525.Az

Axundzadə ziyarəti (Fotolar)


 

Axundzadə ziyarəti <b style="color:red">(Fotolar)</b>

Eyvanda oturub Tbilisinin Azadlıq meydanına, gecə biri keçməsinə baxmayaraq, hələ də küçələrdən yığışmayan adamlara, maşınlara tamaşa edirəm. Dilləri qəribədi, elə bil danışmırlar, dalaşırlar. Axşamdan yatmaq keçsə könlündən, işin əngəldi. Yuxunun şirin yerində iki nəfərin  naməlum səbəbdən, anlamadığın dildə qışqırığından qaracinli ayılacaqsan. Pəncərədən qorxa-qorxa boylanıb bu adamların qucaqlaşdığını görsən, təəccüblənmə. Söhbətdi də, edirlər! Qulaq verəndə mübahisəyə bənzətdiyin danışığın içində bəlkə şirin sevgi etirafları, “pıçıltılar”ı da var, qarşılıqlı ehtiram deyişməsi də... Bunun səbəbin düşünüb tapmaq istəyirdim ki yağış başladı... Elə həmin an hər şey aydın oldu... Hər millətin dili onun yaşadığı yerin təbiətinə bənzəyir bir az! Tbilisidə şimşək də gürcü dilində çaxır, yağış da gürcücə yağır. Bakının narın, həzin yağmurundan xeyli fərqlənir... Dillərimiz fərqləndiyi kimi! Otağa keçib pəncərədən bayıra baxır və ədəbiyyatın necə böyük xəstəlik olduğunu fikirləşirəm. Zamanla ədəbiyyat adamın qanına elə işləyir, bütün düşüncələrini elə çulğalayır ki, oxuduqlarını həyatda yox, əksinə, reallıqda qarşılaşdığın nələrisə ədəbiyyatda axtarırsan. Az qala təbiət hadisəsindən tutmuş, insan mimikasına, ləhcəsinə kimi hər şeyi bədii əsər kimi görürsən, elə bil yaşamırsan, sadəcə kitab oxuyursan. Gəzdiyin yerlərə də “mən burda olmuşam” yox, “mən bunu oxumuşam” yanaşması ilə baxırsan. Və bu prinsiplə bəzən sənətin cilaladığı təbiət, insan, məkan, şəhər, kənd nədənsə bir az daha doğma gəlir sənə. Şübhəsiz ki, əsl sənətin.

...Elə həmin azarın tələbiylə son günlərdə Tbilisidə müşahidə etdiklərimi əsərlərdə axtarmağa başlayıram. Mirzə Fətəli gəlib durur gözümün önündə. Və düşünürəm ki, onun əsərlərində şimşək də çaxır, selləmə yağış da yağır... Elə şimşək ki bir çaxmasıyla yuxudan ayıltmalıydı yatanları... Elə yağış ki beyinlərin minillik kirini yuyub təmizləməliydi... Və həmin şimşəyin, yağışın üstün cəhəti azəricə olmasıdı. Bu fikirlərlə küçəyə, islanmış ağaclara, qarşı binanın dibində  yağışdan gizlənən pişiklərə baxıram. Yağış bir az səngiyir, bayaqdan dil boğaza qoymayan sakinlər evlərinə çəkiliblər, şəhər bomboş görünür,  sıxılıram nədənsə, göz qapaqlarım ağrlaşır... Özgə yerdə, dili, yeməkləri, adətləri  fərqli, üz quruluşları, gözləri, ağızları, burunları, baxışları  yad  olan adamların arasında yaşamağın çətinliyini dərk edirəm bir daha. Yenə Mirzəni düşünürəm... Bu günlük bəsdi. Sabah gedib ev muzeyini ziyarət edər, Tbilisinin mərkəzindəki doğma ruhu öz gözlərimizlə görərik! Əlbəttə, əgər hava (belə yağış olsa, qəliz məsələdi) və Ülvi etiraz eləməsələr.  

