525.Az

Aqil insanın İradəli ömür yolu (Müsahibə)


 

Aqil insanın İradəli ömür yolu <b style="color:red">(Müsahibə)</b>

Mən bu xanımı müəllifi olduğu məqalələri,  kitabları ilə yanaşı (“Yol” və “Sarı odalar”ını oxumuşam), sosial şəbəkələrdəki çox maraqlı və düşündürücü statusları sayəsində bir qədər də yaxından tanıdım. Əslində bir insanı tanımağa bir ömür yetməz, bu, doğrudur, ancaq nisbilik nəzəriyyəsinə əsasən yanaşsaq, nə qədər mümkündürsə, təxminən elə o qədər də tanıya bildim. Onu dostluğunda olan insanlarla səmimi münasibətdə, yeri gəldikdə “patron” (ona dəyər verən yaxın dostları öz aralarında belə müraciət edirlər), bəzən vəfalı dost, bəzən qayğıkeş bir insan timsalında gördükcə tədricən tanıdım, tanıdıqca da bu ziyalı insana sevgim qətrə-qətrə artdı. İçimdən onunla həmsöhbət olmaq, tanıdığım İradə xanımı oxucularımızla da yaxından tanış etmək istəyi keçdi... Əslində, onun təqdimata ehtiyacı yoxdur, amma jurnalımızın ənənəsinə sadiq qalaraq, bu xanımı bir daha oxucularımıza tanıdaq... Bir az gizli, bir az sirli, hər zaman ötkəm görüntüsü altında çox kövrək, həzin, toxunsan ağlar kimi halı olan, həddən ziyadə iradəli, ağıllı və çox savadlı bir xanım...

İradə Tuncay kimi, həyat yoldaşı tanınmış publisist və yazıçı Aqil Abbas da dəyərli bir insandır. Və bu söhbətimizi bir ailəni bütün zamanın qovğalarından üzüağ çıxararaq birlikdə və eyni yaradıcı əzmlə sürdürməyi bacaran iki ziyalı insanla bir arada etmək qərarına gəldim. Daha öncə kitab sərgisi və bir sıra digər tədbirlərdə gördüyüm Aqil Abbas yaddaşıma humanist və səmimi bir insan kimi həkk olunmuşdu. Oxuduğum kitabları və ssenari müəllifi olduğu “Dolu” filmi isə məni onun daxili sarsıntıları və ağrıları ilə də tanış etdi...

Bu iki dəyərli ziyalı insanla görüşüm onların evində baş tutdu. Əslində, içəri girəndə bir az gərginliyim vardı, amma evlərindəki rahat və səmimi atmosfer bu gərginliyimi aradan götürdü. Və bu rahatlıqla da söhbətimiz başladı...

Həyatımızı, əslində, daha çox təsadüf sandığımız zərurətlər idarə edir. Mən də bu iki insanın həyatını bir araya gətirən həmin təsadüfdən doğan zərurətin  marağı ilə, ilk növbədə, tanışlıqlarının tarixçəsi ilə maraqlandım...

Aqil Abbas: Mən İradə xanımı Jurnalistika fakültəsində təhsil alarkən universitetdə görmüşdüm və çox xoşuma gəlmişdi. Amma yaxınlaşmağa ürək  etmirdim, çünki böyük bir şairin qızı olmaqla yanaşı, bir az da qaraqabaq idi (İradə xanıma baxaraq gülür). Onun tələbə yoldaşları ilə də dostluq edirdim. Qısaca deyim ki, xoşuma gəldi, vuruldum, sevdim, sonra da tanış olduq. Bizim hekayəmiz belə başladı...

– İradə xanım, belə deyirlər ki, ad insanı deyil, insan adı xarakterizə edir. Siz necə düşünürsünüz, adınız sizi xarakterizə edirmi?

İradə Tuncay: Ümumiyyətlə, mən belə düşünürəm ki, adı mələklər valideynlərin qulağına pıçıldayır və həmin ad insanın sonrakı həyatını, taleyini müəyyən edir. Adın tələffüzü belə, çox söz deyir. Təsəvvür edin ki, hər hansı bir böyük vəzifəli şəxsin gülməli bir adı olsun, bu, necə qəbul olunar?!

– Sizin adınız necə, Sizi xarakterizə edirmi?

İradə Tuncay: Əlbəttə, edir. Mən özümü tanımağa başladığım andan bunun asan olmadığının fərqindəyəm. Mənim iradəm olmasa idi, indi mən İradə Tuncay ola bilməzdim...

