525.Az

Bir yubileyin sevinci - Məmməd Raufun açıq məktubuna açıq məktub


 

Bir yubileyin sevinci - <b style="color:red">Məmməd Raufun açıq məktubuna açıq məktub</b>

Əzizim Məmməd! Etiraf edim ki, Universitet həyatında çoxsaylı tələbə kontingenti içərisində onların heç də hamısı müəllimin yaddaşında qalmır.

Əlbəttə, normal universitet müəllimi öz tələbələrinə həmişə rəğbətlə, qayğı ilə, sabaha inamla yanaşır. Lakin onların xüsusi istedada sahib olanları, təhsil aldıqları universitetə bağlılıqları, həmkarları içərisində seçilənləri yadda qalır. Mənim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bir müəllim kimi düz əlli illik stajım var. Bu əlli ildə tam əmin olmuşam ki, fakültəni bitirən tələbənin onun müəllimlərinin yaddaşında qalması üçün istedadı ilk sırada durur. Çünki bu fakültə birbaşa yaradıcılıqla, peşəkarlıqla bağlıdır ki, onların da varlığını istedad üzə çıxarır. Həm də bu yaradıcı fakültəni bitirən istedad sahibləri dərhal praktikada-media mühitində özlərini təsdiq edirlər və bizim fakültə müəllimlərimizin də  bir çoxu yaradıcı olduğuna görə onlarla az qala hər gün yenidən qarşılaşırlar. Azərbaycan jurnalistikasının Mir Şahin, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Akif Aşırlı, Yaşar Əliyev, Tahir Aydınoğlu, İmamverdi İsmayılov, Flora Xəlilzadə, Abid Tahirli, Məzahir Süleymanzadə, Rövşən Məmmədov... və başqa onlarca peşəkar jurnalisti fakültə müəllimlərinin yaddaşına hələ tələbəlik illərində yazılmışdır. Fakültəmizi lap yaxın çağlarda - cəmi 2-3 il bundan əvvəl bitirmiş tələbələrimiz var ki, hər gün müəllimləri ilə əlaqə saxlayır, mövzu seçimi, fakta yanaşma üslubu ilə əlaqədar məsləhətləşirlər. Belə məzunlarımızdan biri də sənsən - Məmməd Ağayev. Sən özünün tələbə dostun İlkin Həsənovla birlikdə hələ tələbəykən 2011-2015-ci illərdə Tələbə jurnalist birliyi yaratmışdın. Universitetlərə səs salan "Student times" kimi populyar bir qəzet nəşr etdirdiniz. Biz elə o günlərdə dəqiq bilmişdik ki, Məmməd də, İlkin də peşəkar jurnalist kimi yetişiblər. İndi sizin imzalarınız müxtəlif media orqanlarında tez-tez görünür və siz heç vaxt sensasiya xatirinə qələmə xəyanət etmirsiniz.

Bunun bir sıra səbəbləri sırasında, əzizim Məmməd, sənin peşəyə heç vaxt etinasızlıq etməyən bir jurnalistin - Rauf Ağayevin oğlu olmağındır. Sən, sözün həqiqi mənasında, fakültəmizdə oxuduğun müddətdə, istisnasız olaraq, bütün müəllimlərinin hörmətlə yanaşdığı bir tələbə oldun. Təkcə sənin atanın bir qrupda oxuduğu tələbələrin adlarına baxsaq, görəcəyik ki, Raufun başqa cür olmağa haqqı da çatmazdı. Kimdir o tələbələr? Alı Mustafayev - Vətən yolunda şəhid olmuş istedadlı və cəsarətli telejurnalist, Milli Qəhrəman. İradə Tuncay (tələbə vaxtı İbrahimova) - böyük şairimiz Məmməd Arazın qızı, bu gün mənim ideal dostum Aqil Abbasın həyat yoldaşı, "Ədalət" qəzetinin Baş redaktoru. Qərənfil Xəlilova -  uzun müddət İctimai televiziyada birgə çalışdığımız, saysız-hesabsız telefilmin müəllifi. Allahverdi Məmmədli - filologiya üzrə elmlər doktoru, professor, BDU Televiziya və Radio jurnalistikası kafedrasının müdiri, Əməkdar jurnalist, Respublika Ali Məhkəməsi Mətbuat xidmətinin rəhbəri. İlqar Həsənov - "Xalq qəzeti"nin bölgə müxbiri, tələbəlik illərində də, indi də dostlarının sevimlisi. Xudayət Həsənli - Qida Təhlükəsizliyi Dövlət Agentliyinin hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri, peşəkar jurnalist, Araz Qurbanov - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əməkdaşı. Araz Qurbanov -  Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi. Onun erməni terroru ilə bağlı kitabları tələbələrimizin tez-tez müraciət etdiyi əsərlərdir.  Nərminə Əlixanbəyli - öz analitik reportajları ilə yadda qalan telejurnalist... O zaman həmin qrupun tələbələrindən olan və bu gün AzTV-də çalışan istedadlı telejurnalist Füzuli həm də filologiya üzrə fəlsəfə doktorudur. Şair-yazıçı-jurnalist Cümşüd İsgəndər, Tofiq Həsənov kimi jurnalistin oğlu Əli Həsənov və başqaları Rauf Ağayevin qrup yoldaşları olmuşlar.

