525.Az

"Bu yarpağı sər üstümə..." - Nazim Əhmədlinin şeirləri


 

"Bu yarpağı sər üstümə..." - <b style="color:red">Nazim Əhmədlinin şeirləri </b>

bu yarpağı sər üstümə

bu yarpağı sər üstümə,
bax, elə burdaca yatım;
qarşıda bir uzun yol var,
yorulubdu, yaşıl atım;

bu səhəngi kim yıxıya,
min ildi, dönüb ağıya;
bir dərdi verim yuxuya,
gedim, ayrısın oyadım;

bir ömür nəyi aradım,
saçımdan həsrət daradım;
bu dərdi kimlər yaradıb,
nə adım var, nə soyadım;

üstünü örtdüm, gözümün,
külün üfürdüm, közümün;
deyən, mən özüm,  özümün,
köksümə xəncər dayadım;

burda bitirək, nağılı,
nə dəliyəm, nə ağıllı;
qalmışam yarıyuxulu,
gəl, üstümü ört, həyatım.

üzümə soyuq baxma

yenə payız  qayıdıb,
sərin küləklər əsir;
soyuq baxma, üzümə,
ürəyim səndən küsür;

sular uyuşub gedir,
yollar qovuşub gedir;
bir dərd sovuşub gedir,
biri qapımı kəsir;

mən hara çıxım, gedim,
buludam, yağım gedim;
yarpaqlar yetim-yetim,
yarpaqlar, yesir-yesir;

hanı, yaşıl eynəyim,
sap-sarıdı, köynəyim;
içimi dərd çeynəyir,
könlümü həsrət əzir;

dərdi necə əyim, mən,
əyib, heçə düyüm, mən;
tuturam ətəyindən,
fələk ağzını büzür;

günahım nədi, sonam,
yarı dərd, yarı canam;
mən burda yarıcanam,
ruhum hara tələsir.

saçlarımda qış izi var

yenə bozarır hər tərəf,
payızın xavarı gəlir;
yarpağın, otun, çiçəyin,
rəngi-ruhu sarı gəlir;

göydə buludlar ağ çalar,
dolub boşalır taxçalar;
bəxtəvər olub, bağçalar,
ağacların barı gəlir;

gözlərimdən röya qaçıb,
gecələri oyaq açıb;
yenə həsrət ayaq açıb,
üstümüzə sarı gəlir;

bax, bu yurdun ən kürü, mən,
yıxıldım, dərdin birindən;
ürəyim çıxır yerindən,
könlümün qubarı gəlir;

bu nədi, ağrımdan çıxıb,
sıyrılıb, bağrımdan çıxıb;
qarışıq yuxumdan çıxıb;
dərdimin zəvvarı gəlir;

hər ömrün bir daş üzü var,
bir də, göz yaşı üzü var;
saçlarımda qış izi var,
qocalığın qarı gəlir.

ayrılıq bir dəli sudu

könül, bu nə haldı, düşdüm,
elə bil, qəm içir məni;
ruhumu götürüb gedir,
qürdət elə əkir, məni;

burdan o yana yol varmı,
adamsız da yol olarmı;
payız çatıb qollarımı,
bir yarpağa bükür, məni;

bu yol kimin, yoxuş kimin,
alnımdakı naxış kimin;
fələk soyuq yağış kimi,
göy üzündən tökür məni;

ötən dərdin bir anıyam,
xatirələr dumanıyam;
göy üzünün adamıyan,
göy özünə çəkir, məni;

dedilər ki, ömür budu,
içimi göz yaşı yudu;
ayrılıq bir dəli sudu,
tut əlimdən, keçir məni.

daha yandırma, şamları

daha yandırma, şamları,
mələklər görüb gələcək;
qapının ağzında dayan,
indi, bir qərib gələcək;

gələcək, dərdin yasından,
göy üzünün  ortasından;
ötən eşqin butasından,
könül nə dərib, gələcək;

itib getmir acılarım,
hanı, dərdin bacıları;
anamın ağca saçların,
gizlicə hörüb, gələcək;

dəryalar udur, gəmini,
unut, dünyanın qəmini;
bulud gözümün nəmini,
yarpaqa sərib, gələcək;

hanı, ruhumun şəkili,
ahım dağlara çəkilib,
həsrətim oda bükülüb,
yenə közərib, gələcək;

kim görüb, adsız mələyi,
qopub tökülür lələyi;
bu yazın dəli küləyi,
dərdi süpürüb gələcək.

mən heç, sevmədim, payızı

üzündən  qəriblik yağır,
payız, həsrətdi, qubardı;
mən heç, sevmədim, payızı,
anamı payız apardı;

payız apardı anamı,
qatıb  çiçəy ə, yarpağa;
unudub ağrı-acını,
anam, gül oldu, torpağa;

mən heç, sevmədim, payızı,
sevmədim, ağlım kəsəndən;
anam da, payızı sevdi,
mən, o payızdan küsəndən;
mən heç sevmədim payızı,
payızda üzüm gülməzdi;
o payız, payız olmasa,
bəlkə də, anam ölməzdi;

indi, payızın adını,
saçlarım qışa yazdırır;
hardasa, bir uzaq yerdə,
ruhum, bir payız azdırır.

