525.Az

Putinin "Xəzər turnesi": Azərbaycanla praqmatik əməkdaşlıq yeni səviyyədə


 

Putinin "Xəzər turnesi": Azərbaycanla praqmatik əməkdaşlıq yeni səviyyədə<b style="color:red"></b>

Rusiya prezidentinin Bakıya səfərini dünya diqqətlə izlədi. Müxtəlif münasibətlər bildirildi. Fərqli analizlər aparıldı və qiymətlər verildi. Bunlar təsadüfi deyil. Hazırda Cənubi Qafqaz və Xəzər hövzəsinin qlobal geosiyasət üçün əhəmiyyəti daha da artıb. Bunun fonunda Vladimir Putinin məhz Azərbaycana səfər etməsi bir çox maraqlı məqamlarla əlaqəli görünür.

Rusiya rəhbərliyinin düşünülmüş seçimi

Vladimir Putinin Azərbaycana səfəri müxtəlif dairələrdə böyük maraq doğurdu. Onu fərqli mövqelərdən qiymətləndirməyə çalışdılar. Hətta bir-birinə tam zidd olan izahlar verildi. Ancaq əksər yazılarda səfər haqqında həqiqətə uyğun olmayan, bəzən də qısqanclıqdan yaranan fikirlərə rast gəlindi. Gerçək baş verən hadisələrin fonunda bu, təbii ki, təəssüf doğurur. Bununla yanaşı, səfərin geosiyasi əhəmiyyətinin nə dərəcədə yüksək olduğuna dəlalət edir.

Erməni analitik və ekspertləri Rusiya prezidentinin Azərbaycana gəlişini az qala Ermənistan dövləti üçün fəlakət kimi dəyərləndirdilər (bax: məs., Акоп Бадалян. Путин избрал Азербайджан // www.lragir.am, 12 avqust 2013; Визит Путина в Баку вызывает тревогу, но не ужас – политологи // www.tert.am, 13 avqust 2013; Александр Искандарян. Почему Азербайджан, почему именно сейчас? // www.tert.am, 13 avqust 2013; Егиазар Айнтабци. Путин еще не на конечной станции // www.1in.am,13 avqust 2013 və s. və i.a.). Onlar məsələni yalnız mənfi aspektdə şərh etməyə çalışdılar. Açıq hiss olunur ki, ermənilər Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsini həzm edə bilmirlər. Bu, onların problemidir. Səfərin real əhəmiyyəti isə regional və qlobal miqyasda qiymətləndirilməyə layiqdir.

Onu deyək ki, bəzi rusiyalı ekspertlər də V.Putinin Bakı səfərini obyektiv təhlil etməyiblər. Onlar buna "iki dövlətdən birinin digərinə güzəşti və ya dəstəyi'' məntiqi ilə yanaşıblar. Məsələn, Rusiyanın Siyasi konyunktura Mərkəzinin direktoru Dmitri Abzalov "Regnum'' informasiya agentliyinə səfərlə bağlı deyib ki, V.Putin seçki öncəsi İlham Əliyevin mövqeyini möhkəmlətmək istəyir. Bunun əvəzində "Bakı bir neçə güzəştə getməyə hazırdır...'' (bax: Эксперт: Визит Путина в Баку – попытка сбалансировать подходы Москвы в Закавказье // www.regnum.ru, 13 avqust 2013).

Digər nümunələr də göstərmək olar, ancaq bununla məsələnin mahiyyəti dəyişmir. Bəzi dairələr Rusiya prezidentinin səfərinin geosiyasi əhəmiyyətini azaltmağa çalışmaqla yanaşı, həm də Azərbaycanın regional və qlobal səviyyədə mövqeyinin güclənməsini qəbul edə bilmədiklərini nümayiş etdirdilər. Səfərə obyektiv yanaşsaq, doğrudan da, olduqca maraqlı və əhəmiyyətli məqamları görə bilərik.

Hər şeydən əvvəl, prezident V.Putinin məhz indi Azərbaycana gəlməsi təsadüfi deyil. Cənubi Qafqaz və Xəzər hövzəsi getdikcə daha böyük geosiyasi oyunların hədəfinə çevrilir. Burada yalnız siyasi faktor rol oynamır – iqtisadi, energetik və mədəni amillərin təsirini inkar etmək olmaz. Hazırda bütün bu parametrlərə görə regionun əsas dövlətinin Azərbaycan olduğu məlumdur. Bu səbəbdən Rusiya prezidenti tarixdə ilk dəfə olaraq Cənubi Qafqazın, geosiyasi aspektdə özünün bərabərhüquqlu tərəfdaşı ola biləcək dövlətlərindən birinə səfər edib. Bu şərt daxilində kiminsə kiməsə güzəştindən söhbət gedə bilməz. Bölgənin geosiyasi mənzərəsinin inkişaf dinamikasını yaxşı görə bilən və buna təsir etmək iqtidarında olan iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılmasından danışmaq daha doğru olardı.

İmzalanan müqavilələrin məzmunu bu tezisin həqiqəti əks etdirdiyini sübut edir. Rusiya və Azərbaycan iqtisadi, energetik və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutan sənədləri razılaşdırdılar. Lakin bu sənədlərin heç biri Azərbaycanın Rusiya qarşısında hansısa siyasi və ya geosiyasi öhdəlik götürdüyü anlamına gəlmir. O cümlədən, rəsmi Bakı Avrasiya inteqrasiya prosesinə qoşulmaq və ya Gömrük İttifaqına üzv olmaq fikrində deyil.

Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə də məsafəli davranır. Ermənistan, Ukrayna və Moldova bu ilin noyabrında Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı müqavilə imzalayacaq, lakin Azərbaycan xüsusi şərtlər daxilində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bununla Bakı həm Qərb, həm də Rusiya istiqamətində ilk növbədə öz müstəqilliyini nəzərə almış olur.

Rusiya-Azərbaycan: əlaqələrin inkişaf perspektivi

Rusiya ilə Azərbaycan arasında imzalanan yeni sazişlərin əsl mahiyyəti iki dövlətin regional səviyyədə əməkdaşlığı inkişaf etdirmək əzmini nümayiş etdirməkdən ibarətdir. Moskva Bakının diversifikasiyalı enerji siyasətini qəbul edir. Bu bağlılıqda Kreml Azərbaycanın Trans-Adriatik qaz kəməri marşrutu layihəsini seçməsindən narahat deyil. Əksinə, V.Putinin səfəri göstərdi ki, bu layihə çərçivəsində də iki ölkə arasında geniş əməkdaşlıq imkanları vardır.

Hər iki dövlət hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər Rusiyadan 4 milyardlıq silah alındığını bəyan edib və bu prosesin davam edəcəyini vurğulayıb. V.Putin də hərbi sahədə əlaqələrin yeni səviyyəyə qaldırılmasında maraqlı olduqlarını dilə gətirib. Bunlar onu göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiya ilə hərbi sahədə "böyük qardaşın kiçik qardaşa yardımı'' prinsipi ilə deyil, regionun əhəmiyyətli müstəqil dövləti qismində münasibətlər qurur. Görünür, rəsmi İrəvanı daha çox bu məqam narahat edir.

Azərbaycanla Rusiya arasındakı münasibətlərdə rus mədəniyyəti və dilinə diqqətin saxlanması ciddi rol oynayır. Prezident Putin Bakıda açıq deyib ki, bu məsələ iki ölkə arasındakı əlaqələrin uzunmüddətli olmasının təminatlarından biridir. Onu deyək ki, Rusiyanın regiondakı forpostu olan Ermənistanda rus mədəniyyəti və dilinə demək olar ki, əhəmiyyət verilmir. Hətta orta məktəblərdə rus dilində təhsildə ciddi problemlər mövcuddur. Maraqlıdır ki, Kreml bu məsələdə İrəvana qarşı çox loyal davranır. Bu baxımdan da Azərbaycanla Rusiyanın humanitar sahədəki əməkdaşlığının xüsusi əhəmiyyəti vardır.

Geosiyasi aspektdə bütün bunların əhəmiyyəti böyükdür. Belə hiss edilir ki, Rusiya Cənubi Qafqaz və Xəzər hövzəsi istiqamətində xarici siyasətini daha da fəallaşdırmaqdadır. Bu prosesdə Kreml Azərbaycan faktoruna ayrıca əhəmiyyət verir. İqtisadi və energetik sahələrdə əməkdaşlıqdan tutmuş təhlükəsizlik məsələlərinin həllinə qədər geniş bir sahədə iki ölkənin ortaq maraqları mövcuddur. Tərəflər bu istiqamətdə əməkdaşlığı inkişaf etdirmək əzmindədirlər.

Digər mühüm bir məqam münaqişələrin həlli ilə bağlıdır. Dağlıq Qarabağ probleminin ədalətli həll edilməsi üçün Moskvanın fəallığını artırması lazım gəlir. Ermənistan ekspertləri daha çox bu məsələnin üzərində dayanırlar (bax: Акоп Бадалян. Карабах не в кармане у Путина, чтобы сдавать его // www.lragir.am, 13 avqust 2013). Ancaq onlar problemi tamamilə yanlış məzmunda təqdim edirlər. Məsələni Rusiyanın işğal olunmuş əraziləri Azərbaycana təhvil verə bilməsi müstəvisində izah etməyə çalışırlar.

Reallıqda isə V.Putin Bakıda Dağlıq Qarabağla əlaqədar məsələnin siyasi yolla həlli zəruriliyindən başqa bir şey deməyib. Təbii ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlət kimi problemin bu şərt daxilində həll edilməsini qəbul etməlidir. Erməni KİV-i isə öz təxəyyülünə uyğun olaraq Dağlıq Qarabağı bazarlıq obyekti kimi təqdim edir.

Görünür, rəsmi İrəvan artıq öz qərəzli mövqeyini müdafiə etmək şansının minimuma endiyini dərk edir. Ona görə də regiondakı geosiyasi proseslərin pozitiv istiqamətdə hər hansı dəyişməsinə qısqanclıqla reaksiya verir. Onun Rusiya-Azərbaycan hərbi əməkdaşlığına da məhz bu aspektdə yanaşdığına şübhə yoxdur.

Vladimir Putinin Azərbaycana indiki səfərini tarixi səfər hesab etmək olar. Təbii ki, burada eyforiyaya qapılmağa da ehtiyac yoxdur. Məsələnin daha əhəmiyyətli tərəfi ondan ibarətdir ki, səfər öncəsi bəzi üzdəniraq ekspertlərin saldıqları hay-küyün əsassız olduğu tam təsdiqini tapdı.

Rusiya Azərbaycanla bərabərhüquqlu əməkdaşlığa üstünlük verdiyini göstərdi. Rəsmi Bakı isə bundan sonra da müstəqil siyasət yeridəcəyini bir daha sübut etdi. Gözləmək olar ki, yaxın perspektivdə Azərbaycanla Rusiya arasındakı əlaqələr daha geniş və dərin məzmun kəsb edəcək. Çünki hər iki dövlət münasibətlərə milli maraqlar çərçivəsində və praqmatik aspektdə baxırlar.

Newtimes.az

 





16.08.2013    çap et  çap et