525.Az

Xalq yazıçısı Elçin: “Yazıçı ilə dialoq”da deyilənlər - Fotolar


 

Xalq yazıçısı Elçin: “Yazıçı ilə dialoq”da deyilənlər - <b style="color:red">Fotolar </b>

Oktyabrın 16-da Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində Xalq yazıçısı Elçinlə görüş təşkil edilmişdi. Görüşdən geniş reportaj yazmalıydım...

Fəaliyyətə başlamasından qısa zaman keçməsinə baxmayaraq, artıq ölkə çapında kifayət qədər tanınan, maraqlı tədbir və layihələrə evsahibliyi edən Bakı Kitab Mərkəzinə daxil oluram. İçəri keçən kimi şəhərin mərkəzinin hay-küyü, urbanizasiyanın boğuculuğu yoxa çıxır. Xoş aura, avanqard dizayn, kitab qoxusu və qəhvə ətri məni qarşılayır. Bir neçə dəqiqə rəflərin arasında dolaşır, bu böyük kitab xəzinəsini məftun-məftun seyr edirəm. Bir neçə dəqiqə sonra Xalq yazıçısı, görkəmli dramaturq və ədəbiyyatşünas Elçinlə görüş başlayacaq.

Üzümü hara çevirsəm, tanış simalardır. Yazıçı, şair dostlar, tanışlar... Qələbəlikdi. Hamı da Elçinin işığına yığışıb. Birtəhər yer tapıb otururam. Çox keçməmiş, Xalq yazıçısı da zala daxil olur...

Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Günel Rzayeva açdı. Elçinin yaradıcılığı haqqında danışan G.Rzayeva görkəmli yazıçı ilə rəhbəri olduğu qurumda görüş keçirilməsindən məmnunluğunu ifadə etdi.

Ardınca tədbirin aparıcısı, tanınmış teatrşünas, professor Məryəm Əlizadə tədbir iştirakçılarını salamladı. Onun yazıçı və ictimai-siyasi xadim kimi xarakterik cəhətlərindən danışdı: “Elçin görkəmli bir şəxsiyyət, çoxşaxəli yaradıcılığa malik ədibdir. Dərbənddən tutmuş Zəncana qədər böyük bir ərazidə məskunlaşan azərbaycanlıların, Azərbaycan xalqının yazıçısıdır. Ümumiyyətlə, xalq ədəbiyyatdan nə gözləyir? İstəyir ki, ədəbiyyatdan yaşamağa ümid alsın, mətndən işıqlı arzular əxz eləsin, yaşamağa, yaratmağa dayaq olsun. Elçin xalqın nə istədiyini duya, anlaya, damarını tuta, həmin istəkləri mükəmməl şəkildə mətnə köçürə bilir. Bu mənada, o, ədəbiyyatımızın, ədəbi-bədii düşüncənin, müasir Azərbaycan teatrı qavrayışının fenomenidir”.

Teatrşünas, Elçin yaradıcılığını alovla müqayisə etdi: “Uşaqlıqdan alov bizimçün qadağa deməkdir. Valideynlərimiz bizi həmişə alovdan uzaq tutmağa çalışıblar. Çünki çox yaxın getsək, bizə zərər verər, yandırar. Amma bütün bu qadağalara rəğmən, alovda sirli bir çəkicilik, həyəcan var. Hər dəfə bizə fərqli şəkillərdə görünür. Dəyişkəndir. Elçinin yaradıcılığı da çox yaxınlaşsan, itib-batacağın, dərinliyi, çoxyönlülüyü ilə səni azdıracaq labirint, dilləriylə min cür xarüqələr yaradan tonqaldır”.

M.Əlizadə qeyd etdi ki, Elçinin yaradıcılığı dalğalı, dəyişkəndir: “Elçin yaradıcılığı hər dəfə yeni formatda qarşımıza çıxır. Bəzən uşaqlaşır - uşaqlar üçün nağıl yazır. Sabahısı gün filosofa çevrilir - hansısa pyesində bizə yol göstərir. Növbəti dəfə çox sadə qiyafədə peyda olur - bizdən birinə çevrilib nasir kimi özünü təqdim edir. Dəyişir, inkişaf edir, müxtəlif formasiyalarda görünür, metamorfoz keçirir”.

