525.Az

Foto müəllifindir


 

Foto müəllifindir<b style="color:red"></b>

Dünyanın ən tanınmış fotoqraflarından biri, “National Geographic”in əməkdaşı Rza Diqqəti iftar süfrəsində qonağımız idi. Bu günlərdə Azərbaycanda Ramazan atmosferini əks etdirən şəkillər çəkən məşhur fotoqraf Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə bizə də gəlmişdi. Rza bəy ilə birgə komitənin əməkdaşı Əli bəy də  iftara qatılırdı. Əslində qonaqlarımız gələndə qısa müddət oturacaqlarını, çəkilişdən sonra gedəcəklərini söyləmişdilər. Rza bəygili yola salanda gecə saat 3 olardı. Həmsöhbətimiz o qədər maraqlı insan idi ki, vaxt necə gəldi, necə keçdi, heç özümüz də bilmədik. O, müxtəlif ölkələrdə başına gələn hadisələrdən, çəkdiyi şəkillərdən danışdı. Mən şeirlərimdən söylədim. İş elə gətirdi ki, biz Rza bəyin maşında yuxulamış şoferini oyadanda sahur vaxtı çatmışdı. İftardan sonra fotoaparatımızda və zehnimizdə yaranan şəkillərə baxdım. Oxucular üçün həmin şəkillərdən ibarət kiçik bir sərgi düzənlədim. Gərək, məni üzrlü sayasınız. Üstünüzə sağlıq, bu aralar başım və gözlərim məni yaman incidir. Sizi müşayiət edə bilməyəcəm. Amma siz Allah, elə bil öz evinizdə, yəni öz sərginizdəsiniz. Buyurun... Qoy, bunu da deyim, lap yadımdan çıxmışdı, istədiyiniz fotodan başlaya bilərsiniz.

lll

1-ci foto

“Facebook”, “Twitter”, “Instagram”... Şəkillərə açıqlama, şərh yazmaq, adamları işarələmək, onları kəsmək, “Photoshop” ilə insanların üzünün tərini silmək, heç biri yox idi! Bizim evdə qırmızı albomlar var idi. Albomun səhifələrinə yapışdırılmış şəkillərin altında tarix, bir-iki cümlə və hətta şeir yazılmışdı. Şəkillərin bəziləri ağ-qara, bəziləri “qırmızı” idi. Mən uşaq olanda elə bilirdim ki, keçmişdə günəş olmayıb. Ona görə də o dövrün şəkilləri ağ-qaradır. Sonra isə günəş çıxıb. Şəkillər də, adamlar da“qırmızılaşıblar”. Mən balaca olanda ən gözəl şəkillərimiz yanıb deyə anam pis olardı. Elə bilirdim, bu şəkilləri günəş yandırıb. Onu da deyim ki, bu şəkil məsələsinə görə bir dəfə yaman məyus olmuşdum. Evimizin yanındakı uşaq bağçasında məcburi köçkünlər məskunlaşmışdılar. Ən yaxın dostum – məndən bir neçə yaş böyük kəlbəcərli qız da ailəsi ilə birlikdə burada yaşayırdı. Bir gün dostum mənə gizlincə ağ-qara bir ailə fotosu göstərdi: “Bax bu Məhəmməd peyğəmbərdir, bu İmam Əlidir, Fatimə xanımdır, bunlar da Həsən və Hüseyn. Heç kim görməyib ha şəkilləri! Nəbadə kiməsə deyəsən...” Peyğəmbərin şəklini gördüyüm üçün heç cürə bağışlaya bilmirdim özümü.

2-ci foto

“Uşaq vaxtı bizlərdə də bundan hazırlayardılar. Sevdiyim şorbadır” – Rza bəy toyuq şorbasından bir-iki qaşıq aldı. Gözü atam ilə anamın Kəbədə çəkilmiş şəklinə ilişdi. Məkkədə apardığı çəkilişdən danışdı. Rza bəy necə də səmimi idi: “Havadan şəkillər çəkmək üçün kraldan vertolyot istədim. Düz bir həftə vertolyot yiyəsi olmuşam ha!” O, Həcc ziyarəti ilə bağlı bir əhvalat da danışdı: “Olmuş hadisədir. Uşaq vaxtı bizə danışardılar. Mənim ulu babalarımdan biri Həccə gedirmiş. O vaxtı ziyarətə 6 aya gedirmişlər. Kişi hamı ilə görüşüb halallaşıb. Anası oğlundan gələndə ona Şamdan yaylıq almasını xahiş edib. Kişi yola düzəlib. Heç iki-üç ay keçməmiş, bir də görüblər ki, babam qayıtdı. Soruşublar, nə məsələdir? Anasına deyib ki, sən məndən yaylıq istəmişdin. Ölüm var, itim var. Dedim birinci sənə yaylığı çatdırım. Sonra ziyarətə gedim. Yoxsa, fikrim yaylığın yanında qalacaqdı”.