İradə xanım danışdıqca gözlərindəki parıltının arxasında gizlənən o iradə dolu qəm-kədərə sancılır baxışlarım, amma heç nə soruşmadan susuram.

Aqil Abbas: Mən bu deyimin əksini düşünürəm. Yəni, əslində, ad insanı formalaşdırır çox məqamda, səni həmin adın formulasından çıxmağa imkan vermir. Yəni ad insanın formalaşmasında çox böyük rol oynayır, sahibini  əksər hallarda öz biçiminə sala bilir. Mən həmişə səhv bir hərəkət edəndə atam deyərdi ki, sənin adın “ağıllı”dır axı, sən belə etməməlisən. Demək istədiyim odur ki, insan öz adını doğrultmalıdır. Milli kimlik məsələsində bu, çox önəmli bir məsələdir. Mən çox istəyərdim ki, insanlar ərəb adlarından uzaqlaşıb övladlarına türk adları versinlər.

– Övladlarınızın adı nədir?

Aqil Abbas: Toğrul və Tuncay. Toğrulun adını Məmməd Araz, Tuncayın adını isə biz, daha doğrusu, anası qoyub.

– Sənətiniz kimi xarakterinizdə də oxşar xüsusiyyətlər çoxdur, yoxsa?

Aqil Abbas: Yalnız istedadımız oxşayır, xaraktercə çox fərqli xüsusiyyətlərə malik insanlarıq. Onu deyim ki, İradə xanım çox dərin qadındır, hər kəsin qismətinə belə ağıllı və savadlı qadınla yaşamaq düşmür. (Məmnunluq ifadəsi ilə gülür).

Söhbətin bu yerində içəriyə şirin-şəkər balaca qızcığaz daxil olur, İradə xanımın sevgi dolu nəzərlərindən, onu əzizləməsindən aydın olur ki, nəvələridir. İradə xanım “şahzadəm də gəldi”, – deyərək onu bağrına basır. Bundan zövq alan balaca şahzadə gülərək stolun kənarında sakitcə əyləşib bizi dinləyir. Mən bu balacanı da söhbətimizə daxil etməyə çalışıram.

– Sənin adın nədir?

– Tansu.

– Neçə yaşın var?

– 5 yaşım var.

– Nənə nağıl danışırmı sənə?

Başı ilə təsdiq edir. İradə xanım gülərək  onu bərk-bərk qucaqlayır. “Hardaydı nənədə o qədər vaxt”, – deyir...

– Yeri gəlmişkən İradə xanım, nəvənizə nağıl danışırsınız?

İradə Tuncay: Xeyr, çünki ona nə hövsələm, nə də vaxtım var. Mən uşaqla uşaq kimi rəftar etməyi xoşlamıram, həmişə onunla böyük bir adam kimi danışıram. Onun özünün dünyaya baxışını öyrənmək istəyirəm ki, görüm bu balacanın içində nələr var. Nəvəm ağıllı qızdır, lakin toplum onu hara itələyəcək, necə olacaq, onu mən deyə bilmərəm. Çünki bizim dövrümüzlə indiki dövr bir az fərqlidir. Uşaqlarla böyük şəxsiyyət kimi danışmaq lazımdır ki, böyük şəxsiyyət kimi də formalaşsınlar. Onların düşüncələrinə də hörmətlə yanaşmaq lazımdır, çünki onlar safdırlar, korlanmayıblar, çirkaba batmayıblar, məqsədləri, təmənnaları yoxdur.

– Neçə nəvəniz var?

İradə Tuncay: İki nəvəmiz var, ikisi də qızdır. Tansu mənim şahzadəmdir.

– Övladlarınız daha çox kimə çəkib?

Aqil Abbas: İki oğlumuz var. Böyüyü mənə, kiçiyi isə İradəyə çəkib.

Nənə-nəvə sevgisini bir anlıq rahat buraxmaq üçün üzümü Aqil müəllimə tuturam.

– Aqil müəllim, kitablarınızdan birinin adı “Ən xoşbəxt adam” adlanır. Həmin kitaba görə müxtəlif mükafatlara da layiq görülmüsünüz. Sizcə, ən xoşbəxt adam kimdir?

Aqil Abbas: Çox çətin sualdır. Məsələn, Qarabağ məsələsi olmasaydı, mən ən xoşbəxt adam olardım. Düzdür, xoşbəxtlik nisbi bir məfhumdur, amma buna baxmayaraq, mən öz həyatımı qura bilmişəm. Belə ki, mənim gözəl ailəm, İradə kimi xanımım, sağlam övladlarım, nəvələrim var. Bununla yanaşı, yazılarımla özümü cəmiyyətə təqdim edə bilmişəm, həmçinin mənim insanlara, insanların da mənə qarşı sevgisi var, xoşbəxtlik daha necə olmalıdır ki?! Yenə də deyirəm, Qarabağ məsələsi olmasaydı, mən ən xoşbəxt adam olardım.

