525.Az

Çovğun(hekayə)


 

Ustad Əlövsət Bəşirliyə

Çovğun<b style="color:red">(hekayə)</b>

Böyükxan Bağırlı 

Allah bəlasını versin, belə rüzigara insan duruş gətirə bilməzdi. Qabada çovğun yalquzaq kimi ulayır,hələ yatıb yaprıxmamış qarı yerdən götürüb göyə sovurur, getdikcə azğınlaşır,min bir oyundan çıxırdı. Bu nəhayətsiz çöllər, el arasında “Çala” deyilən bu cansıxıcı qışlaq yaranışından indiki kimi belə qar görməmişdi, iliyə işləyən bu sayaq sazaq görməmişdi. Axşamdan dəli kimi  havalanan çovğun  bilmərrə səngimirdi,xam ayğır kimi ipə-sapa yatmır, yerlə-göylə oynayırdı.

Bənövşə hiss eləyirdi ki, artıq onun işi bitib, bunun o yan –bu yanı  yoxuydu. Ayaqları getdikcə heydən düşür,sözünə baxmırdı. Amma hələ bədəni istiydi. Birdən nəfəsi təngişdi. Hiss elədi ki, islanmış paltosu canına ağırlıq edir. Ayaq saxladı,çıxarıb atdı,qoy cəhənnəm olsun . Deyəsən, bir balaca yüngülləşdi,ürəyinə işıq gəldi. Bədənini çulğayan bu ani ümid hənirtisi kipriklərindəki qırovu  isidib əritdi, gözlərini qıyıb ətrafa qulaq verdi.  “Xançı binəsi” haradasa qabaqda olmalıydı. Belə gecələrdə o ev neçə-neçə ovçunun, yoldan azan  fağır-benavanın qanının arasına girmişdi. Bəs indi o evin işığı nə üçün görünmürdü, yoxsa Allah bəlasını vermiş bu çovğundan qorxub çırağı söndürmüşdülər? Ha  baxdı,baxdı,işıq adında bir şey görmədi, olan-qalan səbri tükəndi, güclə  özünü küfr-nasaza eləməkdən saxladı,dedi Allaha acıq gedər, cəhənnəmlik olaram, görünür alnıma belə yazılıbmış. Elə bu dəm hardansa yadına iyirmi il bundan əvvəlki ilaxır çərşənbə gecəsi düşdü. Onda hələ subaydı. Qışlağa köçməmişdilər, kənddə yaşayırdılar. Bənövşəgil bir dəstə nazlı-duzlu qızıydı. Həmin gecə çillə çıxarırdılar. Dilək tası qurmuşdular,ortalığa mis qab qoymuşdular.Qızlar üzüklərini həmin qabın içinə atıb qarışdırır, növbə il bayatı deyirdilər. Bundan sonra kimin üzüyü qabdan çıxarılarsa, deyilən bayatıdakı mətləb həmin üzüyün sahibinə yozulardı. Bənövşənin bəxtinə çıxan bayatı əntiqə bayatıydı: “Karvan gəlir enişnən, yükün tutub yemişnən, sənə xonça bəzənsin, altun,axça gümüşnən”.

Həmin bayatını deyən Turunc xalanın qızı difdiringi Narıncdı. O, Bənövşənin ürəyinin atdandığını görüb qızlara göz vurdu: “Avaz haxdan gələr- dedi,-bu  yaxınlarda Bənövşəyə nişan xonçası gələcək”. Narınc gözlərini xumarlandırıb çırtıq vurdu: Pay verin,xalatım gəlsin, noğulum , nabatım gəlsin...

