525.Az

“Azərbaycan” jurnalının yay nömrələri


 

“Azərbaycan” jurnalının yay nömrələri<b style="color:red"></b>

Bu yaxınlarda “Azərbaycan” jurnalının yay nömrələri işıq üzü görüb.
 
Jurnalın 7-ci nömrəsi Xalq şairi Nigar Rəfibəylinin şeirləri ilə açılır. Qeyd edək ki, bu il unudulmaz şairə N. Rəfibəylinin anadan olmasının 100 illiyidir. Növbəti səhifədə isə Südabə Ağabalayevanın Nigar Rəfibəyliyə həsr olunmuş “Sözlə susmaq” məqaləsi yer alıb.

Dərginin iyul nömrəsində oxucular Firuzə Məmmədlinin, Xasay Mehdizadənin, İbrahim İlyaslının, Qalib Şəfahətin, Sayman Aruzun, Dilsuz Musayevanın, Əlirza Həsrətin, Ətraf Sərrafın şeirlərini;

“Ədəbi gənclik” bölməsində gənc yazar Cavid Zeynallının “Leyla” romanının sonuncu hissəsini;
 
“Nəsr” bölməsində Novruz Nəcəfoğlunun “Atüstü bir nağıl” povestini,  Bayram İsgəndərlinin “Meşəsiz meşəbəyi”, “İanə”, “Gün işığı” hekayələrini, “Bizim türk dünyamız” bölməsində gənc yazar Pərvinin tərcüməsində Tölen Abdikin “Faydasız cümə” hekayəsini;

“Ədəbi portretlər” bölməsində Elçin Mehrəliyevin tanınmış ədəbiyyatşünas-alim, professor Akif Hüseynli haqqında yazdığı “Fərdin gücü” məqaləsini;
 
“Xatirələr, duyğular” bölməsində Qəşəm Nəcəfzadənin “Mənim Qərib qardaşım” yazısını;
 
“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində isə Elnarə Akimovanın “Vaqif Bəhmənlinin poeziyasında “yeni şeir” və zaman imkanları” və Arzu Hacıyevanın “Mirzə Fətəli Axundzadənin çevrəsindəki qadınlar: realıq və rəmzlər” məqalələrini oxuya bilərlər.

Jurnalın avqust nömrəsi (№8) Xalq şairi Zəlimxan Yaqubun “Şuşa şikəstəsi” əsəri ilə başlayır.

“Dünya ədəbiyyatı” bölməsində Xalq yazıçısı Elçinin “Öz istehkamı olan yazıçı” məqaləsi və  onun tərcüməsində yaponiyalı yazıçı Kobo Abenin iki pərdəli “İstehkam” pyesi yer alıb.

“Poeziya” bölməsində Emin Pirinin, Ağamir Cavadın, Yasin Xəlilin, Qədiməli Əhmədin, Raqif Nazimoğlunun şeirləri təqdim olunub.

“Nəsr” bölməsində isə oxucular Hüseynbala Mirələmovun “Gecə sürünən ilanlar” povestini, Ramiz Əkbərin “Bığ” hekayəsini, Xumarın “Səyyar qəzet satıcısı”, “Barışıq” hekayələrini və Tahirə Xudaverdiyevanın “Cənnət çiçəyi” hekayəsini oxuya bilərlər.

Buludxan Xəlilovun “Azərbaycan dili: ən böyük sərvətimiz”, Ağasəfanın “Qutudakı avropasayağı sözlər” məqalələri isə “Publisistika” bölməsində yer alıb.

Vaqif Yusiflinin ədəbi tənqidçi Şamil Salmanovun 80 yaşına yazdığı “Şair təbiətli tənqidçi” məqaləsi “Dünya, səndən kimlər keçdi...” bölməsində oxucuların ixtiyarına verilib.

Jurnalda həmçinin Südabə Ağabalayevanın “Sınıq ümidlərlə yaşamaq olmur”, Qəşəm Nəcəfzadənin “İki görüşün tarixçəsi”, Mobil Aslanlı Huntürkün “Mənəvi kamiliyə doğru” məqalələri öz əksini tapıb.

Dərginin ənənəvi “Kitab rəfi” bölməsində yeni çıxan müxtəlif kitablar haqqında qısa məlumatlar dərc olunub.

R. ƏHMƏD

 





10.08.2013    çap et  çap et