525.Az

Türkiyə iqtisadiyyatı xarici şoklara qarşı dözümlüdür


 

Türkiyə iqtisadiyyatı xarici şoklara qarşı dözümlüdür<b style="color:red"></b>

AKP hökumətinin Yeni İqtisadi Proqramı sabitlik və inkişafın davamını vəd edir

Türkiyə ABŞ tərəfindən ona qarşı yönəlmiş ədalətsiz iqtisadi həmlələri əzmlə dəf edərək inam və nikbin əhvla-ruhiyyə ilə yeni hədəflərə doğru addımlayır. Avqustun əvvəllərində başlanmış çətin dövrü adladan AKP hökuməti son bir ayda iqtisadiyyatda sabitləşməni təmin edib, ixracın həcmini artırıb, büdcənin cari kəsirini azaldıb. Sentyabr ayında ölkə iqtisadiyyatı 1,5 faiz böyüyüb, ixrac 22,6 faiz artıb. İxracda avtomobil sənayesinin payı daha çox yüksəlib, əhalinin gəlirləri artıb.

Dövlətin iqtisadi bloku, özəl sektor və vətəndaşların birgə əməyi sayəsində avqust və sentyabr ayının ilk ongünlüyündəki çətin dövrü arxada qoyan AKP hökuməti ilin sonuncu rübündə qiymət artımının cilovlanması və maliyyə sabitliyinin təmin edilməsi üçün qollarını yenidən çırmayıb. AKP-nin sədri, Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, istənilən böhran çoxlu sayda yeni imkan açır. Hökumət hazırda bu imkanların qiymətləndirilməsi ilə məşğuldur. İqtisadi komanda həm daxildə vəziyyəti sabitləşdirərək iqtisadi islahatları dərinləşdirir, həm də xarici investisiyalarla bağlı səmərələşdirici mexanizmlər hazırlayır.

Türkiyə Prezidenti ölkənin kritik bir dövrdən keçdiyini və qarşıda mühüm vəzifələrin durduğunu bildirib. Hökumətin əsas hədəflərindən biri xarici sərmayələrin ölkə iqtisadiyyatına qoyuluşunu əhəmiyyətli şəkildə artırmaqdır. Bu məqsədlə hazırda investisiyaların təşviqi və biznes cəlbediciliyinin artırılması, etimad və etibarın daha da gücləndirilməsi ilə bağlı proqram hazırlanır. Almaniyaya səfəri çərçivəsində alman tanınmış iş adamları ilə görüşü zamanı türk iqtisadiyyatına xarici sərmayələrin axını üçün yeni qapı açıldığını xatırladan Prezident Ərdoğan alman şirkətlərini bu fürsətdən yararlanmağa çağırıb. Çünki Türkiyənin əsas xarici tərəfdaşlarından biri məhz Almaniyadır, Avropanın bir nömrəli iqtisadiyyatının sahibi ixracda əsas partnyor olaraq qalır.

Türkiyənin iqtisadi mücadilə strategiyasına güclü dəstək təkcə ölkə daxilindən deyil, həm də xaricdən də artmağa başlayıb. Hər zaman sərmayə möcüzəsi ilə seçilən qətərli investorlar Türkiyə iqtisadiyyatına kapital qoyuluşlarının yeni dalğasına start veriblər. Hökumət əmindir ki, ölkəyə böyük sərmayə axını daxili maliyyənin hərarətini nizamda saxlamaqla bərabər, kreditorlar üçün əlavə pul mənbəyinə çevrilməkdə və nəticədə türk lirəsinə olan təzyiqlərin qarşısını almaqda mühüm fayda verəcək. Eyni zamanda, ilin sonuna kimi ixracın həcminin artaraq 180 milyard dollara çatması ölkənin tədiyyə balansının güclənməsinə zəmin yaradacaq və milli valyutanın sabitliyi bir qədər də möhkəmlənəcək.

Hazırda hökumət komandasını qayğılandıran əsas məsələ son bir ayda 30 faizdən 24 faizə endirilən inflyasiyanın daha da aşağı salınmasıdır. Türkiyənin xəzinə və maliyyə naziri Bərat Albayrak bildirib ki, inflyasiya ilə güclü mübarizə proqramı hazırlanır. Məqsəd ölkə iqtisadiyyatında sabitləşmənin davamlılığının gücləndirilməsi, ixracın artımının təşviqi, maliyyə bazarlarında gərginliyin tam aradan qaldırılması, investisiyaların axının sürətləndirilməsi, milli valyutanın möhkəmliyinin təmin olunmasıdır.

B.Albayraq vurğulayıb ki, maliyyə intizamını qorumaq üçün hamı çəkici bir yerə döyməlidir. Heç bir biznes ailəsinin üzvü yeni iqtisadi təkamüldən geri qala bilməz. İnflyasiya təkcə Türkiyə lirəsinin dəyərini itirmir, həm də millətin sərvətinə zərvə vurur. Maliyyə və xəzinə nazirinin müraciəti yekdilliklə müsbət qarşılanıb və Türkiyənin yeni antiböhran proqramı iqtisadi assosiasiyalar, sənaye və maliyyə holdinqləri, ixracatçı güc mərkəzlərinin rəhbərləri dəstək veriblər. Biznes sinfinin əsas təmsilçilərindən olan TOBB, MÜSİAD və İTO kimi təşkilatlar AKP hökumətinin antiböhran konsepsiyasını milli iqtisadi mücadilə proqramı kimi qiymətləndirərək inflyasiya və maliyyə-kredit gərginliklərinin aradan qalxmasını nəzərdə tutan islahatlar paketini sonuna qədər dəstəkləyəcəklərini ifadə ediblər.

