525.Az

Dini abidələrimiz: qədim alban məbədləri (davamı)


 

Dini abidələrimiz: qədim alban məbədləri <b style="color:red">(davamı)</b>

Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın,  etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin mükəmməl nümunəsini  beynəlxalq ictimaiyyətə sərgiləyir.

Azərbaycan tarixən həm də dini tolerantlıq ənənələrini yaşadan  ölkələrdən hesab olunur. Bunun ən bariz sübutlarından biri də ölkə ərazisində yerləşən müxtəlif dinlərə aid qədim və unikal abidələrin, məbədlərin, səcdəgahların həm dövlət, həm də cəmiyyət tərəfindən həssaslıqla qorunmasıdır.

Hazırda Azərbaycan ərazisində –həm paytaxtda, həm bölgələrdə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Ancaq tarixən bunların hamısından daha qədim olan məbədlərimizin- ulu əcdadlarımız albanlardan qalma abidələrin də sayı az deyil. Tarix etibarilə bu abidələr Azərbaycanın nə qədər qədim bir tarixə malik olduğunu sübut etməklə yanaşı, həm də ölkəmizin tolerantlıq dərəcəsinin üstün göstəricisi rolunda çıxış edir.  Silsilə yazılarımızda bu abidələr haqqında oxucularımızı məlumatlandıracağıq.

 

Azərbaycan xalqının əcdadı sayılan albanlar özlərindən sonra maddi-mədəni abidələr qoyub gediblər. Bunun ən bariz nümunələri isə albanların xristianlığın meydana gəldiyi ilkin və orta dövrlərdə ölkəmiz ərazisində mövcud olan möhtəşəm dövlətdə-Qafqaz Albaniyasında inşa etdikləri qədim kilsələr, məbədlərdir.

Ölkəmizin daha çox qərb və qismən də mərkəzi regionlarında belə qədim abidələr qalmaqdadır. Onların bəziləri hələ də səcdəgah rolunu oynamaqda davam var, bəziləri isə sadəcə tarixi abidə kimi mövcudluğunu saxlayır.

Ölkənin qərb arealında – Daşkəsən rayonunda qədim alban abidələri sayca üstünlük təşkil edir.

Belə abidələrdən biri-Çiçərvəng məbədi Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədin sahəsi 500 kvadratmetrdir. Məbəd albanlara məxsus olub və tikilmə tarixi XV əsrə aid edilir. Qalınlığı təxminən 1 metr olan divarlar əvvəlki görkəmində qalsa da, bəzi hissələrdə sonradan təmir işlərinin aparılmasını istisna etmək olmaz. Məbədin indiyədək uçub dağılmayan və toxunulmayan hissələrində xristianlıqla bağlı dini işarələr bu gün də mövcudluğunu saxlayır. Məbədin damından ətrafı aydın görmək mümkündür. Burada olan ocaq yerləri isə onu deməyə əsas verir ki, bu məbəd həm də istehkam xarakteri daşıyıb. Yadelli işğalçılara qarşı birgə mübarizəni təşkil etmək üçün məbədin damında ocaqlar qalanıb. Abidənin üzərində alban memarlığına məxsus naxışlar mövcuddur.

Digər belə bir məbəd Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı və başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılıb.

Bayan kəndində Azərbaycanda qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən tikililərdən biri də Daşkəsən rayonunun Bayan kəndi ərazisində yerləşən IV – V əsrdə tikildiyi güman edilən monastırdır. Bu alban məbədi tarixin ötən çağlarında xristian dininin təbliği ilə bağlı tikilib. Böyük bir tarixi özündə əks etdirən məbəd hazırda qəza vəziyyətindədir.

Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini göstərir.  Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bugünədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var.

 V əsrə aid edilən məbəd baxımsızlıqdan uçmaq təhlükəsi ilə üzləşib. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib. Bunun qızıl küpləri olacağını güman edən möhtəkirlər tarixi əhəmiyyətli abidənin divarlarını uçurmaqdan və ətrafını qazmaqdan belə çəkinməyiblər.

Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd də diqqəti çəkir. Sovet dövründə bərpa adı altında burada çalışan və yerli əhalinin qonaqpərvərliyindən istifadə edən ermənilər bu məbədi özünküləşdirməyə çalışsalar da bunu reallaşdıra bilmədilər. Kilsələrdəki xaçlar və digər dini xarakterli əşyalar oğurlanaraq yad məmləkətlərə daşınsa da alban kilsəsini qriqoriyan kilsəsi adı altında özəlləşdirmək cəhdləri tam uğursuzluqla nəticələndi.

Daşkəsənin maraqlı abidələrindən biri də Qabaqtəpə kəndinin mərkəzində, yolun kənarında yerləşən eyniadlı məbəddir. Bu abidə albanlara məxsus olub,  tikilmə tarixi XV əsrə aid edilir. Məbəd üçnefli düzbucaqlı bazilikadan ibarətdir. Əfsuslar olsun ki, ermənilər bu məbəddə də iz qoymaqdan çəkinməyiblər. Məbədə məxsus nadir əşyalar başqa ünvanlara daşınıb. Daxildən möhtəşəm görünən bu məbədin xarici quruluşu olduqca yığcam formadadır. Məbədin hazırda bərpaya ehtiyacı var.

Daşkəsən rayonunun eyniadlı kəndində yerləşən Quşçu məbədi şəhərdən təxminən 14,5 kilometr məsafədədir. Məbəd 487-ci ildə tikilib və təqribən 989 və 1845-ci illərdə bərpa edilib. Tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılıb.

Gədəbəydəki daha bir abidənin- rayonun Böyük Qaramurad kəndində yerləşən Həmşivəng məbəd kompleksinin əsası XII əsrdən əvvəl qoyulub. Məbəd qədim alban məbədi olmaqla Qafqaz Albaniyasının mədəni irsinə aiddir.

Daha bir qərb bölgəsində – Göygöl rayonunun Çaykənd kəndi ərazisində  yerləşən “Anahit” kilsəsinin nə vaxt inşa edildiyi dəqiq məlum olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövründə tikildiyi ehtimal edilir. Anahid məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifadə olunmayıb. Məbəddə növbəti təmir Sovet dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub. Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə, Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahid məbədi yaxınlığında düşərgə salıb. Bu məlumat onu təsdiq edir ki, Anahid məbədi xristianlıqdan əvvəl Ay ilahəsi olan Anahidə (Roma panteonunda qarşılığı Selena) sitayiş edən Qafqaz albanlarının məbədi olub, sonradan xristianlığın qəbulundan sonra xristian məbədi kimi dəyişdirilərək istifadə edilib.

lll

Bu qədim tarixi abidələr ölkəmizə axın edən turistlərin də diqqətini cəlb edir, onlarda tariximiz, mədəniyyətimiz və tolerantlıq ənənələrimiz haqqında dolğun təsəvvür yaradır.

Bu abidələrin mövcudluğu və çağdaş dövrümüzədək qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi bir daha sübut edir ki, Azərbaycan xalqı və dövləti tarixən dini müstəvidə də tolerantlığın, dözümlülüyün, xoşgörünün ən yüksək səviyyəyə çatdırılmasına  nail olub. 

(ardı növbəti sayımızda)

Sevinc MÜRVƏTQIZI

 





16.08.2013    çap et  çap et