525.Az

“Azərbaycanda ilk ali təhsil ocağı olan BDU yarandığı gündən şərəfli ömür yaşayıb”


 

“Azərbaycanda ilk ali təhsil ocağı olan BDU yarandığı gündən şərəfli ömür yaşayıb”<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universiteti  Şərqin ilk dünyəvi ali məktəblərindən biri kimi mənəvi böyüklüyümüzün simvolu hesab edilir.

Mövcud olduğu illər ərzində universitet ölkədə ziyalı təbəqəsinin, elmin, milli özünüdərkin formalaşmasında, beynəlxalq nüfuzumuzun yüksəlməsində misilsiz xidmətlər göstərib. Bakı Dövlət Universiteti hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən milli niversitet missiyasının öhdəsindən Azərbaycanda şərəflə gəlir. 

NÜFUZLU UNİVERSİTET 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyir ki, Azərbaycanda ilk ali təhsil və elm ocağı olan Bakı Dövlət Universiteti yarandığı gündən bu günə qədər şərəfli bir ömür yaşayıb, əhəmiyyətli tarixi yol keçib. 100 illik dövr ərzində məşəl kimi Azərbaycan təhsilinin, Azərbaycan elminin yolunu işıqlandıraraq qüdrətli elm ocağına çevrilib. Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının və incəsənətinin inkişafında böyük xidmətləri olan Bakı Dövlət Universiteti öz elmi-intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınaraq böyük beynəlxalq nüfuz qazanıb. Yarandığı gündən indiyə qədər BDU-da elm, texnika, iqtisadiyyat və xalq təsərrüfatının müxtəlif sahələri üzrə minlərlə yüksəkixtisaslı kadr hazırlanıb: “Böyük iftixar hissi ilə deyə bilərik ki, universitetin məzunlarına təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində rast gəlmək olar”. 

MÜXTƏLİF SAHƏLƏRİN İNKİŞAFINDA BDU-nun BÖYÜK ROLU 

M.Mərdanovun sözlərinə görə, Azərbaycan elminin fizika, riyaziyyat, tətbiqi riyaziyyat, informatika, geologiya, biologiya, fiziologiya, kimya, coğrafiya, hüquq, tarix, etnoqrafiya, arxeologiya, regionşünaslıq, psixologiya, pedaqogika, fəlsəfə, sosiologiya, şərqşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq, jurnalistika, filologiya, ədəbiyyatşünaslıq, dilçilik, türkologiya, iqtisadiyyat, beynəlxalq hüquq, beynəlxalq əlaqələr kimi müxtəlif sahələrinin inkişafında BDU-nun böyük rolu var. Göstərilən elmlər haqqında geniş tədqiqatlar aparılıb, namizədlik, doktorluq dissertasiyaları müdafiə edilib, yüzlərlə monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, minlərlə elmi məqalələr yazılıb çap edilib. BDU alimlərinin yaradıcılığı ölkənin elmi həyatının ayrılmaz tərkib hissəsi olmaqla, xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, milli mədəniyyətimizin, milli dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayır. 

“BELƏ BİR UNİVERSİTETİN MƏZUNU, VAXTİLƏ MÜƏLLİMİ VƏ REKTORU OLMAQ BÖYÜK FƏXRDİR” 

