525.Az

Undum, qoğal olmuşam... - Pərvin yazır


 

Undum, qoğal olmuşam... - <b style="color:red">Pərvin yazır </b>

Sənət adamlarının həyatı öz-özlüyündə elə SƏNƏTdi... Bu mövzuda nə qədər romanlar yazılıb, filmlər, seriallar çəkilib.

Səhnəarxası hadisələr, hazırlıq, məşq prosesi, sənətçilərin özlərinəməxsus həyat tərzləri, bəzən qəribə xarakterləri və qəliz münasibətlər sistemi elə necə varsa, o cür maraqlıdır. Axı bugünkü tamaşaçını hər şey maraqlandırır, bəzən sevdiyi filmlərin çəkiliş məqamlarına baxmaq, hansısa texniki, yaxud yaradıcılıq sirlərini öyrənmək istəyir. Doğrusu, “mətbəxi” görmək, səhnədən dəb-dəbəsi ilə göz qamaşdıran dekorasiyanın əslində sadədən-sadə, adidən-adi olduğunu hiss etmək heç vaxt maraqlı gəlməyib mənə... Çünki sənət möcüzədir və o möcüzəyə inamı qoruyub saxlamaq lazımdır. Butaforları, dekoru, yalançı ağacları və kağızdan çiçəkləri bir az daha yaxından görüb süniliyinə əmin olmağa nə ehtiyac?! Hər halda əvvəllər belə düşünürdüm. Amma son vaxtlarda teatr adlı aləmə bir az daha yaxınlaşdıqca, dərindən tanımağa, anlamağa çalışdıqca, başa düşürəm ki, bütün bu zahiri dekorasiya sadəcə aktyor üçündür, ona yardımçıdır və Tolstoy demiş - kartondan kəsilmiş günəşi də, ağacları da canlandıran, onlara ruh verən aktyordur. Və bütün bunların hamısı sadə deyil...

Nədənsə Fellininin “Yol” filmi yadıma düşür... Yollarda qalan, o məhəllə sənin, bu məhəllə mənim - deyib küçə tamaşaları, sirk nömrələri göstərən sənətçilərin həyatını, xarakterini göstərir bu film. Həm də Culyetta Madzinanın canlandırdığı  məşhur Celsomina... Yaxud Moemin “Teatr” romanındakı həyatının ikinci yarısına qədəm qoyan, amma heç vəchlə fəth etdiyi zirvəni itirmək istəməyən Culiya Lembert... Əlbəttə, bu iki qadını müqayisə etmək olmaz, sadəcə sənətlə yaşayan, sənətlə nəfəs alan insanı düşünəndə bunlar yada düşür. Və mən Gənc Tamaşaçılar Teatrının aktyorlarının hər tamaşa öncəsi, məşqlərdə necə ovqatdan ovqata düşdüklərini görəndə anlayıram ki, bütün zamanlarda sənət adamı yalnız bir ərazi və vaxt vahidinin içərisində yaşayır - SƏNƏT adlı zamanın və ərazinin... Və qəribədir ki, illər keçdikcə səhnə ilə həyat bir-birinə qarışır. Bəlkə anidən - bunu yaşamısan, yaxud oynamısan? - deyə soruşsan, cavab verməkdə çətinlik çəkərlər. Əlbəttə, söhbət sənətlə yaşayan, yaşadığını da sənəti hesab edən aktyordan gedir.