*****
Ev şəhərin qədim hissəsindədi. Şeytan bazar adlanan yerdə.  Gürcülər özləri bura Maydan deyirlər. Kürün sağ sahilində, görkəmli, mənzərəli bir yerdi. Qarşıda çox da hündür olmayan qayaların arasından şəlalə axıb Kürə tökülür və məkana xüsusi ovqat gətirir. İndiki ünvanı: Qorqasali küçəsi 17. Mirzə Fətəlinin evidi bura... Qədimi ikimərtəbəli binadı. Muzey 1982-ci ildə dahi dramaturqun anadan olmasının 170-ci ildönümü münasibətilə yaradılıb. Rəsmi adı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyidi. 90-cı illərdə vətəndaş müharibəsi dövründə fəaliyyəti bir müddət dayandırılıb. Lakin 1993-cü ildə Gürcüstan hökümətinin qərarı ilə Muzeyin statusu özünə qaytarılıb. 2008-ci ilin dekabr ayında Muzeyin nəzdində Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə musiqi və rəqs dərnəyi, rəsm kursları, xalçaçılıq, incəsənət, Azərbaycan milli çalğı alətləri kursları fəaliyyət göstərir. Onu da deyim ki, bu il Muzey yenidən təmir və bərpa olunub.

Elə ayağımızı kandardan içəri qoyan kimi yeniliyi və müasirliyi  hiss edirik. Amma bütün bu müasirliklə yanaşı, o dövrün ovqatını da duymamaq mümkünsüzdü. Gənc, gülərüz xanımın bizi azəricə salamlayıb muzey haqda qısa məlumat verməsi isə lap xoş gəlir.  Qulaqcıqları taxıb elektron bələdçini dinləyə-dinləyə binanı gəzməyə başlayırıq. Fonda Üzeyir bəyin Aşıqsayağısı səslənir. Mirzə Fətəlinin evində Üzeyir bəyi dinləmək... Bundan gözəl nə ola bilər?!

Muzey 6 zaldan ibarətdi:

Birinci zal: qədim Azərbaycan mədəniyyətinə həsr olunub. Divarda Qobustan qayalarının fotoları asılıb. Burda Azərbaycanın milli geyimləri və xalq sənətinin müxtəlif sahələrinin – dulusçuluq, zərgərlik, xalçaçılıq, daş, ağac, sümük və dəri emalı nümunələri ilə tanış oluruq. Bundan başqa divarlarda rəssam və bəstəkarlarımızın fotoşəkilləri və onlar haqqında qısa məlumatlar da asılıb.

İkinci zal: Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığını əks etdirir. Bu zalda Fətəlinin 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olduğu evin maketi, ailə üzvlərinin fotoşəkilləri və yazıçının  əlyazmalarının surətləri var. Qızı Nisə xanımın fotosuna baxanda qəribə hisslər keçirirəm. Başa düşürəm ki, bu, elə həmin şəkildi. Fətəli hamıdan gizlin aparmışdı qızını foto atelyeyə. Tiflisdə o vaxtlar bu sənət təzə-təzə dəbə minirdi. Amma qız uşağının fotosunun çəkilməsi ciddi qəbahət sayılırdı. Görən, bilən nə deyər?! Bu cür “yüngüllüyə” görə qız da qarıya bilər Nisə! Amma atasından savayı heç kəs bilməyəcəkdi bunu. Şəklə baxıb səhnəni gözümün önünə gətirirəm, balaca qızcığaz dönə-dönə baxır fotosuna, sonra bapbalaca əlləriylə sandığın dibində gizlədir. Həyatın qəribə ironiyasına, üç-beş adamdan mübhəm saxlanılmış şəklin indi milyonların nümayişində olmasına gülümsəyirəm... Üçüncü zala, qonaq otağına keçirik.   

Üçüncü zal: Mirzə Fətəlinin qonaq otağının surətidir. Bu otağın interyeri arxiv materialları arasında aşkar edilmiş köhnə fotoşəkil əsasında bərpa edilib. Sadə mebel, divardan asılmış ayı dərisi, keramik güldanlar adamda mistik ovqat yaradır. Və elə bu ovqatla buxarının üstündəki rəsm əsərinə baxanda qəhərlənməyə bilmirsən. Hazırda muzeyin incəsənət sahəsi üzrə elmi işçisi, rəssam İsmayıl Kartvelişvilinin əl işidi bu. Fətəlinin həyatından bir epizodun rəsmini çəkib.