M.Mərdanov bildirib ki, belə bir universitetin məzunu, vaxtilə müəllimi və rektoru olmaq onun üçün də böyük fəxrdir: “Mən 1964-cü il Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin Mexanika - riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşam. O zaman fakültə iki bölməyə ayrılırdı - riyaziyyat və mexanika bölməsi. Fakültənin dekanı isə Azərbaycanda riyaziyyat təhsilinin banilərindən olan akademik Əşrəf Hüseynov idi. Mən qəbul olan ili universitetin indiki binasının açılış mərasimi keçirildi. Ölkə rəhbərliyi və tanınmış ictimaiyyət nümayəndələri mərasimdə iştirak etdi. O zaman universitetin rektoru akademik Şəfayət Mehdiyev idi. Mərasimi universitetin rektoru, akademik Şəfayət Mehdiyev açıb və sözü həmin dövrdə universitetin ağsaqallarından biri olan, böyük müəllim və alim, akademiyanın müxbir üzvü Maqsud Cavadova verib. Maqsud Cavadov universitet kollektivini yeni dərs ilinin başlanması və təzə binanın istifadəyə verilməsi münasibətilə təbrik edib. Sonralar universitetdə təhsil alarkən Maqsud müəllimi daha yaxından tanıdıq və öyrəndik ki, o, Azərbaycanda riyazi təhsilin təməlini qoyan, riyazi terminlərin yaranmasında və riyaziyyat elminin inkişafında böyük xidmətləri olan insandır. O bizə dördüncü kursda “Həndəsə əsasları” fənnindən mühazirə oxuyurdu. İndi mənim 70-dən çox yaşım var, ancaq onun kimi müəllim görməmişəm. Maqsud müəllim öz biliyi, bacarığı, insanlara münasibəti, tələbələrlə ünsiyyəti, mənəvi cəhətdən paklığı ilə hamı üçün nümunə olan bir insan idi. 1965-ci ildə universitetə yeni rektor, Azərbaycanda fizika-riyaziyyat təhsilinin qurucularından biri, yüksək səviyyəlı müəllim, peşəkar təhsil təşkilatçısı, mənəvi saflığı ilə nümunə olan Mehdi Əliyev təyin olundu. O, bundan öncə uzun müddət universitetin fizika- riyaziyyat fakültəsinin dekanı, universitetin tədris işləri üzrə prorektor və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifələrində çalışmışdı”. 

MEXANİKA-RİYAZİYYAT FAKÜLTƏSİNİN NÜFUZLU MÜƏLLİMLƏRİ 

Misir Mərdanov vurğulayıb ki, universitetdə təhsil aldığı dövrdə ona mexanika riyaziyyat fakültəsində çox nüfuzlu alim və müəllimlər dərs deyib: “Bunlar akademik Zahid Xəlilov, akademik Əşrəf Hüseynov, akademik İbrahim İbrahimov, akademik Məcid Rəsulov, akademik Cəlal Allahverdiyev, AMEA-nın müxbir üzvləri Qoşqar Əhmədov, Arif Babayev, Yəhya Məmmmədov, Yusif Əmənzadə, professorlar Əmir Həbibzadə, Hüseyn Çəndirov, Rüstəm Sultanov, Arif İsmayılov, Kazım Həsənov, Karlen Xudaverdiyev, Bəylər Ağayev, Sənubər Qasımova, Bibixanım Salayeva, Maya Hacıyeva, Tofik Bektaşi, Ələddin Mahmudov, Soltan Zeynalov, Maarif Əkbərov, Nazim Abbasov, Kəriş Köçərli, Məmməd Yaqubov, İsak Məmmədov, Yisif Yusifov və başqaları. Onların hər birinin ö dövrdə sözügedən fakültənin inkişaf edib nüfuz qazanmasında böyük xidmətləri olub. Məhz onların sayəsində o zaman universitetdə elmi tutumuna, professorların sayına və tədrisin keyfiyyətinə görə Mexanika - riyaziyyat fakültəsi digər fakültələrdən öndə gedirdi. Eyni zamanda, onların fakültədə təhsil alan tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsində də böyük rolu olub. Universitetdə təhsil aldığım 5 il ərzində oxuduğum qrupun sinif nümayəndəsi, əlaçı və fəal tələbəsi olmuşam. 1969-cu ildə isə universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Universitetdə seçdiyim sahəni mənə sevdirən və özümə, sənətimə inam, hörmət yaradan müəllimlərim çox oldu. Amma bütün bu müəllimlərin içərisində riyaziyyat sahəsinin ulduzu hesab etdiyim alim-müəllimin həyatımda çox böyük rolu olub. Bu da Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Qoşqar Əhmədov idi. O, həm ali məktəbi bitirərkən diplom işimin, həm də namizədlik dissertasiyamın elmi rəhbəri olmuşdu. Həm də bizə “Differensial tənliklər” fənnindən mühazirələr oxumuşdu. Onun mühazirələrindən etdiyim qeydləri çox qiymətli bir vəsait kimi bu günədək saxlayıram. Qoşqar Əhmədov sözün bütün mənalarında müəllim idi. Mən ondan riyaziyyatın sirləri ilə yanaşı, insanlara münasibəti, ətrafındakıların sevincinə şərik olmağı, dar günündə dayaq durmağı, elmin zirvəsində də xarakterdəki sadəliyi qorumağı öyrənməyə çalışdım”.