İradə Tuncay: Bir ömür xoşbəxt insan olmur, bu, nisbi bir məfhumdur. Yəni insanın daha çox özünü xoşbəxt hiss etdiyi anlar olur. Bu da, təbii ki, həmin zamanla və məqamla daha çox bağlıdır. Bəzən elə olur ki, insana kənardan baxıb xoşbəxt adlandırırlar, lakin onun içərisində nələr baş verdiyini bilmirlər. Bir şey də var ki, səni əhatə edən toplumun, mühitin böyük əksəriyyəti xoşbəxtlik hissini yaşaya bilmirsə, sənin hər şeyin olsa belə, onların içərisində xoşbəxt ola bilmirsən. Onların düşüncələri, hissləri, duyğuları səndə öz əksini tapır. Mən həmişə deyirəm ki, bədbəxtlər içərisində xoşbəxt olmaq mümkün deyil.

– “Sarı odalar” içərisində nələr baş verir?

İradə Tuncay: “Sarı odalar”ın içərisində 40-cı otaq var ki, o otağın qapısını heç kəs aça bilmir. Görünür, o qapının açarını heç kəs tapa bilmir ki, insanlar da xoşbəxt ola bilsin. O, yasaq odadır, onu açmaq olmaz. 40-cı otağı mən xəyallarımda yaratmışam, amma bəlkə də, cürət edib aça bilməmişəm.

– Sirlərə inanırsınızmı?

İradə Tuncay: Bütün insanların sirri var. İnsan öz sirləri ilə gözəldir. O elə bir varlıqdır ki, tam şəkildə heç nəyi etiraf edə bilmir, hətta özünə belə. Yəni özündən də gizlədiyi məqamlar var. İnsanın özünü özünə belə məhz həmin məqamların sirri maraqlı edir.

– İçinizdəki “mən” Sizə hər şeyi deyirmi, ümumiyyətlə, “mən”inizlə danışmağı, yoxsa onu dinləməyi sevirsiniz?

İradə Tuncay: Mən daha çox dinləməyə üstünlük verirəm. “Səbr” məsələsi var ki, o məndə bir az artıqdır. Daha çox susmağa üstünlük verirəm, lazım olmazsa, danışmıram. Özümü çox dinləyirəm. İçimdəki məni belə çox dinləyirəm.  Bəzən özümü dinləmək mənə mane olur, bəzən də kömək edir. Amma hər zaman doğruya tərəf aparır.

– Sükut necə?

İradə Tuncay: Yəqin ki, siz onun mənəvi halını nəzərdə tutursunuz. İnsanların içində yaşayıb tənha olmaq, onların fəryadını eşitməmək və ya öz fəryadını eşitdirə bilməmək mümkündür. Bu, müxtəlif formalarda təzahür edir. Yəni sükut da nisbidir.

– Aqil müəllim, sizdə necədir, kim kimi daha çox dinləyir?

Aqil Abbas: Mən özümlə də söhbət edirəm, amma ətrafdakılarla daha çox danışıram, çünki insanlarla ünsiyyətdə olmağı çox sevirəm. İçimdəki mənlə danışmağa gəlincə, düşünürəm ki, insan təklikdə özü ilə danışmasa, əsər yarada bilməz, ən kiçik bir hekayə belə özünlə təmas olmasa, yarana bilməz. Bəzən elə olur ki, özünlə dil tapa bilmirsən, çünki başa düşürsən ki, sənin içindəki ilə danışdığın tamam fərqli şeylərdir. Özünlə danışanda nəyə qadir olduğunu, nəyi səhv, nəyi düz etdiyini bilirsən. Bu dediklərimi daha çox yaradıcı insanlara aid edirəm. Mənə elə gəlir ki, hər hansı bir yaradıcı insan, fərqi yoxdur, mühəndis, memar, rəssam, jurnalist, fotoqraf və s. özləri ilə danışmasalar, yarada bilməzlər.

– Amerikan yazıçısı Stiven Kinqə görə, əsərlər güclü hadisələrdən, böyük stresslərdən və gərginliklərdən doğur, bəs Sizdə necə?