Deyilənə görə, bir gün Mirzə həyat yoldaşı Tubu xanımın eyvandan asdığı xalçanın oğurlandığını görür. Hay-küy salmadan durub düşür oğrunun dalınca. Düz bazara kimi gəlir. Oğru xalçanı satmağa gətiribmiş. Pulunu verib alır gəbəni və xahiş edir ki, “satıcı” ona evə qədər aparmağa kömək eləsin. Mənzilbaşına çatanda oğruya hər şey aydın olur və o, Fətəlinin ayaqlarına düşüb onu tutdurmasın deyə yalvarır.  Mirzə cavab verir ki, onu həbs etdirmək niyyəti yoxdu, amma bir şərtlə o da söz versin ki, daha heç vaxt belə iş tutmayacaq... Bu əhvalatı eşidən hər kəsdə sual yaranacaq ki, görəsən, o adam həmin hadisədən sonra yenə oğruluq elədi ya yox... Düzünü deyim, məndə də ilk reaksiya belə oldu. Sonra isə düşündüm, məsələ bunda deyil axı... Hadisənin məğzində Fətəlinin xarakteri durur. Həm əsərlərində, həm də adi həyatda, məişətdə qəribə tərbiyə prinsipi, orijinal maarifləndirmə üsulu vardı onun. Səhvimizi, geriliyimizi güldürə-güldürə deyir, başımızı sığallaya-sığallaya tərbiyə edirdi... Və bütün bunları fikirləşib illər öncə bu divarlar arasında, Əbdürrəhim bəy Haqverdiyev dediyi kimi, “epoletlərlə, imtiyazlarla, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürəy”in böyüklüyünə heyrət etməyə bilmirsən.      

Dördüncü zal: şərti olaraq “musiqi” otağı adlandıra bilərik. Azərbaycan musiqisinə həsr olunmuş bu zalda məşhur müğənnilərin və onların ansambllarının, eləcə də o dövrdə keçirilən konsertlərin afişalarının fotoşəkillərini görmək olar. Burada Azərbaycanın bir neçə milli çalğı aləti – tar, kamança, saz, qaval nümayiş etdirilir. Həmçinin,  Fətəlinin özünə məxsus milli musiqi alətləri də var ki, deyilənə görə sonralar bunlardan oğlu istifadə etmişdi. Növbəti otaq isə Muzeyin ən maraqlı hissəsi hesab oluna bilər.  

Beşinci zal: Mirzə Fətəlinin iş otağıdır, burada yazıçının şəxsi əşyaları saxlanılır: yazı masası, kitab dolabı, divar saatı və lampa. Bu otaqda Mirzə Fətəli bir çox dəyərli işlər görmüşdür. Burada həmçinin onun müxtəlif illərdə bir neçə dildə nəşr edilmiş əsərlərinin üzqabıqlarının surətləri də var. Mirzənin masanın üstündəki əlyazmasına baxanda düşündüm ki, əşyaların da yaddaşı var. Bu masa sahibinin əl izlərini, ovqatını, həyəcanlarını, hisslərini, hamısını canına çəkib. Və Muzeyə də sehrli, mistik aura verən əşyaların, divarların yaddaşıdı.

Altıncı zal: Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Burada Azərbaycan və Gürcüstan heykəltəraşlarının əsərləri nümayiş etdirilir. Həmin zalda Tbilisi şəhərindəki Heydər Əliyev adına bağın, Mirzə Fətəli Axundzadənin adını daşıyan məktəb və kitabxananın, Bakıdakı  Tbilisi prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri də yer alıb.

