525.Az

Elm və təhsilin qoşa addımı yeni proqram formatında


 

Elm və təhsilin qoşa addımı yeni proqram formatında<b style="color:red"></b>

Təhsilsiz elm, elmsiz təhsil yoxdur. Azərbaycanın təhsil və elm xadimləri, bu sahələrə cavabdeh insanlar hər iki istiqamətin vahid sistemdə fəaliyyətinin nə qədər vacib olduğunu yaxşı dərk edir və bu sahədə birgə layihələr həyata keçirirlər.

Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin təhsilə və elmə xüsusi diqqəti alimlərimizin və təhsil işçilərinin səylərini birləşdirməyə stimul verir. Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Bakı Dövlət Universiteti Elmi Şurasının birgə iclası elm-təhsil tandeminin reallaşma faktının ifadəsi kimi yaddaşlarda qaldı.

İlk növbədə onu deyim ki, Milli Elmlər Akademiyası hadisə kimi qiymətləndirilən belə bir tədbirin məhz Şamaxı Astrofizika Rəsədxanasında keçirməklə Bakı Dövlət Universitetinin Elmi Şura üzvlərinə və digər qonaqlara milli qürur mənbələrimizdən biri olan Şamaxı rəsədxanasının yenidən necə qurulduğunu, Azərbaycan təbiətinin əsrarəngiz nöqtələrindən olan qədim Pirqulunun gözəlliyini öz gözləri ilə görmək və duymaq şəraiti yaratdı.

Bu tədbirin - yəni Akademiya və Universitetin elmi birgəliyini ifadə edən  iclasın bu günlərə salınması heç də təsadüfi deyil. AMEA rəhbərliyi BDU-nun 100 illik yubileyi qarşısında çox maraqlı tədbirlər planı hazırlayıb təsdiq etmişdir ki, onlardan da biri müasir elmin ən yeni və ən aktual  sahəsi olan nanotexnologiya problemləri ətrafında müzakirələr aparan bu yığıncaq oldu.

Əlbəttə, istər Milli Elmlər Akademiyası, istərsə də Bakı Dövlət Universiteti öz elmi, tədris istiqamətlərinə görə polifonik - çoxsahəlidir. Görülən işlərdən aydın hiss olunur ki, bu iki nəhəng elm, tədris müəssisəsi yaxın gələcəkdə elmin çox-çox istiqamətləri üzrə birgə layihələr həyata keçirəcəkdir. Başlanğıc isə dəqiq elmlər sahəsindən start götürdü: dünyanın bütün inkişaf etmiş və etməkdə olan dövlətlərinin bəlkə də bir nömrəli maraq dairəsinə düşmüş NANOTEXNOLOGİYA! Əksəriyyəti ünlü akademiklərdən ibarət olan bu iclası AMEA-nın Prezidenti, akademik Akif Əlizadə açdı. Akademikin iclasa giriş sözü təkcə nanotexnologiya elminə bağlılığı ilə deyil, həm də bütövlükdə Azərbaycanda elmin çeşidli istiqamətlərinin inkişaf səviyyəsini əks etdirdi. Sonra sədr sözü problemə dair məruzəçiyə verdi. Azərbaycan və Rusiya Elmlər Akademiyasının akademiki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda məruzə ilə çıxış etdi. Bu yerdə etiraf edim ki, elə mən özüm də daxil olmaqla, humanitar sahənin əksər nümayəndələri nanotexnologiyanın mahiyyəti barədə çox az biliyə malikdir. Akademik Abel Məhərrəmovun hərtərəfli məruzəsi öz aydınlığı və illüstrativ faktları ilə həm də ciddi bir maarifçilik missiyasını yerinə yetirdi - elmin ən yeni və çox mürəkkəb bir sahəsi barədə aydın təsəvvür yaratdı. Məruzəçi Bakı Dövlət Universitetində Nano Araşdırmalar Mərkəzinin yaradılması təşəbbüsünün Prezident İlham Əliyevdən gəldiyini xüsusi qeyd etdi və 2005-ci ildə yaranan bu Mərkəzin əvvəllər necə kadr qıtlığı keçirdiyini, cəmi 12-13 il ərzində universitetdə hətta bu qıtlığın belə minimuma endirildiyini xüsusi qürur hissilə nəzərə çatdırdı. Sonra məruzəçi elmin bu mürəkkəb sahəsinin həyatın müxtəlif sahələrinə təsiri məsələsini izah etdi. Məlum olur ki, nanotexnologiya texnika, tibb, neft sənayesi, kənd təsərrüfatı, hərbi sənaye və s. kimi çox ciddi sahələrə təsiri ilə - bu sahələrə tətbiqi ilə qiymətlidir. Və məruzədən o  da məlum oldu ki, Bakı Dövlət Universitetində artıq xeyli vaxtdan bəri formalaşmış Nano Araşdırmalar Mərkəzi bu sahələrin hər biri ətrafında elmi-praktik tədqiqatlar aparmaqdadır. Tədqiqatlar dünyanın bir sıra qabaqcıl ölkələrinin alimlərinin bu və ya digər şəkildə cəlb olunması ilə səmərə verməkdədir. Universitetin müəllimi kimi mən də qeyd etməyi vacib bilirəm ki, Bakı Dövlət Universiteti müntəzəm olaraq Nobel mükafatçıları kimi mötəbər alimlərin dünyagörüşlərini onların öz iştirakı ilə, ayrı-ayrı məruzələri ilə gerçəkləşdirir. Abel Məhərrəmov daha ciddi bir məsələyə toxundu: Nano Araşdırmalar Mərkəzinin yüksək texnika ilə təmin olunması. Bu Mərkəzin əməkdaşları və bütövlükdə universitet kollektivi belə texniki vasitələrin alınması üçün xüsusi vəsaitin olmadığını yaxşı bilirlər. Belə şəraitdə BDU-nun xarici və ölkədaxili təşkilatlarla işlədiyi qrant layihələrindən gələn 8 milyon ABŞ dollarına qədər böyük bir vəsait köməyə gəlir. İndi Araşdırmalar Mərkəzində 8,3 milyon dollarlıq texnika vardır ki, onların yaratdığı imkandan hətta Rusiya Elmlər Akademiyasının, Moskva Dövlət Universitetinin tədqiqatçıları da istifadə etməyə başlamışlar.

