525.Az

"Füyuzat"ın başqa bir müəllifi- Əhməd Kamal


 

"Füyuzat"ın başqa bir müəllifi- <b style="color:red">Əhməd Kamal</b>

Aradan üç il keçəndən sonra 1908-ci ilin iyul günlərində yaşadığı hissləri yada salaraq yazırdı:  “Məşrutiyyətimizin istirdad və ilan olunduğunu  istibşar etdiyim zaman Kafkasiyada, Bakıda bulunuyordum. Bu müjdəni şübhəli sevinclər içində qəzetə teleqraflarından aldım. On Temmuz iydi-mübarəkini bizi kəndilərindən az sevməyən Kavkasiyalılarla icra etdik. Fəqət nə yalan söyləyim, bən bu məşrutiyyətin bir məşrutiyyəti-həqiqiyyə, daha doğrusu, bir məşrutiyyəti-salimə olacağına vicdanımın aldanmaq arzu və ehtiyacına rəğmən inanmıyordum”.

Bəlli bir inciklik hissləri yaşamasına baxmayaraq Əhməd Kamal 1908-ci ilin sonunda İstanbula dönmüşdü. Dostlarının yardımı ilə artıq Tələt Paşa kimi tanınan gələcək Triumvirat üzvü Tələt bəylə görüşmüşdü. “Gənc türklərin” liderlərindən biri “məşrutiyyətdə sənin çox haqqın vardır” – deyə ünvanına tərif yağdırdıqdan sonra ona yenidən Bakıya qayıdıb Qafqaz türkləri  arasında Rusiya əleyhinə “beşinci dəstə” yaratmağı təklif etmişdi. Kamalın “Siz rusların Türkiyə ilə bağlı nöqteyi-nəzərinə müxalif dövlətlərin müdaxiləsini təmin etməsəniz Kafkasiyada vüqua gətiriləcək üç-beş günlük hərəkat Türkiyə ilə bərabər qafqaziyalıları da eyni aqibətə sürükləməkdən başqa bir nəticə verməz” – sözlərinə ciddi yanaşan olmamışdı. Söhbətin iştirakçılarından Cavid bəy “O cəhətə maraq etmə. Bakıya dön, fikirləri hazırlamağa çalış. Biz sənə lazım olan hər şeyi (para, silah) göndərəcəyik. Sən gələcək arkadaşlara rəhbərlik et!”- demişdi.

Beləliklə, Əhməd Kamal yenidən Azərbaycana qayıdaraq Balaxanı məktəbindəki işini davam etdirməli olmuşdu. Etirafına görə, Osmanlı türkcəsinin yayılması baxımından uğurları daha da çoxalmışdı: “Xalq ilə artıq osmanlıca-azərbaycanca arasında bir lisanla konuşuyorduq”. Onun 1910-cu ildə Bakıda çap olunan “Füyuzati-qiraət” kitabı da eyni məqsədə xidmət edirdi. Bir sıra qəzetlərin, eləcə də “Molla Nəsrəddin” jurnalının haqqında xəbər verdiyi bu kitabın naşiri Baxış Əhmədov idi. Kitabın yarımbaşlığında onun “Balaxanı cəmaəti-müslimin məktəb dərslərində” keçilən materiallar əsasında tərtib edildiyi bildirilirdi.

Əvvəldə də qeyd etdiyim kimi, Əhməd Kamal Bakıda dil uğrunda mübarizəsinin əsas hədəfini Azərbaycan türkcəsini rus – fars təsirindən qorunması və mümkün qədər Osmanlı türkcəsinə yaxınlaşdırılması şəklində müəyyən etmişdi. Həm də dil məsələsində xüsusi ardıcıllığı və prinsipiallığı ilə seçilirdi. “Hüseynzadə Əli bəy” kitabının müəllifi professor Əli Heydər Bayat türk qəzetçisinin bu istiqamətdəki fəaliyyəti ilə bağlı səciyyəvi misal gətirir. Əli bəy Hüseynzadənin təşəbbüsü ilə 1907-ci ildə Bakıda “Səadət” məktəbi açılanda binanın giriş qapısına “Məktəbxana” yazılmış lövhə vurulmuşdu. Əhməd Kamal belə bir ad daşıyan təhsil ocağının türklər üçün maarif yox, cəhalət yuvası olacağını yazıb əhalini İran təsiri yayan “məktəbxanaya” şagird verməməyə çağırmışdı. Bakı qoçularına yaxınlığı ilə tanınan məktəb xadimlərindən bir nəfər ona arı yuvasına çöp uzatmamağı məsləhət görmüşdü. Cavab ləngiməmişdi. Əhməd Kamal “Mən qəsdən çöp uzadıram. İçəridəkilərin bal arısı, yoxsa eşşək arısı olduqlarını bilmək istəyirəm ”- demişdi. Yalnız bundan sonra lövhə dəyişdirilərək yenisi ilə əvəz edilmişdi.