Beləliklə, otaqları gəzib, baxıb çıxırıq. Üst qatda Konfrans zalı da fəaliyyət göstərir. Muzeyin xatirə kitabına ürək sözlərimizi yazırıq, işçiləriylə şəkillər çəkdiririk. Bələdçi xanımdan Mirzənin qəbrinin yerini soruşuram. Deyir ki, Nəbatat bağındadı. Amma bir az qəribə, sual dolu baxışından nə isə sezirəm. Özüm də anlamıram nə?! Növbəti cümləsindən aydın olur: “Bağın işçilərindən soruşsanız, deyərlər yerini, amma tanımırsızsa...” Gülə-gülə sağollaşıram, narahat olmayın, taparıq – deyirəm. Məzarın qəliz yerdə olduğunu bilirəm... Oxumuşam bu haqda. Amma indi Ülvinin bunu bilməsi əleyhimə olar. Ona görə xanımın izahına imkan vermirəm. Sağollaşıb çıxırıq. Hə, bir də onu deyim, Muzeyi ziyarət müftədi. Nə qədər də uyğundu Fətəlinin prinsiplərinə... Təki maariflənin, yetər ki, nə isə öyrənin!  

Birinci mərtəbədə, (deyilənə görə, Fətəli evin bu hissəsini kirayə verirmiş həmişə, özü də havayı...) ədəbiyyatımızdakı ilk qərblinin şərəfinə “Misyo Jordan” kitab kafesi açıblar. Dincimizi almaq üçün həmin kafeyə giririk, pəncərə önündəki stollardan birinin arxasında əyləşirik. Birdən Ülvi “Onu gördün?” – deyə soruşur. Çevrilib baxıram, diksinirəm. Fətəli küncdəki masanın arxasında oturub, əlində qələm, qarşısında kağız, dərin bir xəyala dalıb. Yerimdən sıçrayıb ona  yaxınlaşıram. Kaş ki... Kaş ki... Heyf... Əlbəttə ki, canlı deyil. Yanında durub şəkil çəkdiririk... Ülvi dramaturqun yazısında nə isə “səhv” də tapır, “elə yox, belə yaz” – deyir. Bundan şənlənir, gülüşürük. Masamıza qayıdıb xeyli danışırıq bu mövzuda... Görəsən nə fikirləşir, nə yazır, indi o da bizə gülürmü?! Jordanın sevdiyi fransız piroquyla Hatəmxan ağanın piyaləsindən çay içirik. Fonda səslənən fransız musiqisi çay dəstgahımıza rəngarənglik gətirir. Qarşıda isə bizi sözün əsl mənasında çətin və keşməkeşli yol gözləyir... Dəhşətli şeylər olacaq!    

*****

“Bu asfalt yolla üzüyuxarı qalxın...” – deyir rus dilində qolun-qanadın sındıra-sındıra danışan xəzinədar xanım.

“Çoxmu getməliyik?”

“Təxminən iki kilometr...”

Yazıq-yazıq baxıram Ülvinin üzünə...

“Gəzmək istəmirdin? Lap yaxşı... Gedək!” – deyir.

Ürəklənirəm bir az. Amma revmatizmama və ayağımı əzən idman ayaqqabılarıma heç etibarım yoxdu. İki kilometr elə də uzun məsafə  deyil, ancaq qabaqdakı yolun qəlizliyi bu başdan görünür, çox dikdi, sanki asfaltla dağa qalxırsan. Nə isə, üz qoyuruq deyilən istiqamətdə getməyə. Əvvəla onu deyim ki, bu bağ çox gözəldi. Gözəl zəif sözdü...  İnsan səliqəsi görməyinə baxmayaraq, təbiət ibtidai sehrini heç itirməyib burda. Ətrafı sıldırım qayalardı, qayaların üstündə qədim qalalar var. Bağın ortasından şəlalə axır. Balaca körpünün üstündən keçib üzüyuxarı qalxırıq. Yolboyu əsrarəngiz təbiətə tamaşa edir, danışırıq. Müxtəlifdilli adamlar yanımızdan ötür, üzbəüz gəlirlər. Elə hey gedirik, gedirik. Axundzadənin məzarına istiqamətləndirəcək bir işarə belə yoxdu... Deyinirəm! Axı ötən il Fətəlinin yubileyi idi?! Yəni bunların ağıllarına gəlməyib ki, onun qəbrini ziyarət etmək istəyənlər olacaq?!

Qarşımıza çıxan uniformalılardan soruşuruq, elə hamı “bu yolla yuxarı qalxın” – deyir... Ülvi bir az irəlidə gedir. Yəqin onunla eyni sürətlə yeriməyə gücüm çatmır...