Aqil Abbas: Onun dediklərində həqiqət var, çünki müəyyən bir hadisə, stress nəsə yazdırır. Başına hər hansı bir hadisə gəlməsə və yaxud stress keçirməsən, yaza bilməzsən. İnsan stressi təkcə özü üçün keçirmir, əgər cəmiyyət xoşbəxt deyilsə, o zaman sən də xoşbəxt ola bilməzsən. Demək istəyirəm ki, burda cəmiyyətin keçirdiyi stress də mühüm rol oynayır. Mən həmişə hər hansı bir hadisədən sonra yazmışam, oturub fikirləşməmişəm. Məsələn, ilk povestim Qədir Rüstəmovla bağlı olub, o povesti onun oxumağı yazdırıb mənə.

İradə Tuncay: Əslində, o vaxt Qədir Rüstəmov özü bir hadisə idi.

Aqil Abbas: Bəli, hadisə idi və həmin hadisə mənə o povesti yazdırdı. Hər bir yazı nədənsə qaynaqlanır. Mənə elə gəlir ki, bu, yaradıcı insanların hamısında belədir. Oğuzda Qədir Rüstəmovu sevənlər çox idi deyə, xanəndə sonralar həmin rayonda yaşadı. Orada Qədir Rüstəmova şərait yaratdılar, belə ki, onun evini, yaşayışını və s. təmin etdilər. Bununla yanaşı, Oğuzdakı dağlar, təbiət və s. ona Ağdamı xatırladırdı. Lakin Qədir Rüstəmov təkcə təbiətinə görə deyil, həm də o rayonun insanlarına görə Oğuzu seçmişdi. Yəni onun Oğuza pənah aparması oradakı insanların sevgisindən irəli gəlirdi.

– Sizin olmazsa, “olmaz”ınız nədir?

İradə Tuncay: Mən həmişə elə olmazların içərisində yaşamışam. Özüm üçün bəlli bir prinsip sistemi qurmuşam və öz prinsiplərimdən kənara çıxmıram.

Aqil Abbas: İradə xanımın bir insandan xoşu gəlməzsə, ona açıq deyir ki, səndən xoşum gəlmir.

– Doğrularınız nədir?

İradə Tuncay: Yəqin ki, filosofların, din kitablarının bəşəriyyətə aid dediyi o doğrulardan çox şey əxz eləyirəm. Demirəm ki, mən mələyəm və yaxud insanlıq simvoluyam, amma nisbət faizini götürəndə məndə o daha çoxdur. Bəlkə də, ona görə insanlar mənə cəzb olunurlar.

– Doğrularla yaşamaq Sizə mane olmur ki?

İradə Tuncay: Olur, çətindir belə yaşamaq, amma ayrı cür yaşasaydım, bəlkə də, dözməzdim. Çünki mən özümü tapdalayıb keçə bilmərəm. Bəzən çalışırsan ki, cəmiyyətə ala qarğa kimi görünməyəsən. Amma istənilən halda yalnız və yalnız doğrularıma sarılaraq mən oldum.

– “Yol romanı”nda yazmışdınız ki, atam mənə göz dili öyrədib. Bu dili öyrənmək çətin oldumu və yaxud bu dil ilə yaşamaq Sizə nə verdi?

İradə Tuncay: Talehin işidir, atam xəstələndi və danışa bilmədi. O, danışa bilmədikdən sonra artıq mən onun baxışları ilə danışmağı öyrəndim. Bu, ağrılı bir şeydir, bu haqda danışmaq istəmirəm. (İradə xanımın gözü dolur, mən də sarı simə toxunduğum üçün kədərlənirəm).

– Ölümdən qorxursunuz?

İradə Tuncay: Bəli, qorxuram. Nazim Hikmətin çox məşhur bir misrası var. Deyir: “Nə ölümdən qorxmaq ayıb, nə də düşünmək ölümü”. Demək istəyirəm ki, ölümdən qorxmaq, ölümü düşünmək ayıb bir şey deyil. Çox şeylər haqdır, amma biz onun fəlsəfəsini bilmiriksə, o, bir az bizdə qorxu yaradır, çünki məchuldur.

Aqil Abbas: Ölməkdən hamı qorxur. Mən ölməkdən bircə şeyə görə qorxuram, futbol olacaq, amma mən baxa bilməyəcəm. Futbolu çox sevirəm (gülür).

– Ölümdən sonranı necə düşünürsünüz?