Həmin çərşənbə axşamı diləktutma  yığınağından sonra qızların hərəsi Turunc xalanın təndirinin külfəsinə bir yumurta qoymuşdu. Ürəklərində qurbanı olduqlarımıza yalvarıb yaxarmışdılar ki, bu  Fatimeyi-Zəhra kənizlərinin yumurtalarını qırmızı boyayıb arzu-kamlarına çatdırsınlar. Sübh çağı qızlar su üstündən qayıdanda görmüşdülər ki, yumurtaların hamısının üstünə kömür çəkilib. Bunnan sonra  həmin qızların ürəyinə xal düşdü. Çoxusunun üzü gülüb könlü açılmadı. Qarlı bir qış axşamı Turunc xalanın oğlu xırpa Abdul yeyib-içib dəmlənənnən sonra tay-tuşlarına demişdi ki, o yumurtalara kömürü mən çəkmişəm. Qızlarla zarafat eləyirdim...

Xançı binəsinin işığından əlini üzəndə həmin ilaxır çərşənbə gecəsində üstünə kömür çəkilmiş həmin o yumurta gəlib Bənövşənin gözünün qabaqında dayandı. “Mənə bax e,-dedi,-neçə vaxtı nahaq  yerə xırpa  Abdula  qarğış eləyirəm, Abdul zalım oğlunu da təndirə tərəf çəkən qüvvə varmış. Haxdan gələn yazıymış bu....”

Bir şey də yadına düşdü. Həmin çərşənbə axşamı  difdiringi Narınc demişdi ki, kim çöllü-biyabanda azsa qorxub eləsə, gərək köməyinə Xızır peyğəmbəri çağırsın... Hər halda bu da bir təsəlliydi. Gücünü toplayıb “Ya Xızır...” demək istədi, ancaq soyuqdan titrəyib şaqqıldayan çənəsi sözünə baxmadı. Bir-iki dəqiqədən sonra yenə təşəbbüs elədi, bir şey əmələ gəlmədi. Əli qılınclı çovğunun qənşərində bu fikrin mənasızlığını süurunun  lap dərinliklərində dərk etsə də,ümidini üzmədi. İliyə işləyən soyuğun təsirindən tez-tez qırılan ,bir sap üstə düzülə bilməyən  fikirləri beynində pırtdaşıq düşsə də, bir şeyi yaxşı anlayırdı ki, bu qarın , çovğunun özü elə  Allah vadarıdı, iyirmi il bundan əvvəlki ilaxır çərşənbənin dediyidi. Yoxsa ,vallah-billah, Adəmdən Xatəmədək  bu çöl, başı batmış  bu qışlaq  belə həngamə görməmişdi. İki  saat bundan qabaq  Bənövşə evdən çıxanda hardan biləydi ki,  hava birdən-birə üzünü bu sayaq göyərdəcək,qızışıb quduran çovğun  başına bu oyunu açacaq. Beş-altı il bunnan qabaq da bir qış günü axşamüstü əri Nuğayla indiki təkin  bərk sözləşəndə  acıq eləyib evdən çıxmışdı. Yol-irizi əlinə alıb  yarım saata özünü qardaşıgilin qonşu qışlaqdaki  üstü kirəmidli  evinə çatdırmışdı. Onda, haqq üçün, qardaşı Sultanəli onu bərk danlamışdı . Demişdi, Bənövşə, bu nə hikkədi  belə səndə? Gecə gözü zənən xeylağı tumanuvun balağını əlivə alıb  düşmüsən- o qışlaq sənin ,bu qışlaq mənim. Görən-bilən nə deyər bizə? Balam, acığın,dava-dalaşın  da yeri, təhəri var. Nə yaxşı ki,gecə gözü qurd-quş rastuva çıxmayıb.  İndi çilə canavarı  adama gəlir...

