525.Az

İslam Səfərli, Rasim Ocaqov və Kamran Hüseynovun yubileyləri keçiriləcək


 

İslam Səfərli, Rasim Ocaqov və Kamran Hüseynovun yubileyləri keçiriləcək<b style="color:red"></b> Azərbaycan Prezidenti İlham Əliyev İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2013-cü ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və dramaturq İslam Əhməd oğlu Səfərlinin 90 illiyi tamam olmuşdur.

İslam Səfərli bütün yaradıcılığı boyu ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalanmış, vətən təbiətinin gözəlliklərini və insanın mənəvi aləminin zənginliklərini tərənnüm edən, yüksək şeriyyətə malik əsərləri ilə milli ədəbiyyatı zənginləşdirmişdir.

Sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan şair və dramaturq İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla İslam Səfərlinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Dövlət başçısı, həmçinin Rasim Ocaqovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb.

2013-cü ildə Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Mirqasım oğlu Ocaqovun anadan olmasının 80 illiyi tamam olur.
Dünya kinematoqrafiyasının nailiyyətlərindən daim yaradıcı şəkildə faydalanan Rasim Ocaqov ekran həyatı verdiyi əsərləri ilə milli kino salnaməsinə yeni səhifələr yazmış, Azərbaycan mədəniyyəti xəzinəsini zənginləşdirmişdir. Onun ölkəmizdə kinooperator sənətinin geniş imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində mühüm xidmətləri vardır.

Prezident İlham Əliyev milli kinonun inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Rasim Ocaqovun 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla Xalq Artisti Rasim Ocaqovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Azərbaycan Prezidenti Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb.

2013-cü ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai xadimi Kamran Əsəd oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.

Kamran Hüseynov respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermişdir.

Tanınmış ictimai xadim Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının təkliflərini nəzərə almaqla Kamran Əsəd oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 





07.08.2013    çap et  çap et