3-cü foto

Kiçik qardaşım Mirrəsul yeni aldığı fotoaparatının fokusunu düzəltməyə çalışırdı ki, bizim Rza bəylə ailəcə şəklimizi çəksin. Bacarmadığını görüb qonağımıza müraciət elədi: “Rza müəllim, deyirəm, bəlkə sizin başınız çıxa bu fotoaparatdan? Bəlkə bir baxasınız...” Dünya şöhrətli fotoqraf – Rza Diqqəti gülümsədi: “Mirrəsul, açığı, bir az başım çıxır, ver baxım hələ”.

4-cü foto

Diqqəti iftar boyunca və iftardan sonra fotoaparatı ilə bir çox şəkillər çəkdi. Birdən mənə elə gəldi ki, Rza bəy snayperdir. Boynundan asdığı makina da onun silahıdır. O nişan alır, düyməni sıxır, flaş və... Bu fikirlər haradan gəlir axı mənim ağlıma! Yəqin orucluqdandır, bütün günü ac-susuz qalmaq məni lap birtəhər eləyib e! Lənət sənə kor şeytan! Yox, amma bir şeyi deyim ki, Rza Diqqəti çox silahlını, bombalını, lap elə tanklını dişinə vurmuş adamdır. Soyqırımlarından, müharibələrdən, teraktlardan foto-reportajlar hazırlayıb.

Qərəbağı (Rza bəy “Qarabağ” sözünü belə tələffüz edir), Yanvarı, Xocalı Soyqırımını, Qarabağ həqiqətlərini dünyaya çatdıran insandır Diqqəti! Əslən Ərdəbilli olsa da, Təbrizdə anadan olub məşhur fotoqraf.

“Yox, baba, bu mollalar İranı basandan gedib-gəlişim yoxdur. Düzü heç, şah ilə də yola getmirdim. Üç il məhbəsdə saxladı məni. Otuz ildir, Fransada yaşayıram. Hə, uşaqlar var. Sağ ol, Seyid. Oğlanın adı Azaddır, qızın Canan. Əlbəttə, azərbaycanlı adlarıdır. Yox, niyə pis oluram? Təbrizə gedə bilmirəm, Bakıya gəlirəm. Yurdun güneyi Vətəndir, quzeyi məmləkət deyil?”

Rza bəyin Azərbaycanda sevənləri, qonaq aparanları çoxdur. Ancaq o, ölkənin məşhur restoranlarının, istirahət mərkəzlərinin yox, cəbhə kəndlərinin, 20 il öncə “yeddi” mərasimində iştirak etdiyi şəhidlərinin, qaçqın düşərgələrinin, geyindiyi oğlan paltarından məmləkət iyi gələn qız uşaqlarının adlarını əzbər bilir.