məni dolandır, başına

mənim əllərim toxunub,
bir günahın naxışına;
gəlim, öpüm əllərindən,
məni dolandır, başına;

kimdi, mənə səndən yaxın,
perikib dağlara ahım;
onsuz da çoxdu, günahım,
birini də  bağışlama;

daha unut acıları,
dərdin sınıq bacıların;
bulanıb bulud saçların,
gözlərinin yağışına;

kimdi, könlümü güldürən,
gəlmişəm, yenə gül dərəm;
məni  oxlayıb, öldürən,
o kirimiş  baxışına;

dərd gedə, heçim ağlıya,
həsrət  bir biçim ağlıya;
az qalır, içim ağlıya,
yolum qayıdır, axşama.

nə düşüb dəli könlümə

nə düşüb dəli könlümə,
yenə ahu-zar eliyir;
ötənləri hardan alım,
ürəyim qubar eliyir;

həsrətim qalıbdı əsir,
ürəyimi  qürbət  əzir;
mənim günahım nə gəzir,
neyniyirsə, yar eliyir;

bu yazın ömrü qısadı,
külək  qanına susadı;
payız  əllərin uzadır,
qalanları  xar eliyir;

nə olacaq, yaxınlarda
boşa çıxır, nağıllar da;
yenə hərdən yuxularda,
gözlərim nübar eliyir;

gəldik, ömrün bu tayına,
qışı qarışıb,  yayına;
fələkdi, girib oyuna
dünyamızı dar eliyir.

bir az ürəyimdə qal

gəl, səni ürəyimin
köynəyindən keçirim;
bir az ürəyimdə qal,
gör, mən nələr çəkirəm;

qaradı, ağdı, yuxum,
hələ oyaqdı, yuxum;
gecələr yoxdu, yuxum,
ulduzları sökürəm;

göydə bulud ləliyir,
damcı-damcı çiliyir;
fələk tumu əliyir,
mən də, bostan əkirəm;

hanı, yolun axırı,
geri qaytar, naxırı;
payız  qonaq çağırır,
yarpaqları bükürəm;

mən, dərd daşıdım, burda,
dağlar yaşıdım, burda;
bəsdi, yaşadım burda,
uzaqlara köçürəm;

bura mənə yad gəlir

üzünü döndər, mənə,
doyunca baxım, gedim;
ovcunu tut gözümə,
gözümü sıxım, gedim;

sözlərini bala bük,
baxışını yola bük;
dərdini dəsmala bük,
hamısın yığım, gedim;

çətin səni unudam,
həsrətin bir dolu dam;
bir qaraca buludam,
hıçqırım yağım, gedim;

saçımın ağı qalıb,
könlümün ahı qalıb;
gözümdə yuxun qalıb,
gözümdə yuxun, gedim;

nə gəlir, boyat gəlir,
ürəyim ə çat gəlir;
bura mənə yad gəlir,
buraxın, çıxım gedim.

tanrılar qayıdır yerə

əlimdə qələm ləliyir,
nə yazım, bu ağ varağa;
dünyanın payızı gəlir,
xal düşür, yaşıl yarpağa;

hər yerə bir dərd atılıb,
unudulub, yurd atılıb;
buludlara nə qatılıb,
zəqqutun yağır, torpağa;

nə göndərib, qəm göndərib,
ağlı-huşu kəm göndərib;
bu dünyanı kim döndərib,
piltəsi sönmüş çırağa;

dərd adama elçi düşür,
mənə  də ən gici düşür;
nə tora bir qəci düşür,
nə balıq gəlir, qarmağa;

ömür gedir, can ütülür,
damarımda qan ütülür;
fələk də, yaman ütülür,
dərdi-səri sırımağa;

görən nə olub, bəşərə,
bir birini salıb şərə;
tanrılar qayıdır, yerə
mizan-tərəzi qurmağa.

daha bir yolum qalmadı

daha bir yolum qalmadı,
tanrıdan bir yol istədim;
dilim, dodağım təpidi,
danışmağa dil istədim;

sözü gözüyə-gözüyə,
baxdım sınığa, əziyə;
sonra  qoydum tərəziyə,
sözü mükəmməl istədim;

sinəmə ürək taxdılar,
çiynimə lələk taxdılar;
yaxama çiçək taxdılar,
mən süsən-sünbül  istədim;

yağış gəldi, sel olmadı,
dağlar uçdu, yol olmadı;
yer əkirdim, bel olmadı,
kotan qoşdum, vəl istədim;

danışmadım, gördüyümü,
söz könlümün kür düyünü;
tanrı verdi, verdiyini,
mən daha gözəl istədim.

 





29.09.2018    çap et  çap et