Daha sonra söz alan Xalq yazıçısı dəvətə görə təşəkkürünü bildirdi. Dedi ki, görüşün belə gözəl məkanda baş tutması ona tamam ayrı aura bəxş edir: “Bakıda olmadığımdan mərkəzin açılışında iştirak edə bilməsəm də, sidq-ürəkdən sevindim. Bakı Kitab Mərkəzini Heydər Əliyev Fondunun və qurumun rəhbəri Mehriban xanım Əliyevanın son 15 ildəki yorulmaz fəaliyyətinin daha bir bəhrəsi kimi qiymətləndirmək olar. Hesab edirəm ki, Mərkəzin işə başlaması kitabın, kitabçılığın əvvəlki, itirilmiş nüfuzunun bərpası üçün atılmış ciddi addımdır. Məni sevindirən digər məsələ mərkəzə sevimli Günel Anarqızının rəhbərlik etməsidir”.

Elçin oxucuların sayının azalması haqda da danışaraq, kitabın kütləviləşməsinin önünü kəsən amillərin qarşısını almaq üçün bu cür mərkəzlərin açılmasının təqdirəlayiq olduğunu dedi: “Əvvəllər Bakının az qala hər küçəsində kitab mağazaları, hamısının da qarşısında növbələr olurdu. Amma Sovet hökuməti dağılandan sonra siyasi və mədəni kataklizm yarandı. Ona görə kitab da öz nüfuzunu itirməyə başladı. Amma hazırda ölkəmizdə kitaba, ədəbiyyata dövlət səviyyəsində diqqət var. Bu mənada, belə mərkəzlərin açılması çox sevindiricidir”.

Xalq yazıçısı nümayəndəsi olduğu altmışıncılar ədəbi nəsli haqqında da geniş danışdı: “Altmışıncılar deyəndə, daha çox 3 nəfər yada düşür. Anar, Əkrəm Əylisli, Elçin. Amma bunu bir qədər ədalətsiz hesab edirəm, çünki o dövrün ədəbiyyatı təkcə bizdən ibarət deyil. Altmışıncılar mənim aləmimdə bədii-estetik hadisədir. Onları diferensial şəkildə qiymətləndirmək doğru deyil. Bu o demək deyil ki, hər yazıçını fərdi şəkildə qiymətləndirmək olmaz, o dövrü mən həmişə küll halında görürəm. İstər Yusif Səmədoğlu, istər İsi Məlikzadə, istər Sabir Süleymanov, istər Arif Abdullazadə, istər Çingiz Ələkbərzadə olsun... Əlbəttə, istedad hamıda eyni olmur. Adlarını çəkdiklərimdən bəzilərinin əsərləri bu gün də yaşayır, eləsi də var, yazdıqları aktuallığını itirib. Bir qisminin ədəbi taleyisə daha acınacaqlıdır. Öz layiqli qiymətlərini almayıblar. Məsələn, Sabir Süleymanov, yaxud İsi Məlikzadə...”

Elçin altmışıncılar dalğasının ortaya çıxma səbəblərindən də söz açdı: “XX Partiya Qurultayından sonra Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Nikita Xruşşovun şəxsiyyətə pərəstişə qarşı çıxması nəticəsində ölkədə siyasi sferada bir qədər mülayimləşmə duyulmağa başladı. Bu ab-havanın da təsiri böyük oldu. Amma əsas səbəb başqadır: ədəbiyyat canlı orqanizmdir. Bu orqanizm müəyyən dövrlərdə aktiv, müəyyən dövrlərdə passiv həyat tərzi keçirir. Məsələn, rus ədəbiyyatına nəzər salsaq görərik ki, Aleksandr Puşkinlə Lev Tolstoy arasında xeyli vaxt, ədəbi boşluq var. Bu dövrdə yazıb-yaradan imzalardan maksimum üç-dördünün adını çəkə bilərik...

Düşünürəm, vaxt gələcək, elə imzalar ortaya çıxacaq ki, altmışıncılardan da istedadlı olacaqlar, tamamilə fərqli mətnlər təqdim edəcəklər. 80-90-cı illərdə də kifayət qədər istedadlı ədiblərimiz yetişib. Məsələn, Afaq Məsudu, yaxud elə son on-on beş ilin yetirmələrindən olan Günel Anarqızı, Mübariz Cəfərli, Şərif Ağayar kimi imzaları göstərmək olar. Amma küll halında, ədəbi nəsil adlandırılacaq ədiblərimiz, təəssüf ki, yoxdur”. 