Əhməd Kamal müəllimliklə bir sırada Bakının mətbuat həyatında da fəal çalışırdı. 1910-1911-ci illərdə “Günəş” qəzetinin (cəmi sayı 121)  baş redaktoru olmuşdu. Kitab maqnatları – Orucov qardaşlarının naşirliyi ilə çıxan qəzetdə baş redaktorla bir sırada Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Qafur Rəşad, Abdulla bəy Divanbəyoğlu kimi tanınmış azərbaycanlı müəlliflərin əsərləri çap edilmişdi.

Eyni illərdə o, həm də “Füyuzat” ənənələrini davam etdirməyə çalışan, gənc Azərbaycan milli burjuaziyasının maraqlarının ifadəçisi kimi tanınan həftəlik ədəbi-bədii və ictimai-siyasi illüstrasiyalı məcmuənin – “Yeni füyuzat”ın baş redaktoru idi. Naşir və məsul redaktoru Əlipaşa Hüseynzadə (Səbur) olan bu jurnalda Əhməd Kamalın şeir və məqalələri Sabir, Abdulla Şaiq, Əliqulu Qəmküsar, Əlabbas Müznib, Axund Yusif Talıbzadə, Əli Səbri, Məmməd Sadıq Axundov və s. tanınmış müəlliflərin əsərləri ilə bir sırada nəşr olunmuşdu.

Mirzə Ələkbər Sabirin “Düşdü bütün qəzetlər qiymətdən ay can, ay can” satirasının yazılmasının səbəbkarlarından biri də Əhməd Kamal sayıla bilər. Novruz bayramı ərəfəsində, 1911-ci il martın 19-da Bakı polisi tərəfindən qəzet redaktorları arasında aparılan həbslər və nəticədə bəzi mətbuat orqanlarının fəaliyyətini dayandırması həmin şeirin yaranmasına mövzu vermişdi. “Bir gecə teatrdan dönmüş və hənuz yatmışdım, – deyə Əhməd Kamal aradan 40 il keçəndən sonra həyatını dəyişən həbsin tarixçəsini xatırlayaraq yazırdı: – Yalnız işğal etdiyim kiçik bir dairənin qapısı çalındı. Açdım. On polislə dairəm basılmışdı. Dərhal Bakıdan xeyli uzaq olan Bayıl həbsxanasına götürüldüm və içəri atıldım. Məgər məndən əvvəl bütün qəzetəçi arkadaşlarımı da toplamışlar”.

Polis basqını nəticəsində “Yeni füyuzat”, “Şəhabi-saqub”, “Səda” və “Yeni həqiqət” kimi nəşrlərin fəaliyyəti dayandırılmış, onların naşir və redaktorlarından Əhməd Kamal, Əli Paşa Hüseynzadə (Səbur), Haşım bəy Vəzirov, Əlabbas Müznib, Məhəmməd Sadıq, Cəfər Bünyadzadə və b. həbsə alınmışdılar. Bakıda baş verən  hadisə, xüsusən də Osmanlı təbəəsi Əhməd Kamalın həbsi türk mətbuatının diqqətindən yayınmamışdı. İstanbulda çıxan “Tənin” qəzeti özünün 31 mart 1911-ci il sayında bu barədə məlumat yaymışdı.

Həmin dövrdə İstanbulda yaşayan və adı çəkilən qəzetdə Şərq dilləri mütərcimi vəzifəsində çalışan görkəmli şairimiz Məhəmməd Hadi “Kafkasiya xatiratı” adlı məqaləsində (“Tənin”, 15 aprel 1911-ci il) türk ictimaiyyətinin diqqətini Əhməd Kamalın həbsinə yönəldərək aşağıdakı sətirləri yazmışdı: “Tam bu parlaq, bu əməlfüruzi-istiqbal olan zamanlarda idi. Əli bəyin təhti-müdiriyyətində bu gün ancaq namı yaşayan “Füyuzat” məcmueyi-ədəbiyyəsi nəşr olunurdu. Naçiz də heyrəti-təhririyyəyə daxil idim. Təsadüf bizə hür fikirli bir qələm arkadaşı göndərmişdi. O, şimdi zindani-əsarətdə yaşayır – Əhməd Kamal. Bu arkadaş da bizimlə birlikdə çalışır, məhsuli-fikriyyəsini əvraqi-“Füyuzat”a nəşr edirdi. Badehu, Bakı qəryələrindən olan Balaxanıda millət tərəfindən güşad edilən məktəbə müdir təyin olunaraq iki sənə ərzində əhalini məmnun edəcək müvəffəqiyyətlər göstərdi. Bir çox münəvvər dimağlar yetişdirdi. Aqibət bu məktəbə də sair məkatibi-islamiyyə kimi şayani-tətil görüldü. Bağlandı. Məktəbin tətilindən sonra ərbabi-şəbabın arzusuyla son zamanlar tətil edilən “Yeni füyuzat” məcmuəsinin sərmühərrirliyində bulunurdu. Şimdi arayişi-zindani-əsarətdir”.

