525.Az

Bakıda Meksikanın turizm imkanları təqdim olundu


 

Bakıda Meksikanın turizm imkanları təqdim olundu<b style="color:red"></b>

Dünən Bakıda 60-dan çox yerli və xarici turizm şirkətinin iştirakı ilə tədbir keçirilib.

Meksikanın Azərbaycandakı Səfirliyinin də təmsil olunduğu tədbir turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə həsr olunub.

Səfirlikdən verilən məlumata görə, hazırda Meksika 39 milyondan çox turist qəbulu ilə dünyanın ən çox ziyarət olunan 6 ölkəsi sırasındadır. Turizm yalnız Meksika mədəniyyəti, mətbəxi, təbiəti və tarixinin təşviq olunmasına yox, həmçinin, milli iqtisadiyyata əhəmiyyətli töhfə verir.

Bildirilib ki, 2015-2017-ci illərdə Meksika ilə Azərbaycan arasında turizm əlaqələrində 4 dəfə artım müşahidə olunub. Hər iki ölkənin səfirliklərinin fəaliyyəti ilə xalqlar arasında yaxınlaşma baş verib və səyahət etmək və tanımağa dair qarşılıqlı maraq güclənib. Lakin hazırda hər iki ölkənin paytaxtları arasında birbaşa uçuş mövcud deyil. Paris, London, Frankfurt, Nyu-York və digər şəhərlər vasitəsilə müvafiq uçuşları həyata keçirmək mümkündür. Meksika Səfirliyinin Konsulluq şöbəsinin açılması ilə azərbaycanlılar Amerika qitəsinin bu əsrarəngiz ölkəsinə səyahət etmək və onu kəşf etmək üçün viza müraciətini həyata keçirmək imkanını əldə ediblər.

Qeyd olunub ki, turizm sahəsində əldə olunan gəlirlər Meksika ümumi daxili məhsulun 9 faizini təşkil edir.

Meksika turistlərə yalnız Kankun, Los-Kabos, Puerto Vayarta, Uatulco, Akapulko, Mazunte, Playa de Karmen və digər çimərliklərdə istirahət təklif edir.

Eyni zamanda, əsrarəngiz təbiəti - flora və faunası ilə məşhur olan Meksikanı cəlbedici edən qədim, tarixi abidələrlə zəngin şəhərləridir. Bu Latın Amerikası ölkəsinin "Sehirli Kəndləri" özünün zəngin adət-ənənələri, mətbəxi, həyat tərzi və digər xüsusiyyətləri ilə fərqlənir.

Bundan başqa, Meksikanın özünəməxsus mətbəxi mövcuddur. Təsadüfi deyil ki, Meksika milli mətbəxi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi siyahısına daxil edilib.

CEYHUN

 





10.10.2018    çap et  çap et