525.Az

“Onlar mitinq adı altında siyasi iflaslarını ört-basdır etmək istəyirlər”


 

“AZƏRBAYCAN XALQI ÖLKƏDƏ APARILAN İSLAHATLARI DƏSTƏKLƏYİR”

“Onlar mitinq adı altında siyasi iflaslarını ört-basdır etmək istəyirlər”<b style="color:red"></b>

“Seçkidə uğur qazanmayacağını və cəmiyyətdən dəstək almayacağını bilən müxalif düşərgə vahid namizəd adı ətrafında ictimaiyyəti aldatmağa və öz şəxsi maraqlarını həyata keçirməyə çalışır. İndiki halda onlar arasında maddi maraqlar uğrunda mübarizə gedir və güman ki, Milli Şurada təmsil olunan qüvvələr bu məsələdə razılığa gələ bilməyəcəklər”. Bu sözləri millət vəkili, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov söyləyib.

Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca müxalif düşərgənin iç üzü açılır və onlar əsl simalarını ortaya qoyurlar: “Milli Şura təsis olunanda və vahid namizəd müəyyənləşdirəndə bu qurumda təmsil olunan partiyalar elan edirdilər ki, bu birlik səmimi əsaslara söykənir və heç bir halda öz mövqelərindən geri çəkiləsi deyillər. O zamanlar siyasi ekspertlər onların bu bəyanatlarını qeyri-səmimi adlandıranda ekspertləri iqtidarın sifarişlərini icra etməkdə ittiham edirdilər. Amma onlar seçki kampaniyasına start verilməmiş qeyri-səmimi olduqlarını açıq şəkildə ortaya qoydular. Müxalifətin hansı formada seçkilərə qatılacağı YAP üçün maraqlı deyil. Çünki bu gün YAP-ın bütün müxalif partiyalarının birlikdə hamısından 100 dəfə çox üzvü var. Azərbaycan xalqı ölkədə aparılan islahatları dəstəkləyir və bu islahatların iştirakçısına çevrilib. Belə olduğu təqdirdə müxalifətin uğur qazanacağını düşünmək sadəlövhlükdür və məhz elə bu səbəbdən azsaylı tərəfdarları da onlardan üz döndərib”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, Milli Şuranın rəsmi bir qurumdur. Onun fikrincə bu təşkilat qeyri-rəsmi yaradılmış bir qurumdur və bu qurumun hansısa mitinq təyin etməsi ilk növbədə qanuna ziddir. Milli Şuranın mitinq qərarına toxunan millət vəkili icazəsiz siyasi aksiyanın qarşısının qətiyyətlə alınacağını deyib: “Onlar mitinq adı altında siyasi iflaslarını ört-basdır etmək istəyirlər. Mitinq qərarının onların iflası ilə bağlı olduğunu hesab edirəm. Bu qurumda toplaşanlar ayrı-ayrı partiyaların nümayəndələridir. Faktiki olaraq bu adamlar iflasa uğrayıblar. Siyasi iflas onları gündəmdə qalmaq üçün bu cür hərəkətlərə vadar edir. Siyasi iflasa uğramış Milli Şuranın üzvləri və burada cəmləşmiş partiyaların nümayəndələri mitinq adı altında həmin iflası ört-basdır etmək istəyirlər. Bilirsiniz ki, onlar radikal qanadı təmsil edirlər. Əvvəl radikal qanad bir namizədlə seçkiyə qatılmaq istəyirdi. Namizədlərini irəli sürəndə də düşünmədilər. Sonra məlum oldu ki, Rüstəm İbrahimbəyovun pasport məsələsi var. Bu problemdir, problemi də həll etmir. Mitinqlər də həmin səhvləri ört-basdır etmək məqsədi daşıyır”.

M.Qurbanlının qənaətincə Milli Şuranın elə bir potensialı yoxdur: “Digər tərəfdən, qeyri-qanuni mitinqə cəhd etsələr qarşısı alınacaq. Eyni zamanda, hər hansı mitinqlərlə siyasi iflası ört-basdır etmək mümkün olmayacaq. Biz əvvəldən demişdik, yenə də həmin fikirdəyik: Azərbaycan demokratik ölkədir və ölkəni demokratik hakimiyyət təmsil edir. Sadəcə olaraq bu iflasa uğramışlar aranı qarışdırmaq istəyirlər, lakin buna nail ola bilməyəcəklər. Qanunun tələbi ilə də mitinqlərin, aksiyaların keçirilməsi yerləri müəyyən edilib, aksiyalar da həmin yerlərdə olmalıdır. Amma hökm edəsiniz, şərt qoyasınız ki, mən mütləq burda keçirmək istəyirəm, bu, qanuna qarşı təpkidir, sayğısızlıqdır, hörmətsizlikdir. Ona görə də bu cür hərəkətlər  heç kim tərəfindən təqdir edilmir, qəbul edilən deyil”.

AQİL

 





16.08.2013    çap et  çap et