“Kafkasiya xatiratı” qələm dostunun həbsi ilə bağlı Məhəmməd Hadinin türk mətbuatında çap olunan ikinci məqaləsi idi. Bundan əvvəl də İstanbul mətbuatında Bakıda qəzetlərin bağlanmasından və redaktorların həbsindən  yazmışdı. Şair bu yolla həyəcan təbili çalır, hökuməti, ilk növbədə isə “gənc türklərin” liderlərini Rusiyada zindana atılmış əqidə dostlarının taleyinə laqeyd qalmamağa səsləyirdi.

Bakı polisinin milli mətbuata hücumu arxasında siyasi motivlər dayanırdı. Lakin Mirzə Bala Məmmədzadə, ardınca isə M.Kayahan Özgül türk maarif xadimi və qəzetçisinin Bakıdakı həbsini sonralar Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında “İttihad” fraksiyasına rəhbərlik etmiş doktor Qara bəy Qarabəyovun xəyanəti ilə əlaqələndirirlər. Onların iddiasına görə, Qarabəyov “İttihad və Tərəqqi” partiyasının Əhməd Kamala çatdırmaq üçün verdiyi pulları xərcləmiş, işdən xəbər tutan partiya funksionerlərinin təzyiqlərdən canını qurtarmaq üçün vəsaitin çatmayan hissəsini ailəsinin ödəyəcəyini bildirmişdi. Bu yolla Osmanlı hüdudlarından çıxmaq imkanı qazanmış, o biri tərəfdən isə Qafqaz canilini İ.İ.Vorontsov-Daşkova gizli məktubla müraciət edərək “gənc türklərin”  Azərbaycandakı planları ilə bağlı əlində vacib sənədlərin olduğunu xəbər vermişdi. Beləliklə, ruslar tərəfdən də sərhəddi maneəsiz keçməsinə şərait yaradılmış, təqdim etdiyi materiallar əsasında bir sıra şəxslər, o cümlədən Əhməd Kamal həbsə atılmışdı.

Bu məlumatın həqiqətə uyğunluğu müəyyən şübhələr doğurur. Çünki həbs edilən təkcə Əhməd Kamal deyildi. Onunla birlikdə milli mətbuatın Haşım bəy Vəzirov, Əlabbas Müznib kimi tanınmış simaları da saxlanmışdı. Həm də birinci dəfə yox! 1906-cı ildən sonra çar xəfiyyəsi əsasən Qafqaz Senzura Komitəsinin erməni əsilli senzorlarının təlqini ilə Azərbaycan qəzetlərini panislamizm və pantürkizm təbliğatının əsas qaynaqlarından biri kimi daim diqqət mərkəzində saxlayır, ara-sıra profilaktiki dindirmə və həbslər keçirirdilər. 1911-ci il martın 19-da  bu ənənəvi iş sadəcə daha geniş miqyasda görülmüşdü. Nəhayət, nəzərə almaq lazımdır ki, polisin özünün də Bakıda agentura şəbəkəsi vardı.

Əhməd Kamalın həbs müddəti müxtəlif mənbələrdə fərqli şəkildə göstərilir. M.Kayahan Özgül onun martın 19-dan  avqustun 12-nə qədər həbsdə qaldığını yazır. Qəzetçi özü Bayılda qələmə aldığı “Şaka” şeirinə qeyddə “altı bucuq ay sürən məhbəs həyatı” (təxminən 19 mart – 3 oktyabr) haqqında danışır. Əslində isə, aşağıda da görəcəyimiz kimi, türk qəzetçi həbsdə dörd aydan çox qalmamışdı. Ümumiyyətlə, macəraçı təbiətə malik olan Əhməd Kamal xatirələrində həbsi ətrafında sirli bir halə yaratmağa çalışmışdır. Edam cəzasına məhkum olunması, xalqın hücum çəkib onu həbsxanadan qaçırmaması üçün saxlama yerlərinin tez-tez dəyişdirilməsi və s. bu qəbildəndir. Əslində haqqında hər hansı bir  məhkəmə hökmü çıxarılmaması daha ağlabatandır.