Onda havada çovğun yoxuydu, qar da indiki təkin dizəcən deyildi, ala-çalpodu. Bənövşə bu dəfə də acıq eləyib  evdən çıxanda elə həmin o qış axşamının havasına çıxmışdı. Bir az yeriyənnən sonra  görmüşdü ki, baho ,bu xına o xınadan döyü. Nuğay  namərd oğlu da heç olmasa, xala xətrin qalmasın deyə, gəlib onu çağırmamışdı, əlinə yapışmamışdı,deməmişdi bu rüzgarda hara baş götürüb gedirsən, hələ bir təvaxül  elə,  səhər açılar- o sən, o da qardaşuvun xarabası, can sənin , cəhənnəm tarının. Namərd oğlu bu ciyəzləri deməmişdi. Bənövşə də dədəsinin qızıydı, tüpürdüyünü yalayan deyildi. Neynəsin, Nuğayın  pılxıs-pılxıs sözlərini bir batman balnan yemək olmur. Əqrəb cinsinnəndi, sancdı,zəhəri qana işləyir. Gəl duruş tap görüm necə tapırsan. Axşam evə gələn kimi  gəyirə-gəyirə düşmüşdü Bənövşənin üstünə :

–“O” yenə gəlmişdi buyannara? Dinsənə, “O”nu deyirem  e, “O”nu, gəlmişdi?!

Bənövşə  özünü eşitməzliyə vurdu, gördü əri yenə xubluca içib, içəndə heyvərənin böyüyü olurdu, sol yırtdac gözü sulanır, çil basmış ağız-burnu əyiş-üyüş  olurdu. Bu görkəmdə adam ona baxanda ödü ağzından gəlirdi.

Sənnənəm, moltanı balası, “o” yenə gəlmişdi?- Nuğay təpiyini yerə vurub israr elədi, rəfdəki boşqablar cingildəyib qorxudan bir-birini qucaqladılar. Bu səs-küydən diksinən sarı  zolaqlı  pişik  buxarının yanınnan  ehmalca sivişib  o biri gözə keçdi. Bənövşə səbrini basıb özünü toxdaq tutdu, torbadan duz götürüb  bayaqdan  hay-həşir salan, qaynayıb quruyan qazana atdı ,əlindəki çömçəylə danışırmış kimi:

–Yenə zəhirmardan içibsən,-dedi,-səni qara basır.

–Bəs  həyət-bacadaki  o kişi ayaqqabısının rəddi nədi, əcinnələrindi?! – Nuğay bozardı ,yırtac gözü səyirdi, yanağını yenə şor su basdı.

Bənövşə  onun üzünə baxmadan bayaqki təmkinlə dedi:

–Yeznən gəlmişdi, deyir Nuğayın ucbatınnan işim fırığdı, əlli-əyaqlı gedirəm. Pul istəyirdi, bəlkə bir azdan yenə gəldi.

Nuğayın bacısının əri naxırçı Bayramxan Allahın məzlumuydu, qonşu binədə olurdu. Nuğay dilə tutub  onun adına bankdan xeyli pul götürmüşdü. İndi  o yazıq  da altınnan çıxa bilmirdi. Odu ki, Bənövşə yeznəsinin  adını çəkəndə Nuğay göynədi , elə bil mazoluna  ayaq basdın, atılıb düşdü:

–Sən-dedi ,-yeznəni mənim gözümə soxma, “0nu” deyirəm e, “onu”!- əlini kəndə tərəf uzatdı-Gəlmişdi?

–Sən məni nə yerinə qoymusan, heyvərə, mən səninçin nəyəm? Bənövşə bu dəfə səbrini basa bilmədi:- Bəyəm küçədə qalmışam, yoxsa sənin  o şortularınnanam? Məni bu xarabaya ötürənin görüm sümüyü yansın, həşirdə vəlleyli vursun, bəröürddə yanıb cızzığı çıxsın.... Nədi yenə “0”, “0” salmısan? İçəndə “0” yadıva düşür. Allaha yalvarıram, sənin kimi  “0”nun da üzü gülüb, köylü açılmasın...

–Gözünün içinəcən yalan deyirsən, qncıq. Gecə yuxuda sayıqlayanda da dilivün əzbəridi “0”.

–Adamsan, kişisən, bəsdi, bəsdi!..- Bənövşə boğulan kimi oldu, əlini üzünə atıb sifətinə divan tutdu, yanaqlarını isti qan basdı...