İradə Tuncay: Mən bu mövzuda bir az buddizmə  daha yaxınam ( gülür). Ümumiyyətlə, bütün hadisələrin elmi izahını axtarmaq istəyirəm. İnsan özü bir enerjidir və fizikada enerjinin itməmək qanunu var, yəni enerji itmir, sadəcə olaraq bir şəkildən başqa bir şəklə keçir. Bütün bunlara əsaslanaraq mən də belə fikirləşirəm ki, insan bu qədər hissləri, duyğuları, varlığı, gözəlliyi, xeyirxahlığı, mərhəməti ilə ölüb gedə bilməz, məhv ola bilməz. Yəni insan da bir şəkildən başqa bir şəklə çevrilir. Ola bilsin  ki, əgər o, yaxşı insandırsa, sonradan gözəl bir çiçəyə, pis insandırsa, ilana dönür. Burada bir az islamdan uzaqlaşıb buddist fəlsəfəyə yaxınlaşıram, amma hər halda, mən belə fikirləşirəm.

– Bəs Sizin ruhunuz nəyə çevrilə bilər?

İradə Tuncay: Bir az çətin sual oldu. Yəqin ki, qayaya çevrilər, gəlib qayaya çırpılıb geri qayıtsınlar deyə (gülür). Ümumiyyətlə, mən yaddaşı güclü olan bir adamam, beynim də tarixçi beynidir, yəni tarixdən nəticələr çıxara bilirəm. İnsanın fiziki yaşı onun ruhsal yaşını bəlli etmir. Əgər bir insan böyük mətləbləri öz daxilində həll edə və həyata doğru-düzgün baxa bilirsə, o insan özünün gəncliyini qoruyub saxlayır, içindəki uşağı ölməyə qoymur, müdrikləşir və müdrikləşdikcə də içindəki o uşağın qədrini bilir. Gözəllik insanın içindən gəlir. İnsanın daxili böyük bir kainatdır, öz ayı, planetləri, ulduzları ilə...

Aqil Abbas: Habil Əliyevin yaxşı bir sözü var, deyir ki, filankəs qocalmayıb, köhnəlib.

– İçinizdəki uşaq ən çox nəyi xatırlayır?

İradə Tuncay: Mənim içimdəki uşağın gözündə həmişə yaş var, mən o uşağı hələ böyüdürəm (gülür).

– İradə xanım və ... Aqil müəllim, bu nöqtələrin yerinə  nə yazardınız?

Aqil Abbas: Mənim Aqil Abbas olmağım və bu səviyyəyə gəlib çıxmağımda İradə xanımın böyük rolu olub. Hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Bir şeyi də deyim ki, savadlı və ağıllı qadınla bir yerdə yaşamaq çətindir, səndən də savadlı olsa, onda lap çətindir (Bir-birlərinə baxaraq gülümsəyirlər).

– İradə xanım, sizcə qadın, doğrudanmı böyük qüvvədir?

İradə Tuncay: Hər qadın yox. Əgər ədəbiyyat tarixinə baxsaq, görərik ki, böyük anlamda qadın obrazları çox vaxt mənfi obrazlar olur. Nadir hallarda müsbət qadın obrazlarına rast gəlirik. Şərq ədəbiyyatına müsbət qadın obrazını ilk dəfə Nizami Gəncəvi gətirib. Görünür, onun qarşısına çıxan qadın gözəl, ağıllı bir qadın imiş. Qadınların on faizi elə ola bilər. Bu dahi şairin böyüklüyü idi ki, bu on faizi ön plana çəkdi və istədi ki, elə qadınlar nümunə olsun. Lakin qadın həm də dağıdan bir qüvvədir, məkrlidir və onun məkrinin qarşısında heç kim dayana bilməz. Ancaq qeyd edim ki, qadın beyni elə də mükəmməl deyil. Bu gün məni ən çox ağrıdan şey bizim qadınların oxumaması, ancaq qeybət ətrafında yaşaması və gözlərinin orda-burda olmasıdır. Bu mənə çox qorxulu gəlir, çünki bizim yaşadığımız coğrafiyada, bu toplumun içində gələcəyi ancaq qadınla müəyyən etmək olur. Bu gün bizim toplumun içində Nizami Gəncəvinin əsərindəki Afaqa bənzəyən qadın obrazlarına çox böyük ehtiyac var.

– Sizcə, bu çatışmazlığın səbəbi nədir?

İradə Tuncay: Dialektika deyilən bir şey var, cəmiyyətin enməsi və qalxması. Bu, təbii bir prosesdir, nə inkişafın, nə də tənəzzülün qarşısını almaq olmur. Biz indi tənəzzül dövrünü yaşayırıq, lakin mən ümid edirəm ki, yaxşı şeylərə doğru gedəcəyik.

