525.Az

Azərbaycan filmlərində Bakı və insan mənzərələri - İkinci yazı


 

“ŞƏRİKLİ ÇÖRƏK”DƏN “BİZİM CƏBİŞ MÜƏLLİM”Ə

Azərbaycan filmlərində Bakı və insan mənzərələri - <b style="color:red">İkinci yazı</b>

İkinci Dünya müharibəsi mədəniyyətin bütün sahələrinə öz qəlpələrini, bombalarını, odlu güllələrini tökmüşdü.

Avropa və Şərq ölkələrinin istər ədəbiyyat, istər kino, istər rəssamlıq, istərsə də musiqi və digər sənət guşələrində bu böyük davanın bəzən ağrılarını, bəzən qürurlu göz yaşlarını, bəzən də insan həyatının od-alov içində apardığı məğrur mübarizənin izlərini görürük.

Azərbaycan kinosunda Bakı və insan mənzərələrini müharibə detallarıyla bol olan “Şərikli çörək” və “Bizim Cəbiş müəllim” filmlərində izləyək! 

“Şərikli çörək” 

Müharibə səhnələri olmadan müharibəni bu cür real və təsirli təsvir edən ikinci bir film yoxdu desək, yanılmarıq. Uşaqların gözləri ilə Böyük Vətən müharibəsinə baxmağı bacaran Şamil Mahmudbəyov insan mənzərələri ilə dolu olan əfsanəvi bir kino nümunəsi yaradıb.

Filmin ssenari müəllifi Alla Axundova bütün obrazların ümumiləşmiş təsvirini müharibə və müharibədən gələn xəbərlərlə şəhərin rahatlığını pozan radio sədaları fonunda verir.

Anası ezamiyyətə gedən, atası müharibədə olan Vaqif çörək kartoçkasını itirir. Filmin əsas süjet xətti də bu ideya üzərindən davam edir. Su satmaqla, yun təmizləməklə birtəhər dolanan Vaqif obrazı Bakının İçərişəhərinin daş küçələrini gəzir, anası gələnə qədər bu amansız müharibənin yaratdığı aclıqdan qaçmaq istəyir.

Filmin daha bir maraqlı detalı vedrədir. Hətta film elə vedrənin həyətdə səs-küy sala-sala diyirlənməsi ilə başlayır. Sonra qırçı Məhəmmədin canını alır, daha sonra Vaqifə yaşamaq üçün kömək edir - Vaqif su satır. Digər bir mənzərəni kitab yaradır. Stivensonun “Dəfinələr adası”.

“Əntiqədi, piratlardan yazır ee”

Filmin final səhnəsində kartoçkalar həmin kitabın arasından tapılır.

Vaqiflə digər uşaqlar arasında bir fərq var: o, tez böyüyüb. Bazarda, həyətdə, küçələrdə müharibənin insanları saldığı ağır, çıxılmaz vəziyyətin fərqinə varsa da, oğurluqla, adamların aldadılması ilə razılaşa bilmir. Dostu Məhəmmədin acı taleyinə şahid olub, onu sonadək tək qoymayan balaca qəhrəman hərbçilər gözlərində, gülüş səslərində atasını axtarmaqdadır.

“Siz lap atam kimi gülürsünüz...”

Çörəyin qıt dövründə xoşbəxt olmağı bacaran, bəzən bir-birinə qarşı cığal rəftar edən uşaqlar kinonun insan mənzərələri olmaqla yanaşı, o dövrün bir fiquru kimi də göstərilir. Onların dilindən müharibə danışılır və onların gözləri ilə rejissor müharibədən çəkindirir.

1969-cu ilin istehsalı olan və 1970-ci ildə rejissoruna və ssenaristinə Dövlət Mükafatını qazandıran “Şərikli çörək” ekran işinin ən maraqlı obrazlarından biri də Qırçı Məhəmməddir. Onun həyatı müharibənin insan formasına düşmüş halıdır. Rejissor məhz o obrazla dəhşətli, faciəli müharibənin qara, yorğun, nihilist modelini izləyiciyə təqdim edir.

“... yooox, yalan deyirsən, heç kim qırçı olmaq istəmir...” ifadəsi modernizmdən əvvəl baş verən nihilist cərəyanı bizə xatırladır. Məhəmməd həyatındakı acılarla barışıb, o taleyini qəbul edib, bundan şikayətlənmədən yaşamağı öyrənib. Faciəvi ölümü filmi bir az daha dramatikləşdirsə də, görünür, rejissor bu əhval-ruhiyyəni davam etdirmək istəmir.

Kinodakı oğurluq edən uşaqlar həyatla mübarizə aprmağın başqa yolunu tapanlardı və rejissor onları mühakimə etmir.

Bir az da filmin musiqisi barədə. Sonda səslənən və bu günümüzdə də reportuarlardan düşməyən, iyirmi birinci əsrin azərbaycanlı gəncində də duyğu oyada bilən Vasif Adıgözəlov bəstəsi və Oqtay Ağayev ifası filmin final səhnəsini ritmik və pozitiv bitirir. “Sən, ey uşaqlıq...” mahnısı müharibə mövzusunda bəstələnmiş, uğur qazanmış yadda qalan musiqilər sırasında öz yerini məhz bu filmin “soundtrack”i olmaqla tutdu.  

