525.Az

Misir Mərdanov: "Biz bu diplomları tanımırıq"


 

Misir Mərdanov: "Biz bu diplomları tanımırıq"<b style="color:red"></b> “Bu gün də xaricdə təhsillə bağlı valideynləri aldatmaq istəyən müəyyən işbaz insanlar var. Elə insanlar var ki, müxtəlif vasitələrlə valdeynləri aldadırlar, ali məktəbə qəbulla bağlı sövdələşirlər. Sonradan məlum olur ki, həmin ali məktəb öz dövlətində belə tanınmır. Təbii ki, belə olduqda biz də həmin diplomları Təhsil Nazirliyi tərəfindən tanımırıq”.

525.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov diplomların tanınması ilə bağlı yaradılmış yeni elektron sistemin təqdimatında deyib. Nazir bildirib ki, 2004-cü il yanvarın 1-dən Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 6982 müraciət daxil olub. Onların da 804-də qeyri-qanuni fakt aşkarlanıb. M.Mərdanovun dediyinə görə, 26 saxta diplomun xarici ölkələrdən qeyri-qanuni əldə edilməsi sübuta yetirilib:

“Ekspert qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin verilməsi haqqında qərarlar qəbul edilib. Son illər ərzində ali təhsil almaq məqsədilə xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. 2010-cu ildə diplomların tanınması ilə bağlı nazirliyə 1112, 2011-ci ildə 1234, 2012-ci ildə 1618 müraciət daxil olub. Müraciətlərin daxil olması hazırda da davam edir. Bununla əlaqədar təhsil sənədlərinin tanınması işi ilə bağlı sektor tərəfindən vətəndaşların müraciətinə baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti yaranıb”.
 
M.Mərdanov eyni zamanda vurğulayıb ki, xaricdə təhsil almış şəxs Azərbaycanda bu və ya digər qurumda işləmək üçün diplomunu mütləq təsdiqlətməlidir.

S.QARAYEVA
 





08.10.2012    çap et  çap et