“PİLLƏ-PİLLƏ UCALDIM”  

M.Mərdanovun söylədiyinə görə, universiteti bitirdikdən sonra təyinatını Gəncə Dövlət Pedaqoji İnstitutuna (Həmin dövürdə Azərbaycanda bir universitet var idi, qalan ali məktəblər institut adlanırdı) veriblər: “Bir neçə ay bu universitetin riyazi analiz kafedrasında laborant işlədim. Orada riyazi analiz kafedrasının müdiri Hidayət Abdullayev bizi öz övladı kimi qarşıladı. Hidayət müəllim dövrün sanballı kişilərindən biri idi. Həmin ilin payızında Bakı Dövlət Universitetinin aspiranturasına qəbul oldum. Üç illik aspirantura dövründə ikinci elmi rəhbərim Kazım Həsənovla tez-tez görüşürdüm. Aldığım elmi nəticələri bəzən onun evində müzakirə etməli olurduq. Professor Kazım Həsənov uzun illər Mexanika riyaziyyat fakültəsində diferrensial tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, variyasiya hesabı, optimallaşdırma üsulları fənlərindən yüksək səviyyəlı mühazirələr oxuyurdu. O, çox ciddi alim idi və gözündən heç nə yayınmazdı. 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Həndəsə kafedrasında müəllim vəzifəsinə təyin olundum  və o vaxtdan həyatımı universitetlə bağladım. 1970-1989-cu illərdə Universitetdə müəllim, dekan müavini, qəbul komissiyasında məsul katibin müavini, sonralar məsul katib kimi məsul vəzifələrdə çalışdım. Pillə-pillə ucaldım. 1970-ci ildə Uviversitetin rektoru vəzifəsinə akademik Faiq Bağırzadə seçildi. Onun  Universitetə 17 il rəhbərliyi dövründə elmin və təhsilin inkişafı baxımından çox işlər görüldü, kollektivdə daha sağlam mühit yarandı. Həmin dövrdə tanınmış alim və müəllimlər Qədir Sultanov, Yəhya Məmmədov, Əlövsət Abdullayev, Teymur Vəliyev Universitetin prorektorları, Qurban Bayramov isə partiya komitəsinin katibi vəzifəsində çalışırdılar. Faiq müəllim bu şərəfli və məsul vəzifədə 1987-ci ilin yayına qədər işlədi”.

Misir Mərdanov qeyd edib ki, 1987-ci ilin payızında universitetdə o dövrün tələblərinə uyğun rektor seçkiləri keçirildi. Akademiyanın müxbir üzvü, professor Yəhya Məmmədov Universitetin rektoru vəzifəsinə seçilib: “1989-cu ilin iyununda Kiyevdə doktorluq dissertasiyasını müdafiə edib Bakıya qayıtdıqdan sonra təhsil nazirliyinə dəvət olundum. Burada Ali təhsil şöbəsinin müdiri və nazir müavini vəsifəsində çalışdım. 1990-cı ildən 1992-ci ilə qədər məşhur riyaziyyatçı, akademik Mirabbas Qasımov rektor vəzifəsində çalışdı”.  

TƏHSİLİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR  

Misir Mərdanovun söylədiyinə görə, 1992-ci ilin payızında universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib: “Həmin dövrdə universitetin rektoru, tanınmış hüquqşünas, səmimi və vətənpərvərinsan Firudin Səməndərov idi. Azərbaycanın müstəqilliyinin ilk illəri olan həmin illər universitetin həyatında da ən çətin illər kimi yaddaşımda qalıb.  1993-cü ilin payızında professor Murtuz Ələsgərov universitetə rektor təyin edildi. Onunla rektorluğu dövründə üç ilə yaxın müddətdə tədris işləri üzrə prorektor vəzifəsində çalışdım. Murtuz müəllimin tanınmış alim, səriştəli siyasətçi   olmaqla yanaşı, böyük elm və təhsil təşkilatçılığı məharətinə, rəhbər keyfiyyətlərinə malik kamil mütəxəssis, səmimi insan olduğunun şahidi oldum. Onunla birgə təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində xeyli iş görə bildik”. 

BAKI DÖVLƏT UNİVERSİTETİNİN 75 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ İLƏ BAĞLI XÜSUSİ SƏRƏNCAM  

Misir Mərdanovun dediyinə görə, həmin dövr Azərbaycanın müstəqillik tarixinin ən ağır illəri idi. Xalqın tələbi ilə hakimiyyətə yenicə gəlmiş ulu öndər ölkədə siyasi stabillik yaratmaq, öz tərəfdarlarının, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməkdə davam edən erməni silahlı qüvvələrinin qarşısını almaq üçün səfərbərlik elan etmişdi. Bütövlükdə ölkədə olduğu kimi, Bakı Dövlət Universitetində də vəziyyət gərgin olaraq qalırdı. Qısa müddət ərzində ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkədə vətəndaş qarşıdurması dayandırıldı, erməni hərbi hissələrinin davamlı hücumlarının qarşısı alındı, siyasi stabillik bərpa edildi, iqtisadi inkişafın təməli qoyuldu. Bütün sahələrdə həyata keçirilən ciddi tədbirlər vəziyyətin kökündən dəyişdirilməsinə səbəb oldu. Azərbaycanın ən mötəbər ali məktəbinin əvvəlki nüfuzu özünə qayıtdı. Tədris intizamı möhkəmləndirildi, yaradıcılıq mühiti bərpa edildi: “Yaxşı xatırlayıram, 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyini keçirməyə hazırlaşırdıq. Onda ölkədə siyasi stabillik hələ tam təmin olunmamışdı. Belə bir mürəkkəb dövrdə Prezident Heydər Əliyev Universitetin 75 illik yubileyini keçirməklə bağlı xüsusi sərəncam imzaladı. Sərərəncama əsasən, yubiley komissiyasına Prezident özü rəhbərlik edirdi. Bu müdrik ölkə rəhbərinin Universitet kollektivinə olan münasibətinin nəticəsi idi. Yubiley tədbiri indiki Heydər Əliyev adına sarayda Prezidentin iştirakı ilə keçirildi”. 

“UNİVERSİTETİN REKTORU OLMAQDAN BÖYÜK VƏ ŞƏRƏFLİ VƏZİFƏ YOXDUR” 

Misir Mərdanov deyir ki, 1996-cı ilin payızında  Murtuz Ələsgərov parlamentə sədr seçilib və o, bir müddət rektor vəzifəsini icra edib: “1997-cı ilin fevralında isə Ümumilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə universitetə rektor vəzifəsinə təyin olundum. Düşünürəm ki, professor, alim üçün universitetin rektoru olmaqdan böyük və şərəfli vəzifə yoxdur. Universitet həmişə mənim üçün ən müqəddəs məkan olub. Bakı Dövlət Universitetində işlədiyim vaxtları həyatımın ən xoşbəxt çağları hesab edirəm. Adi müəllimdən, dekan müavini, məsul katib, prorektor və ən nəhayət rektor vəzifəsinə kimi yüksəlmişəm orada. Ulu öndər Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırmışdı. Universitetin necə deyərlər, hər divarı mənə tanış idi, bu böyük kollektivin hər bir üzvünü yaxşı tanıyırdım və onlar mənim üçün ən doğma adamlardı. Bu məbəd xalqımızın tarixində əvəzsiz xidmətlər göstərmiş, millətimizin taleyüklü problemlərinin həllində müstəsna xidmətləri olmuş böyük şəxsiyyətlər yetişdirmişdir. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini karyeramın zirvə nöqtəsi hesab edirəm. Mənim üçün rektoruluğumu, vəzifəmi şərəfli edən başqa bir səbəb də var: məni, adi bir professoru bu vəzifəyə Ümummilli liderimiz Heydər Əliyev 1997-ci ilin 16 fevralında xüsusi sərəncamla təyin etdi. Həmin vaxta qədər ali məktəb rektorları ölkə başçısının razılığına əsasən nazirin əmri ilə təyin olunurdu. Mən ilk rektor idim ki, bu vəzifəyə prezidentin sərəncamı ilə təyin olundum”.  