“Sən tələsmə, yavaş-yavaş addımla. Mən bir az tez gedim, kimdənsə soruşum,  tapım, uzaqdan əl edərəm, gələrsən...” – deyir. Hövsələsinə həsəd çəkirəm. Kaş bu səbrin yarısı məndə olaydı, düşünürəm. Mayak kimi qabağa düşür. Amma mən də asta getmirəm, özümü sındırmıram, sürətlə irəliləyir, onu gözdən itirməməyə çalışıram. Bu zəhrimar ketalar da bir yandan sürtür, didib-dağıdır ayaqlarımı... Hələ isti... Meşə olmağına baxmayaraq, asfalt yolun kənarındakı ağaclar alçaqdı, gün düz təpəmizə döyür, adamın kələyini kəsir. Dəqiq bilirəm ki, iki kilometrdən artıq getmişik. Məktəbdə oxuyanda bizim evdən məktəbə qədər yol bir kilometr idi, indi isə ondan beş dəfə çox yol qət eləmişik, məncə... Ayaqlarımı sürüyə-sürüyə gedirəm... Görəsən, bu günəş üzümün dərisin  yandırmayacaq ki... Qadın ki, qadın. Heç yeridi?!

... Birdən dik atılıram. Qabağımdan sapsarı, yoğun bir ilan qıvrıla-qıvrıla keçib ağaclığa girir, ardınca da balaca balaları. Halımı pozmamağa çalışıram... Təbiətdə sarı rəngin belə çalarının olduğunu bilmirdim. Elə bil dırnaq boyası ilə laklayıblar ilanı... Günəş şüası altında par-par yanırdı lap. Amma özaramızdı yaxşı görünürdü... Belə rəngdə dırnaq boyası tapıb almaq lazımdı. Soruşanda – dırnaqların nə rəngdədi? Cavab verirsən - ilan rəngində. Nə qədər də orijinal?! Öz-özümə ironiya edib gülürəm! Və əslində bütün bu səfsəfəni uzun yolu və ayaqlarımdakı yorğunluğu, ayaqqabının açdığı yaraları düşünməmək üçün uydurduğumu bilirəm...  

Başımı qaldırıb baxıram... Ülvi görünmür. Və mən ilandan da, bu yerin adamsızlığından da məhz indi qorxmağa başlayıram. Asfalt bitib, daşlı yolla gedirəm. Qabağıma çıxan adi quru budaqdan da, sarı yarpaqdan da qorxur, eymənirəm. Sürəti artırıram, az qala qaçıram. Ucsuz-bucaqsız yolda ins-cins dəymir gözə. Telefona baxıram, şəbəkə yoxdu. Əməlli-başlı təlaş içindəyəm. Lap rus nağıllarındakı meşədə azan adamlar kimi qışqırıb, “ulayıram”... Axundzadənin qəbrini axtarmıram daha... Ülvini axtarıram! Görəsən, həmin ilanlardan onun da qabağına çıxıbmı?! Telefonda şəbəkə axtarıram. Nədənsə qaçqınlar düşür yadıma. Deməli onları idarə edən qüvvə qorxu olub... Qorxan adam heç nə hiss eləmir, nə ağrı, nə yorğunluq, nə isti, nə soyuq... Bütün hüceyrələr, beyin yalnız o hissdən xilas olmağa işləyir! ...Valideynlər gəlir fikrimə. Burda başımıza bir iş gəlsə, öldürəcəklər bizi. Ağlayıb, sızıldayıb, “daha eləmərik” – deyib bir təhər yumşaldaram  anaları... Amma bəs Şamil dayı ilə atam?! Bir baxışları bəsdi ki sarımızı udaq. Birdən telefonda şəbəkə görünür. “Yaşasın müasirlik!” – deyərdim, amma demirəm, pafoslu çıxar. Bu pafos da öldürüb bizi, səmimi hisslərimizdən danışmırıq ki, pafosdu. Nə isə, Ülviyə zəng edirəm. Üzündəki təbəssümü elə telefondaca, səsindən duyuram.

“Üzüaşağı düş, mən də gəlirəm.” – deyir. “Burda heç bir qəbir filan yoxdu, tapa bilmədim...”        

“Nə qəbir?”