Elçinin sözlərinə görə, gəncliyindəki tutduğu yol, ədəbi ideallar, üslüb və janra sadiqdir. Dəyişmək istəyi, fikri də yoxdur: “25 yaşım olanda “Poçt şöbəsində xəyal” pyesində dilə gətirdiyim düşüncələr bu gün də mənə doğmadır, mənimçün aktualdır. Ola bilər, professionallıq baxımından hansısa dəyişikliklər var. Amma ümumilikdə altmışıncı illərdəki Elçinlə indiki Elçin arasında ciddi fərq görmürəm. Gəncliyimdəki həyata, ədəbiyyata, gerçəkliyə baxışımla hazırkı yanaşmam eynidir. “O inanırdı” adlı ilk hekayəm 16 yaşımda, “Azərbaycan gəncləri” qəzetində çap olunub. Amma kitablarımın heç birinə 1968-ci ilə qədər yazdıqlarımı daxil etməmişəm. Ona görə yox ki, mənim üçün yaddılar. Ona görə ki, həvəskarlıqdan professionallığa qədər yazılan mətnlər tirajlanmamalıdır. Bəzən mətnlərə rast gəlirəm, imzadan sonra “Həvəskar şair”, yaxud “Həvəskar yazıçı” qeydi olur. Fikrimcə, ədəbiyyatı həvəskarın ümidinə buraxmaq olmaz. Təsəvvür edin ki, 250 nəfəri daşıyan bir təyyarənin sükanı arxasında həvəskar pilot oturub. Hər an faciə baş verə bilər. Ədəbiyyata da eyni ciddiyyət, eyni professionallıqla yanaşmaq mütləqdir”.

Elçin söhbət əsnasında ədəbi “izm”lər mövzusundan da yan keçmədi: “Ümumiyyətlə, yazılan əsərin hansı janrda yazılmasını oxucular, tənqidçilər, yəni başqaları deməlidirlər. Amma bir yazıçı janrı məqsəd kimi seçəndə yaradıcılığı alınmayacaq. Bir məsələ də var ki, sovet cəmiyyəti qapalıydı, “izm”lər yaxın buraxılmır, ideologiyanın təhrikiylə pislənirdi”.

Xalq yazıçısı öz dramaturgiyasından da danışdı: “Bayaq qeyd etdiyim kimi, ilk pyesimi 1968-ci ildə yazmışam. Pyesi bitirdikdən sonra Anara verdim ki, oxuyub fikrini bildirsin. Çox bəyənmişdi. Qərara gəldim ki, ovaxtkı Əzizbəyov, indiki Milli Dram Teatrında tamaşaya qoyulsun. Mərhum rejissor Mehdi Məmmədov pyesi oxuyub bəyəndi. Amma “Qlavlit” mane oldu. Daha sonra Mərkəzi Komitənin ideoloji katibi Cəfər Cəfərova müraciət etdim. Ancaq o da tamaşanın qoyulmasına müvəffəq ola bilmədi. İki il sonra rejissor Ağakişi Kazımov pyesi tamaşaya qoymaq istəsə də, fikir ayrılığına görə alınmadı. Bu gedişata görə məndə bir növ inciklik yarandı, uzun müddət pyes yazmadım. 20 Yanvar hadisələri vaxtı hədsiz pərişan haldaydım. Hər gün yazmağa öyrəşmiş adam neçə aydı ki, əlinə qələm almırdım. Yaradıcılığın psixologiyası çox qəribədir. O pərişanlığa rəğmən kitabxanamdan Molyerin komediyalarını götürüb oxumağa başladım. Bu hərəkətdə bir qədər absurdizm var. Çünki o qədər vəhşətin, faciənin ortasında komediya oxuyurdum. Sonra başladım kiçik pyeslər yazmağa. “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”, “Mən sənin dayınam” kimi əsərlər belə yarandı...

Dramaturgiya ilə paralel xeyli nəsr əsəri yazır, çoxlu hekayələr qələmə alırdım. Daha sonra “Baş” romanı ərsəyə gəldi.

İndi daha bir absurd pyesim artıq hazırdır. Rus Dram Teatrında məşqlər gedir. Bəzən qeyd edirlər ki, Elçin absurdizmə çox aludə olub. Düşünürəm ki, yaş irəlilədikcə, həyatın iç üzünü gördükcə, yaşantılar artdıqca, ümumiyyətlə, hər şey adama absurd gəlir. İnsan anlayır ki, hər şey nisbidir, kədər də, sevinc də...”

