525.Az

İspaniya - düşüncələr və unudulmaz xatirələr


 

İspaniya - <b style="color:red">düşüncələr və unudulmaz xatirələr</b>

Əvvəli ötən şənbə sayımızda

“Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”.

Bencamin Dizraeli
Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri 

Andalusiyadakı Əməvi sülaləsi (751-1031-ci illər) İspaniyada ərəb sivilizasiyasının zeniti kimi qiymətləndirilir. Onun tarixi iki dövrə bölünür - müstəqil əmirlik dövrü (756-929-cu illər) və xilafət dövrü (929-1031-ci illər). Dövlətin vəziyyəti üç eyni adlı şəxsiyyət - I Əbd ər-Rəhman (751-788-ci illər), II Əbd ər-Rəhman (822-852-ci illər) və III Əbd ər-Rəhman (891-961-ci illər) ətrafındakı dəyişikliklərlə izah oluna bilərdi.

I Əbd ər-Rəhman yeni ərəb dövlətinin təşkilatçısı idi. Cəsur və qəddar olmaqla, o, yarımadadakı bütün müxalif elementləri yoxlayırdı. Kimlər ki, bir qiyam əlaməti göstərsəydi, o, həmin adamlara çox rəhmsizliklə yanaşırdı. O, dini hakimiyyətləri himayə edirdi. Şimalda o, Qərbin imperatoru Şarlamandan (Böyük Karldan) təhlükə gözləyirdi, axırıncı isə nəzərlərini Ebro çayı vadisinə dikmişdi. Frankların irəliləməsinə isə yalnız müsəlmanların 801-ci ildə Barselonanı və Köhnə Kataloniyanı tutması ilə son qoyuldu.

I Əbd ər-Rəhmanın varisləri I Hişama və II Əl-Hakama qarşı ərəb kübarları arasında daxili müxalifət meydana gəldi. Toledada qalxan qiyam vəhşicəsinə yatırıldı.

II Əbd ər-Rəhman müsəlman İspaniyası üçün böyük siyasi və mədəni yüksəliş dövründə taxt-taca çıxdı. Bu vaxt bir sıra texniki irəliləyişlər tətbiq edildi. O, ölüm cəzasından istifadə edirdi, şəhərdəki gələcək xristian qurbanlarının siyahısını tutdurmuşdu. Bu, b.e.ə. I əsrin başlanğıcında diktator Sullanın Qədim Romada tətbiq etdiyi bədnam proskripsiya siyahısını yada salırdı.

Xarici siyasətdə isə o, diplomatik fəallıq nümayiş etdirirdi. Bizans imperatoru ilə, Frank kralı Şarlla səfirlər mübadiləsi etmiş və onlarla dostluq münasibəti saxlayırdı. Vikinq müdaxiləsinə qarşı daimi müdafiə zonası qurmuşdu.

III Əbd ər-Rəhmanın ən birinci siyasi problemi beynəlxalq məsələyə aid idi. O, Bağdaddakı Abbasilər sülaləsindən hüquqi status almalı idi. İspaniyadakı Əməvilər Bağdadın dini liderliyini tanımağa razılıq vermişdilər. Qurtuba (Kordoba) xilafəti kimi tanınan yeni müsəlman dövləti bir əsrdən çox müddətdə İspaniyanı idarə etdi. III Əbd ər-Rəhman tərəddüd etmədən özünü xəlifə elan etdi və əl-Naşir titulu altında 929-cu ildə xəlifəliyi qəbul etdi. On il sonra o, xristian ispanların tərəfindən ağır məğlubiyyətə uğradıldı. Lakin onun himayəsi ilə müsəlman dəniz quldurları Cənubi Fransada baza qurdular.

Əl-Naşirin oğlu II əl-Hakam taxt-taca çıxdıqda o, əl-Mustanşir xəlifə titulunu qəbul etdi. Onun hökmranlığı sülhsevər idi, Mərakeş prorbleminin həllində də uğur qazanmışdı.

Əl-Mustanşir öləndən sonra oğlu II Hişam taxt-taca çıxdı. Sonra hökmranlığa gələn əl-Manşur (o, general Əbu Amir əl-Maarifi idi) Mərakeş üzərində tam nəzarət əldə etdi və onu Kordoba vitse-krallığına daxil etdi. O, həmçinin, ölkədəki bütün xristian paytaxtlarını qarət etdi. Afrikadan gələn berber qoşunları ona kor-koranə tabe olurdular. Ərəb kübarlığı, berberlər və qullar onun güclü əli tərəfindən idarə olunurdu. 1002-ci ilə qədər 26 il ərzində hökmranlıq edən əl-Manşur şairləri və alimləri himayə edirdi, o, öz ratsionalizmini möminlik pərdəsi altında gizlədirdi.

Onun ölümündən sonra oğlu əl-Müzəffər taxt-taca çıxdı. O, xristianlara qarşı mübarizə aparırdı. XI əsrin əvvəllərində narazılıqlar, hətta ərəblər, berberlər və qullar arasında toqquşmalar baş verirdi. Nəticədə bu anarxiya illəri bir neçə müstəqil krallıqların meydana gəlməsinə səbəb oldu.