– Gəldiyiniz yolun əvvəli nə göstərdi, bu günü nə deyir, sabahı necə olacaq?

Aqil Abbas: Yolun biri işığa, biri də it hürən tərəfə gedir. Babalarımız həmişə işığa tərəf deyil, it hürən tərəfə gediblər, ancaq mənə görə, işığa tərəf gedib divlə vuruşaraq işığı onun əlindən almaq lazımdır. Bir də üçüncü yol var ki, o yol insanın özünün yarada biləcəyi bir yoldur, mən o yol ilə gedirəm. Bu yolda yıxılıram da, aşıram da, çökəyə də düşürəm, amma qalxıb yenə də o yolu gedirəm. O yol mənim üçün harada bitəcəksə, oraya qədər gedəcəyəm. İnsan ölür, ancaq onun adı, əsərləri qalır.

İradə Tuncay: Biz varıqsa, yol da var. Bunu “Yol” romanımın epiloquna da yazmışdım. Mənim yol haqqında fikirlərim orada tam ifadə olunub. Əslində, bizim həyatımızın anlamı yoldur və o yol heç vaxt bitmir. Başlayır, amma bitmir. Əgər yol bitəcəksə, deməli, hər şey məhv olacaq, ona görə də bitmir.

– Bu yolda çarəsiz qaldığınız bir məqam oldumu?

İradə Tuncay: Əlbəttə. Hər şeyi dağıtmaq istədiyim məqamlar olub. Mənə elə gəlir ki, bu, bütün insanların həyatında olur, kimisi çıxa bilir, kimisi yox, amma mən çıxa bildim.

– Yuxuya olan münasibətiniz maraqlıdır. Çin çıxan yuxularınız olubmu heç?

İradə Tuncay: Yuxu insanın paralel həyatıdır, mən bunu qəbul eləyirəm. Onun izahını heç kim verə bilmir. Bəzən yuxumda tarixi şəxsiyyətləri görürəm və səhər duranda o yuxu haqqında fikirləşirəm. Sonradan baxıram ki, ya həmin insanın yubileyinə az qalıb, ya da onun ölüm tarixidir. Bilmirəm o adamlar nə üçün gəlirlər yuxuma, bax, onu izah edə bilmirəm. Heç düşünmürəm, amma yuxuma gəlirlər.

Aqil Abbas: Bir dəfə “Beşiktaş”la “Dinamo-Kiyev” arasında futbol matçı keçirilirdi. Həmin oyunu nə Türkiyə, nə Rusiya, nə də Azərbaycan telekanalları verirdi. Yalnız Ukrayna telekanallarında baxmaq olardı. Nə qədər axtardım, ancaq o futbola baxa bilmədim. “Beşiktaş”a heç-heçə lazım idi. Mən hirslənib gedib o biri otaqda yatdım, atam yuxuma girdi və mənə dedi ki, narahat olma hesab heç-heçə olacaq. Sonradan məlum oldu ki, hesab, həqiqətən də, heç-heçə olub. Yuxu ilə bağlı bir şeyi də qeyd etmək istəyirəm. Bir yolu gedirsən və baxırsan ki, bu yol sənə tanış gəlir, elə bilirsən ki, nə vaxtsa bu yoldan keçmisən.

– Sevdiyiniz kitab və ya əsər hansıdır?

İradə Tuncay: Mən, adətən, rus dilində oxuyuram. Tarixi kitabları oxumağı çox sevirəm.

– Yazarlardan kimləri daha çox sevirsiniz?

İradə Tuncay: Q.Q.Markez, T.Drayzer, Cek London və s. Bunlar hamısı böyük yazıçılar idi. Bu gün “Nobel” mükafatçısı var ki, faşist olduğuna görə həmin mükafatı əlindən alıblar. Mən bəşəriyyəti məhv edəcək ideyaları, ümumiyyətlə, məhv etmək ideyasını qəbul etmirəm.

– Həyat eşqiniz nədir?

