525.Az

“Problemli kreditlərin əksəriyyəti təminatsız verilən kreditlərə özünü büruzə verir”


 

VƏKİL XAQANİ İMANOV: “PROBLEMLİ KREDİTLƏRİN YARANMASINDA BAŞLICA SƏBƏBLƏRDƏN BİRİ BANKLARIN ONLARA MÜRACİƏT EDƏN MÜŞTƏRİLƏR HAQQINDA KİFAYƏT QƏDƏR İNFORMASIYAYA MALIK OLMAMASIDIR”

“Problemli kreditlərin əksəriyyəti təminatsız verilən kreditlərə özünü büruzə verir”<b style="color:red"></b>

Hazırda əhalini maraqlandıran suallardan biri milli valyuta məzənnələrinin kreditlərə təsiri, problemli kreditlərin yaranmasının şərtləndirən hallar və bu hallarla üzləşməmək üçün vacib olan məqamlardır. Problemli kreditlərdən sığortalanmaq üçün görülməli olan tədbirlər barədə suallarımızı vəkil Xaqani İmanov cavablandırıb. 

- Banklarda problemli kreditlər nədən yaranır?

- Bu gün Azərbaycanda hüquqi və fiziki şəxslərin kredit ehtiyaclarını  banklar  və bank olmayan kredit təşkilatlari ödəyir. Banklar və bank olmayan kredit təşkilatları arasında qeyri-standart rəqabət nəticədə ölkənin bank sektorunda problemli kreditlər həcminin dəfələrlə artmasına gətirib çıxardı. Problemli kreditlərin yaranmasında başlıca səbəblərdən biri bankların onlara müraciət edən müştərilər haqqında kifayət qədər informasiyaya malik olmamasıdır. Bundan əlavə banklar onlara müraciət edən müştərilərin real gəlirlərini tam hərtərəfli və obyektiv araşdırmaqla hər bir müştəriyə fərdi qaydada yanaşmalı, həmçinin baş verə biləcək fors major halları gözdən keçirməlidirlər.

- Vətəndaş bank tərəfindən ən çox hansı hallarda aldadılır?

- Vətəndaş bank və ya  bank olmayan kredit təşkilatlarından kredit götürmək qərarına gəldikdə ilk öncə hansı kredit təşkilatında komissiyasız və ya azfaizli kreditin mövcudluğunun olub-olmamasını araşdırır. Nəticədə bankların reklam tələsinə düşürlər. İlin hansısa bayram günlərində və ya ayrı-ayrı peşə bayramlarında bankların istifadə etdikləri cəlbedici reklam xarakterli tələlərə yüzlərlə vətəndaş düşür. Aldadıcı reklam mətnləri əhalini cəlb etsə də, bəzən reallıq reklamdakı kimi olmur. Vətəndaş real şərtlərlə bankda tanış olur və bu, bir sıra hallarda kommersiya banklarının fəaliyyəti haqqında narazılıq yaradır.

- Problemli kreditlər ən çox hansı kredit növlərində yaranır?

- Ümumiyyətlə ölkəmizdən vətəndaşlara verilən ən geniş kredit növü istehlak kreditləridir. Bunun başlıca səbəbi odur ki, banklar istehlak kreditləri verərkən vətəndaşdan təminat tələb etmir. Bir çox bank keyfiyyətə deyil, kəmiyyətə üstünlük verir. Vətəndaşlar adətən öz ehtiyaclarını təmin etmək məqsədi ilə banklardan odəmə qabiliyyətindən daha çox kredit məbləği istəyir. Belə olan halda vətəndaşlar ödəmə qabiliyyətindən artıq borc yükünün altına girir və nəticədə ödəməmə problemi yaranır.  Ümumiyyətlə, problemli kreditlərin mütləq əksəriyyəti təminatsız verilən kreditlərdə özünü büruzə verir. Təminatlı kredit növlərinin təminatı olduğundan onun yığılmasında problemlər nəzərəçarpacaq dərəcədə çox deyil. Kredit verən bank və ya  bank olmayan kredit təşkilatları istənilən halda daşınmaz əmlakı hərraca çıxarıb, kreditin ödənilməsinə bir çox halda nail olurlar.

- Sizcə, problemli kreditlər ən çox hansı səbəblərdən yarandı?

- Manatın devalvasiyası, Mərkəzi Bankın istehlak kreditlərinin azaldılması barədə banklara ciddi tapşırığı nəticədə banklarda problemli kreditlərin həcmini dəfələrlə artırdı. Problemli kreditlər manatın devalvasiyasından da əvvəl var idi. Sadəcə bankların  kreditləşməni dəfələrlə azaltması əvvəl gözlə çarpmayan problemli kreditləri gündəmə gətirmiş oldu. Hazırda problemli kreditlərin çox hissəsi dollarla verilən kreditlərlə bağlıdır. Əhalidə hələ də belə bir fikir var ki, güzəştlər ediləcək. Çünki əhali bu kreditləri əvvəlki qrafiklə ödəyə bilmir. Digər tərəfdən gözləyirlər ki, hər hansı bir müsbət addımlar atılsın. Bunda isə əsasən bankların verdiyi kreditlərin faizinin yüksək olması öz rolunu oynayır. Məsələnin həlli istiqamətində həm əhalidən, həm banklardan, həm də hökumətdən ciddi bir əməkdaşlıq gözlənilir. Banklar heç bir halda güzəştə getmək istəmir. Bankların bəzilərinin bu prosesdən əlavə qazanc götürmək məqsədi və uğursuz siyasəti problemi daha da dərinləşdirdi. Bu prosesdə həmin banklar nəinki xeyir götürdülər, əksinə əvvəlki vəsaiti geri ala bilmirlər.

- “Problemli kredit” problemindən necə xilas olmaq olar? Problemli krediti olan vətəndaşlara nə məsləhət görürsünüz?

MDB ölkələrinin əksəriyyətində vaxtı keçmiş kreditlər problemini daha çox inzibatı üsullarla, qadağalarla və bu qəbildən olan vasitələrlə həll etmək istəyirlər. Aldığı krediti vaxtında ödəməyən şəxs gələcəkdə kredit almaq imkanından məhrum olur. Vətəndaşlar böyük həcmdə kreditləri ödəmədiyi təqdirdə, bank məhkəmə qaydasında ondan girovda olan avtomobil, torpaq, mənzil və sair mülkiyyətini alır. Ancaq bu, problemin həllinin ən yaxşı halda yalnız bir tərəfi ola bilər. Ona görə də müvafiq qanunvericilikdə müəyyən dəyişikliklər etmək olar ki, əgər bankdan kredit götürən şəxsin borcu vaxtında ödəməməsi üçün obyektiv səbəblər varsa, belə hallarda bank müqavilənin şərtlərinə yenidən baxa bilər. Məsələn, ödəmə qaydalarında möhlət vermək və ya borclunun bir müddət yalnız faizləri ödəməklə kifayətlənməsi kimi variantlardan istifadə etmək hər iki tərəf üçün sərfəli olar. Bundan əlavə banklar təklif etdikləri bütün kredit növləri üzrə icbari sığorta olunarsa, həm vətəndaş, həm də bank bütün hallarda sığortalanmış olar. Bu da öz növbəsində həm sığorta sahəsinin inkişaf etməsinə, həm də banklarda gələcəkdə baş verə biləcək gecikən kreditlərin minumuma enməsinə gətirib çıxaracaq.

 





25.10.2018    çap et  çap et