525.Az

“Büdcəyə ödənilmiş vergilərin yarıdan çoxu qeyri-neft sektorunun payına düşür”


 

“Büdcəyə ödənilmiş vergilərin yarıdan çoxu qeyri-neft sektorunun payına düşür”<b style="color:red"></b>

Son illər həyata keçirilmiş qanunverici-institusional islahatların məntiqi nəticəsi olaraq vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması Azərbaycanda liberal biznes mühitinin təkmilləşməsinə, habelə vergi daxilolmalarının artım dinamikasına müsbət təsirini göstərir. Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergi xidməti müşaviri Natiq Şirinov qəzetimizə müsahibəsində 2013-cü ilin birinci yarısında əldə olunmuş bu və digər uğurlardan, eləcə də qarşıda duran vəzifələrdən söz açıb.

– Natiq müəllim, ilin birinci yarısı üzrə vergi daxilolmalarının statistikasını respublikamızın əsas iqtisadi göstəricilərinin fonunda necə səciyyələndirmək olar? 

– Liberal iqtisadi sistemin qurulması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, investisiya cəlbediciliyinin yüksəldilməsi ümumilikdə Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsini təmin etmişdir. 2013-cü ilin birinci yarısı da respublikamız üçün bir sıra uğurlu nəticələrlə səciyyəvi olmuş, sosial-iqtisadi sahədə dinamik inkişaf təmin edilmişdir: ölkə iqtisadiyyatında ÜDM-in real artım tempi 5,0 faiz təşkil etməklə 27,2 milyard manat olmuşdur ki, bunun da 14,8 milyard manatı qeyri-neft sektorunun payına düşür. Hesabat dövründə inflyasiya cəmi 2,0 faiz təşkil etdiyi halda, əhalinin gəlirləri 7,1 faiz artaraq 15,8 milyard manat olub. Orta aylıq əməkhaqqı 6,8 faiz artaraq 408,8 manata, əhalinin hər bir nəfərinə düşən gəlir isə 5,7 faiz artaraq 1708,8 manata çatmışdır. 2013-cü ilin ilk yarısında dövlət büdcəsinin proqnozu 113,4 faiz və ya 9,5 milyard manat civarında icra edilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 17,1 faiz və 1,4 milyard manat çoxdur.

Respublikamızın valyuta ehtiyatları 2013-cü il 1 iyul tarixinə 48 milyard dollar olmaqla, orta illik ÜDM-in 70 faizə qədərdir. Bu göstəriciyə görə, respublikamız dünya ölkələri arasında ilk onbeşliyə daxildir.

Vergilər Nazirliyinin xətti ilə 2013-cü ilin 6 ayında dövlət büdcəsinə 3 milyard 326,1 milyon manat vəsait toplanaraq proqnoz tapşırığına 107,7 faiz icra edilib. Hesabat dövründə dövlət büdcəsinə səfərbər edilmiş vergilərin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 356,2 milyon manat və ya 12 faiz çoxdur. Bu uğurlu göstəricilər qeyri-neft sektorunda da özünü aydın göstərir. İlin birinci yarısında  qeyri-neft sektoru üzrə proqnoz tapşırığı 100,6 faiz icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 151,8 milyon manat və ya 9,3 faiz çox vəsaitin dövlət büdcəsinə ödənilməsi deməkdir. Ümumilikdə dövlət büdcəsinə ödənilmiş vergi məbləğinin yarıdan çoxu qeyri-neft sektorunun payına düşür.

Xüsusi qeyd olunmalıdır ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, bölgələrdə yaşayan əhalinin həyat səviyyəsinin və gəlirlərinin yüksəldilməsi hökumətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən kompleks iqtisadi tədbirlər sayəsində 2013-cü ilin birinci yarısında regionlardan toplanmış vergilərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 12,4 faiz və ya 28,1 milyon manat artaraq 255,0 milyon manat təşkil edib.

 – Nazirlər Kabinetinin son iclasında hesabat dövründə qeyri-neft sektorunda 11 faiz artım olduğu bəyan edildi. Sizcə, bu sahədə müsbət nəticələrin əldə olunmasına təsir göstərən amillər hansılardır?

– Hazırda Avropanın əksər dövlətlərində qlobal böhranın mənfi təsirlərinin hələ də qabarıq hiss olunduğu bir vaxtda ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi siyasət neft-qaz sektoru ilə yanaşı, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, kənd təsərrüfatı kimi mühüm sahələrdə də dinamik inkişafı təmin etmişdir. Qeyri-neft sektorunun inkişafı nəticəsində bu sahə üzrə ÜDM-in real artım tempi 2013-cü ilin 6 ayında 10,9% təşkil etmişdir. Hesabat dövründə cəmi ÜDM-in strukturunda qeyri-neft sektoru üzrə ÜDM-in xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 bənd artaraq 54,3 faizə yüksəlmişdir. Müqayisə üçün bildirmək istərdim ki, bu göstərici 2012-ci ilin ilk yarısı üzrə 49,3 faiz, yekunları üzrə isə 52,7 faiz təşkil edib.

ÜDM-in tərkibində qeyri-neft sektorunun xüsusi çəkisinin yüksəlməsini təmin edən başlıca amil neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi nəticəsində bu sahədə dinamik iqtisadi artıma nail olunmasıdır. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artım tempi qeyri-neft sektoru üzrə ÜDM-in artımını üstələyir. 2012-ci il ərzində qeyri-neft sektoru üzrə ÜDM-in real artım tempi 9,7 faiz olduğu halda, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının həcmi 14,5 faiz artıb. Eyni zamanda, 2013-cü ildə qeyri-neft sektoru üzrə ÜDM-in real artım tempi 10,1faiz proqnozlaşdırıldığı halda, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının ötən ilin faktiki daxilolmalarına nisbətən 14,4 faiz artımla icrası gözlənilir.