İradə Tuncay: Mənə görə, həyat eşqi elə həyat eşqidir, onun əsası və yaxud qeyri-əsası yoxdur. Bir aktrisa var, Odri Hepbern. O deyir ki, qadını cazibədar edən nə onun saç düzümü, nə də bədən quruluşudur, qadını cazibədar edən onun gözlərindəki parıltıdır. Əgər qadının gözləri parıldayırsa, deməli, onun içində nə isə var, ya o, kiməsə aşiq olub, ya kimsə onu sevir və s. O sevinc, o sevgi qadına yansıyır və onun gözlərində parıltı şəklində görünür. Fikir verin, insan ölgün bir gözə baxmaq istəməz. Mənə elə gəlir ki, həyat eşqi, əslində, sevgidən qaynaqlanır. Ümumiyyətlə, bütün dünya sevgi prinsipinin üzərində qurulub. Nizami Gəncəvi Nyutondan da əvvəl deyib ki, kainatda hər şey cəzbə bağlıdır, filosoflar bunu eşq adlandırır. Hər kəs öz yarısını axtarır. Demosfen adında çox məşhur bir yunan natiqi olub. O, başlanğıcda pəltək imiş, düzgün söz deyə bilmirmiş. Bir gün Demosfen “mən natiq olacam, heç kim mənə gülməyəcək” deyir və istəyinə nail olur, çünki onun içində əzm var idi ki, o əzmi də ona Allah verib. Bəzən məqsəd də olur, amma əsasən, bu, Allah vergisidir. Seçilmiş insanlar var və nə qədər böyük kütlə ona baxıb düzəlmək istəyirsə, deməli, onun qüdrəti daha böyükdür.

Aqil Abbas: Allah heç bir bəndəsini vergisiz yaratmayıb, mənə verdiyi istedaddan hamıya verib, kimi o istedadını üzə çıxara, yəni özünü tapa bilir, kimi də yox. Əgər kimsə özünü tapa bilmirsə, hətta cinayətkar da olur. Allah heç kimi cinayətkar yaratmayıb, sadəcə olaraq kimsə özünü tapa bilmir və yaxud Allahın verdiyini anlamır. Allah öz ağlından hamıya bir az verib, kimdən xoşu gəlmirsə, onu öldürmür, sadəcə olaraq verdiyi ağlı əlindən alır və deyir ki, sən onun qədrini bilmədin. İçki ona görə haram buyurulub ki, həmin məqamda o ağıl bədəndən çıxır və həmin insan Allahsız qalır. Hər adam özünü tapa bilmir. Özünü tapanda Nizami Gəncəvi, Üzeyir Hacıbəyli, Səttar Bəhlulzadə olursan.

– İnsan özünü tapmaq üçün nə etməlidir?

Aqil Abbas: Oxumalıdır, dünyada nə var, nə yox bilməlidir. Mənə elə gəlir ki, dünyada hər şey oxumaqdan yaranır. Kitab oxumayan insanlar mənim üçün mənasız insanlardır, o insanları heç vaxt sevməmişəm.

İradə Tuncay: Elə ən çətini özünü tanımaqdır. Səhv etmirəmsə, hələ 4-cü sinifdə oxuyanda M.Qorkinin “Dankonun ürəyi” və İ.Turgenevin “Mumu” əsərlərini oxudum. Bu əsərlər mənim içimdə bəşəriyyətin humanizm prinsiplərinin rüşeymini qoydu. Görünür, mənim heyvana olan sevgim də oradan başladı. Mənə elə gəlir ki, heyvanları sevməyən insanlar yaxşı insanlar deyil (gülür).

– Sizin üçün ideal insan obrazı kimdir?

İradə Tuncay: Mənim üçün bəşəriyyətin bu günə qədər yaratdığı ən ideal insan İsa Peyğəmbərdir və bəzən yaxınlığımdakı insanlarda onun zərrələrini görürəm. Atamda, Elçibəydə var idi o, yəni insanlar üçün çarmıxa gedə bilmək bacarığı.

– Səyahət edirsiniz?

İradə Tuncay: Mən gəzməyi sevən bir insanam. Getdiyim ölkələrdə tarixi yerlərə, kilsələrə getməyi, həmçinin onların yeməklərini, necə yaşadıqlarını, nə düşündüklərini öyrənməyi çox xoşlayıram. Məsələn, bir dəfə oğlum yoldaşı ilə birlikdə Vatikanda bir kilsəyə girib, oradan mənə Müqəddəs Pyotr kilsəsinin freskalarından yazırdı. Dedim ki, onu Mikelancelo, Rafael işləyib. O isə “elə istəyərdim ki, sən burda mənim yanımda olasan və mənə bunların tarixini danışasan”, – dedi.

– Getdiyiniz ölkələrdən Sizə doğma gələn hansıdır?

İradə Tuncay: Bilmirəm bu, ölkədəki vəziyyətlə bağlıdır ya yox, amma mən özümü kənarda daha rahat hiss edirəm. O ölkələrdə ki, qanun işləyir, mən orada rahat oluram.

– Bəs azadlıq necə?