5-ci foto

“Qərəbağda çəkdiyim fotolardan Parisdə sərgi açmışdım. Ərmənilər sərgiyə hücum elədilər. Şəkilləri cırdılar. Hə, bu oğru erməniləri az yandırmamışam” – Rza Diqqəti CNN-dəki Qarabağ ilə bağlı çıxışını göstərir – “Pəs, bir dəfə bu ərmənilərin Fransadakı səfiri mənə zəng elədi. Dedi, Rza bəy, vaxtınız olsa, sizinlə görüşmək arzusundayam. Xahiş edirəm, sözümü yerə salmayın. Məni Parisin ən bahalı restoranlarından birinə dəvət elədi. Bilirdim ki, ora giriş üçün “dress code” var. Mən də qəsdən ona uymadım. Restoranın qabağında gördüm səfiri. Girəndə buna dedilər ki, qonağınız “dress code”a uyğun geyinməyib. Baba, bu özünü ora vurur, bura vurur, bilmir, neynəsin. Mən də kənarda dayanıb dodaq altından gülürəm. Deyirəm ki, sən səfir adamsan, elə bildim, məni keçirdə biləssən. Zərər yox, gedək, mən səni ayrı restorana aparım. Hə, qiyamət idi! Bu qızarır, bozarır, heç nə eləyə bilmirdi. Axırda restorandan mənim kim olduğumu bildilər, bizi buraxdılar. Deməli, ordan-burdan danışır. Baba, mən bilirəm, axı, bunun qarnının qurdu nədi. Yaxşı ki, sözü elə özü açdı, dedi, Rza müəllim, dünyanın ən məşhur insanlarındansınız. Sizin ölkə ilə İranla bizim heç bir problemimiz yoxdur, axı. Prezidentlərimiz ağız-ağıza öpüşürlər – gülür, – xalqlarımız da ki dostdur, niyə belə işlər görürsünüz, bəs? Hə, Seyid, gördü, alınmır, keçdi “diplomatik” təhdidə. Dedi, bilirsiniz də, Fransada biz güclüyük. Sənə hansısa bir ərməni nəsə eləsə, çox üzülərik-zad. Ölmüşdü Rza, dedim, ayə, mənim Qərəbağ şəkillərimin çoxu hələ durur. Əmniyyətli yerə qoymuşam. Mənə görə heç narahat olma, ölsəm də onları üzə çıxardacaqlar. Hə, suyu süzülə-süzülə getdi”- ürəkdən gülür.

6-cı foto

Rza bəy kimi dəyərli bir həmsöhbətdən doymaq olmurdu. Yasər Ərəfatın, Səudiyyə Ərəbistanının kralının və digər onlarla məşhur insanların həmsöhbəti olmuş Diqqəti indi bizim “Vasmoy”dakı kiçik evimizdə oturmuşdu. Çay stəkanı dolur, boşalırdı. Rza bəyin çay içməyini görmək onun əsl azərbaycanlı olduğuna and içməyə kifayət edərdi. O çaydan udumlayıb boğazını arıtladı: “Rusiyada idik. Küçədə bir bomj gördüm. Sinəsindəki şəkil, hə, nə deyirlər buna... Tatu, tatu, tatuaj deyirsiniz də mən bilən... Tatuaj mənə maraqlı gəldi. Şəklini çəkmək istədim. Tərcüməçimlə ona yaxınlaşdıq. “Salam. Necəsiniz? Mənim adım Rzadır. Sizin adınız nədir?” Tərcüməçiyə dedim ki, di, tərcümə elə. Bomj ağlamağa başladı. Fikirləşdim ki, görən bu zalım nə tərcümə elədi ki, camaatı belə ağlatdı. Dedi ki, yox, vallah, düz tərcümə eləmişəm.  Sadəcə bomj deyir ki, neçə ildir küçədə yaşayıram, mənə sədəqə verən olub. Amma heç kim salam verməyib. Heç kim adımı soruşmayıb...”

7-ci foto

Rza bəy Srebrenitsa qətliamı ilə də bağlı fotolar çəkib. Hadisələrin qızğın vaxtında foto-jurnalist kimi məlum bölgəyə yola düşüb.

“Bölgə serblər tərəfindən mühasirəyə alınmışdı. Mənim və digər jurnalist yoldaşlarımın sənədlərini yoxladılar. Dostlarımın sənədlərini təhvil verdilər. Məni isə dəstədən ayırıb məntəqəyə apardılar. Serb hərbçisi tapançasını çıxarıb başıma dirədi:

– Müsəlmansan? – Dedim, hə, müsəlmanam. Səsinin yoğun yerinə salıb bağırmağa başladı – Diz çök, diz çök, mənə yalvar ki, səni öldürməyim...

Bərkdən güldüm:

– Ə, bu nəmənədi ki sən məni bunnan qorxudursan?! Qulağını aç, yaxşı eşit! Mən Allahdan başqa heç kimin qabağında diz çökmərəm. Öldür, öldür də... Yox bir, tapançana görə sənə yalvaracam...

Hərbçinin əlləri əsirdi. Zırımağa başladı:

– Diz çök, diz çök də... Axı, sən niyə yalvarmırsan?

– Vallah, alınası iş deyil, öldürsən də yalvaran deyiləm...”

Belə, bir neçə foto və Rza Diqqəti. Mən onu tanıdığım üçün özümü, həqiqətən, çox xoşbəxt sayıram. Allah onu millətimizə çox görməsin!

 





11.08.2013    çap et  çap et