– Həəə, belə olar, göynəyirsən, yanırsan...- Nuğay irişdi, siqaretin saraldıb qovurduğu həvə dişləri görsəndi.

Bənövşə əlinin dalıyla üzünü silib göyərdi:

–Bilmək istəsən, sən heç “0” nun çölə atılan dırnağına belə dəyməzsən... Sən hara, “O” hara. “O” bəy oğlu bəydi, sənsə... nimçə dibi yalayan sümsük...

–Odu  bax, odu bax,- Nuğay çömçəni qazanın üstündən götürüb Bənövşənin başına çırpdı.- gördün, içindəki xıltını necə çıxartdım çölə. Bunu de də... Mən əclafa  demək lazımdı ki, ərəmiyi neynirsən, niyə bu moltanı balasının dalınan təpik  vurmursan. Doğmayan düyənin nə xeyri?! Bağrı mənnən badaş döyü ki!...

–Həddüvü bil, zaylama , adam kimi danış, –əsəbdən Bənövşənin dodaqları uçuqladı, gördü daha bunnan o tərəfə kənd yoxdu, odu ki, daş altında düyün qoymadı:

–Mənə ərəmik deyirsən,heç utanmırsan?- dedi.- De  görüm, məni nə üçün həkimə aparmadın, qorxdun, hə? Elə bilirsən işdəklərindən xəbərsizəm, qorxdun ki, pasın açılar, həkim deyər ki, hər şey özünnəndi? De görüm, hanı o biri arvadlarınnan uşaqların?  Yeddi qazanın damazdığı Xanımnisədən, “dəvə onbası”  lumadan, “güllü” Göyərçinnən hanı uşaqların? Bir göstər də mənə?! Qıçuva oraq bağlamışdın, dözdüm, dedim yorulub usanarsan, hır-hırdan düşüb Allahın yoluna gələrsən. İndi də Elyaslı obasında təzə yuva tapmısan, qayı-qədim olasan... bunnarı dedirtmək istəyirdin mənə?

Nuğayın sifəti ağardı, deyəsən ayılıb özünə gəldi. Elə bil ki, sümüyünün iliyini çəkmişdilər, heysizləşmişdi. Nə desin, nədən yapışsın. Ha  fikirləşdi, ağlına yönlü bir şey gəlmədi, o sözlərin qabağına diyirlətməyə bir köyük tapmadı. “ Kəs,mumla!”-deyə qışqırıb coşdu və o dəqiqə də səsi gözünnən düşdü, hiss elədi ki, daha aralarında heç bir şey qalmadı, öz əliylə ailə yorğanını üstlərindən atıb eyiblərini faş elədi. İllərlə müdam sozalayan, səngiyib bir hovur toxtamayan köhnə irinli  yara,  nəhayət, bu qarlı qış axşamında deşildi. Onun çirkinin kəsif iyi Nuğayın ağzınnan  gələn araq iyinə qarışıb otağın havasını daha da ağırlaşdırdı. Bənövşə  bu murdar iyə dözə bilməyib öskürdü, ögüdü. O, çimçəşirmiş kimi əliylə havanı yardı:

