525.Az

Ermənistan: keçmişlə indi arasında ümidsiz tərəddüdlər


 

Ermənistan: keçmişlə indi arasında ümidsiz tərəddüdlər<b style="color:red"></b>

Son zamanlar erməni KİV-i Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı müxtəlif fikirlər irəli sürür. Xarici siyasətin səmərəsizliyi fonunda bu kimi cəhdlər bütövlükdə rəsmi İrəvanın nə edəcəyini bilmədiyini göstərir. Keçən əsrin 90-cı illərində irəli sürülən bəzi həll planlarını xatırlatmağa çalışan erməni analitiklər faktiki olaraq, ölkə rəhbərliyinin çıxılmaz vəziyyətə düşdüyünü dolayısı ilə təsdiq etmiş olurlar.

"Gilmor planı"nın həsrətində

Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qopara bilməməsindən çox narahat olduğu məlumdur. Dünya ictimaiyyəti işğal edilmiş ərazilərdə ikinci bir erməni dövləti yaradılmasını heç zaman qəbul etməyəcək. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi də artıq hətta ən şovinist erməni siyasətçisi üçün də absurddur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin "ümumi dövlət" adlanan sərsəm planı indi hətta təbliğat aparmağa belə yaramır. Bunu erməni analitiklər açıq etiraf edirlər (bax: Игорь Мурадян. Что произошло с "планом Гилмора" // "Иратес de facto", 2 iyul 2013).

Bu vəziyyət təbii olaraq Ermənistanın xarici siyasətini çox çətin mərhələyə gətirib çıxarıb. Faktiki olaraq, rəsmi İrəvan nə edəcəyini bilmir. Onun əlacı sistemsiz və qeyri-müəyyənliklərlə dolu manevrlər etməyə qalıb. Bunun təzahürləri erməni siyasətçilərin fikirlərində və analitik yazılarda öz əksini tapmaqdadır. Burada gözə çarpan bir neçə mühüm məqam vardır.

Hər şeydən əvvəl, Ermənistan rəhbərləri dövlətçiliyin perspektivini görə bilmirlər. Bunun səbəbini bəzi analitiklər "Ermənistan siyasətçilərinin dünyada baş verən siyasi proseslərin həqiqi mənasını dərk edə bilməmələrində" axtarırlar (bax: yuxarıdakı mənbəyə). Onların siyasi düşüncələri faktiki olaraq, zamanın tələbləri səviyyəsində deyil.

Ermənistan siyasi isteblişmenti hələ də 200 il bundan əvvəl xarici təsirlər nəticəsində formalaşmış siyasi təfəkkürə sahibdir. Keçən əsrin 90-cı illərində dövlət səviyyəsində bu, radikal milliyyətçilik və şovinizm məzmunu kəsb etdi. Bütün proseslərə və dəyişikliklərə bu müstəvidə nəzər salan ermənilər ətraflarında cərəyan edən real hadisələri anlaya bilmirlər. Bunun ən bariz təzahürü Dağlıq Qarabağ məsələsində rəsmi İrəvanın tutduğu mövqedir.

Digər məqam Ermənistanın regional miqyasda bərbad və əsassız siyasət yeritməsi ilə bağlıdır. Rəsmi İrəvanın bu istiqamətdə yeritdiyi siyasətə diqqətlə nəzər salsaq görərik ki, burada qonşulara qarşı iddialardan başqa bir şey yoxdur. Ermənilərə elə gəlir ki, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyə onlara siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və başqa sahələrdə borcludurlar. Onların hər birindən özü üçün əsassız dividendlər gözləyirlər. Konstruktiv və əsaslı siyasət yeritmək əvəzinə, belə bir mövqe tutmaq təbii ki, heç zaman səmərə verə bilməz.

Ermənistanın xarici siyasətində özünü göstərən başqa bir xüsusiyyət havadarlarına qarşı şıltaq davranmasıdır. Rəsmi İrəvan bu qənaətdədir ki, ABŞ, Avropa və Rusiya Cənubi Qafqazda yalnız ermənilərin marağını diqqətə alan siyasət yeritməlidir. Əgər belə deyilsə, onda region qan çanağına dönməlidir. Bu səbəbdəndir ki, Türkiyə və Azərbaycanla bağlı hər hansı mənfi fikir söylənilsə, erməni KİV-i ondan "fil düzəltməyə" çalışır. Ancaq yalnız təbliğatla kifayətlənmir – yeni ərazi iddiaları irəli sürür. Bu günlərdə Türkiyə və Azərbaycanla bağlı bəzi məmurların söylədikləri fikirləri xatırlamaq kifayətdir.

Bütün bunların fonunda Ermənistanın İranla əlaqədar yaranmış vəziyyətdən necə yararlanmaq istədiyi maraq doğurur. Rəsmi İrəvanın iki məqama daha çox diqqət cəlb etməyə çalışdığı duyulur. Birincisi, Ermənistanı "Cənubi Qafqazın Suriyası" kimi təqdim etməyə çalışır. Bununla ölkənin geosiyasi əhəmiyyətini süni surətdə artırmaq məqsədi güdür. Hətta iddia edir ki, Ermənistan regionda yüksək texnologiyalara sahib olmaq və ən güclü hərbi struktur formalaşdırmaq imkanına malik yeganə dövlətdir (bax: Наира Айрумян. Даже с помощью "Смерчей" Баку не получит Карабах // www.lragir.am, 18 iyul 2013). İkincisi, Dağlıq Qarabağ məsələsini öz xeyrinə həll etmək üçün bütün şantaj və təxribat üsullarından istifadə etməyə çalışır. Bunu təsdiq edən əlamətlərdən biri "Gilmor planı" adlanan bir layihəni yenidən siyasi gündəmə gətirməkdir.