İradə Tuncay: Bu mənə mane olmur. Özümün bəlli etdiyim prinsiplər var. Əgər mən o prinsipləri pozmuramsa, başqa adamın mənim haqqımda nə düşündüyü mənə maraqlı deyil.

– Haqsızlığa uğrayan insan görəndə ilk reaksiyanız nə olur?

İradə Tuncay: Gücüm çatanda kömək edirəm, müdafiə edirəm, nə isə onun xeyrinə bir söz deyirəm.

– Sahiblənmə hissi Sizdə daha çoxdur, yoxsa Aqil müəllimdə?

İradə Tuncay: İndi kimdən soruşsanız, deyəcək ki, Aqil müəllim kimi əliaçıq, səxavətli, insanlara kömək edən adam yoxdur. Doğrudan da, onun indiyə kimi kimisə naümid geri göndərdiyini görməmişəm.

Aqil Abbas: Qadın çox böyük qüvvədir. Əgər bir ailəyə qadın sahiblənmədisə, o ailənin sonu olmayacaq. Mənim bəxtim İradə ilə tamamlandı. Onun sahibləndiyi çox şey məni də Aqil Abbas etdi. (İradə xanıma sevgi dolu nəzərlərlə baxması mənə də gözəl və kövrək hisslər yaşadır. İradə xanım da onu dinlədikcə gülümsəyərək dərin düşüncələrə dalır. Sanki ötüb-keçən illər bir film lenti kimi gözlərinin qarşısında canlanır.)

– Sizcə, həyat yaşanaraq öyrənilən məkandır, yoxsa insanın şəxsiyyət olması yaradılışa bağlıdır?

İradə Tuncay: Bunlar topludur və mənə elə gəlir ki, bunları bir-birindən ayırmaq düzgün deyil.

Aqil Abbas: Əgər insan yaşayır, lakin öyrənmirsə, o zaman qazanmaq da mümkün deyil. Söhbət maddi qazancdan getmir. Yəni pul varsa, yaşam var, yaşamda öyrənmək var və öyrənməyin də sonunda qazanc var.

– Axtardığınız nə olub həyatda?

İradə Tuncay: Saflıq, səmimiyyət, sevgi, diqqət, anlayış.

Aqil müəllim də İradə xanımı dinlədikcə simasındakı məmnunluq ifadəsi ilə təsdiqləyir xanımının dediklərini...

– Anlamaq çətindir, yoxsa anlatmaq?

İradə xanımın üzünə xəfif kədər çökür və düşünmədən cavab verir: – Hər ikisi də çətindir. Arif olana bir işarə kifayət edər. Olmayana isə dastan oxusan kar etməz.

Aqil Abbas: Özün hər şeyi anlayırsan, amma qarşındakı insana anlatmaq daha çətindir. Anlatmaq asan olsa, cəmiyyətdə hər şey qüsursuz olardı.

Söhbətimiz doyumsuz olsa da, bəzən hər şeyi dadında və anında tamamlamaq lazım olduğunu bildiyim üçün bu məqamda söhbətə yekun vurmaq istəyirəm...

– Sonda bizim oxucularımıza nə demək istəyərdiniz?

Aqil Abbas: Oxumaq qədər insanı formalaşdıran heç bir şey ola bilməz. Mən xüsusi ilə gənclərimizə üzümü tuturam ki, mütləq oxuyun. Gec olmadan özünüzü formalaşdırın.

İradə Tuncay: Oxuyun! Oxuyun! Oxuyun!(gülür)

Və mən bu ailəyə, hər iki yaradıcı insana təşəkkürümü bildirərək qapıdan çıxıram. Həyətdə bəzi güllər solmuşdu. Sürücümüz həmin güllərin budanmasını Aqil müəllimə deyəndə Aqil Abbas “hə, güllər də xüsusi qulluq istəyir...”, – deyir.

Beləcə, çox xoş təəssüratla həmin döngədəki, həmin evdəki, həmin insanlardan ayrılırıq, düz redaksiyamıza sarı...

P.S. Elə insanlar var ki, onlarla bir dəfə belə söhbət bir ömür unudulmaz xatirəyə çevrilir. Mənim də bu evdəki iki gözəl insanla isti və içdən olan söhbətim daimi yaddaşımda qalacaq bir xatirə səhifəsinə həkk olundu. Həmin gün keçdi... Amma hər zaman və dönə-dönə “Gün keçdi”yə baxmaq mənə xoş olacaq.

Gülnar MAYİSQIZI

Yazı “Naşir” jurnalının 3-cü sayında dərc olunub.

 





10.08.2013    çap et  çap et