Mövcud faktların və tarixlərin müqayisəsindən aydın olur ki, Əhməd Kamal  iyunun sonlarında Bayıl həbsxanasından Tiflisə aparılmışdı. Təxminən iyulun ortalarına qədər burada saxlandıqdan sonra Batumidə Trabzon valisi, Atatürk hökumətinin gələcək xarici işlər naziri Bəkir Sami bəyə təhvil verilmişdi. Azadlığa qovuşmasında köhnə dostu, Məclisi-Məbusan üzvü İsmayıl Haqqı Paşanın rolu olmuşdu. O, Məclisdəkı çıxışında Rusiyada yerli türklərə qarşı yürüdülən ayrı-seçkilik siyasətindən bəhs etdikdən sonra bir Osmanlı təbəəsinin – qəzetçi Əhməd Kamalın həbsi məsələsinə toxunaraq demişdi: “Bu Əhməd Kamal namındakı zatı şəxsən tanırım. Darüşşəfəq məzunlarındandır və burada aləmi-mətbuatımıza da məlumdur. Xüsusilə bundan dörd-beş sənə əvvəl İrana getdiyim zaman Kafkasiyada kəndisini görmüşdüm. Orada pək mühüm bir mövqe qazanmış, hörməti-amməyə məzhər olmuş, Kafkas aləmi-mətbuatına qələmi ilə bir çox xidmətlərdə bulunmuşdu. Oylə politika ilə məşğul olan bir adam deyildir”.

Nəticədə dövrün xarici işlər naziri Rifat Paşa Rusiyanın İstanbul səfiri, “türk dostu” kimi tanınan və soyadından göründüyü kimi, mənşəcə özü də böyük ehtimalla türk əsilli olan Nikolay Çarıxova (1855-1930) müraciət etmiş, onun yardımı ilə Əhməd Kamalın Türkiyəyə verilməsinə nail olmuşdu. Beləliklə, narahat qəzetçinin həyatının Azərbaycanla bağlı dövrü  qapanmışdı.

Türk mətbuatı səhifələrində köhnə dostunun təhlükəli macəralardan sonra  qayıdışını ilk xəbər verən isə sədaqətli Məhəmməd Hadi idi. “Tərəqqi” qəzetinin 25 iyul 1911-ci il sayında çap etdirdiyi “Əhməd Kamalın vətənə əziməti” məqaləsində o, yazırdı: “İki sənədən bəri (əslində 4 olmalıdır – V.Q.)  vətənimiz Kafkasiyada iqamət edən, məsaiyi-maarifpərvəranədə bulunan Əhməd Kamal bəy cənabları vətəni-əzizi olan İstanbula bu gün əzimət etdi. Məsləki-müqəddəsi yolunda iki sənə vətən-cüda olaraq pək çox zəhmət və məşəqqətlərə köks gərmiş olan bu zat təsadüfən Bakıya getmiş idi. Gəldiyi gündən bəri ülum və maarifin intişarına və məktəb təsisinə çalışmaqla bulunmuşdu. İştə “Füyuzat”, “İrşad”, “Tərəqqi” cəridələrində yazdığı əşar və məqalələri bunu isbat edəcək dəlaildəndir”.

Bayıl məhbəsində keçən aylar Əhməd Kamal üçün yaradıcılıq baxımından məhsuldar olmuşdu. Burada o, bir sıra orijinal əsərlərini yazmış, yaxşı bildiyi fransız və Bakıda öyrəndiyi rus dilindən bir sıra tərcümələr (Lafontenin və Lermontovun şeirləri) etmiş, ayrı-ayrı Molla Nəsrəddin lətifələrini və ibrətamiz xalq hekayələrini nəzmə çəkmişdi. Zindan həyatı  iddialı türk qəzetçisinin yalnız davranış tərzini deyil, əsərlərinin dilini və mövzusunu da əsaslı şəkildə dəyişdirmişdi. Əhməd Kamal dekadansdan realist şeirə keçmişdi. Poetik dilindəki ərəb-fars tərkibləri əhəmiyyətli dərəcədə azalmış, üslubu sadələşmişdi.