...Rejissor Nicat Kazımov bir neçə il öncə məşhur nağılın motivləri əsasında yazdığım “Qoğalın sərgüzəştləri” pyesimin “Sevgi” parkında valideyn himayəsindən məhrum olunmuş uşaqlara göstəriləcəyini deyəndə çox sevindim. Oktyabrın 4-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sevgi” parkında heyvanların müdafiəsi gününə həsr olunmuş tədbir keçirilməli idi, bizim tamaşa da elə həmin gün göstəriləcəkdi balacalara. Uşaqlar  dil açıb danışan və bu dəcəl qoğalı “hoppp” edib yemək istəyən heyvanlara baxıb özləri üçün nəticələr çıxarmalıdırlar. Yadımdadı, illər öncə rejissor Bəhram Osmanov uşaqlar üçün pyes yazmağımı tövsiyə edəndə bir ciddi məqamı hər zaman nəzərə almağımı demişdi: uşaq tamaşaları nikbin sonluqla bitməlidir, ibrətamiz olmalıdır, balacalar şən ovqatda ayrılmalıdırlar teatrdan. Hə, elə buna görə də bizim qoğalı sonda yemirlər, o, sağ-salamat nənəsinin, babasının yanına qayıdır. Amma bütün bunlar bir az sonra, Sevgi parkının mərkəzində olacaq. Hələliksə, bizim Qoğal, yəni Anar Seyfullayev şəhərin mərkəzində, aktyorların yolunu açmaq üçün Rəşid Behbudovun adını daşıyan küçənin maşınlarının qarşısını kəsir... Bunu bir az da oynayaraq edir, yol polisi obrazına girir və aqressiv sürücülər də bu “oyuna” sadəcə gülümsəyirlər. Elə biz də uzun iş prosesinin əvvəlində bu məzəli səhnədən şənlənirik. Baxıb düşünürəm, sənətin yolu nə zaman asan olub ki?!

“Sevgi” parkının özü də adı kimi xeyli maraqlı, cəlbedicidir. Təzə və müasir park bir tərəfdən yaşıllığı, digər tərəfdən də modern üslubu ilə göz oxşayır. Tamaşanın rejissoru əməkdar artist Nicat Kazımov və iştirakçılar Anar Seyfullayev (Qoğal), Ramil Məmmədov (Baba), Zülfiyyə Alhüseynova (Nənə), Elşən Şıxəliyev (Canavar), Günel Məmmədova (Tülkü), Müşviq Əliyev (ayı), Asya Atakişiyeva (dovşan) ilə parka girər-girməz müxtəlif cizgi filmləri qəhrəmanlarının obrazında olan məktəbliləri görürük. Zarafatla - bunlar sizin rəqiblərinizdi? - deyə soruşuram. Günel hamıdan tez reaksiya verir - xeyr, biz rəqibsizik - deyir və gülürük. Bir azdan parkın işçiləri aktyorlarımızı tanıyırlar, hər axşam baxdıqları seriallardan gördükləri simaları canlı seyr etmək maraqlı gəlir onlara. Yaşlı xanımlar kənardan baxıb yanaşmağa çəkinirlər. Qızlar gülümsəyib əl edirlər onlara. Rejissor isə yaman gərgindir, elə parkdaca qurulmuş dekorasiyaya uyğun mizanları, hərəkətləri götür-qoy edir, tapşırıqlarını verir. Bir azdan aktyorlar geyinməyə, qrimlənməyə gedəndə Nicat müəllimlə söhbət edirik... Və söhbət əsnasında başa düşürəm ki, görmək istədiyi çox iş, qurmaq arzuladığı çox əsər var. “Bunların hamısını etməyə ömür yetməz” - deyir. Yəqin ki, məhz bu, sənət adamının ən böyük bəlası, problemidir. Arzular çoxdur, meydanın - sənət meydanının ucu-bucağı yoxdur, eksperimentlərə həmişə yer var, yenilik həmişə lazımdır. İntəhası vaxt, zaman yetirmi? Sanki yaşamaq üçün vaxt qalmır. Bəlkə əslində, ömrün bəlli bir aşamasına çatanda pessimistliyin səbəbi elə bu olur. Sənətində zirvəyə doğru yüksələn, yaxud ən azı buna can atan adam ömrün nə zaman gəlib keçdiyinin fərqində belə olmur. Amma bizim aktyorlarda bu ovqatı hiss etmirəm, ən azı ona görə ki, hələ xeyli gəncdirlər, həyatın da, sənətin də “ləzzətli” dövrünü yaşayırlar. Balaca tamaşaçılarımızı gözlədiyimiz vaxtda etdikləri söhbətlər də bundan xəbər verir. Bir vaxt Gənc Tamaşaçılar Teatrının “Bir gecənin nağılı” tamaşasını çox bəyənmişdim. Əsas rollardan birini Zülfiyyə Alhüseynova canlandırırdı, indi elə fürsətkən Zülfiyyə xanımla bu tamaşa haqqında danışıram. Sevgiyə inanmayan üsyankar bir qız aşiq olmuşdu, vurulmuşdu gözümüzün önündə. Özü də tamam təsadüf nəticəsində tanış olduğu adama. Tələbələrimin bu tamaşadan sonra necə ağladıqlarını heç unutmuram. Zülfiyyə xanım da bu əsərin məhz gənclərə ciddi təsir etdiyini deyir və Ramil Məmmədov bu sevgi mövzusunda zarafatlaşır aktrisa ilə. Qoğalın babasını və nənəsini canlandıran aktyorlar qoca qrimində bir-birinə qısqanclıq nümayiş etdirirlər. Tamaşada nənə qonşuya getmək istəyən ərini məzəmmət edir - niyə məhz o qonşuya getmək istəyirsən? - deyib sorğu-suala tutur onu. İndi Ramil də bu məqamı yada salıb zarafatlaşır. Amma zarafat bir kənara, məgər bu qısqanclığın yaşa filana dəxli var?! Hə, sənət bunları göstərdikcə, izah etdikcə öyrənirik, anlayırıq. Elə bir azdan tamaşaya dörd gözlə baxan balacalar da Qoğalın və onu yemək istəyən heyvanların simasında çox şeyləri görəcəklər və heç şübhəsiz ki, hardasa alt şüurda bu “informasiya” qalacaq. Görünür, elə tədbirin təşkilatçılarının da məqsədi budur, uşaqlarda mərhəmət, dostluq, qayğı hisslərini aşılamaq.