HEYDƏR ƏLİYEVLƏ İLK GÖRÜŞ  

M.Mərdanovun sözlərinə əsasən, BDU-nun rektoru təyin olunana qədər Heydər Əliyevlə birbaşa görüşü olmamışdı: “Amma AXC hakimiyyəti dövründə həyatımda Heydər Əliyevlə bağlı maraqlı bir hadisə baş verdi ki, sonralar rektor təyinatında da ola bilər, həmin hadisənin müəyyən rolu olmuşdu. 1992-ci ilin sonları idi. Bir neçə ay idi, BDU-nun prorektoru vəzifəsində işləyirdim. Adını, təəssüf ki, unutduğum, soyadı isə Qafulova olan, universitetin arxivində işləyən bir əməkdaşımız günlərin birində ehtiyatla mənə yaxınlaşıb, arxivdə Heydər Əliyevlə bağlı bir qovluğun olduğunu və AXC hakimiyyəti təmsilçilərindən kimlərinsə o qovluğu axtardıqlarını dedi. Qadın qovluğu heç kimə verməyib seyfdə gizlətmişdi, amma hiss olunurdu ki, möhkəm qorxur və bu qovluqla bağlı nə edəcəyini bilmir. Dərhal sürücümü Qafulova ilə arxivə göndərib həmin qovluğu gətirməsini tapşırdım. Düzü, özüm də ehtiyat edirdim ki, görəsən, orada hansı sənədlər ola bilər. Amma onu axtaranların da xoş niyyət güdmədikləri bəri başdan məlum idi. Çünki ölkədə Heydər Əliyev tərəfdarlarının sayı getdikcə artırdı. AXC hakimiyyəti Ulu öndərin hakimiyyətə doğru yolunu müxtəlif üsullarla əngəlləməyə çalışırdı. Ola bilsin, qovluqdan Heydər Əliyevə qarşı istifadə edə biləcəkləri hansısa sənədin çıxacağına ümid edirdilər. Bir neçə dəqiqədən sonra qovluq artıq məndə idi. Axşam işdən gedəndə onu özümlə evə apardım. Burada Heydər Əliyevin Naxçıvan Pedaqoji Məktəbini bitirməsi haqqında attestat, universitetə qəbulla bağlı rektorun adına yazdığı ərizə, bütün yazılı işləri və imtahanlardan aldığı qiymətlər haqqında sənədlər toplanmışdı. Başqa bir maraqlı sənəd isə Heydər Əliyevin apellyasiya imtahanı tələbi idi. O, universitetin tarix fakültəsinə qəbul zamanı bütün fənlərdən “əla” qiymət alır. Yalnız rus dilindən yazdığı inşaya “yaxşı” qiymət verdiklərinə görə etirazını bildirir. O zaman Heydər Əliyev artıq DTK-nın mayoru idi, görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndan isə universitetin rektoru vəzifəsində çalışırdı. Məsələ rektora da çatır. Cəfər Xəndan onu qəbul edir, məsələni aydınlaşdırmaq üçün qəbul komissiyasının məsul katibini yanına çağırır. Rektor öyrənir ki, Heydər Əliyev artıq universitetə qəbul olunub. Yəni qiymətin “əla” və ya “yaxşı” olmasının nəticəyə heç bir təsiri yoxdur. Belə olanda Heydər Əliyevin apellyasiya tələbinə təəccüblənir. Amma Heydər Əliyev xahiş edir ki, verilmiş qiymətin apellyasiya olunmasına şərait yaradılsın. Nəticədə apellyasiya komisiyası həmin imtahandan “yaxşı” qiyməti “əla” ilə əvəz etməli olur. Heydər Əliyev ömrü boyu hər işdə mükəmməlliyə, haqqın-ədalətin bərpa olunmasına ən yüksək səviyyədə can atan və ona nail olan dahi bir şəxsiyyət idi. Qovluqdakı sənədləri vərəqlədikcə buna bir daha əmin olurdum. 