Bir məqamı da qeyd etmək istərdim. Xatirələrindən məlum olur ki, Tiflis həbsxanasında saxlandığı müddətdə “Molla Nəsrəddin” redaksiyası Əhməd Kamalla maraqlanmış, oxuması üçün məcmuə və kitablar göndərmişdi. Jurnalların birində o, ilk dəfə Ziya Göyalpın “Sənət” və “Turan” şeirlərini görmüşdü. Türklüyün yalnız keçmişin möhtəşəm xatirələri ilə deyil, daha çox bu günlə yaşamasının vacibliyini vurğulayan “Şaka” (“Zarafat”) şeirini də həmin mütaliədən təsirlənərək yazmışdı:

  

Ey Türk oğlu, bu ölkədir vətənin

Toros, Altay, Qızılirmaq, Ceyhunun!

Geri baxma! Sür atını irəli!

Dədəsilə öyünəməz bir torun!

  

Dədələrin sözləriylə yaşamaq-

Məzarlıqda uyumaqdır bunu bil!

Bu ölkədir məzarlığın, beşiyin,

Sənə Vətən bu ölkədir, o deyil!

  

İstanbula qayıdışında Əhməd Ağaoğlu vasitəsi ilə tanış olduğu Ziya Göyalpdan şeiri haqda bu sözləri eşitmişdi: “Ağabəy! Bənim içimdə bir şey var. Bana çox bərk sarılmış. Bən onu ifadə edəmiyorum, çünki hənuz tamamilə yüzünü görəmiyorum. Sənin şakaların bənim gözümlə onun yüzü arasında bir kibrit çəkdi”.

AZƏRBAYCANLILARDAN SEVGİ, AZƏRBAYCANA ETİNASIZLIQ      

Əvvəldə də qeyd olunduğu kimi, Əhməd Kamal həyatının çətin dönəmində Azərbaycana “gündəlik ruzi” ardınca gəlməsinə baxmayaraq qısa müddət ərzində cəmiyyətdə özünə yer tapmış, nüfuz qazana  bilmişdi. Təbii ki, bu türk qəzetçisinin şəxsi məziyyətlərindən daha çox xalqımızın qonaqpərvərliyi və qədirbilənliyi ilə bağlı idi. Onunla birlikdə Bakıda pedaqoji sahədə çalışmış həmvətəni, müəllim Cövdət – Məhəmməd Cövdət İnancalp (1883-1935) həmin dövrdə Azərbaycanın ən görkəmli şəxsiyyətinin – Hacı Zeynalabdin Tağıyevin türk qəzetçiyə ehtiramından bəhs edərkən yazırdı ki, “bir hökmdar sarayı kimi böyük və o nisbətdə təşrifata tabe mülkünə getdiyimiz zaman Tağıyev bəndəni və Əhməd Kamalı hər kəsə tərcihən və təqdimən yanına çağırır, əlini öpdürür və dizinin dibində oturdurdu”.

Hacı Zeynalabdinin ölümü münasibəti ilə 1925-ci ildə “İctihad” məcmuəsində (1 aprel 1925, sayı 177) “Sahibül-xeyrat Hacı Zeynalabdin mərhum” adlı məqalə çap etdirən müəllim Cövdət burada da “millət atasının” Türkiyədən dəvət olunanlara xoş münasibətini xatırlayaraq: “O vaxta qədər Bakı ilə İstanbul arasında heç bir nevi münasibəti-fikriyyə və elmiyyə yoxdu. Bu münasibəti ilk dəfə vücuda gətirən Hüseynzadə Əli bəy, fəqir və şair Əhməd Kamal bəydir. Hər üçümüzü də himayə edən mərhum Hacı idi” – yazmışdı.

İstanbula döndükdən sonra da o, azərbaycanlılardan eyni diqqət və hörmət görmüşdü. Bakılı tələbələrin nəşr etdikləri “Mahtab” məcmuəsi onu “türk üdəbasının ən güzidələrindən biri” adlandıraraq “Kafkasiyadakı nəşriyyati-intibah- pərvəranəsindən dolayı Rusiya hökuməti-zaliməsi tərəfindən” həbsə atılmasını türk birliyi və azadlıq uğrunda mübarizənin parlaq səhifəsi adlandırmışdı. Məcmuə “ustad” deyə müraciət etdiyi Əhməd Kamalı mübarizəni gələcəkdə daha da əzmlə davam etdirmək üçün baş redaktor olmağa, artıq Bakıdan yaxşı tanıdığı azərbaycanlı gənclərlə əlbir çalışmağa çağırmışdı. Lakin təklif qəbul edilməmişdi.