– Hesabat dövründə həyata keçirilmiş kameral vergi yoxlamaları hansı təmayülləri aşkar etdi?

– Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarəti təmin etmək məqsədilə vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirlərindən biri də kameral vergi yoxlamasıdır. Kameral vergi yoxlaması yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə mənbəyi bəlli olan digər sənədlər əsasında həyata keçirilir.

Vergi nəzarətinin gücləndirilməsi amillərindən biri də kameral vergi yoxlamalarının keyfiyyətinin artırılmasıdır. Bu sahədə aparılan təkmilləşdirmə işləri sistem tərəfindən aşkarlanmayan kənarlaşmaların müəyyənləşdirilməsinə və vergitutma bazasının genişləndirilməsinə şərait yaradır. Belə ki, ehtimal olunan vergidənyayınma hallarının qarşısının alınması məqsədilə müxtəlif risk meyarları üzrə həmin risk qruplarına daxil olan vergi ödəyicilərinin fəaliyyəti xüsusi nəzarətə götürülür və bu da əlavə vergi potensialının aşkar edilməsinə kömək edir.

Kameral vergi yoxlamalarının effektivliyinin artırılması məqsədilə vergi əməkdaşları üçün təşkil olunan treninqlər onların peşəkarlıq səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Bunu 2013-cü ilin yanvar-iyun ayları ərzində keçirilmiş kameral vergi yoxlamalarının nəticələrindən də aydın görmək olar. Qeyd olunan dövrdə vergi orqanları tərəfindən kameral vergi yoxlamaları ilə 130,6 milyon manat əlavə vəsait hesablanıb – bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə kameral vergi yoxlamalarının məbləğində 8,5 milyon manat və ya 7,0 faiz artım deməkdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kameral vergi yoxlamaları ilə daxil olan vəsaitlərin həcmində də 38,0 faiz artım müşahidə edilib.

–  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına müvafiq olaraq Vergilər Nazirliyi tərəfindən hazırlanmış “2013-2020-ci illərdə vergi sisteminin inkişafı strategiyası” əsasında İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin qarşısında hansı vəzifələr qoyulub?

– Azərbaycan Respublikası vergilər nazirinin 19 mart 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”da İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinə bir sıra tapşırıqlar verilmişdir. Buraya ilk olaraq vergi bəyannamələrinin əvvəlcədən doldurulma sisteminə keçidin təmini, müxtəlif vergi güzəşti və azadolmalarının təhlili nəticəsində təkliflərin verilməsi, elektron kommersiya üzrə xarici təcrübənin öyrənilməsi, kameral vergi yoxlamalarının aparılması qaydalarının sistemləşdirilməsi və digərlərini göstərmək olar.

Onu da bildirim ki, 2013-cü ilin oktyabr ayında dərc ediləcək “Douing Business-2014” hesabatının “Biznesə başlama” və “Vergilərin ödənilməsi” indikatorları üzrə Azərbaycanın mövqelərinin dünyanın 180-dən çox ölkəsi arasında daha da yüksəldilməsi məqsədilə Dünya Bankı Qrupuna və “Douing Business” hesabatının tərtibatçılarına müvafiq cədvəl formaları və slaydlar hazırlanaraq təqdim edilmişdir. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Beynəlxalq Maliyyə Korporasiyasının Bakı ofisində “Douing Business” hesabatının tərtibçiləri ilə canlı videokonfrans keçirilib.

–  “Vergi partnyorluğu sazişi”nin əhəmiyyətini necə şərh edərdiniz?

–  Bu ildən Vergi Məcəlləsinə “Vergi partnyorluğu sazişi” anlayışı daxil edilib. Artıq Nazirlər Kabinetinin qərarı ilə “Vergi partnyorluğu sazişinin forması” və “Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları” təsdiq edilib.

Saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Bu sənəd vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək; ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq; sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq; əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək; müasir idarəetmə alətləri tətbiq etməklə biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək kimi mühüm məqsədləri ehtiva edir.

Qaydalara əsasən, sazişin bağlanılması məqsədilə vergi ödəyicilərinin seçimi zamanı ilkin olaraq sertifikatlaşdırılmış proqram təminatı ilə mühasibat uçotu aparan vergi ödəyicilərinə; ƏDV ödəyicilərinə; maliyyə xidmətlərini həyata keçirən kredit və sığorta təşkilatlarına; vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, habelə alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük veriləcək.

“Vergi partnyorluğu sazişi” vergi ödəyicilərinin hüquqlarının qorunmasını yeni bir müstəviyə çıxarmaqla, cəmiyyətdə yeni nümunəvi vergi ödəyiciləri adlanan bir təbəqənin yaranmasına və nəticə etibarilə həmin vergi ödəyicilərinin sosial prestijinin artmasına səbəb olacaq. Saziş vergi ödəyicisinə daxili nəzarət sisteminin gücləndirilməsini tələb edir və bu da vergi orqanlarından çox təsərrüfat subyektlərinin maraqlarına xidmət edir. Hazırda Vergilər Nazirliyində qaydalara uyğun olaraq sazişlərin bağlanması məqsədilə müvafiq işlər yerinə yetirilir.

 





15.08.2013    çap et  çap et