–Mən ağzıma qovud atıb dinmədim,namusuma sığındım,-dedi,-ömrümü sənin kimi  əbləhlə çürütdüm... Axırı da belə ...-Çiyinlərini çəkib hönkürdü, göz yaşları yanağındaki qanlı şırımları göynətdi:-kaş o günə daş düşəydi, daş düşəydi o günə, elə bil məni qan ucbatınnan göndərdilər bu viranəyə...Bənövşə o gün deyəndə düz iyirmi il bunnan əvvəlki həmin yağışlı-yağmurlu o noyabr  gününü qaralayırdı. Həmin gün atası kolxozun on beş baş camışını  oğurlatdırmış  naxırçı Məmi kişi qızı Bənövşənin zülüm-zülüm ağlamasına,atılıb-düşməsinə baxmayaraq, naçar qalıb ferma müdiri Nuğayın elçisinə   “hə “ demişdi. İki həftə sərasər əli qoynunda əyləşib evdən bayıra çıxa bilməyən, bu gün –sabah dama qatılacağını gözləyən fağır, mağmun  Məmi kişiyə  Allahtala birdən-birə  bağlı qapı açmışdı. O  belə fikirləşirdi ki, madam Nuğay qapısına elçi göndərib, demək on beş baş camışın xata-balası da başınnan sovuşub gedib. Ağlamasına baxmayaraq, Bənövşə də getdikcə  Nuğayın elçisinə hə deyilməsiylə barışırdı. Çünki bu dünyada Bənövşənin ən çox istədiyi adam atasıydı , əgər atasının başına bir iş gəlsəydi Bənövşə çərləyib ölərdi. Birdən camışlara görə atasını dama atsaydılar, Bənövşə neylərdi? Babal kişinin nə canı vardı ki, türməyə dözsün, balalarından cida düşsün.

Nuğay  da usta tərpənib göndərdiyi elçiyə  çatdırmışdı ki,belə desin: “Mən də Məmi kişinin necə bir oğlu, camışların ölüm aktını bağlatdıraram, qoymaram ki, kişinin başınnan bir tük belə əskik olsun.”

Nuğaygilin toyunnan  beş-on gün sonra həmin camışlar qonşu fermanın örüşünnən tapılıb gətirildi və bu xəbəri eşidən kimi Allahın saya-sadıq bəndəsi Məmi kişi o ki var, sevindi. Amma  onnan xəbəri yoxuydı ki, “ sovet hökumətinin camışlarının “ itib- tapılması əhvalatı qonşu binədə  üzü gülüb eyni açılmayan Bənövşənin  olan-qalan ətini tökmüşdü, çünki, Bənövşə  uşaq deyildi, hiss eləmişdi ki, camış əhvalatı  Nuğayın öz fırıldağıdı...

 

lll

Bir hovur ayaq saxlayıb dincəlmək, canına rahatlıq vermək ümüdiylə  kol-kos aradı ki, onnan yapışıb otursun, sonra da ustufca ayağa qalxa bilsin. Lakin adamı qılınc kimi kəsən küləyin arxadan,  “Çala “ qışlağından qovub gətirdiyi həmin o  beyin çatladan kəsif iy bu fikri başınnan çıxartdı. Qorxdu ki, bu  murdar iy onu boğub öldürər. Odu ki,ayağı tutduqca qabağa getmək istəyirdi. Qabağda təmiz hava, qardaşıgilin binəsi vardı. Son  dəqiqələr başınnan bu fikir keçirdi: bəlkə azmışam, yoxsa yarım saatlıq yol bu qədər çəkməzdi.

Çovğun  səngimirdi...

Bu ara Qırmızıkənd tərəfdən gələn yük qatarı yarımstansiyaya çatmamış qəflətən dəli bir qıyha çəkdi?  Yoxsa, bu qarlı-çovğunlu gecədə Allahın nəhəng maşını da xoflanmışdı?! Qatarın səsinnən Bənövşənin ürəyi işığlandı. Sanki qaramat bir yuxudan  ayılıb özünə gəldi. Səs gələn səmtə uçundu... Ay Allah, əli isti kabinədə əyləşən  saqqallı teplovoz sürücüsünün əlinə bir çatsaydı... Bəs nə üçün saqqallı?  Hə, təxminən iyirmi beş il bunnan qabaq, yeniyetmə çağında rəhmətlik anasıyla həmin bu yük qatarına minib Salyan bazarına yağ-pendir satmağa gedirdilər. Onnarı yük  qatarına mindirən teplovozçu saqqallıydı. Yaxşı yadındaydı, damağındakı siqaret bığını,dodaqlarını saraltmışdı...