1997-ci ilin 17 fevralında rektor vəzifəsinə təsdiq edilmək üçün mən Prezidentin qəbuluna dəvət olundum. Ulu öndər söhbətə birinci o qovluqdan başladı:

- Necə olub ki, bu sənədləri qoruyub saxlaya bilmisən. Mən onları neçə illər axtarmışam. Xüsusən, Naxçıvanda aldığım attestatın bu qovluqda olması məni çox sevindirdi.

Həmin qovluqdakı sənədlər əsasında sonralar biz professor Əli Əhmədovla  “Heydər Əliyev və Bakı Dövlət Universiteti” kitabını nəşr etdirdik. 

Rektor vəzifəsində qısa müddət çalışsam da, bu müddətdə Ulu öndərlə mütəmadi əlaqələrimiz vardı. Bir neçə dəfə qəbulunda olmuşdum, Heydər Əliyev bir il ərzində dörd dəfə universitetə gəlmişdi. 1997-1998-ci illərdə Azərbaycanda rəsmi səfərdə olan bir neçə ölkənin prezidentinə BDU-nun fəxri doktoru diplomunun və fəxri adının verilməsi mərasimində şəxsən iştirak etmişdi.

Qəbulunda olarkən, eləcə də BDU-ya gələrkən Prezidenti universitetlə bağlı hər şey maraqlandırırdı: universitetdəki vəziyyət, müəllim və tələbələrin əhval-ruhiyyəsi, şəxsən tanıdığı ayrı-ayrı alimlərin nə işlə məşğul olması. Əsas tapşırığı isə o idi ki, kadrların xaricə axınının qarşısını mümkün qədər alaq. Universitetdə bir ildən çox rektor işlədiyim vaxtda o dövrün imkanları daxilində xeyli iş görüldü. Hər şeydən öncə mənə son dərəcə doğma kollektivlə daha yaxından tanış oldum. Bundan əlavə, maddi-texniki bazanın möhkəmlənməsində, yeni çox pilləli təhsil sisteminə keçid istiqamətində, idarəetmədə demokratik prinsiplərin həyata keçirilməsində irəliyə doğru ciddi addımlar atıldı. Ölkədə ilk dəfə olaraq Heydər Əliyev məktəbi və Heydər Əliyev muzeyi yaratdıq. Bu müddətdə ulu öndər Gürcüstan, Qırğızıstan və Moldova prezidentləri ilə universitetə təşrif buyurdu. Həmin illərdə onun həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkədə siyasi stabillik bərpa olundu, iqtisadi inkişafın əsasları qoyuldu, ilk milli konstitusiyamız qəbul edildi, Azərbaycan dünyada daha yaxşı tanındı.Təbii ki, bütün bu uğurlar elm, təhsil sahəsinə də təsir edirdi”.

Hazırda Bakı Dövlət Universiteti özünün müasir inkişaf mərhələsini yaşayır və inkişaf edir. 1999-cu ilin əvvəlindən universitetə akademik Abel Məhərrəmov rəhbərlik edir. Universitetdə 20 mindən çox tələbə təhsil alır, 3 minə yaxın müəllim çalışır ki, onların da 300-dən çoxu elmlər doktoru-professordur. 

BDU-nun 100 İLLİYİ 

M.Mərdanov bildirib ki, Prezident İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirərək Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyi qeyd olunur. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların son texnologiyaların tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki böyük xidmətləri xüsusi vurğulanır: “Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam onu göstərir ki, bütün sahələr kimi, təhsil sahəsi də daim dövlət başçısının xüsusi diqqətindədir”.

S.QARAYEVA

 





24.09.2018    çap et  çap et