“Bizim Cəbiş müəllim” 

Həsən Seyidbəyli tərəfindən ekranlaşdırılan film 1969-cu ilin daha bir müharibə dövründən bəhs edən kinematoqrafiyamızın ən gözəl nümunələrindəndir. Ssenari müəllifi Maqsud İbrahimbəyov olan “Bizim Cəbiş müəllim” filmi haqqında tamaşaçılara təqdim olunduğu gündən çox təhlillər yazıldı. Kino Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkilib. Filmdə insan mənzərələrinə baxmazdan əvvəl üçüncü bir dahinin bu əsərə qatdığı möhtəşəmliyi vurğulayaq. Emin Sabitoğlunun bəstəsi. Filmdə heç bir müharibə detalı olmasaydı belə, bu musiqi insanı heç yaşamadığı içində olmadığı o tədirgin, dözülməz narahatlığın lap dərininə aparır və sən biixtiyar bomba səsləri, ya da geri qayıdan əsgərin addım səslərini eşidirsən. Günümüzdə məlum bəstəkarın ən sevilən musiqilərindəndir. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdi.

Bizim Cəbiş müəllim müharibənin acı reallıqlarını başa düşən və bunun müvəqqəti bir zaman anında olub-bitəcəyini də anlayan, sadə, öz ailəsini halal zəhməti ilə dolandıran, vətənin qalibiyyətini ürəkdən istəyən bakılıdır.

Usta aktyor Süleyman Ələsgərovun canlandırdığı Cəbiş müəllim obrazı izləyicini öz oxundan çıxarıb başqa bir dünyaya salmağı bacarır. Ən pis insan belə Cəbiş müəllimi başa düşür, başa düşməyə çalışır. Azərbaycan ziyalısının bütün müsbət xüsusiyyətlərini daşıyan müəllim kino boyunca öz daxili aləmində gizlənən huzursuzluğu və mülayimliyi, adamları başa düşmək istəyi ilə rəğbətimizi qazanır. Kinonun komedik səhnələrində aktyorun bu tərzi də layiqincə oynamağı filmi bir bütöv edir.

Müharibəyə getməyə can atan, cəbhədəkilərə kömək etməyə çalışan bizim Cəbiş müəllim vətənpərvər dünyasıyla kinematoqrafiya incilərindəndir. Şagirdləri ilə söhbəti, bazardakı dialoqları, həyat yoldaşının narahatçılıqlarını anlamaq cəhdi, müharibə haqqında danışdıqları, Bakı mənzərəsi fonunda zəhmətkeş siması Süleyman Ələsgərovun təqdimatında elə obrazlaşıb ki, kino tariximizdən silinməyəcək.

İkinci bir maraqlı insan mənzərəsi olan “Cəbişin arvadı” obrazını canlandıran Şəfiqə Məmmədova filmə öz fərqliliklərini qata bilib. Ailəsini fikirləşən qayğılı evdar qadın. O, əri kimi cəbhəni yox, uşaqlarını düşünür. Tez-tez həyat yoldaşıyla mübahisə etsə də, Cəbiş müəllimin daxili narahatçılığını başa düşür. Həm də anlayır ki, müharibənin bu səfalət vaxtında uşaqları aclıqdan qurtarmaq daha vacibdi.

“İkinizi də Allah öldürsün: səni də , Hitleri də...” replikası, əslində, filmin bütün məzmununu açır. Cəbhə vacibdi. Çünki işğal oradan başlayacaq. Həm də cəbhənin arxasındakı həyatı qorumaq lazımdı, çünki müharibədən sonra gələcək olmalıdır. İki təzad arasında qalan rejissor öz demək istədiklərini bir saatlıq film boyunca Cəbiş müəllimin arvadının dilindən danışır.

Kino sovet əsgərləri ilə doludu. Hər saniyədə əsgər formalarına rast gəlmək olur. Filmdə bir neçə xüsusi vurğulanan mesajlar da var. Birincisi, müharibədə elmin nə qədər əhəmiyyətli olması. Arxa cəbhədə qalanlar, eyni zamanda da Namiqin atası neft mühəndisi olmaqla müharibənin gedişatına təsir göstərir. Rejissor bu adamların da əsgərlər qədər qalibiyyətdə payları olduğunu göstərmək istəyib. Cəbiş müəllim obrazı yeni nəslin qayğısına qalan, gələcəyi düşünən ziyalı obrazıdır. Cəbhədə iştirak etməsə də, şagirdlərinə verdiyi təhsillə borcundan çıxır.

Başqa bir diqqət etməli olduğumuz detal bütün adamların cəbhəyə kömək göstərmək istəməsidi. Suğra xala obrazı (Nəsibə Zeynalova) Lenlinqraddan qaçqın düşən qıza öz evində yer verir. Bazarda ilan balığını almağa kömək edən qonşu, Namiqgilin ailəsi. Hamı müharibə üçün nəsə etməyə çalışır.

Film Makedon obrazının cəbhəyə yollanması ilə finala yetir. Emin Sabitoğlu bəstəsi və bizim Cəbiş müəllim. Və yorğun Bakımız...

 





08.10.2018    çap et  çap et