Geosiyasətdən süni istifadənin aqibəti

Harri Gilmor ABŞ-ın Ermənistandakı keçmiş səfirlərindən biridir. M.Olbraytın tapşırığı ilə keçən əsrin 90-cı illərinin sonunda Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar bir sənəd hazırlayıb. Orada problemin həlli aspektində bir sıra prinsiplər ifadə olunub. Bəzi məqamlarda ziddiyyətlər vardır. Ancaq birinci prinsip Azərbaycanın ərazi bütövlüyünü tanımaqla əlaqəlidir. Erməni analitiklər əvvəlcə bu planı Ermənistan üçün uyğun hesab etmirdilər. İndi isə ərazi bütövlüyü ilə bağlı hissəni kölgədə saxlamaqla ermənilərin xeyrinə olan prinsipləri qabardırlar (bax: birinci mənbəyə).

Burada məqsəd aydındır. Bir tərəfdən, qlobal miqyasda gedən geosiyasi proseslərdən faydalanmaq istəyirlər. Digər tərəfdən isə, özlərinin dialoqa hazır olduğunu nümayiş etdirməyə çalışırlar. Məhz ABŞ tərəfdən irəli sürülən və artıq yaddan çıxmış "plan”ı yada salmaqla Qərbə reverans edirlər. Bu zaman Avropa və Rusiyanı problemi "ədalətli” həll etməyə imkanı olmayan qüvvələr qismində təqdim edirlər.

Bu bağlılıqda ATƏT-in Minsk qrupunu da tənqid edirlər. Çünki sözdə də olsa, bu qrup Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin erməniləri qəzəbləndirən əsas məsələ ATƏT-in faktiki olaraq heç bir iş görə bilməməsidir. Yəni Dağlıq Qarabağı Azərbaycandan qopartmağa gücünün çatmamasıdır. Geosiyasi proseslərin Ermənistanın təcavüzkarlığına haqq qazandıra biləcək istiqamətdə getməməsi rəsmi İrəvanı məyus edib.

Bütün bunlarla yanaşı, İrəvan ümid edir ki, Qərb artıq Türkiyənin regional lider rolunu qəbul etmək istəmir. Bunu fürsət bilən ermənilər Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək şansını itirdiyini düşünürlər. Hətta süni müharibə ssenarisi ilə azərbaycanlıları yaranmış vəziyyətlə barışmağa məcbur etməkdən dəm vururlar. Guya böyük dövlətlər elə bir müharibə ssenarisi qururlar ki, Azərbaycan müəyyən uğur qazanır, ancaq ciddi itkilər verir. Bununla həm ermənilər başa düşürlər ki, işğal etdikləri əraziləri saxlaya bilməyəcəklər, həm də azərbaycanlılar müharibə yolu ilə ərazi bütövlüyünü bərpa etməyin mümkün olmadığını dərk edəcəklər.

Təbii ki, bu cür fikirlər sadəlövhləri inandırmaq üçündür. Real vəziyyət tamamilə fərqlidir. Azərbaycan bütün beynəlxalq hüquq normalarına görə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Bu məsələdə kiminləsə bazarlıq etmək mümkün deyildir. Ermənilər də bunu gözəl bilirlər. Məhz bu səbəbdən müxtəlif süni arqumentlərdən istifadə edərək, özlərinə uyğun tezislər formalaşdırmağa çalışırlar.

Bundan başqa, Azərbaycanın kiminləsə müharibə etmək niyyətinin olmadığı tam aydındır. Rəsmi Bakı yalnız ölkənin ərazi bütövlüyünün bərpa edilməsini tələb edir. Buna da tam haqqı vardır.

Eyni zamanda, Azərbaycan rəhbərliyinin yeritdiyi xarici siyasətin əsaslı olduğunu təcrübə sübut edir. Ölkə regionun lideri səviyyəsinə yüksəlib. Bütün sahələrdə davamlı inkişafa nail olub. İlbəil hərbi qüdrəti artır. Bunlar dünyanın və regionun böyük dövlətləri ilə münasibətlərin daha da inkişaf etdirilməsi ilə müşayiət olunur.

Son dövrdə Rusiya və İranla əlaqələrin müsbət mənada yeni məzmun kəsb etməsi Ermənistan rəhbərliyini, şübhəsiz ki, qıcıqlandırır. Moskva Azərbaycana müasir silahlar satır, Tehran isə qonşuları ilə əməkdaşlığa ayrıca diqqət yetirmək fikrindədir.

Bütün bunlar regionda Azərbaycanın mövqeyinin daha da gücləndiyini göstərir. Artıq aydındır ki, Ermənistan keçən əsrin 90-cı illərində olduğu kimi şıltaqlıq edə bilməyəcək. Görünür, onun gücü yalnız arxivlərdə qalmış köhnə planlardan yapışmağa çatır. Bu yol isə Ermənistanı məbədə aparmır. Əksinə, onu dərin uçurumlar gözləyir.

Newtimes.az

 





15.08.2013    çap et  çap et