525.Az

Klassik irsimizdən: İbrahim Tahir tərcümələrinin nəşri


 

Klassik irsimizdən: <b style="color:red">İbrahim Tahir tərcümələrinin nəşri</b>

XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış, zəngin ədəbi irsə malik, yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan şairlərimizdən biri də İbrahim Tahir Musayev (1869 - 1943) olub.
 
O, şeir - sənət ocağı Şuşa şəhərində dünyaya gəlib, Qarabağ ədəbi mühitinin yetirməsi olaraq tanınıb. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq əlaqəsi yaradıb, mətbuatda ardıcıl olaraq şeirləri, publisistik məqalələri ilə çıxış edib. O, lirik şeirlər yazır, şeir və məqalələrində geriliyi tənqid edir, həmvətənlərini tərəqqiyə, maarifə dəvət edir, milli istiqlal arzularını tərənnüm edirdi. Onun çoxsaylı yazıları "Şərqi-rus", "Molla Nəsrəddin", "İrşad", "Füyuzat", "Tərəqqi", "Sədayi-həqq", "Dəbistan", "Yeni kənd" və başqa mətbuat orqanlarında dərc edilmişdir. Maraqlıdır ki, İ.Tahir bir sıra məsələlərə münasibətdə bir-biri ilə əks mövqedə dayanan Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" və Əli bəy Hüseynzadənin "Füyuzat" jurnallarında yazıları ilə çıxış edir, hər iki redaksiya əməkdaşları ilə dostluq əlaqələri saxlayırdı. Onun C. Məmmədquluzadə ilə dostluğuna dair maraqlı faktlar mövcuddur. Xalqı milli birliyə, həmrəyliyə çağıran şair millətin ziyalılarını bir-birinə yaxınlaşdırmağı, mübahisə düşərkən onları barışdırmağı özünə borc bilirdi.

XX əsrin əvvəllərində əsl milli ziyalı kimi yetişmiş İbrahim Tahir sovet dövründə yaşadığı 23 il ərzində, demək olar ki, unudulmuş, onun əsərləri mətbuatda işıq üzü görməmişdir. Bunun əsas səbəbi onda idi ki, şair bir çoxları kimi yeni quruluşu mədh edən şeirlər yazmamış, ömrünün son çağlarında əsasən lirikaya meyl etmişdir. İ. Tahir böyüyüb boya-başa çatdığı, təlim-təhsil aldığı dövrün, mühitin təsiri altında klassik ədəbi irsə bağlı adam olmuş, əsərlərini də klassik üslubda yazmışdır. Ümumiyyətlə, XX əsrin 20-30-cu illəri mədəniyyət, ədəbiyyat tariximizdə çox maraqlı dövrdür. Bir tərəfdən klassik irsi, muğamı, tarı ortadan götürməyi tələb edən daha gənc proletar şairlər meydan sulayır, digər tərəfdə isə mütərəqqi yeniliyi qəbul edən, lakin yeni poeziyanı, sərbəst şeiri deyil, yalnız klassik ədəbiyyatın tərəfdarı olan, klassik janrlarda əsərlər yazan nisbətən yaşlı nəslin nümayəndələri öz yaradıcılıqlarını davam etdirir, "zamanın tələbi ilə ayaqlaşa bilmədikləri" üçün əksər hallarda mədəniyyətdə, ədəbiyyatda cərəyan edən hadisələrə seyrçi münasibətdə qalmağa məcbur olurdular. Ibrahim Tahir, təbii ki, bu sonunculardan olduğuna görə dövrün ədəbi prosesindən kənarda qalmış, onu Yazıçılar İttifaqına qəbul etməmişlər. Onunla müasiri olan şairlərdən oxşar taleyi yaşayanlar az olmamışdır. Bakı ədəbi mühitinin görkəmli nümayəndəsi, "Məcməüş-şüəra" ədəbi məclisinin üzvü Məşədi Azər Buzovnalı ana dili ilə bərabər fars, cığatay (orta əsrlər özbək ədəbi dili) dillərində, klassik Şərq şeiri üslubunda əsərlər yazmış, eyni zamanda, Nizaminin "Sirlər xəzinəsi" poemasını, "Yeddi gözəl" poemasının bir hissəsini, Sədinin "Gülüstan"ından bir neçə hekayəti, "Bustan"dan birinci üç babı, Firdovsinin "Şahnamə"sindən bir neçə dastanı, Xaqani, Hafiz və Xəyyamın əsərlərindən seçmələri dilimizə tərcümə etmişdir. Ədib dünya ədəbiyyatı incilərindən "Kəlilə və Dimnə"ni, "Yusif və Züleyxa" əsərini nəzmə çəkmişdir. Sovet hakimiyyətinin ilk onilliklərində "zamanın nəbzini tutan", sovet quruluşunun səsinə səs verən əsərlər yazmadığından onun yaradıcılığı uzun müddət diqqətdən kənarda qalmış, əsərləri son illərdə çap edilmişdir.

