525.Az

Azərbaycan yollarında - Orxan Aras Almaniyadan yazır


 

ÜÇÜNCÜ YAZI

Azərbaycan yollarında - <b style="color:red">Orxan Aras Almaniyadan yazır </b>

Yollar, yollar... Hər yoxuşda, hər enişdə heyran olduğum yollar... Qazax, Ağstafa, Tovuz, Şəmkir, Hacıkənd arasında minbir rəng və gözəlliyin içində insan itib yox olmaq istəyir.

Bəzən dümdüz bir ovalıqda irəliləyir, bəzən də anidən qarşımıza çıxan bir təpənin yaşıllığına heyran oluram. Hacıkənddə başı göylərə ucalan qoca çinarların kölgəsində isti bir samovar çayı içmək insana bütün yorğunluğunu unutdurur. Hələ bizdən olub salam verdiyində əllərini əlinin içində tutan, ürəkdən gülümsəyən, sidq ürəkdən: “Bir istəyin varmı?” deyən insanları gördükcə adam yuxuda olduğunu zənn edir. Buralar uşaqlığımdan bəri xəyalını qurduğum, yurd, yuva dediyim yerlər... Buralar havasını içimə çəkdiyimdə yabancılıq hiss etmədiyim, anamdan, atamdan, bacı-qardaşlarımdan mənə nəyisə xatırladan torpaqlardır... Mən burada doğulmasam da, buranın çörəyi, suyu ilə böyüməsəm də, rəngim, dilim buralara aiddir. Buraların övladıyam mən... Bax burada at belində gedən uşaq mənim uşaqlığımdır... Bu dərəyə doğru gələn qara gözlü, qara qaşlı adam da mən olmalıyam. Mənim kimi minlərcə insan Anadoluda buraların həsrətini çəkdilər.

 Getdiyimiz hər kənd, hər dağ, hər təpə elə maraqlı gəlir ki, mənə, bəzən kiçik bir çay, bəzən rəngli bir quş, bəzən də kürəyində daşıdığı sazıyla yolda qaçan uşaq məni heyrətə gətirir və mən bu torpaqların möcüzəsinə inanmağa başlayıram. Hələ bizim Ahlatdakı Səlcuqlulardan qalma məzar daşlarını xatırladan qocaman məzar daşlarını gördükcə Anadolu ilə buranın qardaşlığına və bütünlüyünə ürəkdən inanıram. Oğuzun övladları igidlikləri boyda həm burada, həm də Anadoluda özlərinə başdaşları tikmişdilər. Ruhları şad olsun!

Evlərin çoxu təkqatlı, bağçalı və gözəldir. Hələ Şəmkir və Tovuzdakı evlər tam bir İsveçrə evləri kimi! Buraların insanları zəhmətkeş olmalıdır demək ki... Çünki bağda, bağçada, tarlalardakı təmizlik, səliqə-səhman burada işləyən qabarlı əllərin izindən xəbər verirdi...

Təbii ki, burada gözümə çarpan rənglərin içindəki fərqli insanlar, fərqli dillər və fərqli həyatların da olması, dünyada yüksələn irqçilik, ayrı-seçkiliyə də bir etirazın təzahürü olması deməkdir. Bizim insanımız hər dini, hər irqi, hər rəngi xoş görmüş, qucaq açmış, bəlkə də səmimiyyətindən dolayı da başının üzərindən belə əskik olmamış... Amma olsun... Bu göy qübbədə gözəlliyin, yaxşılığın hekayələri daha da çoxalsın...

Poçtalyon Mustafa, İslam, onların şirin xatirələri, Veyis babanın bizi sarıb-sarmalayan ruhu hələ də hafizəmdə capcanlı durarkən, yorğunluq ağlıma belə gəlmirdi. Qırx dərəcəlik isti olmasa, daha da canlı olacaq və kənddən kəndə, şəhərdən şəhərə keçəcəkdim, di gəl, qovurucu isti məni durdururdu. Dəli Kürün sərinliyinə sığınacam, amma o da heç kefi yoxmuş kimi görünürdü. Suları azalmış, ətrafındakı qum yığınları çoxalmışdı. Uşaqkən azmı üzmüşdüm Araz çayında?! İstər Araz, istər Kür olsun, onlar mənim üçün sadəcə çay deyil, minlərcə əfsanə deməkdir. Bilirəm ki, bu çoxları üçün belədir. Sabir Rüstəmxanlı bir dəfəsində mənə havanın soyuğunda Orhon çayında necə üzdüyünü söyləmişdi. “Tanrı dağlarından axıb gələn sular bədənimə dəydikcə atlarımızın ayaq səsini duymuşdum”, demişdi. Biz beləyik, neçə minillik bir dastanın övladları...