Bu siyahını uzatmaq da olar. Amma elə bunlar da kifayətdir. Mən bu tələbələrə həm də ona görə yaxşı bələdəm ki, Jurnalistika fakültəsində onların qrup rəhbəri olmuşam. 1976-1981-ci illərdə fakültəmizdə təhsil almış 3796-cı qrupun rəhbəri.

Mənim bugünkü kimi yadımdadır: Goranboyda pambıq yığımındaydıq və o günlərdə həmin qrupun əliaçıq, bir az da imkanlı tələbəsi Mənsur Vəliyev heç kimi əlini cibinə salmağa qoymurdu. Mənsurun bu yoldaşlıq xarakteri elə indi də davam etməkdədir... Əzizim Məmməd, sənin atan Rauf belə bir qrupun tələbəsi idi və onun təkcə yaxşı oxumağını, jurnalistikaya sevgisini deyil, həm də yaşından böyük insanlıq keyfiyyətini Qulu Xəlilov, Nəsir İmanquliyev, Famil Mehdi, Tofiq Rüstəmov kimi müəllimləri də yüksək qiymətləndirirdilər. Gün gəldi, Raufgil beş illik tələbə həyatını bitirib istehsalata gedən ərəfədə fakültəmizdə istedadlı tələbənin qayğısına qalan Nəsir İmanquliyev Raufu, İlqarı və daha bir neçə məzun tələbəsini Baş redaktoru olduğu "Bakı" axşam qəzetinə işə apardı. Onun tələbələri redaktor-müəllimlərinin ümidlərini doğrultdular. Mən Raufun, İlqarın yazılarını o zamandan xüsusi izləyirdim  və onların jurnalist üslubu, publisistikasının mövzu dairəsi indiki kimi yaddaşımdadır. Maraqlı orasındadır ki, bu gün Rauf səninlə - oğlu Məmmədlə birlikdə Nəsir İmanquliyevin "Bakı" və "Baku" elektron qəzetlərini öz müəllimlərinin xatirəsini yada salan müqəddəs bir fakt kimi onlayn formatda gerçəkləşdirirlər...

Əlbəttə, indi Jurnalistika fakültəsinin istedadlı, milli dəyərlərə sevgiləri ilə seçilən o 3796-cı qrupun məzunları bu gün də peşənin müxtəlif məkanlarında öz vətəndaşlıq borclarını yerinə yetirməkdədirlər. Və onlar artıq 60 yaşa çatmışlar. İndi sənin atan  - Rauf Ağayevin 60 yaşı tamam olur. Onun davamçısı kimi sən  atanın 60 yaşına "525-ci qəzet"də bir monoloq dərc etdirmisən. Sən özün də  fakültəmizin elə Rauf qədər sevimlisisən. Atana ünvanladığın "Hər uğurumda sənin imzan var!" sərlövhəli monoloqun təkcə bir oğulun bir ataya minnətdarlıq məktubu deyil. Bu monoloq övlad-ata münasibətlərinin, milli mental düşüncəmizin tipik ifadəsidir. Tələbəlik illərinin bütün anlarında fəaliyyətini yaxından izlədiyim və yüksək mənəviyyatı ilə fəxr etdiyim Məmmədin bu monoloqu əslində, bütün atalara ünvanlanıb. Və mən o monoloqu oxuyub bir zamanlar həm atanın, həm də oğulun müəllimi olmuş bir adam kimi üzümü sənə tuturam: Canım mənim, Məmmədim! Sən təkcə atan Raufa, təkcə bitirdiyin Universitetə deyil, bütövlükdə jurnalist peşəsinə sevgisi olan hər kəsə ləyaqət timsalısan. Atan Raufun 60 yaşı mübarək olsun! Belə bir atanı Tanrı sənə çox görməsin!

 





21.09.2018    çap et  çap et