Gülür. “Necə yəni? Kimi ziyarət eləmək istəyirdin?”

            Xeyli keçəndən sonra Ülvi görünür. Bir az pərişan, bir az da yorğun-yorğun enir mənə tərəf. Məlum olur ki, qabaqda sağa tərəf nə isə  işarə görüb gürcücə, düşünüb bəlkə o istiqamətdə getmək lazımdı, ona görə itirmişik bir-birimizi...

            Bütün yorğunluğum və ağrılarım qayıdır canıma... “Eybi yox, əsas odu evini ziyarət elədik...” - deyib təsəlli veririk özümüzə. Geri qayıdırıq. Amma hər ikimiz yolu enə-enə sağa-sola boylanır, axtarırıq. Ancaq çifayda... Nəbatat bağının qapısına çatırıq. Skamyada oturub dincimi  alıram. Ülvi gəzişir oralarda...

            “Soruşdum, deyir 5 kilometr getməlisiz. O kişi tanıyır oranı... Dedim bizi maşınla apar, haqqını verərik, razılaşmadı...” – deyir Ülvi.

            “Hansı kişi?”

            “Odey, ordadı, maşınında oturub, buranın işçisidi!”

            Elə bu an, kişi sanki özünü bizə göstərirmiş kimi arabasını sürüb gəlib durur düz qabağımızda, maşından enib başlayır şüşələri silməyə, heç biz tərəfə baxmır da...

            “Yəni ikimiz, bir də xahiş eləsək, razılaşmaz?” – deyə məlul-məlul soruşuram...

            Çiyinlərin çəkir...

         Yaxında daha bir maşın var. Düşünürəm bəlkə bu da işçilərindi?! Qapının ağzındakı balaca köşkə giririk. Rusca ədəb-ərkanla salamlaşıb, monoloquma başlayıram:

            “Bilirsiz, biz Bakıdan gəlmişik. Mən “525-ci qəzet”in yazarıyam. Axundzadəni ziyarət edib yazı yazmaq istəyirəm. Xeyli gedib qayıtmışıq, çox yorğunuq. Əgər siz bizi ora maşınla göndərsəniz minnətdar olarıq.”

            Bələdçinin üzündə heç bir ifadə yoxdu, gözləri də bomboşdu. Çaşıram reaksiyasızlığından. Yaman pis öyrədib bizi “525-ci qəzet”... Bakıda bank növbəsi, yol polisi, notariat, daha nələr-nələr bilmirik nədi...Hər yerdə yaşıldı işığımız. Ona görə burdakı biganəlikdən qəzəblənirəm. Bir də təkrar edirəm: “525-ci qəzet”in yazarıyam. Ülvi yaxınlaşıb pıçıldayır:

            “Bakıda deyilsən, bu nə bilir 525 nədi?”

            Oğlan deyəsən, insafa gəlir bir az. Köşkdən çıxır, biz də onun ardınca, həmin adama yaxınlaşır. Yaşı 70-ə çatıb yəqin kişinin. Üz cizgiləri qəribədi, elə bil qarışıb hamısı bir-birinə. Başlayır onu yola gətirməyə ki, bizi aparsın. Amma o da tərsdi deyəsən. Heç vəchlə razılaşmır, yanacağım azdı – deyir. Çıxaq, maşına nə qədər istəsəz  benzin alıb tökək, sonra aparın bizi deyə yalvarırıq az qala. Yenə yox ki yox. Bələdçi çiyinlərin çəkib gedir. Yəni mən daha neyləyim, görürsünüz ki, razı olmur. Hirsimdən zəncir çeynəyirəm. Otururam skamyada, baxıram. İndi bu adam dünyada ən pis adamdı mənim gözümdə. İstəyirəm yaxınlaşım deyim ki, ay dayı səndən bizi diskotekaya aparmağı xahiş eləmirik ey, Axundzadənin məzarına aparmağını istəyirik, məzarına... Adam elə bil acıq verir bizə, eyninə də deyilik.  Dəsmalı cürbəcür mayelərə batırıb silir eybəcər maşınını... Gürcü dilində nəsə zümzümə də edir... Daha da hirsləndirir məni. Və qəribədi ki, bu hirsin içində son günlərdə Tbilisidə müşahidə elədiyim bütün çatışmazlıqlar, xoşuma gəlməyən məqamlar hamısı bir-bir düşür yadıma... Ora-bura var-gəl edib deyinirəm ürəyimdə: “Buna bax bir, ələ salıb camaatı... Dörd mismarı paslı məftillə bağlayıb bir-birinə, deyir bu sənətdi, 400 dollara sırımaq istəyir bizə... Bu boyda şəhərdə bir dənə ayağıma uyğun yüngül çəkmə tapa bilmədim. Elə bil div filanam bunun üçün. Gedib mənə 41 ölçülü qadın ayaqqabısı gətirir. Hələ vağzal kassasındakı süni təbəssümlü arvad... Düz 5 dəfə dedim Batumiyə bilet ver, axırda alıb baxıram Bakıyadı biletlər. Hələ bir 10 lari cərimə də edir bizi... Elə bil mənim günahımdı ki, buna söz gec çatır. Bir dəli şeytan deyirdi, dəyişmə bileti, qayıt get Bakıya... Amma Axundzadə, onu ziyarət eləmək istəyirəm axı... Bu da qotur maşınının ora-burasına keçməkdən yoruldu...” Qeyri-ixtiyari sağa-sola boylanıram.   

