525.Az

İmtahan


 

İmtahan<b style="color:red"></b>

Əgər siz hansısa qorxunun dəqiq nə olduğunu bilmirsinizsə, bu, qorxunun yaxşı növüdür!..

Oşo

... Hər gün belə olur; mən yorğun-arğın işdən evə qayıdıram, o isə qapının kandarında yolumu gözləyir. Günün yekunu haqda birnəfəsə  məlumat verir, razı qalıb-qalmadığı məsələləri çatdırır, aldığı "beş"ləri sevinclə muştuluqlayıb keçir xahişlərə.

Amma bu gün nəsə fikirlidi, bir az tutqun, bir az qayğılı, bir az da həyəcanlı görünür. Yaxşı ki, məni çox intizarda qoymur, heç ayaqqabılarımı da soyunmağa macal verməyib sözə başlayır: Altıncı gün imtahan olacaq! Sonra da başımı özünə sarı əyib qulağıma pıçıldayır:

- Heç kəs eşitməsin haa... - utancaqlıqla gülümsəyir, - amma qorxuram.

Bəs nə, kişidi axı, necə olsa, qorxmaq ar gəlir ona!

Onun gərginlik hissinə bir az yumor qatıb sakitləşdirməyə çalışıram:

- Burda qorxulu nə var ki? İndiyəcən oxuyub öyrəndiklərinin cəmini soruşacaqlar.

Amma sakitləşmir, inadla sualları yeniləyir:

- Bəs birdən keçmədim? Bəs ..bəs...-bəs... - axır mənim izahatlarımdan bezib - Yox e, bax birdən ee, birdən keçmədim də, bəs onda noolacaq?.. 

... Dünyanın gözlərində
Özü boyda yaş oldum.
Boylanıb sola, sağa
yamanca çaşbaş oldum. 

Bu suallar hansımızı düşündürməyib ki? Hansımız həyatın müəyyən bir mərhələsində sağa, sola baxıb çaşmamışıq?

Orası bəllidir ki, "bizim" adlandırdığımız zamanın təhsil sistemi ilə indiki arasında böyük fərqlər var. Tələbdən, təklifdən, kitab-dəftərdən tutmuş müəllim tələbkarlığına, şagird məsuliyyətinə qədər. Yaxşımı, ya pismi, bu, başqa söhbətin mövzusudur. Amma yaddaşımızda kök atan o qədər xatirələr var ki... Eləsi var, üzümüzə təbəssüm qondurur, eləsi də var, gözlərimizi acıdır. Orda nə ölüm var, nə itim. Hamı sappasağdı. Bu gün axtarıb tapmadığın neçə əziz adamın xatirə dünyasından əl edir sənə; anan yenə saçlarını darayıb məktəbə yola salır, müəllimin gecəni yatmayıb dəftərlərini yoxlayır.

Burdan bir qız keçib getdi,
Bu görkəmdə, bu biçimdə.
Hələ də ömründə bahar,
Hələ də yazdı içində... 

Çağırdım geri baxmadı,
Yüyürdüm çata bilmədim.
Necə gəldi, necə getdi
Əlini tuta bilmədim... 

Yadıma nədənsə tələbəlik illərimiz düşür. Tələbə həmişə imtahandan yanıqlı olur, ya bəzən müəllimin qiymətdə xəsisliyi incidir adamı.

Biz daha çox öz işini sevən, vicdanlı müəllimlər görsək də, haqsızlıqlar da yan keçmədi, amma biz nə çətinlikdən, haqsızlıqdan sındıq, nə də uğurlardan ərköyünləşdik. Əksinə, hər addım çiynimizə yeni məsuliyyət qoydu. İmtahan həyəcanı isə keçmədi. Çox sonralar öyrəndim ki, imtahan verən tələbədə leykositlərin sayı 9-10 minə qədər yüksəlirmiş. Bu isə orqanizmin öz normal halından bir neçə dəfə uzaqlaşması deməkdi. Fikrimdə sayrışaraq sonralar şeirə çevrilən xatirələr yanıq iyi verir indi... 

... Neçə imtahandan çıxdıq üzüağ,
O gün genişləndi kirayə otaq...
... Lap bəzən təqaüd almaq ümidi
Çoxunu əlaçı tələbə etdi.

Ömrün bütün mərhələləri maraqlıdır, ən çox isə uşaqlıq. Bir göy üzüdür o - heç vaxt yerə düşməyən, bir çaydır - heç vaxt geri axmayan, bir lövhədir - könüllərdən silinməyən... 

Vaxt ilə uçuşur zaman,
Hey fırlanır başım üstə.
Axtarsan min iz taparsan,
Oturduğun daşın üstdə. 

Yalqız görünür uzaqdan
Boş yellənən yelləncəklər.
Sarı sünbül bitirərdi
Bu gördüyün biçənəklər... 

Yorulub getdi kişilər,
Getdi Günəş batan yerə.
Uşaqlar doğulub gəldi,
İsti yağış tutan yerə...

Bu onun həyatda qarşılaşacağı ilk imtahan olacaq. Sözün çəki tutumundan qorxsa da, məna tutumunu tam dərk eləmir hələ. Amma qorxur. Sonralar çox imtahanlardan keçəcək, çox sınaqlarla üzləşəcək. Təki qəlbi daşlardan uzaq olsun, yoxsa imtahan verməyə nə var?!

P.S. Hansı müdriksə deyib ki, siz uşaqlarınıza xoşbəxt olmağı öyrədin, qalan hər şeyi həyat özü öyrədəcək. Uğurlar sənə, Aslanım, uğurlar! Haydı, yürü xoşbəxt olacağın yerə!..

 





26.10.2018    çap et  çap et