525.Az

Qaya kimi sərt, ipək kimi yumşaq


 

35-dən sonra neçə gəlir, Ceyhun Rüstəmov?

Qaya kimi sərt, ipək kimi yumşaq<b style="color:red"></b>

Bu günlərdə dostumuz Ceyhunun, Ceyhun Hafiz oğlunun, rəsmi qaydada desək, “Ədalət” qəzetinin şöbə müdiri Ceyhun Rüstəmovun başı yaman qarışıqdı. Ramazan bayramı münasibətilə dövlət idarələrindən, ən iri özəl şirkətlərdən reklam almaq üçün danışıqlar aparır. Neçə ildi ki, “Ədalət”in reklam məsələlərinə cavabdeh şəxs odur.

Ceyhun Rüstəmov reklam məsələlərini həll edərkən biz də boş oturmamışıq. Dostumuzun ad günü ilə bağlı təbrik yazısı hazırlayırıq. Sadə dillə desək, Ceyhun Rüstəmovu reklam edirik. Həmən onu da deyək ki, dostumuzun reklama o qədər də ehtiyacı yoxdu.

Ceyhun Rüstəmovun 35 yaşı tamam olur. Bu 35 ilin demək olar ki, tən yarısı “Ədalət”də keçib. Ceyhunun redaksiyada öz yeri var. Bu yer təkcə onun oturduğu kabinetlə məhdudlaşmır. Ceyhunun yeri kollektiv üzvlərinin ürəyindədi. İş yoldaşlarının uğuruna ən çox sevinənlərdən, ağrıya-acıya ilk təsəlli verənlərdəndi. Problemi yaranan iş yoldaşlarına kömək əlini uzatmağa hər an hazırdı.

Ceyhun Rüstəmov bəzən qaya kimi sərt, bəzən ipək kimi yumşaq olur. Sözü adamın düz üzünə deyir. Arxada danışmaqla, sözə bər-bəzək, rəng qatmaqla arası heç yoxdu dostumuzun. Onun iştirak etdiyi məclislərin bir ayrı ləzzəti var. Şənliyə şənlik qatmağı bacarandı.

Gənc dostumuz Ceyhun Hafiz oğlu yaxşı valideyndi. Qızları Fatimə, Zəhra, Mihrimah üçün hansı fədakarlıqlar etdiyini yaxınları, dostları, iş yoldaşları, bütün onu tanıyanlar yaxşı bilir. Həyatda rastlaşdığı bütün problemlərə qarşı dözüm göstərməyi bacarır. Dərd-sərini reklam etməyi xoşlamayan oğuldu Ceyhun Rüstəmov.

Gözəl şair, dostumuz Əjdər Olun

Əzabı mən elə gözəl çəkirəm,
Bir kimsə dərdimdən fikir eləmir-
 

misralarını Ceyhun Rüstəmova da  aid etmək olar.

Riyazi hesablamaları hamımızdan yaxşı bilən Ceyhun Rüstəmov 35-dən sonra hansı rəqəmin gəldiyini də təbii ki, yaxşı anlayır. Dəyişən rəqəmlər, üst-üstə gələn illər sənin yaxşı xüsusiyyətlərini dəyişməsin. Fatimənin, Zəhranın, Mihrimahın ən xoş günlərini görmək sənin nəsibin olsun.

“Ədalət”in reklam işləri ilə sən məşğul ol, sənin reklamın biz dostların boynuna.

Etibar CƏBRAYILOĞLU

 





10.08.2013    çap et  çap et