            “Nə axtarırsan?” - soruşur Ülvi.

            “Azərbaycanlı...” – deyə cavab verirəm. Və dəqiq bilirəm ki, indi qabağımıza bir nəfər də olsa, azəri çıxsa, kömək edəcək. Əlbəttə buralara bələd olan azəri... Bayaqkı cavan oğlan təslim olmaq istəmədiyimizi başa düşüb yaxınlaşır:

            “Adətən bağın ərazisinə maşınla keçməyə icazə vermirik. Amma siz gedib taksi tapıb gəlsəniz, buraxarıq.”

            Sevinirik. Çıxıb ətrafa boylanır, gəzişirik, taksi filan dəymir gözə. Ya aşağı, parka tərəf enməliyik ya da gözləməliyik. Gözləməyə üstünlük veririk. Yorğunluq öz işini görür. Bir az qabaqdan qədim qalalara pilləkən qalxır, ətəyində sular satılır, turistlər su azuqələrini burdan alıb yollarına davam edirlər. Elə satıcının evinin qabağıdı. Bəlkə buralarda taksist var deyə rusca xəbər alırıq satıcıdan. Soruşur neyləyirsiz? Yenə rusca izah edirik problemimizi... Birdən sakit tərzdə deyir:

            “Siz özünüz Axundzadənin qəbrini tapa bilməzdiz, çətin yerdədi!” tərtəmiz Azərbaycan dilində cavabdan diksinirəm, çaşıram. Həmsöhbətimiz hiss edir deyəsən, gülümsəyir, deyir ki, gözləyin indi maşın təşkil edib apararıq sizi yuxarı. Məmnun halda Ülvinin üzünə baxıram... Yəni gördün, mən deyən düz çıxdı. Oğlan bir az aşağı düşüb qoca kişiyə nə isə deyir, sonra maşının qapısını açıb işarəylə çağırır bizi.

            ...Maşını sürən yaşlı kişi də azəricə danışır. Bura elə azərbaycanlılar məhəlləsi imiş, məscidin ətrafında yaşayırlar. Dediklərinə görə nəsilləri 200 ildən çoxdu burdadı. Heyrət edirəm. Dili heç itirməyiblər. Təmiz azəri dilində, bir az da Gəncə ləhcəsində danışırlar.

            “Bəs necə olub ki, dili unutmamısız?” – deyə soruşuram.

            “Öz aramızda ancaq azərbaycanca danışırıq, bala...”

            Hiss edirəm ki, kişi çox bilir, maraqlı həmsöhbətdi.. Fürsətdən istifadə edib suallar verirəm...

            “Yəni, doğrudan o zaman burda yaşayan müsəlmanlar, qohumları  Fətəliyə sahib çıxmayıblar? Gürcülər muzdla hamballar tutub aparıb dəfn eləyiblər?! Özü də bir neçə gün sonra?”

