525.Az

İnternatdan Hollivuda uzanan Gülüş yolu - Fotolar


 

İnternatdan Hollivuda uzanan Gülüş yolu - <b style="color:red">Fotolar </b>

Yarışlarda hansısa yeri tutmaq üçün qalib gəlmək lazımdı. Birinci yerdə olmaqçün gərək uduzmayasan. Hədəf üçüncü olmaqdısa, yenə rəqibini yenməlisən. Amma ikinci olmağınçün finalda uduzmaq kifayətdi...

Uşaqlığımız həmişə “davalı kino”ların baş qəhrəmanlarının hansı daha güclüdü dilemmasıyla keçib. Bu sual qarşısında qalan tərəflər heç vaxt razılaşmayıblar. Axırda mübahisə dava-dalaşla yarımçıq qalıb, amma bitməyib.

Xarici filmlərin ancaq təksəsli rusca dublyaj kasetlərində əl çatan olduğu doxsanlarda bütün kino aludəçilərinin evində bu “davalı kinolar”dan vardı. Ən məşhurları üç nəfərdi. Biz ikincisindən danışacağıq. Amma birincini böyüklüyünə sayğıdan dolayı nişan verməliyik, axı. Brüs Li yəqin tarixin ən məşhur döyüşçü-aktyorudu. Bütün döyüş filmlərinin müsbət qəhrəmanları, bir filmdə az qala Danabaş kəndinin əhalisinin yarısı qədər adam döyənlər Brüs Linin məşhurluğunun, şöhrətinin kölgəsində qalırlar.

Related image

Uşaqlığımın sevimli “yaxşı oğlan”ı (“Mr. nice guy” filmi - C.Q.) Ceki Çan olub. Brüs Liyə heç vaxt qanım qaynamayıb. Soyuq, mimikasız sifətini, rəqibinə yuxarıdan aşağı yanaşmasını sevə bilməmişəm. Amma Ceki Çan elə olmayıb heç vaxt. Gülər üz, bir az da dəlisov, yumoristik xarakter onu tamaşaçıya sevdirə bilmişdi. Brüs Li soyuq ingilis aristokratı, Ceki Çan şəkili dayıydı sanki. Brüs Li hər addımını, zərbəsini planlayırdı, amma Ceki Çan filmlərdə də olsa, dostlarına, yaxud heç tanımadığa adamlara görə, gözlənilmədən həyatını riskə atırdı.

Brüs Li 33 yaşında (lap İsa peyğəmbər kimi) müəmmalı şəkildə ölsə də, Ceki Çan birinciliyi ələ ala bilmədi, elə ikinci qaldı. Amma yəqin çox uzun illər bu ikinciliyi qoruyacaq.

Картинки по запросу jackie chan bruce lee

Çin və Hollivud aktyoru, kunq-fu ustası, rejissor, ssenarist, müğənni, döyüş filmləri ulduzu Ceki Çan, əsl adıyla Çan Konq Sanq 1954-cü ildə Honkonqda doğulub. Valideynləri o qədər kasıbdılar ki, Cekinin doğum xərclərini də ödəyə bilməmişdilər. Hətta onu varlı ingilis ailəsinə övladlığa verməyi düşünürdülər. Amma bir müddət sonra Fransa konsulluğunda iş tapdıqlarından bu fikirdən daşındılar. Ceki Çan valideynlərilə 5 il konsulluqda yaşamalı oldu. Bəzi mənbələrə görəsə, gələcək aktyorun anası narkotik qaçaqmalçısı, atası gizli agent olduqlarından həmişə nəzarət altındaydılar...

6 yaşı tamam olanda atası işlərindən dolayı Avstraliyaya getməli olduğundan Cekini internat məktəbinə qoymalı oldu. Ceki Çan burada döyüş sənəti, aktyorluq, rəqqaslıq, vokalizm, akrobatika sənətinin incəliklərinə yiyələndi. Yalnız oğlanların yaşadığı təhsil müəssisəsində günün yarısından çoxunu idmanla, müxtəlif məşqlərlə vaxtlarını keçirirdilər, hər gün günorta 5-dən gecə düşənə kimi məşq etmək məcburiydi. Dərslərdə geri qalanlar sərt cəzalandırılır, bəzən döyülürdü.

Image result for jackie chan

Ceki təhsilini bitirdikdən sonra tezliklə kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başladı. Çox keçmədi ki, ən qorxulu işləri yerinə yetirən dublyor kimi tanındı.

Artıq Asiyada ən hündürə tullanan insan kimi də məşhur qəhrəmanımız sadəcə dublyor kimi yox, epizodik rolların ifaçısı kimi də özünü sınamağa başlamışdı.



Ceki Çan ilk baş rol təklifini 1973-cü ildə “Kvantunqun balaca pələngi” adlı filmi üçün alır. Həmin il Brüs Li artıq vəfat etmiş, Cekinin zirvəyə gedən yolu bir az hamarlanmışdı. Hətta rejissor Lo Vey ona Sinq Lunq adını vermişdi. Bu adın mənası “Əjdaha olmaq” kimi səslənirdi və əvvəllər Brüs Li belə adlandırılırdı.

Image result for jackie chan

Komediya janrında çəkilən döyüş filmlərindəki rolları uğur qazanmağa başlamış, “Sərxoş usta”, “Qorxusuz kaftar” filmləri onu Honkonqun ən bahalı aktyoru ünvanını qazandırmışdı. Artıq özü ssenari yazır, rejissorluq edir, hətta filmlərinin musiqilərini də özü yazırdı.

Asiyadakı bu uğura rəğmən Ceki Çanı ABŞ-da, Hollivudda, demək olar, heç kim tanımırdı. İngilis dilini bilməməsi isə daha bir maneə idi.

