525.Az

Ritmsiz rəqs, asma körpü - Türkan Turan yazır


 

Ritmsiz rəqs, asma körpü - <b style="color:red">Türkan Turan yazır</b>

Gah dolur, gah boşalır, gah islanır, gah quruyur, gah yanır, gah sönür... Bax, beləcə ziddiyyətlər bitmək bilmir. Beynində yığınla yaranmaş suallar rahatlıq vermir. Bütün cəhdləriniz səssizliyə dəyib, üstünüzə qayıdır. Gözləyirsiniz, ümid edirsiniz, gözünüzü yollara dikirsiniz, hamısı hədər gedir. Ruh halınız mövsüm kimi dəyişir. İçəridə fırtına, yağış, qar, günəş o qədər yer dəyişir ki, uyğunlaşmağa macal tapmırsınız!

Ürəyiniz sakitləşmir, hikkədən gözünüzə pərdə çəkilir. Nə doğrunu görürsünüz, nə yanlışı dərk edirsiniz. O qədər taqətdən düşürsünüz ki, qabığınıza çəkilməkdən başqa yol tapa bilmirsiniz! Elə dərindən nəfəs almağa başlamışkən, bu dəfə rolların dəyişdiyini, onun sizə doğru gəldiyini görürsünüz. Yelkənləri suya endirirsiniz, dalğalanmağı dayandırıb, durulmağa başlayırsınız. Təzəcə raya oturduğunuzu zənn edərkən, bir də baxırsınız ki, lokomotiv işıq surəti ilə aradan çıxır! Gedərkən tonlarla arzularınızı, xəyallarınızı, güvəninizi aşıraraq yerlə bir edir! Özünüzü toplayıb ayağa qalxanda təkrar gəlir! Yenə təzadlar başlayır. Siz ona sevgi deyirsiniz, o sizə quraqlıqdan danışır, siz eşq deyirsiniz, o qlobal istiləşmədən bəhs edir, siz həsrət deyirsiniz, o texnologiyanın inkişafı, siz darıxmaq deyirsiniz, o atomun korpuskul hissəsinin necə kəşf edildiyini... Aldığınız cavablar nə beyninizi, nə də ürəyinizi qane edir. Mümkünsüzlüklərin çəkisinin daha ağır olduğunu görüb, kor-peşman geri çəkilirsiniz. Səbəbi məlum olmayan bu gəl-getlər bitmir. Özünüzü eyni mahnını dinləyən, lakin eyni anda ritmi tuta bilmədikləri üçün rəqs etməyi bacarmayan cütlüklərə bənzədirsiniz. Biriniz sağa gedəndə, o biriniz sola dönürsünüz, biriniz irəli əyiləndə, o biriniz bükülürsünüz. Beləcə, nə anlaşa bilirsiniz, nə uzlaşa...

Aranızdakı körpü o qədər dağılıb yenidən qurulur ki, bir məqamdan sonra bəndi bərkitməyə yer tapmırsınız. Axırda asma körpü yaradırsınız. Münasibətiniz həmin körpü kimi havada asılı qalır. Bir xətaya bənd olur. Azacıq əsən sözdən yellənir, yüngül tərpənişdən çatlayır, xəfif titrəyişdən uçulur.

Hər dəfə barışanda bir neçə gün buludların üstündə gəzirsiniz, sonra yenidən kabus dolu günlər başlayır. İki nəfər olduğunuzu zənn etdiyiniz münasibətin içərisində tək qaldığınıza şahid olursunuz. Sonra hər şey əvvələ qayıdır, mesajlara gələn candərdi cavablar başlayır. Arada bir-iki xoş sözlə ürəyinizi ələ alır. Telefonla danışmağı mütəmadi hala çevirsəniz kəsib tullayır. Bəhanələr əskik olmur: işim çoxdur, başımı qaşımağa vaxtım yoxdur, iclasdayam, tədbirdəyəm! Yetərincə sevilmədiyiniz sillə kimi üzünüzə çırpılır. Özünüzü quyunun dibində hiss edirsiniz. Getməyə min səbəb olur, bircə kəlməsi ilə məğlub olub qalırsınız.

İşləri yekunlaşdırsın qaydasına düşəcək, başı açılsın keçəcək deyə fikirləşirsiniz. İşi də qurtarır, nəinki başı, az qalsın beyni də açılıb ortaya tökülür, amma heç nə düzəlmir ki, düzəlmir!

Həyatında nəinki birinciliyi, heç ikinciliyi də tuta bilmirsiniz. Günləriniz “bəlkə” ilə keçir.

Belə insanla birlikdəsinizsə, sevilmirsiniz! Sadəcə ehtiyac yarandığı təqdirdə ehtiyatda saxlanırsınız. Sizi itirməyəcəyinə, getməyəcəyinizə, sonra fikrini dəyişib qayıtsa tərk etdiyi yerdə tapacağından həmişə arxayındır!

Bu cür münasibət sevilən tərəf üçün arzuolunandır. Çünki onun üçün usanmadan nəsə etməyə cəhd edən sevgi dolu insan var. Bütün bunları görəndə eqosu şişdikcə şişir, oxşandıqca oxşanır. Fikirləşir ki, “mən onu qarşımda bu cür mil kimi saxlamışamsa, gör başqalarına nələr edərəm”.

Sevən insanlar qarşıdakının bircə yalanına möhtac olurlar. Hər şeyə inanmağa hazır dayanırlar. Bu adamı öz gözündən salır, dəyərsiz hiss etdirir. Qarşı tərəfin bitirməyini gözləmədən bu münasibəti siz sonlandırın, səssizcə uzaqlaşın. Onunla bir saniyə də itirməyin! Hər şeyin düzələcəyinə isə əsla inanmayın, zəngləri azaldın, mesajları seyrəldin! Bu cür insanlar qarşıdakını əzərək əskikliklərini bərpa etməyə çalışırlar. Eqolarını qarşıdakını yox sayaraq bəsləyirlər. Münasibəti tək qalmaq qorxusuyla sonlandırmaqdan qorxmayın! Əgər davam edirsinizsə onsuz da yalnızsınız, bu da az deyilmiş kimi aciz və zəifsiniz. Həyatınızda isə heç kim yoxdur, özünüzü aldadırsınız.

Aranızdakı körpünü özünüz dağıdın. İcazə verin, bəndləri bərkitməyə yer qalmasın. Asma körpü qurun. Zərər verən münasibətiniz havada asılı qalsın, bir xətaya bənd olsun, əsən sözdən yellənsin, yüngül tərpənişdən çatlasın, xəfif titrəyişdən uçulsun! Uçulsun ki, istiqamətiniz dəyişsin, sütunu etibarlı, möhkəm olan yeni körpü qura biləsiniz!

 





20.10.2018    çap et  çap et