Bu bölünmə şimalda xristian dövlətlərini genişlənməyə qadir etdi. Xristian dövlətləri tayfalar adlanan həmin müsəlman sakinlərin üzərinə ağır iqtisadi yük qoyurdu.

Kastiliyalılar 1085-ci ildə Toledonu işğal etdikdə, Andalusiya artıq xarici müdaxilə üçün yetişmişdi. Fraksiya başçıları xristianların irəliləməsindən təşvişə düşmüşdüldər, almoravidlərdən kömək xahiş edirdilər.

Müsəlman İspaniyasının dəvət etdiyi almoravidlər 1086-cı ildə xristian ordusunu məğlub etdi.

Sid adlanan Redriqo Dias (Sid - “Ağa” demək idi, ona bu adı ərəblər vermişdilər) - vuruşmağı sevirdi. O, Valensiyanı almoravidlərdən uğurla qorumuşdu, 1099-cu ildə o öləndən sonra ardıcılları şəhəri tərk etdilər. Bu ispan qəhrəmanı barədə “Sid haqqında nəğmə” eposu geniş məlumat verir.

Bir qədər sonra səhnəyə Almohadlar gəldilər. Onlar müsəlman vətəndaş müharibələrində irəli çıxmışdılar.

Qranadada Naşri sülaləsi əsr yarım ağalıq etdi. Lakin buradakı müsəlmanlar daim yerli xristianların təhlükəsi altına düşürdülər. Xristianlarla vuruşmaq üçün Afrika könüllülərinin öz ordularına gəlmələrinə icazə verdilər. XIV əsrin birinci yarısında vəziyyət mürəkkəb olaraq qalırdı. Mərakeş və Kastiliya Qranadanın iki limanını ələ keçirməyə göz dikmişdi. Kataloniya da Rekonkistadan daha böyük pay almaq istəyirdi.

Kral XI Alfonso berber ordusu üzərində qələbə çaldı və bu, Qranada üçün əlverişli iqlim yaratdı. XIV əsrin ortasından son onilliyinə qədər Qranada özünün ən böyük yüksəlişinə çatdı. Şair-kral III Yusifin (1408-1447-ci illər) şərti şeirləri və ya analoji ərəb şairinin “Abenemar” romansı həmin dövrün tarixini, azacıq da olsa, işıqlandırırdı.

Qara Ölüm - taun xəstəliyi (1348-1351-ci illər) və daxili müharibələr xristian Kastiliyasını zəiflətdi. Rekonkista 1435-1462-ci illərdə bir sıra şəhərləri tutduqdan sonra Qranada əhalisi xristianlara qarşı daha az tolerant oldu, Qranada ilahiyyat alimləri isə daha yüksək ksenofobiya nümayiş etdirdilər. Rekonkistanı sonuncu zəfərə aparan kampaniya üçün Qranada casus belli - müharibəni başlamaq üçün formal bəhanə rolunu oynadı.

Qranada sultanı muley Hasan (Əbu əl-Şasan Ali) katolik krallarına illik təzminatı ödəməkdən imtina etdi və 1481-ci ildə bir istehkamlanmış şəhəri tutduqda, düşmənçilik yenidən başlandı. Lakin Qranadaya qarşı kampaniya çətin olaraq qalırdı. Kral Ferdinand Katolik, Makiavelli qaydasında hərəkət etdi. Muley Hasanın oğlu Boabdil (ərəbcə: Məhəmməd Əbu Əbd-Allah) öz atasına qarşı qiyam qaldırdı. Düşmənçiliklə əhatə olunmuş Qranada üçün bu, əsl xəyanət idi. Lakin Muley Hasan paytaxtı yenidən tuta bildi, sonra isə bu dəfə artıq öz qardaşı tərəfindən devrildi.

Xristian kralları Boabdili əsir götürdü və o, azadlıq əldə etmək naminə Kordoba paktını imzaladı, bu müqavilə Qranadanın geri qaytarılmasında kastiliyalılara kömək edəcəkdi. Çünki Alhambra sarayı hələ də Muley Hasanın əlində idi. Mavr krallarının saray-istehkamı olan Alhambra XIII-XIV əsrlərdə tikilmişdir, hazırda dünya irsi siyahısına daxildir. Saray Orta əsrlər İslam arxitekturasını xarakterizə edən çox sayda salonlara və bağlara malikdir.

 Krallığın bir hissəsini tabeliyində saxlayan Zaqal Boabdilə qarşı ittifaqa qoşulduqda, o, qaçıb Katolik kralın sarayında sığınacaq tapdı. Muley Hasan 1435-ci ildə öldükdə Boabdil Alhambranı işğal edə bildi. El Zaqal müqavimət göstərə bilməyib, öz dövlətini katolik krallara təslim etdi. Xrstianlar Qranadanı mühasirəyə aldılar, lakin şəhər əhalisi qızğın müqavimət göstərirdi.

1491-ci ilin axırında vəziyyət ümidsiz hala düşdü. Rəsmi təslim olma və yarımadanın müsəlman işğalına son qoyulması 2 yanvar 1492-ci ildə baş verdi; 10 gün sonra isə Kastiliya qoşunları Alhambraya girdi.

(Ardı var)

 





24.09.2018    çap et  çap et