525.Az

XİN Çöhrəqanlının geri qaytarılmasının səbəbini açıqladı


 

XİN Çöhrəqanlının geri qaytarılmasının səbəbini açıqladı<b style="color:red"></b>

Xarici İşlər Nazirliyi Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana buraxılmaması ilə bağlı açıqlama verib.

“Media forum” saytına danışan mətbuat katibi Elman Abdullayev deyib ki, Çöhrəqanlının Azərbaycana gəlişinə heç bir qadağa qoyulmayıb: “O, sənədlərini normal şəkildə təqdim etsin, viza verək. Yəqin ki, onun sənədlərində çatışmazlıq olub. Məndə bu barədə dəqiq məlumat yoxdur. Amma Azərbaycan tərəfinə viza ilə bağlı müraciət olanda biz ona həmişə tam, detallı baxırıq”.

Elman Abdullayev bildirib ki, Çöhrəqanlının ölkəyə buraxılmamasının əvvəllər Azərbaycandan çıxarılması ilə bağlı olub-olmadığına dair məlumatı yoxdur.

Çöhrəqanlının Azərbaycana buraxılmamasının İranının təzyiqləri ilə bağlı olub-olmadığına gəlincə, Elman Abdullayev deyib: “Şərhçilər məsələni necə istəyirlər şərh edə bilərlər. Amma yenə də qeyd edirəm ki, Azərbaycan tərəfinə viza ilə bağlı müraciət olanda biz ona tam, ətraflı baxırıq”.

Mətbuat katibi qeyd edib ki, Çöhrəqanlının adı arzuolunmaz şəxslərin siyahısında yoxdur.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı avqustun 15-də oğlu ilə birgə Bakıya gəlib, lakin hava limanından bəri keçə bilməyib və Bakı-Frankfurt reysi ilə geri qaytarılıb. O, viza problemi həll olunmadığı üçün Azərbaycana buraxılmayıb.

1958-ci ildə Güney Azərbaycanın Şəbüstər şəhərinin Çöhrəqan kəndində doğulan Mahmudəli Çöhrəqanlı Təbriz Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Tehran Universitetində ümumi dilçilik üzrə namizədlik, Tehran Pedaqoji Universitetində isə doktorluq elmi dərəcəsi alıb. Təbriz və Tehran Universitetlərində dərs deyib. Azərbaycan Milli Elmlər Akademiyasında “Fars dilində türk sözləri” elmi əsərini müdafiə edərək professor olub.

1996-cı ildə Təbrizdən İran parlamentinə namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən tutulub. 2001-ci ildə İranı tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. 2006-cı ilin iyun ayında əvvəl Türkiyədən, daha sonra Azərbaycandan deportasiya olunub. Hazırda ABŞ-da yaşayır.

 





16.08.2013    çap et  çap et