525.Az

Türkiyə və Azərbaycan regionun yeni enerji xəritəsini cızırlar


 

Türkiyə və Azərbaycan regionun yeni enerji xəritəsini cızırlar<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev: “Bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək”. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Biz iki dövlət, bir millət olaraq öz ölkələrimizlə yanaşı, bölgədəki bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün çalışırıq”. 

Oktyabrın 19-da Azərbaycan Türkiyə və region üçün yeni enerji təhlükəsizliyi və rifah layihəsi olan “Star” neft emalı zavodunu istifadəyə verdi. Ölkəmizin qardaş Türkiyədə ən iri və nəhəng investisiya proqramı olan “Star” zavodu regionda mühüm iqtisadi hadisə kimi yadda qaldı. Qlobal iqtisadi layihə statusuna malik ola “Star” zavodu iki qardaş ölkənin sarsılmaz qardaşlığın təntənəsini və iqtisadi qüdrətini, qarşıya qoyduqları hədəflərə çatmaqda nə qədər qətiyyətli və inadlı olduqlarını dünyaya nümayiş etdirdi.

“Star” neft emalı zavodu 15 ildən artıqdır ki, bölgədə enerji flaqmanları olan və uğur salnamələri yazan Azərbaycan və Türkiyənin dünya enerji-kommunikasiya xəritəsində yeni səhifə açdığını nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır: "Bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır".

Türkiyənin Azərbaycan iqtisadiyyatına verdiyi töhfə qarşılıqsız qalmır və qardaşlıq borcu özünü hər bir sahədə göstərir. Bəzi region ölkələri Türkiyənin yanacaq problemlərinin həllinə laqeyd və biganə qaldığı halda Azərbaycan bu vəziyyətlə barışmayaraq qardaş ölkənin daxili yanacaq ehtiyatlarını təmin etməyi öhdəsinə götürür, neft və qaz tədarükü ilə yanaşı, digər yanacaq təminatı üçün milyardlarla dollar sərmayə qoyur. Bu mənada Türkiyənin yanacaq təchizatının köklü şəkildə dəyişməsinə səbəb olacaq “Star” layihəsi il ərzind 8 milyard dollarlıq yanacaq ticarəti bazarının formalaşmasına səbəb olacaq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Zavod 5 milyon ton dizel yanacağı istehsal etməklə Türkiyənin həmin yanacağa olan tələbatının yarısını ödəyəcək və idxalın payı 40 faizə düşəcək. Qardaş ölkədə mayeləşdirilmiş qazın idxal səviyyəsi isə 70 faizə enəcək.

Azərbaycan hazırda daha iri sərmayə proqramları ilə Türkiyə iqtisadiyyatının rəngarəngliyini, zənginliyini təmin etmək hədəflərinə doğru addımlayır. Bütün bu amillər Türkiyənin qlobal enerji məkanı kimi strateji nüfuzunu artırır.

Azərbaycanın milli brendi olan və sərmayələrin qaynağı olan “SOCAR” Türkiyə tarixində ən böyük xarici sərmayəçi kimi 19,5 milyard dollarlıq investisiya paketini gerçəkləşdirməkdə inadlı və inamlıdır. "SOCAR-Türkiyə" şirkətinin öz coğragi hüdudlarını artırması və digər enerji infrastrukturlarını yaradılması Türkiyənin böyük enerji qovşağına çevrilməsindən xəbəb verir. Türkiyə enerji mənbələrinin tədarükü və nəqlində yeni sinerji proqramı hazırlamaqla yaxın illərdə öz hədəflərinə çatmağı məqsəd seçib. Bu layihələr Türkiyədə iqtisadiyyatda yeni sənaye inqilabının baş verməsinə və indistrial cəmiyyətin daha da geniş təşəkkül tapmasına imkan verəcək. Eyni zamanda, İzmir bölgəsində işsizliyin azaldılmasına səbəb olacaq. Hələlik mühüm sosial faktor kimi məşğulluğun təmin edilməsinə töhfə verən “Star” zavodunda 1100 nəfərin yeni iş yeri ilə təmin olunması sosial proqramın birinci mərhələsidir, növbəti mərhələdə bu göstərici daha 2-3 dəfə artacaq.

“Star” investisiya proqramı təkcə iqtisadi mahiyyət kəsb etmir, bu layihə həm də, siyasi və geostrateji məzmun daşımaqla bölgədə enerji-nəqliyyat-kommunikasiya tranzitlərinin körpüsünə çevrilən, regiounun təhlükəsizlik platformasını möhkəmləndirən Azərbaycan və Türkiyənin güclü siyasi nüfuzunun göstərici kimi diqqəti cəlb edir. Bu dövlətlərin icra etdiyi qlobal layihələr dünyada etibarlı və xoş məramlı uzunömürlü tərəfdaşlığa əsaslanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, "Türkiyə və Azərbaycanın bölgənin təhhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram".

Türkiyənin və Azərbaycanın strateji hədəfləri olduqca böyük və əhatəlidir. Hazırda dünyanın yeni formalaşan enerji xəritəsində mühüm strateji mövqe və nüfuz sahibi olmaq uğrunda rəqəabət dərinləşir və bu coğrafiyada təşəbbüskarlığı, liderliyi ələ almağı bacaran Türkiyə və Azərbaycan davamlı olaraq regionda yeniliyin çarçıları kimi enerji-kommunikasiya dəhlizlərində yerlərini daha da möhkəmləndirir. Bu gün iki qardaş ölkə "iki dövlət, bir millət" olaraq regionda sabitləşdirici faktor olmaqla yanaşı, digər bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün qollarını çırmayıb tər tökür, dərin və işıqlı zəka ilə gələcəyə nikbin həyat və tərəqqini təmin etməyə çalışırlar. 

Azərbaycan və Türkiyə regionda yeni uğur hekayələri yazmaqda davam etməkdədir. Hər iki ölkə bir-birinə dəstək verməklə, güclü və möhtəşəm gücünə güc qatmaqla həm də birgə ümummilli hədəflərə çatmağa nail olur. Azırbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Bizin gücümüz birliyimizdədir". Birgə güc, iradə, qarşılıqlı dəstək olan yerdə ən çətin və mürəkəb işləri görmək, hədəflərə və uğurlara çatmaq mümkündür.

 





26.10.2018    çap et  çap et