Aktyorlarımız bütün tamaşanı uşaqlarla əl-ələ oynayırlar az qala. Təkcə balacalar yox, böyüklər də onlara qoşulur, telefonlarına çəkir, rəqslərə qatılırlar. Səhərdən bu yana çəkilişdən, məşqdən çıxan, xeyli hazırlıq prosesi keçən aktyorların necə ürəklə, həvəslə uşaqları əyləndirməsindən təsirlənirəm. Nicat Kazımov da aktyorlarla əl-ələ verib dövrə vurur, aranı qızışdırır. Baxıb fikirləşirəm, bu, sadəcə oyun deyil, həyat tərzidir. Sənəti həyat tərzinə çevirən insan bütün fiziki ağrıların, yorğunluğun fövqündə görür bu işləri.

Tamaşanın sonuna doğru havanın üzü dönür, günəş batır yavaş-yavaş və qeyri-adi bir mənzərə yaranır. Qürub çağı ilə harmoniya təşkil edən rənglərdə geyimlər, ayının, dovşanın, canavarın, qoğalın, nənənin, babanın birgə mehriban rəqsi uşaqlığıma qaytarır məni. Düşünürəm, elə bu - undum qoğal olmuşam - sözləri, ideyası insan ömrünü də ifadə etmirmi? Süd ilə yoğrulmaq, sonra hamıdan qaçmaq və nələrdən-nələrdən keçmək sadə bir insan həyatının xronologiyasını xatırladır. Və əsas olan axıracan qorumaqdı özünü, nənənin, babanın yanına qayıtmaqdı. Hər halda biz bunu deməyə, anlatmağa çalışdıq tamaşaçılarımıza...

Uzun və yorğun günün sonuna doğru maşınlara tərəf addımlayırıq. Aktyorlarımız yolboyu söhbətləşirlər. Elşən Şıxəliyev Asya Atakişiyevaya arzularını danışır: “Təsəvvür edirsən, hamımız bir binada qonşu olardıq və elə birimizin evinə yığışıb orda məşq edərdik” - deyir. Asya gülür əvvəl, sonra ciddiləşib - yox, işi evə gətirmək olmaz - deyir. Və mən dinlədikcə təsirlənirəm... Amma onu da yaxşı bilirəm ki, bütün xəyallar gerçək ola bilər bu həyatda, hətta o qədər gerçək ki, əllə toxuna biləsən. Vacib olanı istəməkdi, ürəkdən istəmək. Bir də axı qoğal hamıdan-hamıdan qaçıb doğmalarının yanına qayıda bildisə, biz xoşbəxt gələcəyə niyə inanmayaq?!

 





06.10.2018    çap et  çap et