            Kişi bir az kədərli baxır maşının güzgüsündən.

“İnanmıram belə olsun, qızım. O vaxtlar Sovet idealogiyasına görə uydurulmuş söhbətlərdi bunlar...”

Vilayət Quliyev “525-ci qəzet”də çap olunan “Bir daha Mirzə Fətəli Axundovun dəfni haqqında” adlı yazılarında izah eləyir bu məsələləri və deyilənlərin həqiqətə uyğun olmadığını məntiqlə sübut edir. Doğrusu, mən də inanmaq istəmirəm buna, ola bilməz ki, hələ sağlığında o cür sevilən, nüfuzlu şəxsiyyətin sonu elə bitsin. Yadıma salıram, deyəsən, muzeyin divarında Fətəli ilə vida mərasiminin şəkli vardı axı... Növbəti dəfə buna xüsusi diqqət eləmək lazımdı...

... Asfalt yolla bir az gedəndən sonra sola dönürük. Ülvi pıçıldayır: “Gördün harda səhv eləmişik? Burdan dönmək lazım imiş. Nə biləydik? Bir işarə də yoxdu...”

Buralar müsəlman qəbiristanlığı imiş. Bir neçə il qabaq bağı “səliqə”yə salmaq üçün qəbrlərin hamısın söküblər, yol çəkiblər. Kim xəbər tutub, çatdırıbsa, qohumun nəşini götürüb burdan, kim çatdırmayıbsa...         

            Nəhayət, gəlib yetişirik lazımi yerə... Dünən gecədən yağan aramsız yağış qəbirləri əməllicə isladıb. Bir parça torpaqda dörd böyük Azərbaycanlı uyuyur: Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev. Fətəlinin həyat yoldaşı Tubu xanım, övladları, Tubu xanımın qohumları da burda dəfn olunublar. Xanımın qəbrinə baxıb kövrəlirəm. Sağlığında 11 övlad tapşırmışdı torpağa...

            “Neçə il qabaq Yaponiyadan nəticəsi gəlmişdi Mirzə Fətəlinin qəbrini ziyarət eləməyə...” – deyir yaşlı kişi. Başa düşürəm ki, söhbət Yaponiyada Tokio Universitetində məruzə oxuyan qız nəticəsi Pərixanımdan gedir.

            Bağın içində bir az piyada gəzişib burda yaşayan həmyerlilərimizin məişətindən, adətlərindən, oxuduqları məktəbdən, hökümətin onlara münasibətindən danışırıq.

...Geri qayıdanda maşınını qadın kimi əzizləyən bayaqkı gürcü daydayla üz-üzə gəlirik. Ülviyə baxıb mənalı gülümsəyirəm. Başını yelləyir, “istədiyini eləməsən, bağrın çartlayar...” – deyir.  

Bağın yaxınlığındakı məscidə giririk. Dualar edib nəzir veririk. Birdən yadıma düşür, axı bu gün Ramazan bayramıdı... Orda fitrə qutusu da var. Lari ilə fitrə verməyimizə şənlənir, gülürük.

Minnətdarlığımı ifadə etməyə söz tapmıram.  Eləcə, “çox sağ ol”ları bir-birinin ardınca düzüb vidalaşırıq.

“Yazacam haqqınızda... Amma heç adlarınızı soruşmadıq...”

“Mənim adım Fərhaddı, bu da kürəkənimdi, adı Füzulidi...” – deyə cavab verir yaşlı kişi... Adlarında da özümüzü ifadə eləmələri xoşuma gəlir.

“Bəs bu balanın adı nədir?” – deyə sığallayıram balaca oğlanın başını. Kişi mənalı gülür, “Fətəlidi” – deyir. Ülvi Fətəli ilə yekə kişi kimi əl sıxıb sağollaşır.

Üz qoyuruq Kürə tərəf enməyə. Geri çevrilib bir az yüksək tonla deyirəm:

“Sağ ol, Fətəli. Xoş oldu səninlə görüşmək!”

Qəmbərlik yolla, yorğun-yorğun üzüaşağı düşürük. Və beynimdə yeni yazının konturları cızılır...

                                                                                   11-13 avqust. Batumi.  

 





13.08.2013    çap et  çap et