Daha yadında nə qalmışdı? Hə, Qənbər də həmin qatara minmişdi. O, vaqonun açıq pəncərəsinnən yulğunluğda quzu otaran uşaqlara, dəmir yolunun kənarında süfrə açan naxırçılara əl edirdi. Onun yol-boyu sanki arxaya qaçan adamlarla salamlaşması Bənövşənin xoşuna gəlirdi və Bənövşə büsbütün əmindi ki, qonşuları Püstə xalanın oğlu Qənbər bunları onunçun eləyir. Ay Allah, o vaqon nə yaxşı idi, dəmir yolunnan bir az kənarda, su qırağında əyləşmiş o ovçular, quzu otaran uşaqlar... necə mehribandılar...Pəncərəsi qırılmış həmin o vaqonda həmin o ilıq payız günəşi yeniyetmə qızcığaza necə mübhəm şirin vədlər verirdi. O vədlər hələlik bağlı boğça  olsada, onların ətrinnən Bənövşə uçunur, məst olurdu. Bənövşə istəyirdi ki, qatar heç vaxt dayanmasın, dünyanın o başına çıxıb getsin. Qənbərlə onu əlçatmaz, ünyetməz yerlərə aparsın...O Qənbərlə ki, bir gün əsgərlikdən qayıdıb gələnnən sonra Bənövşəni evlərində görməmişdi və bu dünyanın vəfasızlığına tüpürmüşdü, əlinə qələm alıb “sovet  hökumətinin camışlarının əvəzində girov götürülən  bir etibarsıza...” tənəli bir məktub yazmışdı. İndi o hər dəfə çiyninə tüfəng alıb Bənövşəni görmək bəhanəsiylə “Çala qışlağı” na ova gələndə, Nuğayı cin atına mindirirdi ...

lll

Çovğun lap iki addımlığında qarı eşib göyə sovurdu, yalquzaq kimi dişlərini ona qıcıtdı. Bənövşə qışqırmaq, anasını köməyə çağırmaq istədi, amma buna heyi-hərəkəti çatmadı. Ağ kəfənə bürünmüş səhrada onun köməyinə kim gələcəkdi?

Haradasa yaxınlığda çaqqal uladı, Bənövşə səsə dikəldi, qulaq verdi. Hər halda ölü təkin uzanmış çöldə bu səs həyat rəmziydi. Gücü çatsaydı, onu çağırardı. Sönməkdə olan şüurunda bu fikir dolaşırdı. Sonra bunu ayrı bir şey əvəz elədi.  Özü də bu, lap son, son məqamda oldu... Yaz idi, rəhmətlik anası alaçığın böyründə, gün düşən yerdə süfrə açmışdı. Qənddanda alabəzək  Salyan nabatı ləbaləbdi. Böyürlərində dovşan şəkli olan fincanlara qaymaq tökülmüşdü və bu qaymaqdan min bir çiçəkli yaşıl çölün ətri gəlirdi. Bənövşə əlini çörəyə vurmurdu, arasına bənövşə taxdığı  gur, eşmə hörükləriylə oynayırdı. Anası Bənövşəylə Qənbər barədə qonşuları Püstə xalaya nəsə deyib gülürdü, elə hey gülürdü... Bu  gülüşə nə qorxu, nə çovğun, nə tənhalıq, nə də lənətə gəlmiş  onbeş baş camış yaxın düşə bilməzdi. Anası süfrədə buğlanan çaya əl uzadanda  Bənövşə hörüklərini kürəyinə atıb ona qısıldı. Burnuna doğma bir qoxu gəldi... Oxxxay... caan... Bəs sonra, sonra?! Sonra isə... araya qara bir örtük çəkildi, birdən-birə dünya zülmətə yuvarlandı, əzab,heyrət,doğma qoxu-hər şey, hər şey bir göz qırpımında heç-puç oldu, donub qaxaclanmış cəsədi qar basdı, beş-altı addım kənarda sülənən tülənmiş çaqqal üşəndi, ürək eləyib bu qar topasına yaxın düşmədi...

 





12.08.2013    çap et  çap et