525.Az

Zirvələrə aparan yol: "İdeal müəllim" kitabı haqqında qeydlər


 

Zirvələrə aparan yol: "İdeal müəllim" kitabı haqqında qeydlər<b style="color:red"></b>

Kitab haqqında danışmazdan əvvəl bir neçə kəlmə müəllifin özü haqqında söz açmaq istəyirəm.

Kəngərli rayonunun Yurdçu kədində anadan olan, ilk təhsilini burada alan Bəhman Məmmədov Bakı Dövlət Universitetinin Mexaniki riyaziyyat ixtisasının bakalavr pilləsinin məzunu olub. Daha sonra Gəncə Dövlət Universitetində eyni ixtisas üzrə magistratura və doktorantura təhsili alıb. Hazırda Bakı Mühəndislik Universitetinin Riyaziyyat-informatika kafedrasının müəllimi işləyən Bəhman Məmmədov həmçinin, ölkəmizdəki "Riyaziyyat evi"nin qurucusudur. 

"İdeal müəllim" müəllifin sayca üçüncü kitabı olsa da, digər əsərlərindən fərqli olaraq burada biz yetkin və peşəkar bir müəllimin pedaqoji təcrübəsinin şahidi oluruq. "Ekoprint" nəşriyyatında çapdan çıxan 375 səhifəlik kitabın rəyçiləri professorlar Əjdər Ağayev və Azadxan Adıgözəlovdur.

Kitabın ilk səhifəsində Ulu öndər Heydər Əliyevin "Mən dünyada müəllimdən yüksək ad tanımıram" fikri yer alıb. Daha sonra ölkə Prezidenti cənab İlham Əliyevin müasir Azərbaycan gəncliyi haqqındakı bu sözlərini oxuyuruq: "Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir".

Ulu öndərin yüksək dəyər verdiyi müəllimliyin və həmin müəllimin ölkə prezidenti tərəfindən vurğulanan gənc nəsli yetişdirməsi üçün qarşıya qoyulan məqsəd və vəzifələrin nədən ibarət olduğunu çox aydın şəkildə açıqlayan "İdeal müəllim" kitabı sözün bütün mənalarında ideal müəllim olmaq istəyən pedaqoqlar üçün çox əhəmiyyətli bir mənbə rolunu oynaya bilər.

Kitaba ön söz yazmış Azərbaycan Təhsil Şurasının sədri, pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayevin bildirdiyi kimi, bu kitab "müəllimlik sənətini özünə peşə kimi seçən gənc nəslin oxuması vacib olan vəsaitlərdəndir. Kitab təlim və tədrisin bir çox məsələlərinə işıq tutaraq qaranlıq olan cəhətləri aydınlaşdırır".

Millətin gələcəyinin qarantı olan yeniyetmə və gənc nəslin inkişafında böyük rol oynayan tədris və təhsilin aktual problemlərinin qabardıldığı, həlli yollarının göstərildiyi kitab pedaqoqlar üçün müəllim-şagird-ailə-cəmiyyət-ətraf mühit münasibətlərinin tənzimlənməsində kompas rolunu oynayır. Şagirdin yetişdirilməsində nə kimi cəhətlərə fikir verilməli, müasir təlim prosesində hansı üsullardan və metodlardan istifadə olunmalı, şagirdin dərketmə qabiliyyətinin inkişaf etdirilməsi, onun dünyaya bir şəxsiyyət kimi inteqrasiya olunmasında nə kimi işlər görməli və s. məsələlərə burada çox gözəl şəkildə aydınlıq gətirilir.

B.Məmmədov kitabının girişindəki "Mən bir müəlliməm" yazısında çox həssas bir məsələyə toxunur: "Mən bir müəlliməm! Səhv atdığım hər bir addımın şagirdlərimin dünyalarında bir sütunun yıxılmasına səbəb olduğunun fərqində olmalıyam". Doğrudan da müəllimin hər bir səhvi, onun "əsər"i olan şagirdlərin gələcək həyatında özünü pis mənada mütləq büruzə verəcəkdir. Məhz buna görə də hər bir müəllim dərs dediyi şagirdinə ideal bir şəxsiyyət kimi baxmalı, onu nəinki ölkənin, həmçinin, dünyanın gələcək taleyində vacib bir rol alması üçün yetişdirməlidir.