İstiyə rəğmən günəş çıxan kimi özümü bayıra atdım. Qərarımı vermişdim, bu kəs bir zamanlar almanların da yurdu olmuş Xanlara gedəcəkdim. Maşına minib yola çıxdıq. Buraya gəlmədən Xanlar, almanların deyimi iləsə Helenendorf haqqında çox şey oxumuşdum. Əsəd Bəy (Qurban Səid)in nağıl kimi yazdıqlarını saymasaq, başqa qaynaqlardan da bir xeyli məlumat əldə etmişdim. Doğrusu, ölkəmizdə yad kənd, şəhər və dükan adlarına allergiyam olsa da, Helenendorf adını sevmişdim. Çünki bu insanlar bizim atalarımıza sığınmış, oradada hər kəsi heyran qoyan izlər buraxmışdılar. Xanlar adı Helenendorf adının yanında bir az da sönük qalırdı.

On il əvvəl almanların məşhur jurnalisti İngo Petz buralara gəlmiş və burada yaşayan ən son alman Viktor Kleinla bir reportaj aparmışdı. İngo Petzin “Süddeutsche” qəzetində nəşr olunan reportajını oxuyarkən mən də kövrəlmişdim. İnsanların bir su kimi axan həyatı, yox olan ailələr, yox edilən xatirələr hər zaman məni kədərləndirər. Xüsusilə, sürgün edilmiş insanların çəkdiyi acılar ən dərin insani acılardır. Çünki sadəcə evindən ayrılmırsan, bağçandan, ağacından, tarlandan, qonşundan, itindən, pişiyindən də ayrılırsan... İrəvandan, Qarabağdan sürgün edilən yurddaşlarımızın acıları hansımızın ürəyini yandırmır ki?! Dəyərli dostum Elçin İsgəndərzadə ilə nə zaman qarşılaşsaq, onun ürkək baxışlarında o ayrılıq acısını görür və kədərlənirdim. Onunla ədəbiyyatdan, elmdən danışırıq, amma əsla cəsarət edib gəldiyi yerlərdən danışa bilmirik. Bilirəm ki, daha ilk kəlmədən o da ağlayacaq, mən də...

Yol boyu maşında hey bu sürgünləri və həsrəti düşündükcə dönüb arxaya baxırdım. Qarabağ dediyin aha bax burada, bu dağların arxasında deyildimi? Hər şeyi nə tez itirir, nə tez unuduruq, Allahım!..

Gündüzə doğru Helenendorfa çatdıq. Dümdüz yollar, təkqatlı alman kəndləri üslubunda tikilmiş ağac evlər, böyük çinarlar insanı özünə heyran buraxır. Əvvəlcə maşınla küçələrdən keçdik və evlərə baxdıq. Kimsədən soruşmadan evlərin ətrafında dönüb dolandıq. Hər yerdə buradan köçüb getmiş, yox olmuş bir xalqın əl izini axtardıq... Sonra yüksək qülləli Luther kilsəsinin önünə gəldik. Kilsənin qarşısındakı parkda uşaqlar oynayır, yüksək səslə deyə-gülə zarafatlaşırdılar. Yaşlı bir adam gözlərinə əliylə kölgə salıb bizə baxırdı. Təpəmizdən vuran günəşi vecimə almadan kilsənin ətrafında gəzib dolaşdım. Qapısı bağlı idi. Qapının yanında Almaniya səfirliyinin asdığı yazılar vardı. O yazıları oxuyarkən bu şəhərdə yetişmiş memarları, siyasətçiləri və doğrudan Azərbaycanı sevən insanları yad etməmək olmazdı. Məsələn, Azərbaycan Demokratik Cümhuriyyəti qurulan kimi Tiflisə gedən iki millət vəkili - Dr. Wilhelm Hurr və Gotlieb Hummel orada Helenendorfu təmsil etmişdilər. Sonra Lornez Kuhn millət vəkili olaraq Bakıya getmiş, amma bolşeviklər gəlincə bunların hamısını həbs edib 1926-cı ildə Qazaxıstana sürgün etmişdilər. 1938-1941-ci illər arasında Stalin terroru buranı xərabəyə çevirmişdi. Eyni illərdə Helenendorfun adı dəyişdirilmişdi.

Helenendorfdan ayrılarkən sanki qulaqlarımda buranın son almanı Viktor Kleinın alman jurnalisti İngo Petzə söylədiyi sözlər səslənirdi: “War eine gute Zeit! Ach, du lieber Augustin, alles ist hin!” Yəni: “O günlər gözəl günlər idi! Ah, sevgili Auqistin, hər şey keçdi, getdi”...

 





26.10.2018    çap et  çap et