Xalq yazıçısı Azərbaycan ədəbi tənqidi barədə də fikirlərini bölüşdü: “Həmişə istəyirəm ki, əsərlərim haqqında yazılan tənqid səviyyəli olsun. Tənqid səviyyəlidirsə, ona mütləq reaksiya vermək lazımdır. Yox, tənqid sadəcə söz yığınıdırsa, arqumentsizdirsə, ona baş qoşmağa dəyməz. Bu cəhətdən özümü kifayət qədər şanslı hesab edirəm. Çünki əsərlərim, yazılarım haqqında yetərincə yaxşı tənqidi yazılar yazılıb, yazılır. Amma yenə də tənqid sahəsində çatışmayan cəhətlər çoxdur. Xüsusən, yaradıcılıq psixologiyasına yanaşmada axsamalar var. Buna görə də müasir Azərbaycan tənqidi barədə çox yazıram, problemlərə toxunuram.

Mənim ədəbi fəaliyyətimdən başqa, ictimai-siyasi fəaliyyətim də olub. Sual edirlər ki, bu, sizə yazıçı kimi nə verib? Cavab verirəm ki, çox şey. Çünki fəaliyyətim dövründə hədsiz insan xarakterilə rastlaşmışam. Çoxlu xoşbəxt insan görmüşəm, bədbəxt adamlarla rastlaşmışam. Bütün bu adamlar məni bir insan, bir yazıçı kimi zənginləşdirib, püxtələşdirib, yanaşmama nələrsə qatıblar.

Bir məsələ də var ki, vəzifədən əvvəl hansı Elçin idimsə, vəzifədə olduğum müddətdə də həmin Elçin olmuşam, elə indi də həmin Elçinəm. Bir dəfə hələ mərhum Heydər Əliyevin hakimiyyəti dövründə “525-ci qəzet”ə müsahibəmdə demişdim ki, harda işləməyimə baxmarayaq, mən ilk növbədə yazıçıyam. Bu sitatı manşetə çıxarmışdılar. Bir gün sonra Heydər Əliyev mənə zəng edib dedi, “Elçin, müsahibəndə belə demisən. Bir nəfər yanıma gəlib şikayətləndi ki, bəs görürsüz, Elçin baş nazirin müavinidir, amma deyir, ilk növbədə yazıçıyam. Cavab verdim, deməliydi ki, mən ilk növbədə yazıçı deyiləm?” Yaxşı yadımdadır, mənə Heydər Əliyevin sərəncamıyla “İstiqlal” ordeni veriləndə sənəddə “ədəbiyyatda xidmətlərinə görə” qeydi yer almışdı”.

Akademik Nizami Cəfərov da öz növbəsində Bakı Kitab Mərkəzinin fəaliyyətə başlamasından məmnunluğunu ifadə etdi: “Belə mərkəzin, kitab sarayının yaradılması ölkəmiz, ədəbiyyatımız adına qürurdur.

Elçin haqqında mən də çox yazmışam, amma nə qədər yazılsa da, istədiyini demək hədsiz çətindir. Zəngin ədəbi irs elə bu cür olmalıdır. Böyük ədəbiyyat elədir ki, bir, üç, beş nəsillə bitmir. Bizdən sonra neçə-neçə nəsil haqqında danışır, yazır, müzakirə aparır”.

Şair Səlim Babullaoğlu çıxışında qeyd etdi ki, Elçin yaradıcılığı ədəbi “izm”lər baxımından Azərbaycan ədəbiyyatına qiymətli töhfələr verib: “Onun yaradıcılığında magik realizm xüsusi çəkiyə malikdir. Bundan başqa, təhkiyə nöqteyi-nəzərindən Elçinin yaradıcılığı unikal hesab edilə bilər”.

Fizika-riyaziyyat təmayüllü liseyin 7-ci sinif şagirdi Selcan Şərifzadənin “Əvvəl İlyas Əfəndiyev, indi Elçin Əfəndiyev... Bəs gələcəyin Əfəndiyevi kimdir?” sualına Xalq yazıçısı təbəssümlə “Sən” deyə cavab verdi: “Sən gərək elə oxuya, elə öyrənə, elə yazasan ki, mətnlərin Azərbaycan xalqı tərəfindən sevilsin. Əgər bu gün bura gəlmisənsə, deməli, daxilində ədəbiyyat sevgisi var. Bax, sən də gələcəyin gözəl bir yazıçısı ola bilərsən”.

Bundan başqa, Xalq yazıçısı Elmira Axundova, altmışıncılar nəslindən olan yazıçı Vaqif Nəsib, tənqidçi Nərgiz Cabbarlı və digərləri müzakirəyə qoşuldular, Xalq yazıçısının yaradıcılığı haqqında fikirlər söylədilər, onun ədəbiyyatımızda yeni nəsillərə təsirindən söz açdılar.

Sonda Xalq yazıçısı oxucuların çoxsaylı suallarını cavablandırdı, onlar üçün kitab imzaladı.

 





20.10.2018    çap et  çap et