“Bir az da mən” adlı şeiri çap olunanda Əli bəy Hüseynzadə Salonikdən göndərdiyi 21 noyabr 1911-ci il tarixli kiçik məktubunda müəllifi təbrik edərək yazmışdı: “Bir az da mən”i kəmali-zövq və ləzzətlə oxudum. Böylə “bir azlar” çoxaldıqca bir çox qeylü qallar həll olunar”. Yaradıcılığına eyni diqqətli və həssas münasibəti Əhməd Ağaoğlundan da görmüşdü.

Azərbaycanın başqa bir görkəmli şəxsiyyəti – Məmməd Əmin Rəsulzadə Əhməd Kamalın milli mətbuatımız qarşısındakı xidmətlərini qədirşünaslıqla qiymətləndirmişdi. 1928-ci ildə İstanbulda nəşr olunan “Azərbaycan Cümhuriyyəti” əsərindən götürülmüş aşağıdakı sətirlər bunu bir daha sübut edir:  “Hüseynzadə Əli bəy tərəfindən təsis olunub Əhməd Kamal bəy kimi jon türk mühərrirlərin təhrir müavinəti ilə çıxan ədəbi “Füyuzat” məcmuəsi Kafkasiya mühitində yeni bir zövqi-ədəbi tərbiyə edir, azəri türkcəsinin qərbləşməsinə şaik oluyordu”.

Əhməd Kamal Bayıl həbsxanasında “Müsavat” partiyasının qurucularından biri, Məmməd Əminin ən yaxın silahdaşı Abbasqulu Kazımzadə ilə eyni kamerada cəza çəkmişdi. Və təbii ki, istər onun, istərsə də ətrafındakı digər azərbaycanlıların yardımlarından faydalanmış, himayələrini hiss etmişdi. Amma İstanbula döndükdən sonra onu axtaran, soraqlayan yenə də Abbasqulu bəy olmuşdu. Bunu Bakıdan “Tənin” qəzeti redaksiyasına göndərilən aşağıdakı məktub da sübut edir. “Əfəndim Əhməd Kamal, – deyə A. Kazımzadə yazırdı: – Dörd dəfə sizə məktub yazıb cavabınıza nail olmamışam. İki dəfə məktubu “Tənin” qəzetəsinə göndərmişəm, sizə versinlər əfəndim. Bizim həbsxanada danışdıqlarımız böyləmi oldu, əfəndim? Hər halda yoldaşlarımız sizdən müəyyən vaxtlarda məktub almağa müntəzir olurlar. Əcələ məktub yazın. Sonra müfəssəl yazarız”.

Gətirdiyim bütün bu misallar istər həyatının Bakı dövründə, istərsə də sonralar həmvətənlərimizin Əhməd Kamala nə qədər diqqət və ehtiramla yanaşdıqlarını ortaya qoyur. Və bütün bunların qarşılığında onun ömrünün sonuna qədər atəşin Azərbaycan təəssübkeşi kimi qalacağını  düşünməyə əsas verir. Amma belə olmamışdı. Məmləkətimiz həyatının nə faciəli, nə də möhtəşəm günlərini yaşayanda Əhməd Kamalın səsi eşidilməmişdi. Əksinə, Azərbaycanla bağlı məsələlərdə anlaşılmaz bir etinasızlıq nümayiş etdirmişdi.

Fikrimi bəzi konkret misallarla əsaslandırmağa çalışacağam. Tanınmış türk tarixçisi Osman Nuri Ergün (1883-1961) yuxarıda adını çəkdiyim Mehmet Cövdət İnancalp haqqında “Müəllim Cövdət: həyatı, əsərləri, kitabxanası” tədqiqatı üzərində işləyərkən Əhməd Kamala “Həyatınızın Bakı dövrü? Azərbaycanlılar haqqında qənaətiniz nədir?” sualları ilə müraciət etsə də, cavab ala bilməmişdi. Əslində onun ölkəmiz və xalqımız haqqında obyektiv, xeyirxah sözünə ehtiyac vardı...

1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətinin süqutu nəticəsində Əhməd Kamalın Bakıdan yaxşı tanıdığı, hətta əqidə yoldaşı sayılacaq bir sıra şəxslər mühacir kimi Türkiyəyə sığınmalı olmuşdular. Onlardan birinin – artıq İldeniz soyadını qəbul etmiş Abbasqulu Kazımzadənin keçmiş kamera qonşusu ilə əlaqə yaratmaq cəhdləri 25 il əvvəldəki kimi sonralar da uğursuzluqla nəticələnmişdi. 1936-cı il dekabrın 30-da İldəniz-Kazımzadə qısa bir kağızla əski münasibətləri təzələmək istəmişdi: “Pək Möhtərəm Əhməd Kamal bəy! Dün möhtərəm məktubçu Osman Bəyəfəndidən zati-alinizin adresini bir təsadüf olaraq öyrəndim. Bu münasibətlə sizin yeni yılbaşınızı kutlamakla kəsbi-şərəf eylərəm. Azərbaycan paytaxtı Bakıda haziran 1911-də Bayıl dustaqxana arkadaşlarınızdan Kazımzadə Abbas İldəniz”. Ancaq bu məktub da cavabsız qalmışdı.