Akademik Abel Məhərrəmov məruzəsində problemin elmi və praktik istiqamətlərini əyani şəkildə əks etdirən illüstrativ faktları aydın slaydlar vasitəsilə iclas iştirakçılarına çatdırdı. Məruzədə gətirilən faktlardan biri də ondan ibarət idi ki, Bakı Dövlət Universitetinin alimlərinin təkcə 2017-ci ildə Web of Science sisteminə daxil olan jurnallarda 247 məqaləsi dərc olunub ki, onların da 37-si məhz nanotədqiqatlar sahəsinə aiddir.

Məruzəni və Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirən AMEA-nın prezidenti akademik Akif Əlizadə bu sahədə akademiyanın da apardığı tədqiqatların qısa xülasəsini verdi. Onun söhbətindən məlum oldu ki, AMEA-nın elmi-tədqiqat institutları nanotexnologiyanın ən yeni istiqamətlərinin araşdırılması sahəsində xeyli iş görmüşlər. Və akademikin bu arayışından sonra hər kəs belə bir qənaətə gəldi ki,  AMEA-da və BDU-da qazanılan bu təcrübənin birgəliyi şəraitində yaxın gələcəkdə çox mühüm nəticələr əldə etmək mümkün olacaq.

Məruzə ətrafında çıxışlar oldu. Azərbaycan elmi mühitində xüsusi nüfuza malik akademik Rasim Əliquliyev, akademik Əhliman Əmiraslanov, akademik Vasif Babazadə və başqaları AMEA və BDU-nun birgə elmi fəaliyyəti ilə bağlı bugünkü iclasını və iclasda qeyd olunan məsələlərin həllinə dair qəbul ediləcək qərarları hadisə kimi qiyətləndirdilər. AMEA-nın akademik-katibi Rasim Əliquliyev ölkədə elmi inkişafın miqyasının genişliyini nəzərə alaraq xüsusi informasiya bazasının yaradılmasının zəruri olduğunu qeyd etdi. Akademik Əhliman Əmiraslanov nanotexnologiyanın tibb elminə və əczaçılıq sahəsinə son dərəcə ciddi müsbət təsiri ilə bağlı maraqlı faktlar gətirdi və bununla bağlı AMEA-Tibb Universiteti arasında başlanan elmi iş birliyini daha da gücləndirməyi təklif etdi. Akademik Vasif Babazadə həm AMEA-nı, həm də BDU-nu təmsil edən bir elm adamı kimi BDU-da yaradılmış Nano Araşdırmalar Mərkəzinin maliyyə çatışmazlığı dövründə BDU kollektivinin hətta özlərinin maaş artımından imtina edərək hər şeyi bu Mərkəz üçün texnologiya alınmasına yönəltməyin vacib olduğu qənaətinə gəldiklərini qürur hissi ilə xatırlatdı, bu elmin yeni imkanlar şəraitində inkişafı üçün bir sıra maraqlı təkliflər irəli sürdü. Akademik Dilqəm Tağıyev nanotexnologiyanın təhsil sahələrinə toxunaraq bu sahədə birgə tədqiqatlara böyük ehtiyac olduğunu bildirdi. İclasın sədri, akademik Akif Əlizadənin, məruzəçi, akademik Abel Məhərrəmovun və digərlərinin çıxışlarında 1990-cı illərin əvvəllərindəki hakimiyyətin Azərbaycan Milli Elmlər Akademiyasına etinasızlığı, hətta belə bir taleyüklü elm müəssisəsinin ləğv edilməsi təhlükəsinin aradan qaldırılmasına, zamanın yeni çağırışları fonunda akademiyanın yüksək inkişafına qayğı göstərmiş Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dəfələrlə yad edildi.

Hər kəsin elmi mühitimiz üçün hadisə hesab etdiyi tədbir sona yetdi. İclasın sədri Akif Əlizadə AMEA və BDU arasında elmi tədqiqatların birgə aparılması ilə bağlı qərar layihəsini səsə qoydu və əlavə təkliflər nəzərə alınmaqla layihə yekdilliklə qəbul olundu. Sonda iclas iştirakçıları Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universiteti Astrofizika kafedrasının filialının, Rəsədxananın təzəcə istifadəyə verilmiş bir sıra obyektlərinin açılışında oldular.

 





08.10.2018    çap et  çap et