlə insanın qürur və sevinc hissindən aydın olurdu ki, onlar şanlı türk ordusunun Azərbaycana, Bakıya gəlməsini, ölkəmizin torpaqlarını daşnakların təcavüzündən xilas etməsini qəlblərində yaşadırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız türk qardaşlarımızın bu gün əldə etdiyi uğurlara çox sevinir və bunu həm də öz uğurları hesab edir: "Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmişdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır".

Azərbaycan və Türkiyə ordusu yan-yana dayandığı kimi, iqtisadi cəbhədə də birgə addımlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvə nöqtəsindədir. Dünyada ikinci belə nümunə yoxdur və hər iki ölkə bəşəriyyət üçün bütün sahələrdə örnəkverici xoş missiyanı inkişaf etdirir. Ötən müddətdə hər iki ölkə dünyanın nəhəng tranzit layihələrini - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu (TANAP) qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini istifadəyə verməklə möhtəşəm geosiyasi-iqtisadi yeniliklərin müəllifinə çevriliblər. Bu gün dünyanın enerji xəritəsini dəyişdirən və zənginləşdirən transkontinental layihələr məhz bu ölkələrin siyasi iradəsi və təşəbbüskarlığı sayəsində gerçəyə çevrilir. İki qardaşın qəlblərini birləşdirən bu layihələrin davamı olaraq digər nəhəng kommunikasiyaların çəkilişi üçün təşəbbüslər artır, Azərbaycan və Türkiyənin qlobal geosiyasi təsirləri güclənir. Eyni zamanda, bu cür nəhəng kommunikasiya şəbəkələri regionda sülh və təhlükəsizliyə güclü töhfə verir, bölgədə sabitləşdirici rol oynayır.

Hər iki ölkənin liderləri prezident seçildikdən sonra ilk rəsmi səfərlərini qardaş ölkələrə gerçəkləşdirməklə, dünya dövlətləri üçün yaxşı nümunə təqdim edirlər. Siyasi, hərbi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələrdə Türkiyə-Azərbaycan həmrəyliyinin güclənməsi əlaqələrin dinamizmini möhkəmləndirir. Qarşılıqlı etimad mühitində səbrlə, israrla davam etdirilən layihələr, proqramlar yeni uğurlara imza atmaq üçün əlverişli zəmin yaradır.

Türkiyə və Azərbaycanın sevinci, kədəri bir olduğu kimi, taleləri də oxşardır. İki qardaş ölkə 30 ildir ki, terrorizmdən əziyyət çəkir. Ermənistan azərbaycanlılara qarşı misli görünməmiş terror siyasəti həyata keçirir, PKK terrorçuları isə türk xalqına qarşı amansız qətliamlar törədib. Dünyada terrorçulara qarşı ikili standartlar nümayiş etdirilsə də, iki qardaş ölkənin iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq heç cür mümkün deyil. Azərbaycan xalqı hər zaman türk xalqının yanında olub. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir.

Dağlıq Qarabağ probleminin həlli məsələsində ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək işğalçı Ermənistanla bütün siyasi-diplomatik münasibətləri dondurmuş Türkiyə növbəti dəfə Ermənistana, bu ölkənin yeni hökumətinə mesaj göndərdi. Ermənistanı beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə əməl etməyə çağırdı. Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaldılmasını tələb etdi. Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanlar, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanlar vəziyyəti dərk etməli, nəticə çıxarmalıdırlar: "26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik".

100 il əvvəlki təmənnasız hərbi müttəfiqlik bu gün ən yüksək səviyyəyə çataraq hərbi-strateji birlik zirvəsindədir. Öz rəşadəti ilə düşməni lərzəyə salmaq gücündə olan Azərbaycan və Türkiyə əsgərlərinin Bakı küçələri ilə, "Azadlıq" meydanında inamla irəliləmələri, türk şahinlərinin səmada inanılmaz manevrləri və iki ölkənin hərbi müttəfiqliyi öz fəlsəfi mənası ilə düşmənə xəbərdarlıq işarəsi idi. Siyasi şou ilə məşğul olan Ermənistan rəhbərliyinə növbəti, bəlkə də sonuncu ultimatum mənası daşıyırdı. Sülh danışıqlarından boyun qaçırmaq istəyən, eyni zamanda, müharibənin olmaması, qan tökülməməsi üçün öz ailəsini siyasi alver predmetinə çevirən Paşinyan hökumətinə verilən son şanslardan birinin şərti notası idi.

Azərbaycan və Türkiyənin hərbi gücünün nümayişi erməniləri və onların havadarlarına 100 il əvvəlki dərsi xatırlatmalıdır. Bu mənada, Bakı paradı Ermənistana işğalçı siyasətini dayandırmaq, dünya ermənilərinə, ermənipərəstlərə sülh və barışığa gəlmək, Azərbaycan torpaqlarını xoşluqla tərk etmək üçün son şanslardan biridir. Ermənistanın rəhbərliyi bu şansı dəyərləndirməli, 100 il əvvəlki tarixə diqqətlə nəzər salmalıdır. Çünki bir əsr əvəlki tarix yenidən təkrarlanır.

Tarix heç vaxt cinayətkarları və işğalçıları bağışlamayıb, tarixin hökmü çox ağır olur!

 





21.09.2018    çap et  çap et