MÜSİAD başçısı Əbdürrəhman Xaqan bildirib ki, milli istehsalla məşğul olan iş adamları "Məramımız güclü Türkiyədir” devizi ilə hərəkət edərək daxili bazarda sabit və dayanıqlı mal tədarükünə çalışacaqlar. Cənab Xaqan hesab edir ki, Türkiyənin milli valyutası ölkənin atributu və sərvəti, istehsalçının əzmkar fəaliyyətin və fəhlənin alın tərinin simvoludur. Ona görə də, milli pulun dəyər qazanması üçün hamı zəhmət çəkməli olacaq.

İstanbul Ticarət Evinin (İTO) rəhbəri Şəkib Avdagiç isə sahibkarlara kredit ödənişlərinində güzəştlərlə bərabər, onların maliyyə təminatının yaxşıalşdırılmasında yeni alətlərin tətbiqinə hazırlaşdıqlarını bəyan edib. "Sahibkarlar Türkiyənin iqtisadi simasıdır" deyən Avdagiç Kredit Zəmanət Fondunun maliyyə təminatına töhfə verəcəyini xatırladıb.

Türkiyədə birgə iqtisadi həmrəyliyin əsas iştirakçılarından biri olan bank icması da maliyyə həmahəngliyinin nizamlanmasında töhfəsini verib. Maliyyə və xəzinə nazirinin çıxışından sonra ən güclü və mühüm iqtisadi hadisə sayıla biləcək dəstək Türkiyə Banklar Birliyindən (TBB) gəlib. Ötən ay 100 milyon lirədən yuxarı borcu olan şirkətlərin borclarını 2 illiyə geri çəkən bank təmçilçiləri yenidən humanist addım atıblar. Onlar TBB vasitəsilə sahibkarlara müraciət edərək 15 milyon lirədən az kredit borcu olanların borclarının ödənilməsinin 6 ay geri çəkiləcəyini, borclara əlavə olaraq 24 ay müddət veriləcəyini bəyan ediblər. İlin sonuna kimi kredit faizlərinin bir qədər aşağı salınması da nəzərdə tutulur. Real sektorun sağlamlaşdırılmasına hesablanmış bu jest bank sektorunda xüsusi payı olan iri səhmdarlar, investorlar, qabaqcıl müəssisələrin rəhbərlərinin razılığı əsasında göstərilib.

Ölkədə enerji və təbii ehtiyatların tədarükü ilə məşğul olan şirkətlər də daxili bazar qiymətlərinin sabit qalması, xüsusilə də əsas istehlak məhsulu olan elektrik və qazın qiymətinin artırılmaması barədə razılığa gəliblər. Ticarət firmaları isə ilin sonuna kimi topdansatış müəssisələrinə 10 faiz güzəşt tətbiq edəcəyini bəyan ediblər. “Boyner Qrup”, “Doğuş Qrup” və digər nüfuzlu sərmayədarlar hesab edirlər ki, iqtisadiyyatın sağlamlaşdırılmasının davam etdiyi dövrdə hər bir verilən qərarın arxasında xoş məram və yaxşı niyyət dayanmalıdır.

Türkiyə hökumətinin qlobal proseslər fonunda daxili maliyyə resurslarının səmərəli istifadəsini səfərbər etməsi, Mərkəzi Bankın faiz siyasətində praqmatik və çevik addımlar atması, valyuta rezervlərinin əhəmiyyətli hissəsinin cari balansda qorunub saxlanması, borclanma siyasətinin nəzarətdə saxlanılmaqla təkmilləşdirilməsi, Qətər, Çin və Avropa Birliyi ölkələri ilə birbaşa investisiyaların artırılmasına dair razılaşmaların nikbin nəticələri və digər fundamental ardıcıl tədbirlər müsbət təsirlərini göstərməkdədir. Hökumət komandasının koordinasiyalı mükəmməl iqtisadi siyasəti Türkiyənin sağlam və güclü iqtisadiyyatının olmasından xəbər verir. Hökumətin iqtisadiyyatın inkişafına dair nikbin və optimist proqnozlara görə, 2019-cu ildə ÜDM-in artımı 3,8 faiz təşkil edəcək. Qarşıdakı ildə inflyasiya 15,9 faiz gözlənilir. Türkiyənin geoiqtisadi tədqiqat və strateji analitik beyin mərkəzlərinin praqmatik təhlillərinə əsasən, yürüdülən iqtisadi diplomatiya Amerikanın kirli planlarını darmadağın edəcək.

Oktyabrın 9-da Türkiyə-Macarıstan Biznes Forumunda çıxış edən Prezident Ərdoğan "Türk iqtisadiyyatının əsasları möhkəmdir. Türk iqtisadiyyatını və bank sistemini kimsə çökdürə bilməz, çünki şoklara qarşı dözümlüdür. Yeni İqtisadi Proqramımızı həyata keçirməklə bundan sonra daha çox istehsal və əlavə dəyərə sahib olacağıq" - deyə bəyan etməklə Türkiyənin öz potensialı ilə dünya iqtisadiyyatının güc mərkəzlərindən biri olduğunu xatırladıb.

 





11.10.2018    çap et  çap et