525.Az

Sənə məktub... - Orxan Saffari


 

Sənə məktub... - <b style="color:red">Orxan Saffari </b>

Bilmirəm, bəlkə də sən bunları oxuyanda (nə ölmüş olacam, nə də uzaqlara gedəcəm) mən xoşbəxt olmuş olacam. Əgər bu belə olsa, səndən sonra yaşadığım ilk xoşbəxtlik də bu olacaq. Bilmək istəyirsənsə, buna görə həyəcanlanıram da.

Çünki mən xoşbəxt olmağı da yadırğamışam bir az.

Təsəvvür et ki, mən bir kitabam və illərlə oxunmamışam. Eləcə otağın bir küncündə unudulmuşam və günlərin bir günü də qəfildən oxunmağa başlayıram. Toz çıxmazmı məndən?

Canım da çıxar, canım da!

İndi axı mən də insanam.

Gör, sən gəlməyəli (sən getməmisən ki içimdən) nə qədər vaxt olub?

Gör, neçə vaxtdır ki, (getməyin bir yana qalsın) sənin qayıtmamağının dərdini çəkirəm. Yollar haramın olsun, əzizim, qayıt gəl!

Sən indi bu dəqiqə desən ki, “xoşbəxtlik nədir?” (ən kiçik ehtimalla səni göstərərdim) duruxub üzünə baxaram. Lap köhnə günlərdəki kimi.

Bircə qayıt gəl! Şair demiş, “qayıt sahmana sal bu kainatı”.

Hələ son zamanlar “gedənlər heç vaxt qayıtmır” kimi şayiə də yayılıb ətrafda. Eşitmisənmi? Gülməlidir, hə?

Səni and verirəm getdiyin o yola, gəl və sübut et ki, gedənlər qayıda bilir. Məni insanların sözü etmə, məni insanlara güldürmə... Qayıt gəl!

Bir kitabda oxumuşdum. Yazırdı ki, qaranquşlar sərçələrin həyatına ya gəlməməli, ya da getməməlidir. Başa düşürsənmi, ay gəlməyənim? Əgər başa düşürsənsə, qayıt, gəl!

Sən məni bilmirsən. Mən o gün bu gündü darıxıram axı. Getdiyin və bir daha gəlmədiyin o günü deyirəm. Allah haqqı, sanasan, yoxa çıxmışam. Hərdən elə bilirəm, daha heç kim məni görmür, yolda yeriyəndə insanlar mənə baxmır. Sənə bir söz də deyim:

“Səndən sonra mənə heç kim fikir vermir”.

Arada əl atıb bədənimdən bir çimdik götürürəm ki, sənin ağrını unuda bilim. Həm də beləcə yaşadığımın fərqinə varıram. Kinolarda görmüşəm bunu. Yuxuda olmadığını dəqiqləşdirmək üçün belə edirlər. Yoxsa məndəmi yuxu görürəm? Görürəm, əlbəttə. Hər gün yuxuda səni görürəm.

Özüm özümə təskinlik də tapıram hələ.

Özüm özümə gülməli əhvalatlar danışıram, özümü qıdıqlayıram ki, kefim açılsın. Bəlkə də dəliyəm artıq.

Yadındadır?

Bir dəfə güclü yağış yağmışdı. Sən də ölürdün axı yağışda ötrü. Səhərədək küçələri gəzdik səninlə. Yadındadı? Düzünü de, yadındadır? Bax, o küçə işıqları şahiddir ki, mən səni nə qədər çox sevirdim.

Hələ yağış işığın altında gözəl mənzərə yaradırdı. Sən onu daha çox sevirdin. Mən də səni daha çox sevirdim. Sənin yağışı sevdiyin kimi... Mən yenə səni çox sevirəm. Sənin yağışı sevdiyin kimi..

Həm artıq neçə gündür ki, ağrılarım da başlayıb. Zibilə qalsın, aldığım müalicələrin də xeyri yoxdur. Nəfəs borularım tutulub, mədəmin göynəməsindən ahım otağa yayılır. Axı sən nə biləsən ağrıdan yerində ilan kimi qıvrılmaq nədi?

Axı mən nə edim, nə deyim ki, sənin üçün darıxdığımı biləsən?

İçim dağılır evdə. Bilirsən axı, mən tək yaşayıram. Bilirsən axı, çətindi mənə tək yaşamaq. Yenə sən olanda təskinlik tapırdım özümə. İndi sən yoxsan, heç özümü tapa bilmirəm.

Bilirsən, bir heyvan növü var, adı Mirketdir. Bu heyvanın bir xüsusiyyəti də var. Sevdiyini başqa bir ilə görəndə kədərdən ölür. İndi sən özün de, mənim bu heyvandan nəyim əskikdir axı?

Bax, mən insanların “etmərəm” dediyi nə varsa, sənin üçün edərəm. Sən istə, hətta sənin üçün adam kimi yaşayım da. Çünki indi sənsiz yaşamaq ölümün alternatividir.

Bu gün səhər də oyanıb sənin acığına özümdən küsdüm. Onsuz da neçə vaxtdır ki, dalaşmaq üçün bir bəhanə də axtarırdım.

Fürsət bu fürsətdi deyib, bir də içimə yaxın durmayacaq, danışdırmayacağıma söz verdim.

Cəhənnəm olsun hər şey. Mənim itirəcəyim heç nə yoxdu. Ən uzağı bir də öz-özümə mahnılar oxumayacaq, şeirlər deməyəcəm.

Səhər əl-üzümü yuyanda da başımı qaldırmadım. Bir anlıq göz-gözə gəlsək də, qəzəbli-qəzəbli baxıb, yenidən gözümü çəkdim. Sən demə, hərdən özünə qarşı sərt də davranmaq lazım imiş. Budəfəlik gözümü ağartmaqla kifayətləndim.

Əvvəllər evdən çıxanda da dodağımın altında mahnı və yaxud da gün ərzində görəyəcəyim işləri mızıldanardım. Bu gün onu da etmədim. Bütün yolu susdum. Görəcəyim işləri, gedəcəyim yerləri özümə xəbər vermədim.

Onu deyim ki, bu mənim özümdən ilk küsməyimdir. Bu günə qədər heç vaxt özümü incitməmişəm, xətrimə dəyməmişəm.

Amma son zamanlar içimin mənə qarşı soyuq davrandığını görməyim, məni küsməyə vadar elədi.

Özümə xəbər etmədən əvvəlcə bir dostumla görüşdüm. Halbuki əvvəllər xəbər verərdim. Yəqin indi içim çaşbaş qalıb. Olsun. Ona bu da azdır.

Amma nədənsə, bu küskünlüyüm çox çəkmədi. Bir anlıq səhər-səhər özümlə heç vaxt barışmamaq istəyimi xatırlasam da, hiss etdim ki, artıq dözə bilmirəm. Mən özümsüz, içimsiz heç kimmişəm. İndi sənsiz olsam da...

Tez sakitcə ətrafa boyladım. Heç kimin olmadığını yəqin etdikdən sonra, bir qırağa çəkilib qollarımla özümü qucaqladım.

Dilimin altında da şeir mızıldanaraq yoluma davam etdim.

İndi bildinmi, inandınmı ki, sənsiz çox, lap çox darıxıram. Qayıt gəl. Qayıt...

 





29.10.2018    çap et  çap et