525.Az

Ninonu görmək və sirr - Orxan Aras Almaniyadan yazır


 

Ninonu görmək və sirr - <b style="color:red">Orxan Aras Almaniyadan yazır </b>

"Əli və Nino" romanını oxuyan bilir.

Romanın başlanğıcında Əli Xan Şirvanşir belə deyir:

"Nino hələ də dünyanın ən gözəl qızıydı..."

Əslində, biz Kölndən yola çıxarkən fikrimizdə Nino yox idi, amma Frankfurta çatan kimi Ninonun xəbərini aldıq. Builki Frankfurt kitab sərgisində açılış nitqini gürcü yazıçısı Nino Hartişvilli söyləmişdi. Bu Nino Bizim Əli Xanın aşiq olduğu Nino deyildi, amma onun yurdundan gəlmiş gənc bir xanımdı. Otuz beş yaşındakı bu gənc xanım on beşə yaxın roman yazmış və bir çox mükafatların sahibi olmuşdu.

Atalar demiş "niyyətin hara, mənzilin ora"... Biz Nino xanımın nitqinə yetişmədik. Amma yazıçı dostum Ələddin Dikərlə sərgidə sağa-sola gəzərkən Ninoya aşiq başqa bir alman dostumla qarşılaşdım. Qurban Səid heyranı və onun bütün əsərlərini toplayan, hətta bir qismini Almaniyada nəşr edən Hans Yürgen Maurerlə qarşılaşdıqdan sonra onu heç buraxardımmı?! Onunla birlikdə əvvəlcə Azərbaycan bölümünə getdik. Orada Azərbaycanı təmsil edən dostumuz Aslan Cəfərovla məmləkətimiz üzərinə gözəl bir söhbət etdik.  Aslan Cəfərov fəaliyyətlərindən, iclaslarından bəhs etdi və bizə bir neçə kitab hədiyyə etdi. Dost çox, söhbət gözəl, təəssüf ki, zaman az... Oradan ayrılan kimi sərginin qonaq ölkəsi Gürcüstan bölümünə getdik. Sadəcə Hans Yürgen deyil, doğrusu, biz də Ninonu axtarırdıq. Birdən ətrafımızda uzun, zərif, incə belli, ceyran gözlü gözəl gürcü qızlarını görüncə çaşıb qaldıq. Milli geyimlərində səhnəyə çıxıb Kartuli rəqsiylə hər kəsi məst etdilər... Hans Yürgenə: "Al, bu da sənə Ninolar, Nino, Nino deyə sayıqlayırdın", deyincə o da şirin bir gülümsəməylə üzümə baxdı.

Gürcüstana ayrılmış bölüm yarıqaranlıqdı və otuz üç otağa ayrılmışdı. Gürcülərə görə belə vacib günlərdə otuz üç qapı açılmalı, otuz üç çörək bişirilməli, otuz üç qayıq yola çıxmalı və otuz üç mahnı oxunmalı idi... Otuz üç mahnı dinləmədik, amma ətrafımızda "Chacha" içən nəşəli gürcü ədəbiyyatsevərlərini gördükcə biz də nəşələndik.

Bu il sərgiyə yüz on ölkədən tam yeddi min beş yüz nəşriyyatçı qatılmışdır. Azərbaycanın ən önəmli nəşriyyatçılarından olan dostumuz Şahbaz Xuduoğlu ilə söhbətin dadında da "Əli və Nino" qoxusu vardı deyə bilərəm.

Hans Yürgenlə sərginin çıxışına qədər Əsəd Bəy, Nino, Azərbaycan ədəbiyyatı üzərinə söhbət etdik. Qurban Səid (Əsəd Bəy) ilə bağlı harada nə tapsa ardınca qaçan, ən kiçik qəzet xəbərini belə toplayan Hans Yürgün Maurer eyni zamanda, yorulmaz tədqiqatçı və nəşriyyatçıdır. İki kəs Azərbaycana getmiş, orada ədəbiyyat çevrəsi ilə tanış olmuş və Almaniyada alman oxucuları üçün möhtəşəm bir kitab nəşr etdirmişdir. Azərbaycan Tərcümə Mərkəzi ilə birlikdə hazırladığı "Das Geheimnis" (Sirr) adlı kitabı ayrılarkən bizə hədiyyə etdi. Çox gözəl bir üz qapağıyla içindəki dörd yüz səhifəlik kitabda ən tanınmış Azərbaycan yazıçılarının seçmə hekayələri almancaya tərcümə edilmişdi. Kitabın içində kimlər yox ki?! Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsa Məlikzadə, Maqsud İbrahimov, Yusif Səmədoğlu, Sabir Azəri, Anar, Elçin, Mövlud Süleymanlı, Ramiz Rövşən, Kamal Abdulla, Rafiq Tağı, Saday Budaqlı, Afaq Məsud, Mübariz Cəfərli, Yaşar, Etimad Beşikçi, Orxan Fikrətoğlu, Cavid Zeynallı...

Kitaba ön sözü Almaniyanın tanınmış germanşünası professor Sieglende Hartman yazmışdır. Alman ortaçağ şairi Oswald von Wolkenstein tədqiqatçısı olan xanım Hartman Bakı Slavyan Universiteti ilə bağlantısı olan bir elm adamıdır. Yeddi səhifəlik uzun ön söz yazısında Bakıdakı Ədəbiyyat Muzeyindən başlamış Azərbaycandakı ədəbi dəyişikliklərə qədər qısaca alman oxucusuna anlatmağa çalışmış, Yaşarın, Cavid Zeynallının, Rafiq Tağının, Kamal Abdullanın hekayələrindən önə çıxaraq, ədəbiyyatımızdakı yeni üslub axtarışı və dəyişimlərdən nümunələr vermişdir. Ön sözün sonunda isə belə yazır: "Bu kitabda müxtəlif mövzular işlənsə də, hər hekayədə insan həyatından parçalar vardır. Bu hekayələrin ayrıntılarında qərb insanıyla şərq insanının arasındakı fərqliliklər də ortaya çıxır. Bu fərqlilikləri ortaya çıxardan yazıçılara da təşəkkür borcumuz var. O yazıçıların əsərləriylə bizim üçün sirr olan bir dünyanın qapısı açılmaqda və Azərbaycan ədəbiyyatı yoluyla o dünyanı biz də tanımaqdayıq".

Hans Yürgenə bu əvəzolunmaz xidməti üçün təşəkkür etdim, o da sevindi. Dilimizi bilməməsinə rəğmən Bakıda "Leyli və Məcnun" operasını Azərbaycan türkcəsində izləyən bu Azərbaycan dostu Azərbaycanı bizim çoxumuzdan yaxşı tanıyır.

Günəş batarkən Frankfurtdan çıxdıq. Yorğun idik, amma kitabların qoxusu ilə bir başqa aləmdə idik...

 





16.10.2018    çap et  çap et