1994-cü ildə kino mədəniyyətinə bəxş etdiyi töhfələrə görə MTV kanalı aktyoru təltif etdi. Bundan sonra Ceki Çan ikinci dəfə Amerikaya üz tutmaq qərarına gəldi. Həmin dövrdə Cekinin “New Line Cinema” və “Golden Harvest” şirkətlərinin birgə çəkdiyi “Bronksedəki mübahisə” adlı filmi rekord qırdı. Bu film onun karyerasında yeni mərhələ açdı. Hər tərəfdən film, müqavilə təklifləri yağmağa başladı. 1996-cı ildə “Miramax” kinostudiyası Cekini iki filmə dəvət etdi. “Detektiv” və “Sərxoş usta-2” onun ABŞ-da ilk uğurları oldu. Artıq Ceki Çan üçün Hollivud çox da əlçatmaz görünmürdü...

Image result for jackie chan

Ceki Çanın qəhrəmanları saf və səmimidirlər. Ancaq özlərindən güclü və pis adamlara qarşı cəsarətlə mübarizə aparır, onları məğlub edərək ədalətin bərpasına nail olurlar. Onun filmlərində həmişə iki cəbhə olur: yaxşılar və pislər. Finalda həmişə yaxşılar pislərə, xeyir şərə qalib gəlir.

Aktyor, adətən, çəkildiyi filmlərdə ən təhlükəli tryukları özü yerinə yetirir. Bəzi hallarda isə kaskadyorların yardımından istifadə etmək məcburiyyətində qalıb. Məsələn, “Smokinq” filmindəki rolunun ifasında yeddi kaskadyordan yardım alıb.

Ceki Çan tryukları ifa edərkən dəfələrlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Buna görə tanınmış sığorta şirkətləri ona külli miqdarda pul ödəmək məcburiyyətində qalıb. Hətta bu səbəbdən dolayı adı sığorta şirkətləri tərəfindən qara siyahıya salınmışdı. Bəzi şirkətlər yeni sığorta müqaviləsi bağlamaqdan imtina ediblər. Ən ağır zədənisə 1986-cı ildə “Allahların silahları” adlı filmdə çəkilərkən alıb. Ağacdan yıxılan aktyorun kəllə sümükləri sınmış, uzun müddət müalicə olunmuşdu. Buna baxmayaraq, uzun müddət təhlükəli tryukları yerinə yetirməkdə davam edib. 2005-ci ildən etibarənsə, bundan imtina etdiyini açıqlayıb.

Image result for armour of god jackie chan injury

O, yalnız kinoaktyor deyil, həm də pop müğənnisi kimi tanınır. 1984-cü ildən etibarən 100-dən artıq mahnıdan ibarət 20 albom buraxıb. İstedadlı aktyor olduğu kimi, həm də yaxşı müğənnidir. Həm Çin dilinin Kanton, həm də Mandarin ləhcələrində, həmçinin, ingilis və yapon dillərində mahnıları peşəkarcasına ifa edir. Filmlərində səsləndirilən mahnıların çoxunu özü bəstələyib.

“Döyüş mənim həyatımdır. Döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm. Ancaq həm də yaxşı kino müğənnisiyəm, bunu dəfələrlə müxtəlif kinolarda oxuduğum mahnılarımla sübut etmişəm”, deyən Ceki Çan müğənni kimi 100-dən artıq ölkədə anşlaqlı konsert verib.

Daha bir maraqlı məqam: 21 yaşında çəkildiyi erotik romantika filmi olan “All in the family” Ceki Çanın döyüş səhnələri yer almayan yeganə filmidir...

Related image

Tanınmış musiqişünaslar Çanın orta səviyyəli müğənni olduğunu söyləyirlər. Onların fikrincə, Çanın verdiyi konsertlərə tamaşaçıların çox gəlməsi daha çox onun kino aktyoru kimi məşhur olması ilə əlaqədardır. Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən həvəslə alınmaqdadır. Bəzi mahnılarınısa dünya şöhrətli sənətkarlar ifa ediblər.

Kasıb ailədə doğulan Ceki Çan dünyanın ən çox qazanan aktyorlarından hesab edilir. Milyonları olsa da, kasıb keçmişini unutmur. Xeyriyyəçilik məqsədilə keçirilən bütün aksiyalarda həvəslə iştirak edən Çan bu yolda milyonlarla dollar xərcləyib. 2004-cü ildə Hind okeanında baş verən sunami və həmin ildə Çindəki su daşqınlarından zərər çəkənlərə böyük həcmdə maliyyə yardımları göstərib. 2004-cü ildə Honkonqda keçirilən beynəlxalq xeyriyyəçilik sərgisində Ceki Çan UNİCEF və iki beynəlxalq uşaq təşkilatının hesabına 4,14 milyon Honkonq dolları köçürüb. Sunami və zəlzələdən zərərçəkmiş Yaponiyaya 3.3 milyon dollar yardım göndərib.

Image result for jackie chan jaycee chan

Ceki müğənnilik və aktyorluqla məşğul olan oğlu Ceysi Çanı mirasdan məhrum edib. Buna səbəb bütün var-dövlətinin ölümündən sonra xeyriyyə fondalarına bağışlamasıdır.

Son illərdə Ceki Çan bir qədər az gözə dəyir. Nadir hallarda kinoya çəkilməsi dəfələrlə ölüm xəbərinin çıxmasına səbəb olub. Hətta İslam dinini qəbul etməsi barədə şayiələr yayılıb.

İndiyədək 150-dən çox filmdə çəkilən aktyor 2016-cı ildə kinematoqrafiya sahəsinə töhfələrinə görə, “Oskar” mükafatına layiq görülüb.

Image result for jackie chan oscar

 





29.09.2018    çap et  çap et