525.Az

“Putinin Bakıya səfərinin prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdur”


 

“Putinin Bakıya səfərinin prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdur”<b style="color:red"></b>  “Milli Şuranın Təşəbbüs Qrupu tərəfindən Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi tamamilə qeyri-qanunidir. Ona görə də sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunsa da, qeydə alınmayacaq, imza vərəqləri verilməyəcək”.
 
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
 
S. Novruzov qeyd edib ki, MSK Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq R. İbrahimbəyovun namizədliyinin irəli sürülməsi bağlı sənədləri qəbul etməlidir: “Bundan sonra Azərbaycan Konstitusiyasının 100-cü maddəsinə uyğun olaraq ikili vətəndaşlıq, digər ölkə qarşısında öhdəliklər məsələsinə baxılacaq. Buna baxıldıqda onun namizədliyi qeydə alınmayacaq, qanuna uyğun olaraq imza vərəqələri verilməyəcək. Rüstəm İbrahimbəyovun göstəriciləri Azərbaycan Konstitusiyasına ziddir. Bu baxımdan da o sənədlərini MSK-ya təqdim etsə də, digər ölkə vətəndaşlığından çıxmayana qədər namizədliyi qeydə alına, imza vərəqələri verilə bilməz”.
 
YAP funksionerinin sözlərinə görə, R. İbrahimbəyov əslində Milli Şuranın namizədi deyil: “Onlar cəmiyyətə düzgün olmayan informasiya sırımaq istəyirlər. Çünki İbrahimbəyov Milli Şuranın yox, Milli Şuradakı təşəbbüs qrupunun - bir qrup insanın irəli sürdüyü namizəddir. Əslində Milli Şuranın özünün də namizəd irəli sürmək səlahiyyəti yoxdur, ona görə təşəbbüs qrupu yaradılıb. Milli Şura qeydiyyatdan keçməyən qeyri-hökumət təşkilatıdır. Belə qeyri-hökumət təşkilatı isə namizəd irəli sürə bilməz. Seçki qanunvericiliyinə görə namizədi ya siyasi partiya, ya da namizəd öz təşəbbüsü ilə irəli sürə bilər”.
 
S. Novruzov R. İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması prosesinin sürətlənməsinin prezident Vladimir Putinin Bakı səfərinin nəticəsindən asılı olması ilə bağlı fikirlərə də toxunub: “Bütün bunlar Rüstəm İbrahimbəyovun və onun ətrafındakı beş-on nəfərin dəyərinin artırılması məqsədi ilə ortaya atılmış dezinformasiyalardır. Çünki bu səfər çərçivəsində iki dövlət arasında sənədlər imzalanacaq, daha vacib danışıqlar olacaq, dövlətlərarası münasibətlərdən söhbət gedəcək. Rüstəm İbrahimbəyovun məsələsi isə o qədər kiçik predmetdir ki, bu yalnız adi miqrasiya xidməti orqanı səviyyəsində ediləcək söhbətdir. Onun məsələsinin iki dövlət başçısı arasında müzakirə olunacağı barədə fikirlər ancaq gülüş doğurur. Bu, iki prezidentin görüşünün gündəliyinə tamamilə aidiyyəti olmayan bir məsələdir”.
 
YAP funksioneri V. Putinin uzun fasilədən sonra Azərbaycana məhz prezident seçkiləri öncəsi gəlişinin birmənalı qarşılanmamasına da münasibət bildirib: “Putinin Bakıya səfərinin seçkilərlə heç bir əlaqəsi yoxdur. O, yeni prezident seçilib və seçildikdən sonra müvafiq səfərlər edir. Bu səfərlərdən biri də Azərbaycana edilir”.
 





13.08.2013    çap et  çap et