1923-1934-cü illər arasında Türkiyədə “Yeni Kafkasiya”, “Odlu yurd”, “Azəri-Türk”, “Bildiriş”, “Azərbaycan Yurd Bilgisi” kimi qəzet və jurnallar çap olunmuşdu. Xüsusi ilə sonuncu nəşr öz neytral mövqeyi ilə seçilərək başdan-başa dilçilik, tarix, ədəbiyyat, türk xalqlarının ortaq mədəni və mənəvi dəyərləri kimi məsələləri işıqlandırırdı. Bu mətbuat orqanlarına yazanların, orada çalışanların bir çoxunu Əhməd Kamal daha əvvəllərdən tanıyırdı. Amma o dörd ilə yaxın torpağında yaşadığı, üstəlik də kədərli mühacir həyatı keçirən, bir təsəlliyə, xoş söz ehtiyac duyan azərbaycanlılarla təmas qurmağa ehtiyac görməmişdi.

Səbəb nə ola bilərdi? Çox güman ki, bu hər şeydən öncə keçmiş füyuzatçının özünün ağır maddi və mənəvi durumu ilə bağlı idi. Tədqiqatçısı M.Kayahan Özgülün də yazdığı kimi, o, “jon türklük üçün çalışmış, iqtidarı və iqbalı başqaları qapmışdılar, Milli Mücadilə üçün çalışmış, sonunda Beykoz Bələdiyyəsində kiçik məmur olmuşdu”. Uğursuzluq zolağından çıxa bilməməsi, xidmətlərinin müqabilində çox kiçik qazancla kifayətlənməsi sonda Əhməd Kamalın xarakter və psixikasına da təsirsiz qalmamışdı. O, mətbuat mühitindən, ədəbiyyat və siyasət aləmindəki dostlarından uzaqlaşmış, inzivaya çəkilmişdi. Xatirələrini yazmağa başlasa da yarımçıq buraxmışdı. Həyatının sonunda sirroz xəstəliyi ilə mübarizə apararaq hökumətdən aldığı cüzi pensiya ilə güzəranını keçirmişdi. Adı yaddaşlardan silinmiş, hamı tərəfindən unudulmuşdu.

Bu səbəbdən 1942-ci ilin dekabrına təsadüf edən ölümü də yaxınlarından başqa kimsənin diqqətini çəkməmişdi.

Amma maraqlı və ibrətamizdir ki, xatirəsinə sonuncu ehtiram da yurduna döndükdən sonra etinasız yanaşdığı Azərbaycan türkləri tərəfindən göstərilmişdi.

1930-cu ildə İstanbulda türkoloq Əhməd Cəfəroğlunun “Azərbaycan” kitabı çapdan çıxmışdı. Aradan yalnız iki il keçdikdən sonra şairin oğlu Dündar Akünal bu kitabla tanış olmaq imkanı qazanmışdı. Əsərin milli mətbuat tarixindən bəhs edən hissəsində atasının adını tapa bilməyən Dündar alimə ünvanladığı 15 dekabr 1942-ci il tarixli məktubda Azərbaycan türklərinin unutqanlığından, mədəniyyətləri qarşısında xidmət göstərmiş şəxsə etinasız münasibətindən şikayətlənmişdi. Məktubun Əhməd Kamalın həyatdan köçdüyü günlərdə yazıldığına, Dündar Akünalın  atasının şəxsiyyət və yaradıcılığına diqqət çəkmək üçün göstərdiyi bir sıra təşəbbüslərin uğursuzluqla nəticələndiyini, müraciətlərinin cavabsız qaldığını nəzərə alsaq, buradakı hisslərin hansı mənbədən qaynaqlandığını anlamaq çətin deyildir.

Məktuba yeni il qabağı, dekabrın 29-da cavab verən professor Əhməd Cəfəroğlu üzrxahlığını bildirdikdən sonra yazırdı: “Möhtərəm pədərinizin vəfatını məktubunuzdan anladım. Vaxtında xəbərdar edilmiş olsa idim, şübhəsiz, onun yolunda çalışdığı Azərbaycan və azərilər namına tabutu altına girmək şərəfinə nail olardım. Fəqət, mütəəssüf, kimsənin xəbəri olmadı və biz də o möhtərəm və ideal ruhlu azəri inqilabçısını görməkdən məhrum qaldıq. Başınız sağ olsun”. Heç şübhəsiz, bu sözlər vəfatının hətta vətənində kimsənin diqqətini cəlb etmədiyi bir şəxsə Azərbaycan icması adından verilən böyük qiymət idi.

