525.Az

Azərbaycanda Regional Voleybol Akademiyası yaradılacaq


 

Azərbaycanda Regional Voleybol Akademiyası yaradılacaq<b style="color:red"></b>

Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbərliyi Bakıda mətbuat konfransı keçirib.

Apasport.az saytının məlumatına görə, tədbirdə qurumun prezidenti Andre Meyer, I vitse-prezidenti Yan Xronik, Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev və baş katibi Elşən İsmayılov iştirak edib.

Mətbuat konfransında 2 məsələ müzakirə mövzusu olub - 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Oyunları və Azərbaycanda Regional Voleybol Akademiyasının yaradılması.

A. Meyer bildirib ki, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi (AGİN), AVF və CEV arasında dördtərəfli müqavilə imzalanıb. Bu, Avropa Oyunlarında voleybol növü üzrə təşkilati məsələlərlə bağlıdır.

Meyer Azərbaycanda voleybola dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini, bunda MOK-lə AGİN-in böyük rolunun olduğunu bildirib: “Faiq Qarayev Azərbaycanda voleybolun inkişafı üçün böyük işlər görüb. O, təkcə baş məşqçi deyil, həm də təşkilati məsələlərdə böyük əməyi var”.

Qonaq Akademiyanın Bakıda yaxın gələcəkdə açılacağını və bununla bağlı AGİN-dən sənədlərin təsdiqini gözlədiklərini deyib: “Əslində, bunun Azərbaycanda yaradılmasına 2 il öncə başlanılmışdı. Regional Akademiya qonşu ölkələri də əhatə edəcək. Burada voleybolun inkişafı üçün məşqçilərə, statistiklərə texniki seminarlar keçiriləcək. Belə akademiya 5 yerdə nəzərdə tutulub. Bunlar Böyük Britaniya, İtaliya, Azərbaycanla yanaşı, Şimali və Mərkəzi Avropada olacaq. Düzdür, hələ şimalda buna aydınlıq gəlməyib. Həmçinin, Konfederasiyada bunlara nəzarət edəcək şöbə də yaradılmalıdır. Akademiyalara Beynəlxalq və Avropa Voleybol Federasiyaları akademiyaya öz maliyyə dəstəyini göstərəcək”.

 





16.08.2013    çap et  çap et