XX əsrin otuzuncu illərində istedadlı şair-tərcüməçi kimi tanınan İbrahim Tahir də Şərqin böyük klassikləri Ömər Xəyyam, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai və başqalarının əsərlərini uğurla tərcümə etmişdir. O, 1939-cu ildə Nizami adına Ədəıbiyyat və Dil İnstitutu ilə bağladığı müqavilə əsasında Nizaminin "Sirlər xəzinəsi" poemasını hərfi tərcümə etmişdir. İ. Tahir Firdovsi yaradıcılığı ilə ciddi məşğul olmuş, "Şahnamə" əsərinin bir sıra dastanlarını ("Rüstəm və Söhrab dastanı", "Səd Vəqqasın İrana hücumu", "Qubad ilə Məzdək dastanı" və s.) uğurla tərcümə etmişdir. 1934-cü ildə Ruhulla Axundovun elmi redaktorluğu ilə Azərnəşr tərəfindən  5000 tirajla nəşr edilmiş "Şahnamə"nin "Zöhhak və Gavə", "Səyavuş" dastanlarının bədii tərcüməsi də ona həvalə edilmişdir. Göründüyü kimi, Azər Buzovnalı, İbrahim Tahir Musayev kimi köhnə nəslin nümayəndələri klassik ədəbiyyatın nümayəndələri ilə bağlı tədbirlərdə, yubileylərdə sovet rejiminin yaradıcı orqanlarına çox lazım ola bilərdilər. Bununla bərabər, yeni quruluşun, yeni yaradıcı qüvvələrin çağrışlarına, tələblərinə baxmayaraq, Allahdan və əruz vəznindəın imtina etməyən İ. Tahir və onun kimilər hər şeydən kənarda qaldılar, şairi Yazıçılar İttifaqına üzv qəbul etmədilər. Bütün çətinliklərə, başlarına gələn fəlakətlərə baxmayaraq, ömürləri boyu Yaradana və klassik poeziyaya, əruza sədaqətlərinə zərrə qədər də xələl gətirməyən İ. Tahir, A. Buzovnalı və onlarla başqalarının əsərlərinin bədii xüsusiyyətləri ilə bərabər, şəxsiyyət  kimi bütövlüklərinə görə dəyərləndirmək bu günün tədqiqatçılarının borcudur.

İ.T.Musayevin şeirlərini oxuduqca onun klassik poeziya ilə necə sıx tellərlə bağlı olduğunu, ədəbiyyat tarixini mükəmməl bildiyini görürük:

Füzuli - saheyi-nəzmin ədibi-yektası,
Onunla başladı əşari-türkün ehyası

- deyən şairin dahi Füzulidən daha çox təsirləndiyini, onun şeirlərinə nəzirələr yazdığını görürük. O, Əlişir Nəvainin təsiri ilə cığatayca da şeirlər yazmışdır. Ədibin yaradıcılığından bəhrələndiyi sənətkarlardan biri də Osmanlı saray şairi Əhməd Nədimdir (1681-1730). Bu barədə o yazır:

Əsri-halın, Tahira, bir şairi-mümtazısan,
Şuxiyi-təbin Nədimə eyləmiş həmta səni... 

Bir Nədim İstanbulun var, Qafqazın bir Tahiri,
Şairi-şirinzəbandır saheyi-tənzirdə.

İbrahim Tahir əsərlərində özünü klassik poeziyanın digər görkəmli nümayəndələri ilə də müqayisə etmişdir. Məsələn, o, özünü zəmanəsinin Həssan Sabiti adlandıraraq deyir:

Həssani-zəman olduğumu xəlq bilirdi,
Tahir kimi məddahü qəzəlxanın olursam.

