525.Az

Azərbaycan - Rusiya matçı Respublika stadionunda keçirilməyəcək


 

Azərbaycan - Rusiya matçı Respublika stadionunda keçirilməyəcək<b style="color:red"></b> Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 15-də Rusiya yığması ilə 2014-cü il seçmə qrup matçını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, F qrupunda yer alan millimizin son 2 ev oyunu 8-ci km qəsəbə stadionunda baş tutacaq.
 
Cari seçmə mərhələnin sonunadək komandamız 3 oyuna çıxmalıdır. Sentyabrın 7-də millimiz İsrailin qonağı olacaq. Rusiya ilə görüşdən 4 gün öncə isə yığmamız Şimali İrlandiyanı sınağa çəkəcək. Daha öncə AFFA rəhbərliyi Şimali İrlandiyanı Lənkəran şəhər mərkəzi stadionunda qəbul etmək istədiyini bəyan etmişdi. Rusiya ilə qarşılaşmanın Respublika stadionunda olacağı şübhə doğurmurdu. Lakin yekunda növbəti ev oyunlarının məhz 8-ci km qəsəbə stadionunda təşkilinə qərar verilib.   
 
AFFA-nın baş katibi Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. AFFA rəsmisi verdikləri qərara 2 səbəb göstərib: “Əvvəla, millimiz eyni stadionda oynamağa öyrəşib. Artıq Lüksemburq və Malta ilə son matçları komandamız “Bakcell Arena”da keçirib. Digər tərəfdən, qarşıdakı oyunlarımızda 30 mindən çox tamaşaçı tutumuna malik Respublika stadionunun dolacağına inanmırıq. Malta ilə yoldaşlıq görüşündə satışa çıxardığımız 11 min biletdən cəmi 7 mini satılmışdı. İstəmirik ki, yığmamızın oyunları zamanı tribunalarda boş yerlər olsun. Belə qərara gəlmişik ki, sentyabrın 15-dən hər iki matçla bağlı kampaniyaya başlayaq. Kampaniyanın şərti belə olacaq ki, Şimali İrlandiya ilə oyuna bilet alanlar Rusiyaya qarşı matçı da izləyə biləcəklər”.
 
Baş katib Lənkəran variantından imtinanı isə cənub şəhərindəki stadionda ot örtüyünün əlverişli vəziyyətdə olmaması ilə əlaqələndirib.
 
Qeyd edək ki, indiyədək Azərbaycan millisi 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən İsrail (1:1) və Portuqaliyanı (0:2) Tofiq Bəhramov adına Respublika stadionunda, Lüksemburqu (1:1) isə 8-ci km qəsəbə stadionunda qəbul edib.
 





16.08.2013    çap et  çap et