"İdeal müəllim" kitabında təhsilin mahiyyəti, təlimin vəzifələri, öyrətmə metodu, şagirdlərlə tanışlıq, müəllimin xarakteri göstərilir, sevgi insanı olmaq, nümunəvi insan olmaq, əxlaqlı, səbrli, təvazökar, fədakar, səmimi, fərasətli, ədalətli, ümidli olmaq kimi anlayışlar ayır-ayrı başlıqlarda təhlil olunur. Bu zaman geyimə, jest və mimikalara necə diqqət edilməli, şagirdlər tərəfindən sevilməyən müəllim davranışlarından necə qaçmalı, sinifdə necə və harada durmalı, təsirli danışma yolları, pedaqoji texnika, ünsiyyət və sair kimi məsələlər də geniş şəkildə izah olunur.

Müəllif qeyd edir ki, ideal müəllim şagirdindən şikayətlənməyən, onu bezdirməyən, şagirdini utandırmayan biri olmalıdır. Həmçinin, öyrətdiyi kimi, öyrənməyə də daim maraqlı olmalıdır. Bu yerdə Bəhman Məmmədov qeyd edir ki, "Müəllim həmişə şagird olmalıdır".

Kitabda diqqəti cəlb edən məqamlardan biri də kitab oxuma vərdişinin şagirdlərə necə aşılanması sualı ətrafında qurulub. Eyni zamanda, öyrətmə metodu və ev tapşırığı metodu şəxsi təcrübə və məşhur müəllimlərin metodları əsasında şərh olunub. Kitabda elm mövzusuna da toxunan müəllif yazır ki, "Elm son dayanacağı olmayan yol, müəllim isə o yolun yolçusudur".

Bugünümüzdə müəllim mövzusunun da ələ alındığı kitabda məşhur filosof Siseronun bu fikirləri xatırladılır: "Dövlət üçün böyük və müqəddəs xidmət onun gəncliyinin təlim, təhsili ilə məşğul olmaqdır". Bu zaman təhsil texnologiyalarından, müasir texniki avadanlıqlardan, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yola çıxaraq onu ölkəmizdəki təhsil sistemində necə tətbiq etmə yolları ətraflı şəkildə izah olunur.

Bəhman Məmmədov kitabında öyrətmədə bütün müəllimlərin diqqət etməsi vacib olan amillər - prinsiplərdən də danışılır. Belə ki, təlimdə əyanilik, tələblərdə vahidlik, təlimdə biliyin möhkəmləndirilməsi, sistemlilik və ardıcıllıq, fərdi yanaşma, şüurluluq və fəallıq, yaşa uyğunluq, nikbinlik, məqsədyönlülük, həyatla əlaqələndirmə, fənlərarası əlaqə, hörmət və tələbkarlıq, bəzi şagird problemləri və həlli yolları, cəza və mükafat, şagirdlərdə yaradıcı düşünmənin inkişaf etdirilməsi kimi prinsiplər fərqli maddələr şəklində şərh edilir.

Ümumiyyətlə, "İdeal müəllim" kitabında Bəhman Məmmədovun müəllimin dərsdən əvvəl, dərsdə və dərsdən sonra edəcəyi və etməli olduğu, həmçinin, etməməli olduğu bütün cəhətlərə toxunulub.

Yazımızın başlığını təsadüfən "Zirvələrə aparan yol" qoymamışıq. Belə ki, bu fikir Bəhman Məmmədovun "İdeal müəllim" kitabı  üçün müəyyənləşdirdiyi devizdir. Biz də inanırıq ki, hər bir müəllim bu kitabı oxumaqla həm özünü, həm də dərs dediyi şəxsləri zirvələrə apara biləcək gücə yiyələnəcək. 

 





27.09.2018    çap et  çap et