Və yaxud, şair özünün böyük fars şairi Hafiz Şirazidən daha "səxavətli" olduğunu belə sübut edir:

Əgər bir xalə Hafiz bəxş edib şəhri-Səmərqəndi,
Mən olseydim o bir xalə verərdim kişvəri-Hindi.

Şair klassik poeziyaya rəsmi orqanlarda, yaradıcı birliklərdə marağın azaldığı bir dövrdə qəzəlxan olduğu ilə fəxr edərək yazırdı:

Qələmi göstərür ecaz yazan dəmdə qəzəl,
Söylə kimdir qəzəl ustadı ola Tahir tək?.. 

Bən qəzəlguluqda, Tahir, pəhləvan bir fitrətəm,
Bir qəzəlgu varsa, gəlsin, durmasın, meydanıma.

Əsərlərindən görünür ki, sənəti lazımınca dəyərləndirilməsə də, şair ümidsizləşməmiş, öz yaradıcılığına inamını itirməmişdir:

Sızıldaram dəhəni-qəmdə ney kimi, Tahir,
Cahanı titrədəcək gücdə bir təranəm var... 

Bənəm ol şairi-şirinsüxən kim, həddi-zatimdə,
Şəkərlər saçmışam əhli-dilə təbi-rəvanımla.

Şairin yaradıcılığında qəzəl dilinin sadələşməsi, müasir dilə yaxınlaşması prosesinin davam etdiyini görürük. Qəzəlin ruhu saxlanılmaqla, əruz vəzninin tələblərinə riayət edilməklə mürəkkəb ərəb-fars mənşəli tərkiblərin yerini ana dilimizdən, danışıq dilindən gələn söz və ifadələr əvəz etməyə başlamışdı. Bu baxımdan da şairi haqqında danışdığımız Azər Buzovnalı, Əliağa Vahid və başqaları ilə müqayisə etmək olar. Eyni xüsusiyyətləri şairin tərcümələrinə də aid etmək olar. Məlumdur ki, İran ədəbiyyatının ən görkəmli simalarından biri olan Əbülqasım Firdovsinin (935-1020) üzərində otuz il zəhmət çəkdiyi, altmış min beytdən ibarət "Şahnamə" əsərində İranın tarixindən, şah və pəhləvanlarından, İran-Turan müharibəsindən bəhs edilir. Bütün dünyada məşhur olan bu poema bir çox dillərə tərcümə edilmişdir. Müəllif burada dövrünün ictimai-siyasi problemlərinə də toxunmuşdur. Əsər əruz vəznində, məsnəvi formasında yazılıb, əvvəldən sona qədər beytlər - qoşa misralar öz aralarında qafiyələnir. Keçən əsrin 30-cu illərində, Firdovsinin min illik yubileyinin keçirildiyi dövrdə nəşr edilən tərcüməsində İbrahim Tahir mətni mümkün qədər sadə, oxucu üçün oxunaqlı etməyə çalışmışdır:

O gündən ki, Zöhhak olub şəhriyar,
Min il ömr sürdü o, çox bəxtiyar.
O hal ilə keçdi uzun bir zaman,
Qul oldu ona cümlə əhl-cahan.
Biliksizlər aldı cahandan mürad,
Bilik sahibindən fəqət qaldı ad.

Bəzi yerlərdə vəzn pozuntusuna rast gəlsək də, şairin əsasən məqsədinə nail olduğunu deyə bilərik.

Qeyd edək ki, 2013-cü ildə İbrahim Tahir Musayevin iri həcmli şeirlər toplusu Ədəbiyyat və İncəsənət Arxivindən, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan götürülərək çap edilmişdir. Mətni transfonoliterasiya edib nəşrə hazırlayanlar filologiya elmləri doktoru, professor Raqub Kərimov va filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur. Şairin tərcümələri isə diqqətdən kənarda qalmışdı. Sevindirici haldır ki, bu yaxınlarda onun Firdovsi "Şahnamə"sindən etdiyi tərcümələr, 1934-cü ildə nəşr edildiyi variantda yenidən işlənərək "Elm və təhsil" nəşriyyatında çap edilmişdir. Kitabı nəşrə hazırlayan İbrahim Tahirin nəvəsi Akif Quliyevdir. Ümidvarıq ki, İbrahim Tahirin digər tərcümələri də nəşr olunacaq, tədqiqatçıların diqqətini cəlb edəcək.

 





26.10.2018    çap et  çap et