Əhməd Kamalın Bakını tərk etdikdən sonra otuz il ərzində Azərbaycanla qətiyyən maraqlanmamasına baxmayaraq əsl ziyalı mövqeyindən çıxış edən Əhməd Cəfəroğlu hər hansı umu-küsülərə və qarşılıqlı ittihamlarla yer qoymayaraq bir zamanlar ölkəsi üçün çalışmış bu şəxslə yaxından maraqlanmağı həm özünün, həm də soydaşlarının borcu saymış, diqqətsizlikdən dolayı təəssüf və üzrxahlığını bildirmişdi. Eyni zamanda  Türkiyəyə gəldiyi ilk vaxtlardan bir “Azərbaycan dostu” saydığı Əhməd Kamalı daim axtardığını da oğlunun diqqətinə çatdırmışdı: “Azərbaycan” adlı əsərimdə babanıza yer verməməyim, şübhəsiz böyük bir qüsurdur. Onu təlafi etmək mənim üçün bir vicdan borcudur. Daha 1922-ci il tarixlərində Rəsulzadə ilə çıxarmağa başladığımız “Yeni Kafkasiya” dərgisi adına babanızı çox aradıq. Yüzlərlə zəvatdan sorduq, bir türlü bulamadıq. Ara-sıra haqqında məlumat alırdıq, fəqət bir türlü babanızı bulmaq bizə nəsib olmadı”.

O, eyni zamanda yol verilmiş diqqətsizliyin aradan qaldırılması çarəsini də göstərmişdi. Həmin dövrdə Əhməd Cəfəroğlu “Azərbaycan yurd bilgisi”nin davamı kimi düşünülmüş “Türk amacı” jurnalını nəşr edirdi. Bu imkandan istifadə edərək türk qəzetlərinin haqqında bir sətir yazmadıqları Əhməd Kamalın həyat və fəaliyyətini öz nəşrinin səhifələrində işıqlandırmağa məmnuniyyətlə hazır olduğunu bildirirdi: “Şimdi məktubunuz üzərinə möhtərəm pədərinizi “Türk amacı” adlı məcmuəyə böyükcə bir məqalə yazmaqla yaşatmamız lazımdır. Lütfən mənə pədəriniz haqqında bildiklərinizi ətraflıca yazmanızı rica edərim. Bən şimdi bunu kəndimə bir mövzu seçdim. Fotoqrafını da lütf edərsəniz, onu da nəşr edərim”.

Nəhayət, Əhməd Cəfəroğlu lazım bildiyi təqdirdə Dündar Akünalı ətraflı fikir mübadiləsi aparmaq, müəyyən materialları gözdən keçirmək üçün rəhbəri olduğu İstanbul Universiteti Türkiyyat İnstitutuna da dəvət etmişdi.

Bu görüşün baş tutub-tutmadığı bəlli deyil. Lakin azərbaycanlı alimin təsisçi və baş redaktor olduğu “Türk amacı” məcmuəsinin 1943-cü il fevral sayında (səh.349-355) Dündar Akünalın “Azərbaycan üçün çalışanlardan Əhməd Kamal” adlı məqaləsinin dərci onların arasındakı əməkdaşlığın qarşılıqlı faydalı istiqamətdə davam etdiyini və nəticə verdiyini göstərməkdədir. 

Adı çəkilən yazıda atasının ilk bioqrafı kimi çıxış edən Dündar Akünal yazırdı: “Ədəbiyyat, türkçülük və inqilab tariximizin səhifələrini çevirənlər orada sətirlərin arasına sıxılmış bir isim görəcəklər: Əhməd Kamal Akünal. İstibdadın təzyiqi ilə İstanbuldan Afinaya, oradan Qahirəyə qaçmış, Yunanıstan, Bolqarıstan, Rumıniya, Rusiya, Fransa və Almaniyada yaşamış, nəhayət türk Azərbaycanın qardaş torpaqlarında türklük və hürriyyət tənəffüs etmək və etdirə bilmək imkanı qazanmışdır”. Beləcə, oğul Akünal atasının Azərbaycanda həm də türklük havası ilə nəfəs alması barəsində qiymətli etirafda bulunmuşdu...

Budapeşt, iyun, 2013-cü il

 





11.08.2013    çap et  çap et